Böyük Zəfərin poetik dastanı - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir. Ona görə də Azərbaycan şifahi xalq ədəbiyyatında və yazılı ədəbiyyatda Qarabağ uzun əsrlər boyu əsasən tərənnüm edilən, vəsf olunan Vətən torpağı kimi canlandırılmışdır. Folklordakı "yaddan çıxmaz Qarabağ" motivi Azərbaycanın bu dilbər guşəsinin tarixini, fərqli təbiət gözəlliklərini diqqət mərkəzinə çəkmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi "İskəndərnamə" poemasındakı "Bərdənin tərifi" vasitəsilə "küllü Qarabağ"ı tərənnüm etmişdir. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan Qarabağ gözəllərinin simasında geniş mənada "ellər yaraşığı, ölkə gözəli"ni tərənnüm etmişlər. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin xarakterli "nərmənazik bayatı" notları bədbinlik, məyusluq cizgiləri ilə əvəz olunmuşdur. Tədricən hərbi-siyasi hadisələrin təsiri ilə Qarabağ mövzusundan vətənpərvərlik, mübarizlik, döyüş səsləri də eşidilmişdir. Bu ədəbiyyat Azərbaycan xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda səfərlər olmağa hazırlanmasında mühüm rol oynamışdır.

Nəhayət, Azərbaycan Respublikasının Qalib Ali Baş Komandanı, Müzəffər Prezidentimiz İlham Əliyevin Dəmir Yumruğu və qətiyyətli siyasəti nəticəsində Qarabağ müharibəsinin otuz ildən sonra tarixi Zəfərlə başa çatdırılması Qarabağ mövzusuna yenidən fərqli bir poetik ahəng gətirmişdir. Azərbaycan Yazıçılar Birliyi Moskva Təşkilatının sədri, filologiya elmləri doktoru, professor Abuzər Turanın (Abuzər Bağırovun) "Ədəbiyyat qəzeti" vasitəsilə oxuculara təqdim etdiyi "Zəfər nəğməsi" poeması Qarabağ mövzusuna münasibətdə yeni tarixi mərhələnin əhval-ruhiyyəsini bütün dolğunluğu ilə əks etdirir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, artıq Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin ədəbiyyatımızda genişhəcmli əsərlərdə bədii cəhətdən əks etdirilməsi prosesi başlanmışdır. Xalq şairi Sabir Rüstəmxanlının dərhal, Zəfərin isti izləri ilə yazılmış "Qarabağa dönüş" poeması ədəbiyyatda Qarabağ mövzusunda yaranan əsərlərdə itirilmiş torpaqlarımızın qaytarılması, işğaldan azad edilməsi uğrunda mübarizə mövzusundan tarixi Zəfərin bədii cəhətdən dərk və şərh olunması mövzusuna dönüşün başlanma zərurətini meydana qoymuşdur. Eyni zamanda, Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması ilə Vətən müharibəsi mövzusunda kiçik janrlardan geniş həcmə malik bədii əsərlərə dönüşün də ilk uğurlu anonsu verilmişdir.

Abuzər Turanın "Zəfər nəğməsi" poeması, adından da göründüyü kimi, ithaf poemasıdır. Sabir Rüstəmxanlı kimi, Abuzər Turan da Vətən müharibəsi bitər-bitməz qələbə sorağının yaxınlaşmaqda olduğunu hiss edərək, haqqında bəhs olunan poemaları yaratmaq ovqatına köklənmişlər. Sabir Rüstəmxanlının və Abuzər Turanın poemaları Vətən müharibəsindəki böyük tarixi Zəfərə şair-vətəndaş münasibətinin yüksək poetik ifadəsidir. Bu ilhamlı əsərlər Böyük Zəfər mövzusunda yaradılmaqda davam edən ədəbiyyatın mükəmməl təməlidir.

