Sazın simlərindən asdırın məni,
Sonra çanağında basdırın məni!
Bu misralar mənimdi. Məndə saza məhəbbəti dostum, Xalq şairi Zəlimxan Yaqub yaradıb. Bizim tərəflərdə - doğulduğumuz Quba bölgəsində aşıq sənəti zəif olub, mən təkcə Xaltanlı Tağı haqqında eşitmişdim.
1990-cı ildə Yazıçılar İttifaqı Yeni Yasamalda tikilmiş ilk binada bizə mənzil verdi, Zəlimxanla qonşu idik. Uşaqların ad günlərində Zəlimxan saz götürüb dördüncü mərtəbədən enib gəlirdi bizə - ikinci mərtəbəyə. Məclislərimiz sazlı-sözlü olardı, Allah Zəlimxana rəhmət eləsin. Mən bu kövrək olayı Qazax mahalında yaşayan, bu eldən dünyaya boylanan istedadlı və təvazökar şair dostum Barat Vüsalın ikicildlik, sanballı (1080 səhifə) "Seçilmiş əsərləri"ni oxuyanda bir daha xatırladım. Baratın "Seçilmiş əsərləri"nin I cildi "Gözümü saz açıb" rubrikası ilə başlayır. Kitabı açanda adamı sözdən əvvəl Saz qarşılayır. Şairin siması Sazın çanağından boylanır və onun şeirləri oxucunu Sazın ecazkar, sehrli aləminə çəkib aparır.
Şair yalnız ona məxsus təvazökarlıqla şeir cildlərini "Mənim şeir dəftərim" adlandırır:
Əgər yazmağa qalsa,
Yazmalıyam çöpdən də
Öpüb boz qanqalı da
Bağrıma basacağam.
Bir şair bəxş edəcək
Qoca dünya bu kəndə
Tapammasan bir səhər.
Bir axşam tapacağam,
Mənim şeir dəftərim
Burda itib, burda, bax.
Mən də həvəsə gəlib şair dostuma bir bənd şeirlə cavab yazdım:
Axtarma şeir dəftərin,
O dəftər sən özünsən.
Söz gözəlinin nazına,
Qardaş, necə dözürsən?!
Demək istəyirəm ki, Barat Vüsal "Söz gözəlinin nazını" (Füzuli) çəkməyi bacaran, Sözü urvatdan düşməyə qoymayan şairdir. Barat "Seçilmiş əsərləri"nin I cildinə "Müəllifdən" adlı ön söz yazıb. Xatirələrə bulaşmış öz şair taleyini əks etdirib: "Mən ilk şeirimi dan gecəsinə, qoç şəklinə, bənövşə qomuna, yaralı durna qanadına yazmışdım".
Bu sözlərdə Baratın şair bioqrafiyası ifadə olunub:
Etiraf edim ki, yaşıdlarım - 50-ci illərdə dünyaya gəlmiş uşaqlar haqqında yazmaqdan zövq alıram, yüngülləşirəm.
Onu da etiraf edim ki, müasirlərim olan şairlər mənə ikicildlik, üçcildlik və s. cildlik əsrələrini bağışlayanda diksinirəm, narahat oluram. Tənqid tərəzisinin mərəzi başlanır: istər-istəməz tərəzinin bir gözünə Xaqani, Nizami, Nəsimi, Füzuli... lap elə şeirləri əl boyda bir kitaba sığışan Müşfiq, Əli Kərim girir, o biri gözünə də "çoxcildliklər", qalıram çıxılmaz vəziyyətdə. Ancaq bu dəfə belə olmadı. Baratın şeir əcdadlarına layiq olduğunu gördüm. Barat ölməz lirika ustaları Hüseyn Arifin ismarladığı şairidi: onlar ustad və şagird kimi "Dilqəmi"nin ecazkar aləmində tapışıb, görüşürlər.
Yandı taleyəmi, yandı yaşamı
Rəngi qor saxlayan kül kimi idi.
Seyr etdi, dinmədi, payız axşamı
Təbiət özü də "Dilqəmi" idi?
Yoxmu bu havada sevinc, nur, işıq
Dərdmi, yoxsa dərdin davasıdır o?
