"Xosrov və Şirin" - Günel Eyvazlı - Günel EYVAZLI

Günel EYVAZLI

Nizami əsərlərində karma qanunu - kişi və qadın münasibətləri

Nizami Gəncəvi əsərlərinə, onun qoyduğu fundamental mövzulara, şairin həmin mövzulara olan baxış bucağına əsrlər keçsə də, dövrə, zamana uyğun olaraq fərqli-fərqli rakurslardan baxmaq, fikir yürütmək mümkündür. Yazılarımın birində belə  söyləmişdim: "N.Gəncəvi əsərlərinin üzərinə elə qalın müdriklik örtüyü çəkir ki, sanki nurani şəxs tərəfindən söylənilmiş deyimlərin cazibəsindən qurtula bilmədiyinçün əsərin iç qatlarına enə bilmirsən". Bəlkə də elə bu səbəbdən ona dahi deyərək əsərlərinə arxeoloji ekspedisiya təşkil edə bilmirik. Və yaxud bir neçə tədqiqatçının söylədiyi fikirlərlə razılaşıb öz fikirlərimizi deyilmişlər qarşısında təslim edirik.

Adətən Nizami yaradıcılığı haqqında elmilik, sətraltı mənalar, əsərin bir neçə qat strukturundan ibarət olması və s. dilə gətirilir. Əlbəttə, ədibin dünya şöhrəti qazanmasının ən böyük səbəbi elə budur. Əslində qatlarda özünə yer tapmış fəlsəfi açıqlamalar, din, mifologiya, siyasət, psixologiya, elm və.s. Avropa ədiblərini sözün yaxşı mənasında təəccübləndirirdi. İndi də təəccübləndirir. Həm də ədibin yazı priyomları, taktikası, əsərdaxili manevretmə bacarığı öyrənilərək Avropada dərin mütəfəkkirlərin, Nizamiyə bənzərlərin yaranmasına və onların da eyni şöhrət qazanmasına gətirib çıxarmışdı. Məsələn, biz Gəncəvinin gətirdiyi mövzuların sonradan Avropada yenidən doğuluşunu  görmüşük.  Bu da təsadüfi deyildi. Çünki ədəbiyyata Nizami əsərlərinin modeli artıq tanış idi. İndi həmin modeli yenidən işləmək, şəxslərin yaşam tərzlərinin ab-havasına uyğunlaşdırmaq və onu daha da mükəmməllləşdirmək lazım idi. Elə bu da sonradan Avropada dərin, populyar, fərqli cərəyanların yaranmasına səbəb oldu. Əlbəttə, cərəyanların yaranmasının əsas səbəbkarı təkcə Nizami deyildi. Amma o, fikir bazasını, nəql etmənin özünəməxsusluğunu, mövzudan-mövzuya keçid texnikasını yaradanlardan biri idi həm də. Ədəbiyyata o zamanlar müxtəlif ədiblərin yazı manerası məlum idi. Amma Nizami dövrünə görə fərqli üslub yarada bildi. Sonralar isə etalona çevrilərək ardıyca öz kopyalarını (surətlərini) ədəbiyyatda miras qoydu. Həm də ədəbiyyata gətirdiyi hazır mövzu  külçəsi ilə bir çoxlarını zinətləndirdi. Demək istədiyim budur ki,  eyni üslub Şərq aləmindən Qərbə keçid edərək növbəti həyatını yaşamış oldu. Bununla da ölməzlik qazandı.

Düşüncələrimizi əsərin ("Xosrov və Şirin") bizə təqdim etdiyi əfsanələrdən, müdrik deyimlərdən, nəsihətlərdən, strukturdan tamamilə təmizləsək, gerçək atmosferin şahidi olacayıq. Real atmosfer ab-havasının yaradılmasından sonra Nizami Gəncəvi bizə Freyd qədər psixoanalitik töhfələrini bəxs edirmiş kimi görünəcək, amma Freyddən fərqli olaraq "qadınlar nə istəyir?" sualına açıq və tərəddüd etmədən cavab verəcək. Həm də kişi və qadın münasibətlərini, onların həyata fərqli baxışını, qadınların nə istəməsini, kişilərin gözləntilərini və reallığın nədən ibarət olmasını özünəməxsus şəkildə izah edəcək.