Abuzər Turanın "Zəfər nəğməsi" poeması janr baxımından ictimai-siyasi məzmuna malik lirik poemadır. "Zəfər nəğməsi" Böyük Qələbədən vəcdə gəlmiş Azərbaycan şairinin poetik monoloqudur. Bu poemada tarixi Zəfərdən doğan qeyri-adi sevinc, milli qürur, böyük iftixar hissi çox səmimi və ilhamlı misralara çevrilmişdir. Abuzər Turan Vətən müharibəsində qələbəyə doğru gedən siyasi və hərbi proseslərdən aldığı təəssüratları yüksək poetik səviyyədə mənalandırmışdır. Poemadakı "Alqışlar, igid əsgər, Mübarəkdir bu zəfər" kimi ümumi xarakterli misralardan başqa, Abuzər Turanın əsərin ayrı-ayrı hissələrinə yazdığı təqdimat xarakterli nəşrvari yazılardakı "Qırx dörd gün davam edən Vətən müharibəsində sevimli Azərbaycanımızın qazandığı misilsiz Zəfər, heç şübhəsiz, şanlı Ordumuzun ...qəhrəmanlığı sayəsində reallığa çevrildi. Şəhidlərimizin məkanı cənnət olsun. Qazilərimiz tezliklə tam şəfa tapsın, ulu Tanrım" - sözləri də Zəfərdən doğan daxili-mənəvi sevincin və qürurun ritorikasını ifadə edir. Poemada Azərbaycan xalqının Vətən müharibəsində qazandığı böyük Zəfərinin obyektiv poetik qiyməti aşağıdakı misralarda ifadə olunmuşdur:

 

...Vuruşmuşuq qırx dörd gün,

Hayları etdik sürgün.

Qovduq ittək tünbətün,

Qarabağdan büsbütün.

 

...Ordumuz zəfər çaldı,

Torpağı geri aldı,

Düşməni dərdə saldı,

Dünya lap heyran qaldı.

 

...Yağıya qan qusdurduq,

Şuşanı alıb durduq,

Ölümcül zərbə vurduq,

Gözəl toy-büsat qurduq.

 

Abuzər Turanın "Zəfər nəğməsi" poeması, əslində, mahiyyətinə görə də "Zəfər nəğməsi" poemasıdır. Azərbaycan ədəbiyyatı tarixində ayrı-ayrı tarixi və ədəbi şəxsiyyətlərə poema həsr etmək ənənəsi mövcud olsa da, Abuzər Turan onları təkrar etməyib, orijinal bir üsul seçərək, Vətən müharibəsinin Qalib Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tarixi zəfərin qazanılmasındakı misilsiz xidmətlərini dövlət rəhbərimizin apardığı uğurlu və məqsədyönlü xarici siyasət sayəsində tam və əbədi müttəfiqimiz statusu qazanmış Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Əhməd Niyazinin birliyi və həmrəyliyini diqqət mərkəzinə çəkməklə, qələmə alınan tarixi hadisənin dərin mahiyyətini geniş masştabda mənalandırmışdır. Bu mənada poemada Prezident İlham Əliyevə həsr olunmuş "Qalib Ali Baş Komandanım" fəslindən başqa, görkəmli dövlət başçılarından bəhs edən digər bölümlərdə də onlardan hər birinin xidmətlərinin lazımi səviyyədə qiymətləndirilməsi ilə bərabər, mövzu ilə əlaqəli şəkildə Azərbaycan Liderindən də söz açılmışdır. Bu mənada təbii olaraq Ali Baş Komandan İlham Əliyev "Zəfər nəğməsi" poemasının əsas, aparıcı qəhrəmanıdır. Bundan başqa, bir bədii əsərdə üç dövlət başçısının bədii obrazının yaradılması, onlardan hər birinə ayrıca fəsil həsr olunması Azərbaycan ədəbiyyatında ilk dəfə Abuzər Turanın "Zəfər nəğməsi" poemasında öz əksini tapmışdır. Abuzər Turan - Bağırov Azərbaycan Respublikasının Ali Baş Komandanı, Vətən müharibəsinin şəriksiz qəhrəmanı İlham Əliyev öndə olmaqla bu tarixi Zəfərə ürəkdən dəstək vermiş dost və qardaş ölkələrinin liderlərinin də xidmətlərini poeziya meydanına çəkərək, bədii cəhətdən dəyərləndirmişdir. Məsələnin bu cəhəti həm də Vətən müharibəsi mövzusunun daha geniş müstəvidə yanaşıb, daha böyük miqyasda mənalandırılmasına şərait yaratmışdır. "Zəfər nəğməsi" poemasında bədii istedadla yanaşı, həm də xeyli dərəcədə siyasi hazırlıq tələb edən bu məsələnin bədii həlli uğurlu şəkildə alınmışdır. Uzun illərdən bəri nüfuzlu ali məktəblərdən biri kimi qəbul edilən Moskva Beynəlxalq Münasibətlər Universitetinin professoru kimi fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin sədri Abuzər Turan - Bağırovun poetik təqdimatında seçilmiş mövzu həm məsələnin bədii cəhətdən mənalandırılması, həm də haqq işimizə dəstək baxımından hər bir ölkə liderinin rolunun və xidmətlərinin real surətdə siyasi cəhətdən dəyərləndirilməsi baxımından yüksək poetik səviyyədə işıqlandırılmışdır. Bu cəhətdən "Zəfər nəğməsi" poeması Qalib Ali Baş Komandan İlham Əliyevə və onun siyasi müttəfiqlərinə həsr edilmiş poema kimi mühüm ədəbi-tarixi əhəmiyyətə malikdir.

