Rəşad Məcidin yaradıcılığına ilk dəfə nəsr əsərini oxumaqla bələd olmuşdum. Hekayə məni bərk tutdu və onun haqqında kiçik bir məqalə yazdım. Bundan sonra sosial mediada tanışlığımız başladı. Və mənim ilk uğurum da onun adı ilə bağlı oldu. Qarabağ camaatında bir deyim var: "Yaxın yerə bir kəlmə söz, uzaq yerə bir barmaq kağız". Rəşad müəllimi belə bir insan kimi tanıdım. İlk təəssüratımda heç yanılmadım da. Sonralar yaradıcılığı ilə tanış olduqca bu insanın, sözün həqiqi mənasında, necə böyük ürəyə, tam mükəmməl insan xarakterinə malik olduğunun şahidi oldum.
Sevgiyə inamın sarsıldığı, hətta tamam itdiyi bir vaxtda əsl sevgi şeirləri oxumaq adama pil kimi sevgi hissləri yükləyir. Həm də o adama ki, əsl sevdanın nə olduğunu bilirdi: Tanrıya, bəndəyə, dünyaya, yaradılışa, bir bənövşə çiçəyinə, bapbalaca böcəyə də. Rəşad Məcidin "Səbəbi sənsən" şeirlər kitabında toplanan şeirlər də bu qəbildəndir. Xəyanətlərin və nankorluğun, satqınlıq və ikiüzlülüyün, yalan və riyanın baş alıb getdiyi xaotik cəmiyyətdə sevgiyə inam yaradır. Bu hissi yaratmaq, ruhları gözəl duyğulara kökləmək hər şairə, söz adamına nəsib olmur...
Daşın qəlbində sevgi cücərdən şair...
XI əsrdə Bağdadda Nizamiyyə Universitetinin əsasını qoymuş məşhur ədəbiyyatşünas alim Xətib Təbrizi bir şair haqqında yazırdı: "Əbu Təmmam "Həmasə"də özündən böyük şairdir". Rəşad Məcidin "Səbəbi sənsən" şeirlər kitabına toplanmış sevgi şeirləri də bu qəbildəndir... Oxuduqca şükr edirsən ki, sevgiyə tamam başqa don biçən, bizə bəlli olmayan tərəflərini kitab kimi vərəqləyib oxucuya tanıdan, ürəklərin tozunu alan bu şeirlərlə müəllif dünyanın əllaməliklərindən çaşıb qalmış, yorulan, əzilən, ağlayan, sınan bəndələrə tutiya kimi gələn, dərindən ah çəkib gözünü sevgi səmtə hərləyən, üzünü sevgi səmtə çevirən bizlərin ruhunu təzələyir:
Gözün qamaşacaq, nur bürüyəcək,
Beynin durulacaq sakit çay kimi.
Axşamkı məclisin haray-həşiri
Qeybə çəkiləcək bitən yay kimi.
Yerdən duracaqsan sevinc içində,
Elə biləcəksən, körpə uşaqsan.
Unudub keçmişi təmiz beyinlə
Bir səhər yenidən doğulacaqsan.
Şair bir "Xoş sözün" qəlbin sızıltılarına ən yaxşı "Çarə" olduğunu, zamanın həngamələrindən "Darıxanda" isə bizi yalnız "Bir sevgi qoruyur" - deyir. Ürəkdən daş kimi asılan "Həsrət"dən "Qurtulmasan", səndən bu dünyada "Heç nə qalmayacaq". "Daha" elə bir zamanla üzbəüz qalmışıq ki, "Ən ağır xəstəlik"də "Xoş sözün" insana "Məlhəm" kimi gərəkli olduğunu bilməliyik. "Hamımız" sevdiklərimizə "Əvvəl"cə "Sevgi" "Ətir"i saçan "Söz"lər deməliyik. "Lap" böyük "Xəzinə"lərə dəyən sevgi elə bir duyğudur ki, onunla ruhun "Bayram"ı başlar.
Ruhunun donu yalnız sevgidən biçilən şairin bu yaşantılara həsr olunmuş əsərlərinin hər kəlməsindən, hər sətrindən o nəfis duyğunun - sevginin ətri, qoxusu saçılır:
Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi,
Payızın ortası yazın gəlməyi -
Bu bahar havası sənə görədir.
