TƏHKİYƏDƏ SÜKUT - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Hekayədə kompozisiya baxımından ilk və son cümlənin hansı mənada bağlılığından, yaxud mənaca ayrılmağından, yəni danışılan əhvalatı yaddan çıxarmaq zərurətindən bəhs etmək olar? Yaxud ritm baxımından. Bədii əsərdə ritmi səs-küy, ara vermədən danışıq yox, daha çox sükut, yəni ellips bəlirləyə bilir. Ellips təhkiyədə sükuta yol verilməsi anlamına gəlir, asanlıqla anlaşıla biləcək cümlə, yaxud pasajın üstündən sükutla keçilir. Sona qədər asta-asta, müəyyən ritm modeli daxilində nəql edilən hadisə təhkiyənin bir məqamında başdan-ayağa xülasə edilə bilir, olsun ki, biz bu anı nəzərdən qaçırırıq, ancaq bu bir vacib işarə olduğundan sonda hökmən yada düşür və həmin qısadan qısa xülasə ilə əhvalatın sonda "dəyişən şəkli" unikal, heç zaman rastlaşa bilməyəcəyimiz formada üz-üzə gəlir və mənaların aşkarlandığı yerləri bir-bir göstərir. Təhkiyədə sükut mənanın daha dərindən anlaşılması üçün vacib komponentdir. Əks təqdirdə, hər bir hekayə bədiilikdən uzaqlaşıb publisistik akta dönə bilir. Filologiyada da belədir: zorən akademik üslubda yazılan əsərlərdə mahiyyət gizli qaldığı, yaxud anlaşılmadığı üçün əsər ümumən filoloji düşüncənin çərçivəsindən çölə atılır, yəni lazımsız bir nəsnə olur.

"Azadlıq nədir?" adlı bir hekayə var, onun ilk cümləsi belədir: "- Şair, mən ha istəyirəm o əhvalatı yaddan çıxaram, sən də hər dəfə gələndə təzədən danışmağa məcbur edirsən. Nə danışım? Axı bir şeyə neçə dəfə qulaq asmaq olar? Təəccüb edirəm, hər dəfə eyni əhvalata qulaq asmaqdan necə yorulmursan?". İnsanlar çox az hallarda görüşdükləri zaman nöqtəbənöqtə üst-üstə düşən əhvalatları bir-birinə danışmaqdan vaz keçirlər, həmişə eyni əhvalat cüzi dəyişiklik və rənglərlə nəql edilir, bu əhvalata bəzən bir neçə rəng, bir neçə səs qamması, yaxud sükut əlavə edilir, əsas məna həmişə eyni tonallıqda danışılan əhvalatın müəyyən fraqmentinin üstündən sükutla keçilməsindədir, belə ki, bu danışılmayan, üstündən keçilən fraqmentlər ömrün hansısa dönəmində bütün əhvalatın mahiyyətini əvəz edir. Həmin hekayədə son cümləni xatırlayaq: "Doktor pərtliyə səbəb ola biləcək bütün söhbətlərdən asanlıqla yayınır. Bir az keçmiş o, gülə-gülə bir sevgi macərasını şən və gümrah halda nağıl etməyə başladı. Lakin biz bu əhvalatı yazmırıq, çünki bu bizim üçün maraqlı deyil". Hər bir danışılan əhvalatın hekayəyə çevrilməsi konkret məqamı gözləyir, özü də həsrətlə, hər bir insanın həyatında ilk və son dəfə hiss etdiyi ağrı və iztirabla, bəzən əzabla. İlk və son cümlə arasında danışılan hər şeyin hekayəyə çevrilməsi ilə rəssamın çəkdiyi əsər arasında paralellər var. Rəsm əsəri (bizim nümunədə hekayə) insanın gözünə nə zaman, hansı məqamda "görünür?". Məsələ təkcə sənin ona necə baxmağında (hekayəni necə oxumağında) deyil, bu həm də əsərin içində hifz olunan sükutla bağlıdır. Nələrinsə, hansısa çox zəruri məqamların üstündən keçilməsi, bəzi çox mühüm məsələlərdən vaz keçilməsi həmin əsərin sənə məhz bu an üçün lazım olan görüntüsünü təqdim edir. Yəni  rəsm əsəri (yaxud hekayə) şeyləri bir dəfə eşqlə, bütün qəlbinlə baxdığın nəsnə kimi görmək imkanı yaradır. 