"Zəfər nəğməsi" poemasında "Ali Baş Komandanım" fəsli bir neçə mühüm funksiya yerinə yetirir. Bu bölmə "Zəfər nəğməsi" poemasının mükəmməl bir bədii müqəddiməsidir. "Ali Baş Komandanım" fəsli poemanın sonrakı bölmələrinin əlaqələndirilməsinə və istiqamətləndirilməsinə də xidmət edir. Bununla belə, adından da göründüyü kimi, "Ali Baş Komandanım" fəsli "Zəfər nəğməsi" poemasının əsas hissəsini təşkil edir. Abuzər Turan "Zəfər nəğməsi" poemasında ifadə etmək istədiyi əsas mətləblərin ana xətlərini bu fəsildə ümumiləşmiş şəkildə canlandırmışdır. "Ali Baş Komandanım" fəslini "Zəfər nəğməsi" poemasının ədəbi kompası kimi qiymətləndirmək olar.

Abuzər Turan yaradıcılığının bütün imkanlarını səfərbər edərək, Vətən müharibəsi fonunda Qalib Ali Baş Komandan İlham Əliyevin poetik portretini yaratmışdır. Poemada Vətən müharibəsinin səbəbləri, gedişi və uğurlu nəticələri Ali Baş Komandanın rəhbərlik və sərkərdəlik qüdrətinin işığında təsvir və tərənnüm olunmuşdur. Oxucu bütövlükdə "Zəfər nəğməsi" poemasından, xüsusən də "Ali Baş Komandanım" fəslindən Azərbaycanın Vətən müharibəsinin başlanmasını zərurətə çevirən amillər, Qarabağ uğrunda savaşın əsas məqamları və müharibədə qazanılan tarixi Zəfərin mahiyyəti haqqında ən mühüm təsəvvürləri əldə edə bilər. Poema tarix kitabı və ya publisistik məqalə olmadığı üçün Abuzər Turan Vətən müharibəsi həqiqətlərini sadəcə sadalamamış, əksinə, poetik tərənnüm vasitəsilə həmin şanlı tarixin şərəfli poetik dastanını yaratmağa nail ola bilmişdir. "Zəfər nəğməsi" poemasında Prezident İlham Əliyevin siyasəti, iradəsi, qətiyyəti, hərbi məharəti Vətən müharibəsi hadisələrinin real gedişatının axarında, bütün reallıqları ilə ifadə olunmuşdur. Beləliklə, Abuzər Turan Prezident İlham Əliyevlə Ali Baş Komandan İlham Əliyevin bir-birini tamamlayan orijinal bədii obrazını yaratmışdır:

 

Yumruğu dəmir olan,

Qatilə verməz aman,

Mane olmaz çən-duman,

Uca dağda qar-boran,

Ali Baş Komandanım!

 

...Xalqımın gözü səndə,

Qorqudun sözü səndə,

Əməlin düzü səndə,

Zəfərin özü səndə,

Ali Baş Komandanım!