Çalma "Dilqəmi"nin yetənə, aşıq,
Hüseyn Arifin havasıdır o.
Bu şeiri dinləyib Hüseyn Arif ona "Nə dürüst qələmdir, tutduğun qələm" deyərək bir cavab şeiri yazır.
Barat Vüsalın şeirlərində Azərbaycan aşıq şeirinin demək olar ki, görkəmli nümayəndələrinin əksəriyyəti yad edilir. Şair elə bil ki, sazlı-sözlü şeirlərini onlara müraciətlə, onlardan icazə alaraq yazır.
Barat Vüsal tarixdən bu günə gəlir, 70 illik mənalı ömrünün 50 ilini heç qızırqalanmadan poeziyaya verir.
Ululardan, ənənələrdən ona iki qiymətli misra qalıb: vətən - türkün ulu yurdu və Qopuzun yadigarı olan Saz! O, vətəni elə-belə sevmir, onun ruhu ilə yaşayır, ondan güc alır, ən yaxşı sözlərini ona ərməğan edir, "Təbriz aşıqları, oxuyun belə" şeirində olduğu kimi.
Abbasa quyudan saz çıxarmısız,
Allahın köməyi, diləyi ilə.
Təbrizin əliylə vurun mizrabı
Oxuyun Təbrizin ürəyi ilə,
Təbriz aşıqları, oxuyun belə.
Xalqın əzabına dözün, qatlaşın
Millətin haqqını alın beləcə,
Qoymaram bir sazın teli qırılsın
Gəlin ürəyimdən sim verim sizə.
Azərbaycanda şair olmaq istəyən gərək Sazdan, Sözdən yapışsın. Tariximizi belə yaratmışıq: bir əlimizdə qılınc olub, birində qələm. Ustad aşıqlar bizdə ehtiramla "Dədə" adlanıb. Dədə Qorqud, Dədə Ələsgər. Bizim tarix mənəvi cəhətdən çox zəngin və güclüdür, o, həm də Qopuzla, Sazla yaradılıb. Türkün gücü onun mənəviyyatındadır. Türk mənəviyyatının təməlində vətən əxlaqı, ailə kultu və Qopuz dayanır. Barat Vüsalın poeziyası da belə bir nəhrdən su içib, bu gözəl şair Türk mənəviyyatına köklənib.
Barat Sazı müqəddəs sayır, ona, sadəcə, çalğı aləti kimi baxmır. Bu da çox təbiidir, o, kökə, etnik yaddaşa bağlı şairdir, şeirləri ağrı yaddaşı üstündə yazılıb. Şair "Mənim dərdim" şeirində "Üç yaşımdan dərdə qala qurmuşam" deyir, "dərd şairliyin sərmayəsidir" (Füzuli). Şairin şeirlərindən biri "Gözümü saz açıb" adlanır. Bu deyimi Baratın bütün yaradıcılığına epiqraf kimi vermək olar. Şairin estetik idealı məhz bu deyimdə təbəssüm tapıb.
Barat ərş üzünə qalxıb görürəm,
Şeytanı yandırıb-yaxıb görürəm,
Hər iki dünyanı baxıb görürəm,
Sazdı gözümdəki gur işıq, aşıq,
Mənim də gözümü saz açıb, aşıq.
Bu misralar göstərir ki, Barat da "Məndə sığar iki cahan, Mən bu cahana sığmazam, Ərş ilə fərqi-kafü-nun - Məndə bulundu cümlə çun" - deyən ulu babası Nəsimi kimi təkcə yerlərin yox, həm də göylərin - səma şairi, yalnız müdrik yox, həm də mistik söz aşiqidir.
Barat Vüsal şairdi, bəziləri kimi, sadəcə, söz qoşan, qafiyə düzənləyən, nəzm yazan deyil. Onun şeirlərinin təkcə forması yox, məzmunu da poetikdir. Çünki onun həyata münasibətinin forması bədii-fəlsəfi tərzdədir. Özü demişkən, o, çöpdən də, boz qanqaldan da, Allahdan, Peyğəmbərdən, lap adi insandan da yazanda poetik obraz yaradır, daha doğrusu, adidə qeyri-adini kəşf edə bilir. Lap təzə başlayanda -
Neynirsən bir zaman külmədiyini,
Şairdən söz düşsə Sabir baş olur.