Adətən, monoton şeylər bezginlik yaradır, ilk cümlə deyilən kimi sən dərhal son cümlənin kölgəsini görürsən. "- Şair, mən ha istəyirəm o əhvalatı yaddan çıxaram, sən də hər dəfə gələndə təzədən danışmağa məcbur edirsən. Nə danışım? Axı bir şeyə neçə dəfə qulaq asmaq olar? Təəccüb edirəm, hər dəfə eyni əhvalata qulaq asmaqdan necə yorulmursan?". Hekayədə iki şəxs (şərti anlamda şair və doktor, yaxud təhkiyəçinin diliylə desək, təbib...) ayda, yaxud iki ayda bir dəfə görüşür, şairin diktəsi ilə doktor keçmişlə bağlı bəzi əhvalatları nəql edir, hər dəfə, elə bir görüş olmur ki, bu eyni tonallıq yada salınmasın, məsələ təkcə qoyulan suala dəqiq cavab almaq inadı deyil, məsələ keçmişdə baş verən, insanların, elə bu iki nəfərin də taleyində dərin boşluq yaratmış hadisələrin mənasını anlamaqla bağlıdır. Hadisə o qədər danışılıb ki (süzülüb...), hər bir cümləsində finalı xülasə edilir, hər bir söz, hər bir heca, hər bir səs üsyan edir, qaçıb gizlənmək, dilə gəlməmək üçün qaranlıq yerdə daldalanmaq istəyir, ancaq eyni, dəyişməyən nəsnələr o qədər deyilməli, o qədər sürtülməlidir ki, bezginliyin ən son, ən gərgin anında sirlər açılsın (Mimesisin fəlsəfəsi...). İçində olduğun boşluğun dibi, ən son dayanacaq yeri görünsün. Çünki insan (doktor) təcrübəsindən dərs almış bir fərddir, uzaq tələbəlik illərini xatırlayır, qüssəylə nələrsə yada düşür, təhsili ölkədə mitinqlərin getdiyi illərə təsadüf etdiyindən gənclik şövqü, öyrənmək, oxumaq, dünya ilə tanışlıq ehtirası başqa səmtə yönəlir, zamanla ömrün hansı müdhiş anındasa həyatın mənasızlığını anlayır, dərin bir uçurumun, dibsiz bir ümidsizliyin içində olduğunu dərk edir. Gənclik illərində sürət o qədər iti, o qədər becid olur ki, yalnız irəli atılmağı düşünürsən, daha doğrusu, düşünməyə macal olmadığından fikirləşirsən ki, hər şey irəlidədir, ən gözəl baharı görmək sənə qismət olacaq, ancaq həmin anda payız (son bahar) gəlir və başa düşür ki, daha gözləməli heç nə yoxdur. Absurd poetikası. Hekayədə bunu vermək, ifadə etmək zahirən asan görünür, ancaq mənanın tam, bütün dərinliyi ilə açılması üçün sadə, ancaq kimsənin ağlına girməyən keçidlərdən istifadə etməlisən. 

Seymur Baycanın hekayəsində ("Azadlıq nədir?") həmişə, iki nəfərin (dostun) hər bir görüşündə eyni əhvalat nəql edilir, hər dəfə bir simin eyni yerinə toxunulur, insan sövq-təbii hiss edir ki, dünyaya gəlməsi və ondan ayrılmasının bütün faciəsi elə bu nöqtədədir, bütün ağrı ordadır. Bu kontekstdə həyat, ömür, Allah, azadlıqla bağlı qənaəti konkretləşən insan kiminləsə ünsiyyətdə, yaxud özüylə həsb-hal zamanı ancaq bir cümlə işlədər: belədir vəziyyət. Diqqət edin: "Dedim, heç nə. O fotonu görəndən sonra hər şey gözümdən düşdü. Həyat, tarix, xatirələrim, hər şey, hətta azadlıq da... Mənə elə gəlir ki, heç kim həyatın mənasızlığını mənim qədər dərindən duymayıb. Bütün həyatım, həm keçib gedən, həm də qarşıdakı həyatım mənə mənasız görünür. O şeylər ki, əvvəllər məndə həyəcan, gülüş doğurardı, danışmaq həvəsi oyadardı, indi mən laqeyd bir sükut içində onları süzürəm. Artıq heç bir şey diqqətimi cəlb etmir. Belədir vəziyyət". Söhbət o fotodan gedir... Tələbəlik illərində hamı mitinqlərə axışır, meydanlar dolub-boşalır, hamı, bir nəfərdən başqa. O tələbə tez bir zamanda universitet rektorunun nümunə kimi göstərdiyi adama çevrilir. Yalnız ağlıyla hərəkət edən bu tələbə ancaq dərs oxuyur, heç kəsə qarışmır, ona tikanlı söz deyən, yaxud deyə bilən uşaqlardan gen gəzir, məsafə saxlayır. Bütün bunlar tələbələri məcbur edir ki, onu zorla mitinqə aparsınlar. Adamın hissiz olması mitinqdə də özünü göstərir. "Azadlıq" qışqırıb yumruğunu yuxarı qaldıran insanların içində reaksiyasız, onlardan ayrı dayanır. Zorla yumruğunu da qaldırır. Ancaq susaraq. Ona görə doktor deyir ki, həyatın mənasızlığını heç kim mənim qədər dərindən duymayıb. Məcburən yumruğunu göyə qaldıran tələbənin fotosu tarix kitablarına düşür, doktorun uşağı da həmin kitabdan tarix dərsi alır.