 

Baş açır hər sahədən,

Kəlamı bədahətən,

Güc gəlir İlahidən,

Dərs alıbdı Dahidən

Ali Baş Komandanım!

 

Poemada Abuzər Turan Ali Baş Komandanın çoxcəhətli fəaliyyətinə və xidmətlərinə Azərbaycan tarixinin reallıqları və gələcək vəzifələri fonunda işıq salaraq, dövlət rəhbərimizin xalqımızın taleyindəki rolunu və yerini poetik cəhətdən orijinal bədii vasitələrlə qiymətləndirmişdir. "Ali Baş Komandanım" fəslində Azərbaycanın tarixi taleyində iz salmış Göyçə mahalı və İrəvan şəhəri, Dəmirqapı Dərbənd, Borçalı və Zəngəzur kimi münaqişəli coğrafi yerlərin xatırladılması süni şəkildə yaradılmış Qarabağ hadisəsinin mahiyyətinin aydınlaşdırılmasına və sabaha aparan yolların nəzərə çarpdırılmasına xidmət edir. Ali Baş Komandanımız haqqındakı "Sözünü çox gur dedi", "Əbədi tarix yazır", "Elin qeyrət qalası, tarixə ad salası", (I hissə), "Yumruğu var dəmirdən", "Xalq yolunda xidmətkar" (II hissə), "Çarə tapdın ellərə, ömür verdin millətə", "Alp ərlərə söykənən", "Siyasəti yüzdəyüz, cavab verən sözbəsöz" (III hissə), "Zəkana dünya heyran", "Ey aslan oğlu aslan" (IV hissə) - kimi təşbeh və epitetlər ictimai-siyasi mövzuda yazılmış poemada liderin obrazını poetik baxımından canlandıran məcazlar kimi mövzunun obrazlı bədii həllinə imkan yaradır.

Abuzər Turan "Zəfər nəğməsi" poemasının "Sayın Cümhur Başqanım" fəsli Vətən müharibəsində ədalətli Zəfərin qazanılmasında xüsusi faktora çevrilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" formulunun strateji əhəmiyyətinin diqqət mərkəzinə çevrilməsi əsasında qardaş Türkiyə Cümhuriyyətinin tam dəstəyinin poetik şəkildə mənalandırılmasına həsr edilmişdir. Müəllif Vətən müharibəsindən əvvəlki "Qara Yanvar" və Xocalı soyqırımı kimi qanlı-qadalı faciələrin baş verməsinin əsas səbəblərindən birinin Azərbaycanın hərbi-siyasi meydanda təklənməsi ilə bağlı olduğunu nəzərə çarpdırmaqla Vətən müharibəsində qardaş Türkiyə Cümhuriyyətinin bütün imkanları ilə ölkəmizin yanında olmasının əhəmiyyətini müqayisəli şəkildə çatdırmağa meydan açır. Poemadakı aşağıdakı misralar Vətən müharibəsi - Qarabağ savaşında "Bir millət, iki dövlət" ideyasının işığında Azərbaycanla Türkiyə arasında formalaşmış möhkəm və etibarlı birliyin təbii və qanunauyğun poetik ifadəsindən ibarətdir:

 

"Bir millət, iki dövlət"

Ulu öndər, min rəhmət!

Əbədi, dərin hikmət!

Bizə, Sizə vəsiyyət,

Sayın Cümhur Başqanım!

 

Türkiyəm birdən-birə,

Yaratdı xoş mənzərə.

Döndü qalxan-sipərə

Zireh oldu, bizlərə

Sayın Cümhur Başqanım!

 

"Zəfər nəğməsi" poeması Azərbaycanla Türkiyənin Birlik odası kimi səslənir. Abuzər Turan Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayib Ərdoğanın simasında çətin sınaq anlarında Azərbaycana qarşı əsl dəyanət və dəstək nümayiş etdirmiş qardaş Türkiyənin tarixi missiyasını dönmədən həyata keçirməsini minnətdarlıq duyğuları ilə vəsf etmişdir. Abuzər Turanın poetik təqdimatında Türkiyə haqqında ifadə olunan yüksək ehtiram Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında ümumiləşdirilir. Bu mənada "Zəfər nəğməsi"nin "Sayın Cümhur Başqanım" fəsli Türkiyə - Rəcəb Tayyib Ərdoğan vəhdətinin və Azərbaycan-Türkiyə Birliyinin poetik etirafı kimi vəsf olunur. Türkiyə Cümhuriyyətinin Azərbaycana verdiyi birmənalı dəstəyin müqabilində Azərbaycan şairi də qardaş ölkənin liderinə xalqımızın yüksək hörmət və ehtiramını çatdırmağı özünə borc bilmişdir.

