60 il ömür yaşamış 85 yaşlı Vaqif - C.Alpoğlu Albantürk

Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının 14 tanınmış Vaqifindən (mərhum V.Səmədoğlu, prof. V.Vəliyev, prof. V.Arzumanlı, V.İbrahim, V.Məmmədov və V.Nəsib, V.Əlixanlı, prof. V.Yusifli, prof. V.Sultanlı, V.Bayatlı (Cəbrayılzadə), V.Aslan, V.Bəhmənli, V.İsaqoğlu) biri olan mərhum yazıçı, ssenarist, tərcüməçi Vaqif Musa (V.Məmmədyusif oğlu Musayev) 1936-cı ilin yanvarında Quba rayonunun Rustov kəndində anadan olub. O, orta məktəbi bitirib, öncə Bakıdakı 2 saylı Tibb Texnikumunda (1954-1956) oxumuş, sonra ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır (1960-1965). Onun "Kişi, qadın və qız" adlı ilk hekayəsi 1956-cı ildə "Azərbaycan" jurnalında çap olunmuşdur. V.Musa əmək fəaliyyətinə də "Azərbaycan" jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamış (1956-1976), 20 ildən sonra guya "sosializm realizmi"ndən uzaq düşdüyünə görə işsiz qalmışdır. Maddi, mənəvi sıxıntılarla dolu həmin illər ərzində onlarca kitabın redaktoru və tərcüməçisi olmuş, 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında Nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yazıçı 1991-ci ildən sonra, həm də ilk kitabının nəşr edildiyi 1967-ci ildən üzv olduğu Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü seçilmişdir. Vaqif Musa yeddi kitabın, o cümlədən çoxsaylı roman, povest və kinossenarilərin - "Od, yaxud gecə mahnısı", "Bəyim çayı boyunca", "Səhər mehi", "Zülmət", "Əsrin qazancı", "Sükutun sönür", "Bir günlük itki", "İnsana qayıdış", "Balaca işığın ölümü", "Azadlığın sədası", "Sənin yolunda" və "Qədim bir nağılın qul bazarında", "Ölünün göz yaşı", "Kədər kəməndi", "Daha mən də yaşayacağam", "Sirli səsin sorağında", "Sübhün sərin havası" və s. bu kimi onlarca əsərin müəllifidir.

60-80-ci illər nəsrinin tanınmış nümayəndəsi olan Vaqif müəllim gözəl hekayə, povest, roman və tərcümələrə, səhnə əsərləri, televiziya tamaşaları, radio pyeslərinə və bir sıra publisistik məqalələrə öz imzasını atmışdır. Onun bədii əsərləri bir çox xarici dillərə - rus, özbək, tatar, türk, latış, Litva, Ukrayna, ingilis dillərinə tərcümə edilmişdir. Vaqif Musanın etdiyi çoxsaylı bədii tərcümələrdən biri kimi V.Vinçenkonun "Günəşli yer" pyesi Mingəçevir Dövlət Dram Teatrında, öz dramaturji yaradıcılığından da "Meşənin şahı kim olacaq" pyesi Gəncə Kukla Teatrında, "İşlər belə getməz" adlı komediyası Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. O, yapon yazıçısı Syusaku Endonun məşhur "Dəniz və zəhər" əsərini də tərcümə edərək kitab şəklində nəşr etdirmişdir. Dünya ədəbiyyatının bir neçə belə nümunələrini dilimizə çevirməklə yanaşı, 1969-cu ildə "...Yol qeydləri" səyahətnaməsini, 1973-cü ildə çəkilmiş "Qubanın ağ alması" adlı televiziya filminin ssenarisini də o yazmışdır. Yazıçının əsərlərində 1941-1945 müharibəsindən sonrakı Azərbaycan kəndində cərəyan edən hadisələr dolğun şəkildə, bədii boyalarla geninə-boluna təsvir olunur. Real həyatın təzadlarla dolu gedişatından götürülmüş belə mövzular oxucuya maraqlı süjetlər, əhvalatlar içərisində ustalıqla çatdırılır. "Sənin yolunda" povestində Çıraq adlı gənc bir qızın gündəliyi əsasında həyəcanlı həyat hekayəti qələmə alınmışdır. Məktəb həyatı, sonra buraxılış imtahanları, Çırağın sənədlərini Tibb İnstitutuna verməsi, imtahandan kəsilib kəndə qayıtması və ilk məhəbbətinin ağrılı bir sonluqla bitməsi və s. Povestdə fəlsəfi məna yükü daşıyan bir qanadlı cümlə də var "Təkcə uçan quşlar geri qanrılıb baxa bilməzlər". Çıraq bir gün yazıçının yanına gəlir və povestdə bəhs edilən gündəliyin ona məxsus olduğunu deyir. Yazıçı da bilmədən onun gündəliyi əsasında yazdığı əsərin bir nüsxəsini aftoqrafla Çırağa bağışlayır. Əslində, məlum bir süjetə malik povestdir, amma yazıçı hadisələri, məktəb həyatını, rayonu o qədər gözəl bədii dillə, rəvan üslubla təsvir edib ki, əsəri oxumağa başlamağınla bitirməyin bir neçə dəqiqə çəkir, sanki... Vaqif Musa nəsrinin dili doğulub boya-başa çatdığı Qubanın Rustov kəndindəki "Şəkər bulağı" kimi şirin, büllur, axıcı və səlisdir. Ümumən götürdükdə onun əsərlərində uğursuz məhəbbət və sınaq təbəddülatlı talelər diqqət mərkəzində saxlayıb önəm verdiyi ədəbi prinsiplərdən biri idi.