Qanundan öyrənə bilmədiyini
Sabirdən öyrənən vətəndaş olur.
- misralarını eşidənlər "Sən Sabiri qanunlara (Sovet qanunlarına) qarşı qoyursan. Bu nədir, bunun üstündə səni incidərlər", - deyə hədələyiblər. "Tələbə qiyməti" şeirindən:
İmtahan verəndə coğrafiyadan
Xəritə çubuğu Arazı edin.
Sizə qiymət yazsın hər imtahandan
Qoy Babək kəsilmiş qolları ilə!
- misralarını oxuyan "qələm dostu" ona qəzəblənib deyir: "Nə" danışırsan? Sən nə cür tarix müəllimisən ki, hələ bilmirsən Babək müəllimdir, yoxsa qəhrəman?".
Poeziya kütlə üçün deyil, kütləylə şeir dilində danışmaq olmaz. Həqiqi şeir, əsl sənət onu başa düşən, fəhm edənlər - xiridarlar üçündür:
Qışda itirdiyim şeir dəftərim
Yazda bənövşədən, lalədən çıxdı.
"Mənə elə gəlir ki, mən şeir yazmaqdan çox, haçansa itirdiyim şeir dəftərimi axtarıram".
Bir il bundan əvvəl Barat mənə zəng vurub dedi: "Bu gecə sənə bir şeir yazmışam, icazə ver oxuyum, bilmək olmaz çap olunacaq, ya yox. Belə bir şeir oxudu:
Səsin gəlir, səsi gəlir Türkün səsi,
Belə olur insanlığın gördüm səsi!
Belə olur əyilməzin, yenilməzin,
Əldə qələm, alnımdasa alın təri...
Nizaməddin Şəmsizadə Həzrətləri!
Ürəyini haqq yolunda nəzir verdin,
Çox dərdləri dərdə saldı əsl dərdin.
Ayağını ayaqsıza kəsib verdin,
Vüsalına qovuşdurdun həsrətləri,
Nizaməddin Şəmsizadə Həzrətləri!
7 bənddən ibarət "Nizaməddin Şəmsizadə Həzrətləri" Baratın yaxşı şeirlərindən biridir və bu axıcı şeir məni məmnun etdi.
Bütün zamanların şairləri "Ömür nədir?" sualına cavab axtarıb, şeirlər yazıblar. Barat Vüsal bu əbədi suala belə cavab verir:
Göz könüldə, könül gözdə,
Elə ömür bu deməkdir.
Səninlə keçən ömrümün
Nə gözəl dadı var, könül.
Tanrıya uzanan yolun
Tək bircə adı var: könül!
Barat Vüsalın "Seçilmiş əsərləri" (Bakı, "Qanun" nəşriyyatı, 2015) ikinci sanballı cildində şairin şeirləri, poemaları və esseləri yer alır.
Deyə bilərəm ki, onun "Aldədə", "Ana gözləri", "Prometeyin son günü" poemaları müasir poema janrının uğurlu nümunələri, istiqlal dövrü ədəbiyyatımızın dəyərli faktlarıdır. "Bir şeir de, ölməyəcəyəm" bölməsində gedən yazılar Barat Vüsalın şairlik təcrübəsindən, tarix müəllimi və tənqidçi-ədəbiyyatşünas düşüncələrindən irəli gələn yazılardan ibarətdir.
Əlbəttə, Barat Vüsalın minlərlə zəngin və qiymətli şeirinin hamısını təhlil etmək fikrində deyilik, bu bir yazının hüdudlarına sığmayaraq möhtəşəm bir işdir. Bunun üçün sanballı bir monoqrafik əsər yazılmalıdır və yazılacaq. Biz istedadlı, zəhmətkeş, fədakar şair dostumuzun ədəbi-tarixi mövqeyinin konturlarını nəqş edən sadə və səmimi bir yazı ilə onun təmənnasız şair mövqeyini nişan vermək istədik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!