 

Siyasətin zərgəri,

Bəlağətin pərgarı,

Hərb işinin sərdarı,

Türkçülük bayraqdarı,

Sayın Cümhur Başqanım!

 

Uca boylu qəhrəman,

Qardaşlıqda mehriban,

Səmimi, gözəl insan,

Rəcəb Tayyib Ərdoğan

Sayın Cümhur Başqanım!

 

Abuzər Turan "Zəfər nəğməsi" poemasında Türkiyə Cümhuriyyətinin qüdrətli dövlət olmasının bir əsas səbəbini də ölkə rəhbərinin sadiq komanda yaratmasında görür. Onun poemanın "Sayın Cümhurbaşqanım" fəslində Türkiyənin "yagıları haşa çəkdirən, dağa-daşa haray salan" Milli Müdafiə naziri Hulusi Akar Paşa və "gedişatı düz quran", "millətə qürur verən" Xarici İşlər naziri Mövlud Çavuşoğludan yüksək ehtiramla danışması, Böyük Millət Məclisinin Azərbaycanın ədalətli savaşını bütünlüklə dəstəkləməsi haqqında ürək dolusu söz açması mövcud reallığı ifadə etməklə bərabər, həm də qardaş ölkədəki sabit və sadiq komandaya verilmiş qiymətin əks-sədasıdır.

Müşahidələr göstərir ki, Abuzər Turan Azərbaycan həqiqətlərindən və qardaş ölkələrin dövlət rəhbərlərindən bəhs edərkən öz əsərində mövzunu aydınlaşdırmağa xidmət edən bir sıra ən səciyyəvi hadisələri yada salmaqla əsas mətləbi mənalandırmaq üçün zəmin hazırlayır. Fikrimizcə, "Zəfər nəğməsi" poemasının Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Əhməd Niyaziyə həsr olunmuş "Əziz Vəziri-Əzəm" fəslində XX əsrin əvvəllərində böyük Azərbaycan messenatı Hacı Zeynalabdın Tağıyevin Pakistanda geniş yayılmış taun xəstəliyinin qarşısını almaq üçün öz vəsaiti ilə 300 min vaksin alıb, bu ölkəyə göndərməsinin təsvir olunması bu dost ölkənin Azərbaycan dövlətinə və xalqımıza bəslədiyi birmənalı dövlət dəstəyinin qarşılıqlı tarixi köklərə malik olduğunu göstərmək üçün tapılmış detaldır. Eyni zamanda, poemada Pakistan İslam Respublikasının təcavüzkar Ermənistana münasibətinə dair "rəsmən heç bir zaman dövlət deməyib ona" misraları ilə ifadə olunan fikirlərin nəzərə çarpdırılması da ölkələrarası əlaqələrin əsl qardaşlıq münasibətləri səviyyəsinə çatdırılmasını bildirmək məqsədi daşıyır. Müəllifin bu nöqtələrdən çıxış etməklə xalqlarımızın və dövlətimizin sarsılmaz həmrəyliyi haqqında səsləndirdiyi "Qarışıb dərd-sərimiz, Birgədi işlərimiz, Hərbdə əsgərlərimiz, Savaşda ərlərimiz" misraları tarixi ənənələr üzərində qurulmuş əsl dostluq münasibətlərinin möhkəm və etibarlı ortaq dəyərlərə çevrildiyini isbat etməyə əsas verir. Bütün bu əsaslandırmalardan sonra Abuzər Turanın Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Əhməd Niyazi haqqında dediyi aşağıdakı fikirlər tarixi ənənələrə malik dost və qardaş ölkənin, onun dövlətinin və dəyərlərinin keşiyində "kişi kimi mərd dayanan" rəsmi dövlət başçısının dönməz "kişiyana" xarakterini və qətiyyətli mövqeyini aydın surətdə mənalandırır:

 

Oldunuz darda hayan,

Dost bilib, bizi sayan,

Kişi kimi bərk dayan,

Halımıza çox yanan

Əziz Vəziri-Əzəm!

