Bir ailənin portreti - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Əlibala Məhərrəmzadə üç il bundan əvvəl nəşr olunmuş "Çovdar çörəyi" kitabını "birnəfəsə oxuyacağınız roman" etiket-yarlığı ilə təqdim etsə də, sözün doğrusu, kitab bazarı üçün nəzərdə tutulmuş bu reklam texnikası mənə ona görə tamamilə artıq göründü ki, bizdə - Azərbaycanda hələ ədəbi yaradıcılığa lazımi dəyər qazandırmaq uğrunda rəqabət aparmağı şərtləndirəcək belə bir bazar formalaşmamışdır. Və güman etmirəm ki, üç və ya beş ilə də formalaşmış olsun. Ancaq "Çovdar çörəyi"nin ideya-estetik məziyyətlərinə, eləcə də yüksək ixtisaslı iqtisadçı-mütəxəssis olan Əlibala Məhərrəmzadənin ümumən yazıçılıq istedadına gəldikdə inamla deyə bilərik ki, söhbət hər hansı səviyyədə həvəskarlıqdan, yaxud hobbidən deyil, məhz ciddi ədəbiyyatdan gedir.

Nəşrin redaktoru, görkəmli yazıçımız Varis kitaba yazdığı ön sözdə doğru olaraq göstərir ki, nə qədər detektiv ovqat daşısa da "Çovdar çörəyi" "daha çox psixoloji trillerdir.

...Burada ilk baxışda gözə dəyməyən, amma diqqət etdikdə bütün çılpaqlığı ilə görünən sadə həyat həqiqətləri var ki, həmin həqiqətlərə bələd olmaq bu qəddar dünyamızda duruş gətirməyimiz üçün hamımıza vacibdir". Və Mövlana Cəlaləddin Ruminin romana epiqraf gətirilmiş neçə yüz illik tarixi olan "Kimdən qaçırıq, özümüzdənmi?.. Nə boş zəhmət!" kəlamı da son dərəcə müasir səslənir.

Əsərin süjet xətti, əslində, mürəkkəb deyil: kifayət qədər enerjili, işini bütün təfsilatı, mükəmməlliyi ilə bilən, nüfuzlu bir şəxs - nazir müavini Dadaş müəllim Bodrumda istirahət edərkən xəbər gəlir ki, böyük oğlu Cəlil maşın qəzasında həlak olub. Bakıya qayıdıb telefonuna edilmiş son zənglər əsasında oğlunun "qatil"ini axtarsa da, cəhdləri boşa çıxır. Və hadisələrin cərəyanı göstərir ki, əsl təqsirkar - oğlunu taleyin ümidinə buraxmış, borcunu yalnız ailənin maddi ehtiyaclarını ödəməklə bitmiş hesab edən atanın özü imiş. Lakin Dadaş müəllimin "qatil" axtarışları süjeti şaxələndirməklə romanı, bir tərəfdən, oxunaqlı edir, digər tərəfdən isə adi həyat həqiqətlərinin arxasında dayanan qeyri-adi mətləbləri, günümüzün sosial reallıqlarını, psixoloji kataklizmlərini açıb göstərir.

"Düşündü, bəlkə, Cəlillə Nailə pis ata olub?

Dərhal qəti şəkildə bu fikri başından çıxartdı. Onları ən yaxşı liseydə oxutdurmuşdu, ən yüksək ali təhsil almalarını təmin etmişdi.

Hətta ilk vaxtlar, onda ki hələ indiki vəzifədə deyildi, nazirlikdə adicə şöbə müdiriydi, imkanları indiki həddə deyildi, universitetə gedəndə hərəsinə gündəlik əlli manat yolpulu verirdi ki, tay-tuşlarının yanında sıxılmasınlar. Vəzifəyə təyin olunandan sonra isə uşaqlarla təmasa əsla vaxtı qalmadığından bu funksiyanı Nazlı daşımağa başlamışdı. Ürəyiyumşaq Nazlı, Allah bilir, onlara nə qədər xərclik verirmiş.