Nizami Gəncəvi həm də tərəzinin gözünə qoyduğu hər iki fərd haqqında, iki fərqli dünya haqqında fikirlərini tərəfkeşlik etmədən yarada bilib. Həm də bəşəriyyətin sütununu təşkil edən iki qütbün fərqli düşüncəsini, fərqli dünya görüşünü insanlığa və bütün dövrlərə, bütün zamanlara, öz aktuallığını qoruyan mövzu olaraq işləyə bilib.

Məncə, nağıl söyləyən rəvayətpərəstlər kimi biz də yuxarıda deyilənləri müvəqqəti olaraq bir kənara qoyub digər maraqlı anlayış haqqında danışa bilərik. Məsələn, Karma qanunauyğunluğu bu əsərin daxilində ürək kimi döyünür.

Dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik etiqadına baş əydiklərini dəfələrlə oxucusuna xatırladır. Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhin Banu Atəşgaha hədiyyələr göndərir. Əslində bu ritual sonralar İslam etiqadında da  nəzir-niyaz adına əbədi məskən qura bilir. Bütpərəstlik ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı məişətdə insanların qavradıqları İslam dini atributikasına çevrilməyi bacarır.

Məsələdən uzaqlaşmadan söyləmək istəyirəm ki, Karma qanunauyğunluğu daha çox özünü Buddizmdə (İnduizm) göstərir. Bəlkə də anlayış olaraq Karma adına termin olaraq bu fəlsəfi kontekstdə rast gəlirik. Amma karma mənəviyyat baxımından deyimlərimizdə indiyənə qədər dolaşmaqdadır. "Nə tökərsən aşına, o da çıxar qarşına" və.s. kimi deyimlər daima "yaxşılıq et, yaxşılıq gör" kimi həyat fəlsəfəsini şüuraltı beynimizdə dolandırmaqdadır.  Əslində elə bu qarşıdurma, qaranlıq və işığın mübarizəsi Nizami yaradıcılığının özülünü təşkil edir.

Fərhadın ölümünə, belə deyək onu intihar dərəcəsinə gətirməsinə səbəb olan Xosrov sonradan etdiyi işə görə peşman olur və onun bu əməli şair tərəfindən lirik təsvirlə cavablandırılır.

Şah öz etdiyindən çox peşman oldu,
Əməlinin dərdi qəlbinə doldu.
Qəlbi rahatsızdı, əhvalı xarab,
Necə verəcəkdi bu zülmə cavab?
Yamanlıq eyləsə özgəyə hər kəs,
Çıxar qabağına, hədərə getməz.

Əsərdə iki intihar hadisəsi - suitsid göstərilir. Onlardan biri fitnə nəticəsində Şirinin yalan ölüm xəbərini alan  Fərhadın özünü öldürməsi, ikinci isə Xosrovun ölümündən sonra öz ölümünə fərman verən Şirindir. Qəribəsi budur ki, İslamı alqışlayan Nizami, bir ərəb atında Xosrovun yuxusuna gəlmiş Hz. Məhəmmədin gətirdiyi dini ucalardan uca sayan ədib Şirinin özünəqəsdini nədənsə alqışlayır və bunu sadiqlik rəmzi olaraq qələmə verir. Əslində ikinci intihar hadisəsi bir başqa mətləbin də üzərinə işıq salır. Haradasa biz qədim adətlərin işartısını məhz bu anda görə bilərik. Qədimlərdə mövcud olmuş və xüsusilə İnduizmdə yaxın əsrə qədər qorunub saxlanılmış bir adətin təsviri ola bilər bu hərəkət. Yəni bir zamanlar qadınlar həyat yoldaşlarının ölümündən sonra könüllü olaraq suitsidə əl atırdılar. Ərləriylə birgə tonqalda yanırdılar. Bu isə müqəddəs akt hesab edilirdi. Hər halda, atəşpərəstliyin mövcud olduğu bir məmləkətdə bu, çox normal qarşılanırdı. Nizami Şirinin etdiyi bu hərəkəti İslam kontekstindən uzaqlaşaraq alqışlaya bilir. Bunu günah hesab etmir. Adı sadiqlik olsa belə... buna haqq qazandırır. İstənilən halda, məsələyə tamamən fərqli yanaşa bilərdi. Məsələn,  Şirin Xosrovun səltənətini nankor oğulun əlindən rahatlıqla ala bilərdi. Və yeni şahlıqda yeni qanunlar yaradaraq Xosrovun həyatda olmamasına baxmayaraq, səltənətinin davamını qura bilərdi. Əlbəttə, edə bilərdi. Qələm onun əlində idi və inanıram ki, məhz bu yerdə dahi Nizami bir neçə vərəq dəyişməli olub. Son anda isə məhz bu cür sonluğun olmasını məqbul hesab edib.