...Açıq dedin sözünü,

Tutdun işin düzünü.

Göstərdin sərt üzünü,

Tökdün düşmən gözünü,

Əziz Vəziri-Əzəm!

 

"Əziz Vəziri-Əzəm" fəslində Abuzər Turanın Azərbaycan-Türkiyə-Pakistan dostluğu və həmrəyliyi haqqındakı poetik mülahizələri bu dost və tərəfdaş ölkələrin birlik və əməkdaşlığının "düşmənləri sarsıltmaq" və "yeni bir dövran qurmaq" baxımından təkcə bu dövlətlər üçün deyil, bütövlükdə dünya birliyi üçün əhəmiyyətli olduğunu bəyan etməsinə güc və qüvvət verir.

Abuzər Turanın "Zəfər nəğməsi" poemasında mövzu ilə əlaqədar olaraq işğalcı Ermənistana və erməni xəyanətkarlarına da həyati detallar vasitəsilə poetik münasibət ifadə olunmuşdur. Poemanın ayrı-ayrı fəsillərində səsləndirilmiş "Haylar ağır şələdi, Allahdan bir ləladı" (I hissə); "Haylar sayca çox azdır, di gəl, dünyaya pazdır, Qafaları nasazdır, İlacları qapazdır"; "Tarixləri ağ yalan, xislətdə əqrəb, ilan, yaltaq hiylə, şər salan"; "Başçıları züy tutan, Şuşada şıllaq atan, Əyarı sıfır insan, Rəzil Nikol Paşinyan" (II hissə); "Torpağa çəkib dağı, dağıdıb Qarabağı"; "Haqq yolunu azırlar, Dağı-düzü qazırlar, qədim şəhər gəzirlər, Yalan-palan yazırlar" (III hissə), "Zatı qırıq, əsli zay"; "Açıq-aşkar sataşır, Qudurub həddin aşır"; "Cəllad Serj batıb yasa, Yanını basa-basa" (IV hissə) və sair kimi misralar bədnam Ermənistanın miskin simasını və məğlub durumunu əyani şəkildə aydınlaşdırır. Bununla belə, Abuzər Turan Ermənistanın da mövcud durumdakı real çıxış yolunu "ana torpağın arınmasında", "həyata yeni nəfəs verən" yeni çağırışlara qoşulmasında görür. Abuzər Turanın gəldiyi bu ibrətamiz nəticə "Zəfər nəğməsi"nin əsas çağırışlarından biri olmaqla bərabər, həm də Azərbaycanın regionda yaratdığı yeni reallığın xalqları böyük gələcəyə aparan əsl yol olduğunu ədəbiyyat müstəvisində də diqqətə çatdırması və dəstəkləməsi deməkdir. Eyni zamanda, poemadakı Zəngəzur problemi və Naxçıvan dəhlizi ilə əlaqədar notlar da Vətən müharibəsi dərslərindən çıxarılan obyektiv nəticələri gündəmə gətirir.