Hekayədə analiz üçün əsas verən belə bir cümlə var: bir gün həyat haqqında fikirlərin alt-üst olur... Bu məqamda narrativin identikliyi məsələsindən bəhs edilməlidir. Nəzəri olaraq bunu belə ifadə etmək olar: narrativ identikliyin ilkin əhəmiyyətini anlamaq üçün onu xüsusən empirik ənənə çərçivəsində işlənib-hazırlanmış şəxsi identikliyin araşdırılması kontekstində nəzərdən keçirmək lazımdır. Problemi aşağıdakı şəkildə dürüstləşdirmək olar: yaşantıların çoxluğu və ardıcıllığı subyektin dəyişməzliyini təmin edirmi? Bu kontekstdə "yaşantı" anlayışını "ruhi təcrübə" kimi təsəvvür etmək lazım gəlir. Hekayədə eyni əhvalatların usanmadan danışılması ruhi yaşantıda hər dəfə bir cür intiba doğurur, onun vəziyyətini bir şəkildə qəlizləşdirir, yaxud sadə forma qəlibinə salır. Əhvalatla, yəni həm də həyatın mənasızlığı ilə bağlı süjet əslində, dəyişməz olanla hər gün, hər saat, hər dəqiqə dəyişən, zənginləşən, son zərrəsinə qədər sovrulub sonra olmazın hissəciklərlə dolan komponentlər arasında təyin edilir. Buna görə də  həyat nə qədər sadə, problemsiz, bir sözlə, "anlaşılan" görünsə də, hekayə qəhrəmanı yaşam boyu boşluqdan boşluğa düşür, "ağıllı" tələbənin fotosu ilə bağlı epizod (bu epizodun doktorun qarşısına qəfil, özü də ən hirsli günündə çıxması) bu boşluqlardan ancaq biridir. Yəni eyni süjet xəttini formalaşdıran əhvalat bu boşluqlar bitənə qədər danışılacaq, ancaq bilirik ki, boşluqlar bitmir, biri o birini yaradır, ədədi silsilə yerini tez bir zamanda həndəsi silsiləyə verir.

Bununla təhkiyə prosesində (onun "sükut frekansında") birinci cümlə həmişə son cümlədən sonra gəlir. Onu izah etmək, problemin mahiyyətini anlamaq üçün sadə təəssürat və nümunələrin verilməsi anlamında yox, eyniliklə dəyişkənliyin tənasübünü göstərmək (onların hər an bir-birini didib-parçalaması prosesini), gözümüzdən qaçan, ancaq ömrümüzün bir dəqiq məqamından qırmızı həyəcan işarəsi ilə keçən vacib ştrixi ekrana gətirmək, onu bircə dəfə səhnəyə qoymaq üçün. Bu mənada təhkiyə əslində, insan ömründən sürət qatarı kimi keçən hadisələrin içindən ən vecsizlərini seçib səhnələşdirmək anlamını daşıyır.

Həyatda rastlaşdığın, ancaq şərait yetişmədiyindən anlamadığın, yaxud özünü sənə göstərməyən hadisə (əhvalat) bir gün nə yollasa həyatına daxil olur, həyatının mənasını onu dağıtmaqla, səndə dərin peşmançılıq, qüssə, kədər yaratmaqla üzə çıxarır. Və cavablarını tapsan da, heç birinə sona qədər inanmadığın bir ortam yaradır, belədə hekayənin başlığı müəyyən məqamda bu sualların hamısını əvəz edir, elə hekayəni də: Azadlıq nədir?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!