Sizcə, Nizami nəyə görə məhz bu cür sonluğu qurur? Səbəbin daxilində yenə də cəzalandırmaq,  Karma qanunu var. Bəli, bumeranq işə düşməli idi. Xosrovun əməlləri bir-bir onun qarşısına çıxmalı idi.  Hansı əməllər? Fərhadmı? Xeyr, bir hökmdar çoxlarının ölümünə çox rahatlıqla fərman verə bilərdi. Eynilə göylər səltənətinin hökmdarı kimi. Zaman yetişəndə şəxslərin ölümünə fərman verən, cənab Əzrayılı insanın yanına göndərən Yaradan kimi. Şair isə bir çox anlarda dünyanın faniliyini sətirbəsətir təkrarlayır. Ölüm qarşısında aciz qalan insanın halına acıyır.Yox, Fərhad bu cəzalandırmanın özülündə dayanmır. 

Əsərin sonunda şair səbəbi aydınlaşdırır. Oxucunu intizarda qoymur. Həm də o zamanların ruhuna uyğun elə bir səbəb gətirir ki, Xosrovun ölümünə göz yaşı tökən oxucu (Hökmdar və dövrün digər şairləri) küfr gətirməməkçün susurlar.

Yəni əsərin sonunda məlum olur ki, Xosrovun yuxusuna gələn peyğəmbər hökmdarı İslama dəvət edir. O isə bununla razılaşmır. Və gələn yeni dinə baş əymədiyi üçün əsrlərdir qurulmuş səltənət yerlə-yeksan olur. Eynilə Nəmrudun möhtəşəm səltənəti kimi hər şey inanclarla bağlanılır. Necə ki, bəzi insanlar sovetlərin yıxılmasında səbəb kimi Allahsızlığı, ateizmi göstərirdi.

Növbəti nüans - Atəşpərəst Xosrov adətlərə uyğun olaraq atəşdə yandırılmır. Amma Şirinin onun yarasını müəyyən etmə səhnəsində onun kəfəndə olmaması da aydın sezilir.

Növbəti maraqlı məqam. Həmid Araslı Fərhad obrazı haqqında belə deyir: "Nizami əməkçi insanlar içindən seçdiyi qəhrəmanı şaha qarşı qoyaraq əməyin, sənətin şahlıqdan üstünlüyü kimi öz dövrünə görə çox cəsarətli bir fikir irəli sürür". Doğrudur, bunu cəsarətli fikir adlandırmaq olar, amma Nizami istənilən halda həmin əməkçi obrazını sona qədər yaşatmır və əsərin daxilindən apar-topar rədd edir. Məsələn, Şirinin ölüm xəbərini eşidən Fərhad elə Qeys kimi məzar üzərinə də gedə bilərdi. O isə düşünmədən ölümə əl atır. Bununla sənətkar maneəni Xosrovun yolundan, kobud dillə ifadə etsək, rədd edir.