Burada onu da qeyd edək ki, gənclərə oxumağı tövsiyə etdiyimiz "Bəyim çayı boyunca" romanı daha çox özünün inandırıcı ideya gücü, insanı mənəvi cəhətdən hər məqamda insan kimi görmək idealını daşıması və bu missiyanın ziqzaqlı bədii həllinə nail olması ilə maraq doğurur. Yaradıcılığının mayasını yaşadığı həyatdan götürən Vaqif Musa 1996-cı il oktyabrın 24-də dünya həyatına vida etmişdir. Bu gün tərk edilib yoxa çıxmaqda olan Töhmər kəndinin (mərhum şair İzmirağa Töhmərlinin kəndi) adını romanında yaşadan mərhum yazıçı doğulduğu kənddə, Quba rayonunun Rustov kəndində dəfn edilərək torpağa tapşırılmışdır. Yazıçını və əsərlərini oxuculara bir daha tanıtmaq, xatırlatmaq məqsədilə onun yaradıcılığı və şəxsiyyəti haqqında yazılan, söylənən (f.e.d. V.Yusiflinin onun 75 illiyində etdiyi məruzənin çap və ya elektron versiyasını tapa bilmədik) fikirlərdən üçünü diqqətinizə təqdim edirik. Mərhum professor Nazif Ələkbərli (Qəhrəmanlı) yazıçının nəsrini yüksək meyarlarla qiymətləndirirdi: "Vaqif Musanın hekayə, povest və romanlarında gəncliyin problem və qayğıları, ciddi mənəvi sarsıntıları çox aydın epizodlarla verilir. Cəmiyyət həyatında bir sıra əxlaqi dəyərlərin iflasa uğradığı dövrdə mənəvi şüura ötürüləsi bədii siqlətli ideya şırnağına ehtiyac çoxdur. Elə adından da göründüyü kimi, "Sənin yolunda" kitabında təsvir edilənlər belə bir yazıçı təşəbbüsünün, səxavətinin təsdiqidir".

Yazıçı Rövşən Yerfinin V.Musa haqqında öncəki yubiley yazısında oxuyuruq: "Altmışıncılar ədəbi nəslinin tanınmış nümayəndələrindən biri olan Vaqif Musa sağlığında ikən özünəməxsus yaradıcılıq üslubu ilə seçilib. Etiraf edilməli bir həqiqətdir ki, Vaqif Musa Quba-Xaçmaz bölgəsindən Azərbaycan ədəbiyyatına gələn ilk tanınmış nasirdir. Amma "Səhər mehi" romanının jurnalda dərcindən sonra dövrün bərkgedən bir neçə tənqidçisindən ona qarşı kəskin ittihamlar yönəlib. Tənqid və təzyiqlərin yekunu olaraq o, 1976-cı ildə jurnaldakı işindən azad edilir və uzun müddət işsiz qalır".

Publisist Əkrəm Qaflanoğlu yazıçı həmyerlisini şəxsiyyət kimi belə görüb tanıdığını qeyd etdi: "Vaqif Musa təkcə böyük ədəbiyyat adamı deyildi. O, əsl qubalı xarakterini, mərdlik sifətini son nəfəsinədək özündə daşıyan, riya-məkrdən uzaq, verdiyi sözə hər vaxt ciddi yanaşan, köməksizə həyan olan, üz ifadəsində ciddi, daxilən sadə, olduqca kövrək bir insan idi".

Son zamanlar yazıçının doğulduğu Rustov kəndində büstünün qoyulması, Quba şəhərində yeni küçələrin birinə adının verilməsi, əsərlərinin üçcildliyinin və son əlyazmalarının çap edilməsi təqdirəlayiqdir. Allahdan yazıçı həmyerlimizə rəhmət diləyərək, ədəbi tənqidçilərdən, qələm dostlarından Vaqif Musa yaradıcılığına, taleyinə bir daha nəzər yetirməyi təmənna edirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!