O, bir yandan gətirib qalaq-qalaq pulları Nazlının qarşısına qoyurdu, Nazlı da evin işlərini bədxərcliklə idarə edirdi...".

Dadaş müəllim kimi istedadlı, hər cəhətdən real planlar üzrə hərəkət edib istədiklərinə vaxtında çatmağı bacaran müasir dünyagörüşlü məmurun yeganə çatışmayan cəhəti, əgər belə demək mümkünsə, ailədə yaşaya-yaşaya ondan uzaq düşməsi, başqa sözlə, ailənin idarəsi, uşaqların tərbiyəsi kimi çox mühüm işlərin öz-özünə gedəcəyini düşünməsi, bütün gücünü karyerasına verməsidir.

Böyük oğlunun ölümü onu həssaslaşdırır, "günahkar"ı tapmaq üçün hər tərəfə əl atır, hər yerdə, hər kəsdə "qatil" görür. Və bu cür sərsəm hərəkətlərilə nümayiş etdirir ki, ailədən (və gerçək cəmiyyətdən) uzaq düşmək insanı (ailə başçısını) sosial-mənəvi problemlərin həlli üçün tamamilə yararsız bir hala gətirib çıxarır.

Gözü kiçik oğlunun üzündəki çapığa sataşır, soruşur ki, "o nə çapıqdır elə?

- Heç, xırda şeydir, - deyə Nail cavab verdi.

- Xırda şey deyil axı, dərin çapıq izidir, görmürəm?

- Boş ver, ay ata. Vallah, xırda şeydir. Üç aydır ki, oradadır".

Bu isə o deməkdir ki, atanın övladlara maddi təminat xaricində laqeyd münasibəti artıq onlar üçün də adi həyat tərzinə çevrilib. Əmindirlər ki, ataları onların heç bir istəyi, problemi, hərəkəti ilə maraqlanmır... Və ona elə gəlir ki, əgər maddi təminatları qaydasındadırsa, başqa heç bir çətinlikləri ola bilməz...

Cəlilin ölümü onu, deyəsən, yavaş-yavaş ayıltmağa başlayır...

"Əgər uşaqlar Rio-de-Janeyroya gedirdilərsə, demək, məşhur karnavalda iştirak edəcəkdilər. Las-Veqasa gedirdilərsə, nə qədər avam olarsan ki, onların kazino istəklərini anlamayasan. Parisdə Mulen Ruja gedənin məqsədi seks dünyasına səyahət olar da...

Kaş vaxtında oğullarının xarici ölkələrə səyahətlərini özü tənzimləyəydi".

Dadaş müəllim oğlunun ölümündə hər kəsdən əvvəl Nazlını - uşaqların anasını təqsirkar bilir, onu ittiham etməyə başlayanda Nazlı ərinin üstünə gəlir: "Axırıncı dəfə haçan balalarının başlarını sığallamısan, üzlərindən öpmüsən?.. Tüpürüm o pula, o var-dövlətə! Nəyimə lazımdır o qızıl cam ki, içinə qan qusuram?!".

Dadaş müəllim dönə-dönə xatırlayır ki, Cəlil ona bir neçə dəfə müraciət etmiş, "ata, səninlə söhbət etmək istəyirəm" demişdi, ancaq ata oğlunu dinləməyə vaxt tapmamışdı... Cəlilin "qatil"inin hər "izinə düşəndə" onu nə qədər israrla "ifşa etməyə çalışsa da, günahkarı nə qədər özündən kənarda axtarsa da, hadisələrin mahiyyətinə vardıqca əmin olur ki, falçı Sona arvad, əslində, həqiqəti söyləyirmiş: "Cəlil öz əcəli ilə ölməyib, onu o yola zorla çəkib aparıblar. Özü də onu o yola zorla çəkib aparan yaxın adamıdır, çox yaxın adamıdır!".