Biz Xosrov və Şirin arasında əsər boyunca üç maneə görürük. Birinci Məhin Banu faktoru idi. O, Şirinə söylədiyi öyüdlə onun ağlını özünə qaytarır və Şirin söz verir ki, kəbinsiz olaraq Xosrovun evinə getməyəcək. İkinci maneə, buna yüngül ədəbi priyom da deyə bilərik, necə ki, Nizami çox maraqlı bir fikrə eyham vurur, "Bir şeyə olanda iki müştəri, Əlbəttə, o şeyin artar dəyəri" - söyləyir və Fərhadı nə üçün əsərə gətirdiyini sanki bizə aydınlaşdırmaq istəyir.

Üçüncü maneə isə xarakterdir. İki real şəxs əsərdən getdikdən sonra üçüncü maneə, halbuki bu, elə əvvəldən də şəxslərin arasında mövcud idi, əsas faktor Xosrovun bəsit dünya görüşü və şəhvətpərəst olması olur ki, bu da dəfələrlə Şirinin ayaqlarına düşməsinə baxmayaraq, rədd edilməsi ilə nəticələnir. Yəni, iki şəxsin qovuşmasına mane olan əsas faktor Xosrovun xarakteri olur.

Şərq qadını...

Nizami Gəncəvinin Şərq qadınını ismətli, əxlaqlı və s. kimi  təsvirlərləri reallıq idi əslində. O, gerçəkliyi olduğu kimi qələmə almışdı. Şair Şirinin dilindən xanımın qəlb çırpıntılarını, cəmiyyətin onun hərəkətlərinə hansı qiyməti verəcəyini dəfələrlə təkrarlayırdı. Şirinin Xosrovdan istədikləri ilə Xosrovun Şirindən umduqları arasında uçurum olduğu üçün əsər onları qovuşdurana qədər uzanır. Əlbəttə, bu istəklər Şirinin tələblərinin yerinə yetirliməsi ilə nəticələnir. Ya da Xosrov sevdiyinə qovuşmaq üçün başqa alternativ tapa bilmədiyindən onunla razılaşmalı olur.

Əslində bu təsvir yalnız Şərq qadınının  dünya görüşü deyildi. Daha azad görünən Qərb cəmiyyətinin qadınının da təxtəlşüurunda ocaq, ev ənənəsi vardır ki, bu, əsas prioritet məqsəd kimi qadınların şüurunda dolaşır. Amma bir fərq var. Fərq ondadır ki,  Qərb qadını praktik olaraq bunu həyatından keçirə-keçirə sevgi axtarışına çıxır və nəhayətində istədiyi kişi ilə rastlaşa bilir. Şərq qadını isə bu məsələyə həssaslıqla, ehtiyatla yanaşır. Və özünüqoruma, müdafiəetmə mövqeyində dayanır.

Şirin dəfələrlə ismətli olduğunu təkrarlasa da, Xosrovun növbəti kəniz ardıcıllığına çevrilməsini arzulamadığını söyləsə də, əyləncə olmadığını dönə-dönə desə də, kəbinli surətdə Xosrovun evinə getməsini dilə gətirsə də, əslində tərsliyinin əsas səbəbinin bu olmasına eyham vursa da, nədənsə Xosrov daha çox bilməzlikdən gələrək, sevgilisini ram etmə, tora salma metodikasına üstünlük verir və qəzəbindən ard-arda sevmədiyi qadınları öz həyatına daxil edərək sonda onu öldürəcək, taxtdan salacaq Şiruyyə adlı oğul ilə mükafatlanır. Və həmin mükafat Karma qanunuyla Xosrovun bəlasına çevrilir. Əlahəzrət şah sui-qəsd nəticəsində sevdiyi xanımın yanında öldürülür.

Söylədiklərim cəmiyyət, sosium müstəvisindən əsərə baxış idi. Çox rahatlıqla sufizm rakursundan, astronomik, mistik rakursdan da əsərə  baxmaq mümkündür. Məsələn, həmin baxış bucağında səs, şəkil, söz anlayışlarını əlimizdə bayraq edərək əsərin başqa bir açılışını vermək olar. Elə bil açılış ki, tamamən ayrı həqiqətləri üzə çıxara bilər. Bu isə qəzetdə yayımlanacaq növbəti materialın mövzusu olsun.

Ardı var...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!