Şairin şeirləri özünün səmimiyyəti, xalq poetikasından gəlmə söz və ifadələrin yeni çalarda, yeni təqdimetmə tərzi ilə seçilir. Bu mənada başqa mövzulara həsr olunmuş əsərləri ilə yanaşı, sevgi şeirləri xüsusən cəlbedicidir. R.Məcidin sevgi şeirlərində sevmək, hiss, duyğu, eşq, istəklər və arzular sərhəd, tabu, qanun tanımır. O, bütün qanun və qadağalara istehza ilə gülümsəyərək, onlara heç etina etmədən, saya salmadan, sallaq satmadan, onlara yön çevirmədən oxucunun ruhunu bu fani dünyanın çirkinliklərindən çıxarıb özü ilə aparır, yeni bir aləmlə, şairin mayası sevgidən yoğrulan ruh dünyasının rəngarəng, rahat, ilıq, şirin, azad, saf, nəfis naxışlarla bəzənmiş aləmi ilə tanış edir. Oxucu bu aləmdə özünü yad, qərib hiss etmir. Sözlər o qədər lətif, fikirlər o qədər rəvan, axıcı, duyğusal və istənilən qəlbin sevgi qatında sanki çoxdan unudulub əkilməyən, tapdaq olmuş torpaq kimi bərkiyib qalmış duyğuları yenidən təzələyir, oxucunu tamamilə sevgi üstə kökləyir:
Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.
Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlanan bədənim mənim.
Məhəbbət, sevgi Rəşad Məcid şeirlərində hiss və duyğu olmaq qalıbından çıxır, yeni məna kəsb edir, şair onu konkret obraz səviyyəsinə qaldırır, sevgini dostuna, həmdəminə, yoldaşına, sirdaşına çevirir. Sevgi sevən üçün əzizdir - sevgilisi kimi. Onunla munis və dərd ortağıdır, şairin bütün duyğularının fövqündə dayanan sevgi aşiqin həyatının mənası, yaşam səbəbidir:
Bir xoş sızıltıdır sevgi
Cana bala-bala girər.
İncə sözlə, təbəssümlə,
Bir süzgün baxışla girər.
Bir də görərsən, əsirsən.
Hüzurunda müntəzirsən!
Daha yol yox ki, gəzirsən -
Qurar möhkəm qala, girər.
Sevgilər ayrılıqsız, hicransız, həsrətsiz olmur. Müəllifin ayrılıqlara həsr olunmuş şeirlərinin sətirlərindən çəkilən ahların səsi eşidilir, ağrıyan, həsrət çəkən ürəyin sızıltıları duyulur:
Neçə ay içindən çıxa bilmədim, -
Türmədi, məhbəsdi, qəfəsdi - bəsdi.
Gözümün yaşını yığa bilmədim
Kürdü, Həkəridi, Arazdı - bəsdi.
Və yaxud:
Sən məni təklədin, hər kəsdən etdin.
Açdım adamlara savaş dünyada.
Axırda özün də qeyb olub getdin,
Yalqız ulayıram bu boş dünyada.
Şairin təsvir etdiyi sevgi bəzi məqamlarda özü kimi möhtəşəmdir. O, ayrılıqlardan ağlayıb göz yaşı töksə də, bircə dəfə verilən ömrü qəm-kədərlə başa vurmaq istəmir. Sevgini qəbul etməyəni - "əlvida", - deyib yola salır, ayrılıqları da mərdanə yaşayır:
Etibar itəndə, inam bitəndə
Ehtiras azalır, məhəbbət solur.
Bütün sevgilərin sonu, axırı
Heyif ki, beləcə kədərli olur.
Yaşaya bilmərəm mən indən belə
Qəlbimin bu sonsuz təlaşlarıyla
Daşıya bilmərəm bir ömür səni
Bu qədər ağrıyla, göz yaşlarıyla.
Onun şeirlərini oxuduqca düşünürsən ki, həyatın ən bariz, əzəli, əbədi həqiqəti olan sevgi hissi nə qədər sadə və gözəlmiş. Hər misrasında sevgi feromonu yaradan şeirlər zamanın həmin anda donduğu bir yerdə yeni bir eşq dünyasının başlanmasıdır. Bu şeirlər soyuqda isidən, atəşdə sərinlədən, kədərdə sevindirən, sevinəndə düşündürən duyğuların çağlamasıdır. Oxuduqca bu qənaətə gəlirsən: saf sevginin köləsi olmaq taleyin şirin hədiyyəsi, ruhun əsirlikdə azadlığıdır.
Sevgi ocaq kimidir, gərək sönməyə qoymayasan. Sönəndə də kül altında balaca bir qor saxlayar - bir nəsimi, ilıq səba yelini, bir nəfəsi gözləyər. O qoru alışdıra bilsən, sevgin Tanrıyacan yaşayar:
...Hamısından betərdir sevgi!
Beyinin də, ürəyin, bədənin də
Canın da ən qeyri-adi halıdır...
Tutuldunsa, çalış, keçməsin!
...Çalış, bitməsin!
Tut ətəyindən, sürün dalınca,
Yüyür, yıxıl, qalx!
...Çalış, tutulma sevgiyə,
tutuldunsa, buraxma!