"Zəfər nəğməsi" poemasının dördüncü fəsli Qarabağ-Vətən müharibəsi dərslərinin bədii cəhətdən ümumiləşdirilməsinə və gələcək haqqında mesajların verilməsinə həsr edilmişdir. Ümumiyyətlə, Abuzər Turan poema boyu haqlı olaraq belə bir fikir müdafiə edir ki, yalnız ədalətli mövqe nümayiş etdirmək və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yolu ilə yeni bir dövran qurmaq mümkündür. Bu haqlı və doğru siyasi mövqe "Zəfər nəğməsi" poemasında şair mövqeyinin də əsasına çevrilmişdir. Abuzər Turanın böyük ilhamla tərənnüm etdiyi "Müqəddəs Qalib Üçlük" bütün mənalarda regionda və dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa təminat verən etibarlı müttəfiqlik və sülhməramlı birlik kimi təqdir olunur. O, obrazlı şəkildə "dövlətlərin üçlüyü" və "sərkərdələrin üçlüyü" adlandırdığı Azərbaycan-Türkiyə və Pakistan birliyi və həmrəyliyini dünyada "rahat yuxu yatmayan, Xalqa yalan satmayan, Haqqa böhtan atılmayan, Xeyri şərə qatmayan" siyasi müttəfiqliyin nümunəsi kimi səciyyələndirir. Abuzər Turan qəti şəkildə bu fikirdədir ki, "qanlı-qadalı ölüm-dirim savaşına rəhbərliyi tam məsuliyyətlə öz üzərinə götürən dəmir yumruqlu cəngavər sərkərdəmiz İlham Heydər oğlu Əliyevin qəhrəmanlığını, ona siyasi, hərbi, psixoloji və digər müstəvidə dayaq duran, qardaş və dost ölkə olan Türkiyənin Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın səmimi, dönməz qətiyyətini, Pakistanın Baş naziri, dosta sədaqətli, qədirbilən İmran Xan Əhməd Niyazinin dayanıqlı dəyanətini və bu üç dövlət başçısının, üç Ali Baş Komandanın, bizim üçün üç müqəddəs şəxsiyyətin şanlı qələbəmizdəki əvəzedilməz rollarını xüsusi olaraq vurğulamaq, qiymətləndirmək, təqdir və tərənnüm etmək hər birimizin mənəvi borcudur". Həqiqətən də hər bir insan oğlunun mənəvi borcu olan belə bir etibarlı və xoşməramlı dostluq və müttəfiqliyin ürəkdən dəyərləndirilməsi tam mənası ilə yeni dövrün ədəbiyyat və incəsənətinin məsuliyyətli və şərəfli vəzifəsidir. Biz bu fikirdəyik ki, ümumiyyətlə hər bir vətən oğlu ilə birlikdə çağdaş ədəbiyyatın və incəsənətin borcu və vəzifəsi olan bu şərəfli missiyanı Abuzər Turan "Zəfər nəğməsi" poemasını yazmaqla ilk olaraq böyük bacarıqla yerinə yetirmişdir. "Zəfər nəğməsi" poeması müstəqillik dövrü Azərbaycan ədəbiyyatında "Müqəddəs Qalib Üçlük"dən bəhs edən ilk və mükəmməl bədii əsər kimi bu mühüm ədəbi-tarixi əhəmiyyətə malik olan vəzifənin uğurlu bədii həlli sayılmağa layiqdir. Abuzər Turanın "Müqəddəs Qalib Üçlük" haqqındakı poetik qənaətləri təkcə bu poemanı deyil, geniş mənada Qarabağda ədalətin qələbə çalması epoxasını tamamlamaqla bərabər, həm də etibarlı tərəfdaşlığın, qarşılıqlı birlik və əməkdaşlığın təntənəsini əks etdirən ümumiləşdirilmiş müddəalardır:

 

Xalqı düzgün buyuran,

Bəxtiyar ölkə quran,

Nahaqqa yumruq vuran

Millətə arxa duran -

Müqəddəs Qalib Üçlük!

 

...Hədəfimiz Turandı,

Kitabımız "Quran"dı,

Üçlüyün dostluq andı,

Bəşər oğlu insandı.

Müqəddəs Qalib Üçlük!

 

...Pislikdə yox əliniz,

Hədyan deməz diliniz,

Salehdi əməliniz,

Halaldı təməliniz

Müqəddəs Qalib Üçlük!

 

Abuzər Turanın "Zəfər nəğməsi" poeması Azərbaycan ədəbiyyatında Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş poetik dastandır.

"Zəfər nəğməsi" poeması - Azərbaycanın Böyük Zəfərinin qalibiyyət nəğməsidir.

"Müqəddəs Qalib Üçlük" anlayışı - Abuzər Turanın bədii kəşfi, xalqlar və dövlətlərarası qarşılıqlı etimadın poetik düsturudur.

"Zəfər nəğməsi" poeması - yeni Zəfərlərə çağırışın poetik mesajıdır.

 

21 aprel 2021-ci il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!