Müəllifin öz baş qəhrəmanına - Dadaş müəllimə simpatiyası az deyil. Xüsusilə romanın mətnüstü səviyyəsində baş qəhrəmana təfərrüatlı bir diqqət göstərilməklə yanaşı, onun böyük ictimai arzu-idealları, cəmiyyətimizin nüfuzlu şəxsiyyətlərindən biri olması barədə aydın təsəvvür yaradılır. Hətta rəsmi arvadına biganəliyində, çox sonralar rastlaşdığı, övladlarından yaşca elə də böyük olmayan Aytənlə sevgi-məhəbbət münasibətlərində də nə isə insani, haradasa başa düşüləsi məqamlar var. Lakin romanın bütün mətnaltı ideya-estetik axarı Cəlilin qatili olaraq məhz onu - günahkarı kənarda axtaran Dadaş müəllimi nişan verir. Və onun yalnız böyük oğlu Cəlilin deyil, bu gün-sabah kiçik oğlu Nailin də qatili olacağı deyilir...

"Cəlil də sağlığında neçə dəfə onunla söhbət etmək istəmişdi, edə bilməmişdi.

O da marketə çovdar çörəyinin dalınca gedəndə ölümə gedib çıxmışdı.

İndi də Nail onunla söhbət etmək istəsə də, edə bilmir.

İndi də Nail çovdar çörəyi almağa gedib.

Ürəyi çırpınmaqda, qan şırnağı beyni boyu hərəkət etməkdə idi".

Çovdar çörəyi romanda özünəməxsus bir simvoldur ki, əsərin adına qədər gətirilmişdir. Şəkər xəstəliyindən əziyyət çəkən Nazlı - uşaqların anası məhz çovdar çörəyi yeyir. Və bununla da belə bir ideya rəmzləşdirilir ki, insan (eləcə də ailə) nə qədər var-dövlətlə, maddi nemətlərlə təmin olunsa da, hər istəyin bir hüdudu, hər marağın bir məhdudiyyəti var, əvvəl-axır onunla barışmalı, hesablaşmalı olacaqsan.

Roman oxucunu zəmanəmizin, Azərbaycan cəmiyyətindəki çoxlu qəhrəmanları ilə tanış edir: onların hamısı müxtəlif təsadüflər səbəbindən Cəlilə yaxınlaşaraq onun "ətraf"ına çevrilmiş insanlardır. Onların müəyyən qismi tüfeyli həyat yaşasalar da, bəziləri həyatın burulğanında çapalayan bu gəncin xeyirxahları kimi onu düşdüyü fəlakətdən xilas etməyə çalışırlar... Əlbəttə, "ətraf mühit"in Cəlilə xüsusilə mənfi təsiri ona görə olduqca fəaldır ki, necə gəldi xərcləmək, qumara, narkotikaya sərf etmək üçün pulu var. Və məlumdur ki, imkansız adam nə qədər həvəsində olsa da, Cəlilin etdiyi qələtləri edə bilməz, axırda da çıxılmaz vəziyyətə düşüb həyatına bu cür faciəli şəkildə son verməzdi.

Görünür, müəllifin ideya-estetik mövqeyinə (eləcə də bu mövqeyə axıracan sadiq qalmasına) haqq qazandırmaq üçün hər cür əsas var... Dadaş müəllimin ruhunda, atalıq məsuliyyətində çox gec də olsa baş qaldırmış intibalar da tamamilə anlaşılandır... Lakin hələ yeniyetmə yaşlarında "xeyir və şər" mövzusunda yaşına uyğun olmayacaq qədər səviyyəli mühakimələr yürüdən Cəlilin "şər"ə bu qədər zəif müqavimət göstərməsi mübahisə doğurmaya bilməz.

Əlbəttə, "Çovdar çörəyi" müəllifinin əsas məharəti ondadır ki, zəmanəmizin səciyyəvi bir "ailə mənzərəsi" və ya "ailə portreti"ni kifayət qədər obyektiv, həssaslıq və ustalıqla yaratmışdır. Rəngləri bir az tündləşdirdiyi hallarda belə, gerçəkliyi zədələməmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!