Şairin əsərlərinin ruhunu, mayasını qidalandıran duyğular o qədər səmimi və gözəldir ki, oxucu onun ruhunun təsiri ilə bir daha yəqin edir: sevgi gözəl, doyulmaz, sevənin inanıb güvəndiyi ən pak hissdir. Sınaqdan keçib möhkəmlənmiş sevgi ruhun qəhqəhəsi, tənha səhrada azıb yorulmuş, susamış qərib yolçunun arzuladığı bir ovuc sudur.
Rəşad Məcid şeirlərində təsvir olunan sevgi duyğuların ən gözəlidir. O, içimizdə kələfi düyün düşmüş duyğuları bir-bir çözür, düzənə qoyur, yeni, gözəl duyğuların ilməsini toxuyur. Şair çaşmış, özünü itirmiş ruhun əlindən tutub haqqa, ilahi sevginin aydınlatdığı nura, ağ yola gətirir, imitasiya edib alt qatı görünən, görünməyən tərəflərin hər üzü ilə ilahi nurla, işıqla dolu bir aləm yaradır.
Bu şeirləri oxuyanda azman, əzəmətli, ancaq uşaq kimi saf, təmiz daim sevgiyə ehtiyac duyan, ona əl açmadan sevgini ürəyinin qəfəsində saxlamağı bacaran birini görürsən. Əgər aşiqsənsə, sən bu məsum, təmiz, sarsılmaz duyğunla Tanrıyacan yaşayırsan və gözəl yaşayırsan. Fitrətən daim sevgi aclığı hiss edənik hamımız və hər kəsin sevgisi ruhunun tutumu qədərdir. Sevməyi bacarmaq insan mənəviyyatının ən böyük ilahi keyfiyyətidir.
Şairin xarakterinin humanizmi onun sevgi şeirlərinə də hopur və bu humanistliyin hardan gəlməsini şair özü belə açıqlayır:
- Düşünürəm, görəsən, niyə bu tipli əsərləri sevirəm - fədakarlıqdan bəhs edən, insanı uçurumdan qoruyan, yaşadan, ona ümid verən işıqlı əsərləri? Xarakterimmi belədir deyə, bu tipli əsərləri bəyənirəm, yoxsa əksinə, bu əsərlərin təsirindənmi xarakterim belə formalaşıb?!
Rəşad Məcidin şeirlərini oxuyanda müəllifin ağıl və məntiqinin sevgi qarşısında etdiyi seçimə tərəfdar olur, baxırsan ki, o, ağlını əldən verməsə də, hiss və duyğularının əsiri olur. Bu o qədər möhtəşəm bir şeydir ki, cəlbedici haləsi ilə oxucunu bürüyür, ətrafda səni daban-dabana təqib edən heç bir çətinlik və əziyyətləri görmür, həyata, yaşamağa inamın itdiyi bir yerdə yeni ümidli başlanğıcların əsasını qoyur. Bu inam qurumuş otların altından baş qaldıran zərif bənövşə kimi:
- Mən varam, gəlmişəm. Yaşadığın hisslərin xarabalıqlarını abad et, gözəlliyimi duy. Sənin qəlbinin baharının - sevginin müjdəçisiyəm. Nə qədər ki, sevməyi bacarırsan, yaşayırsan. Çiçəyindən böcəyinəcən, insanından kəpənəyinəcən, səmasından səhrasınacan - bütün kainatı sevməyi bacar, sevgin ölüncə tükənməsin, - deyir.
Əsl sevgi elə bir hissdir ki, heç vaxt peşmançılıq bilməz, qaranlıqda yanan şam kimi sənə yol göstərər. Bu əsərlərdən çıxan fəlsəfi nəticə budur: əsl sevgin varsa, bu dəqiqələri yaşamanın üstünlüyünü dərk et, gələcəyi düşünməyi Tanrıya həvalə et.
Sən elə istə ki, burda qalmayım,
Çəksin maqnit kimi ürəyin məni.
Götürüb Sibirin bu şaxtasından
Qızdırsın, isitsin istəyin məni.
Rəşad Məcidin sevgi ətri süzülən, bu duyğularla süslənən, qəlb çırpıntıları duyulan şeirlərini oxuduqca "Kaş ki, heç kəsdə sevgi tükənməsin" - deyirsən. "Günəş də sevgi qədər güc, enerji verə bilməz" - deyən şairin təxəyyülündə, əsərlərində sevgi təkcə insana yox, bütün dünyaya, onun gözəlliklərinə yönələn fövqəlbəşər bir duyğudur:
- Sevgi can verməkdir həm də. Yaşamağın məğzi, mənasıdır! Sevgi şeytan əməli deyil, Allahın işidir, onun özüdür, bəlkə də! - deyən şairin şeirlərindən boylanan müəllif ruhu:
- Sevgi haqda yaranan bütün sualların ən mükəmməl cavabı mənəm! - deyir.
Müəllifə ömrü uzunu çəkəcək böyük, ilahi sevgi arzusu ilə.
30 mart 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!