Qəşəm İsabəylinin çağdaş dövr uşaq şeirləri təhlil kontekstində - Gülnar QƏMBƏROVA

 

Azərbaycan ədəbiyyatı tarixində uşaq ədəbiyyatı özünün zəngin tarixi, inkişafı ilə seçilən və daim diqqət mərkəzində olan sahələrdəndir. Birbaşa gələcək nəslin yetişməsində, şəxsiyyət kimi formalaşmasında mühüm rolu olan uşaq ədəbiyyatı daim bir çox tədqiqatçıların araşdırdıqları, müəyyən təhlillər apardıqları, nəzəriyyələr irəli sürdükləri bir ədəbiyyat bölməsidir.

Sovet dövründə ilk əsərlərini qələmə almağa başlayan Qəşəm İsabəyli yaradıcılığının böyük hissəsi müstəqillik illərinə təsadüf edir. Çağdaş dövrdə də uşaqlar üçün müxtəlif poeziya nümunələrini yaradan sənətkarlar içərisində Qəşəm İsabəylinin yaradıcılığı  xüsusi tədqiqata layiqdir.

Şairin şeirlərində Vətən anlayışı aparıcı mövqe tutsa da, uşaq psixologiyasına dərindən bələd olması yaradıcılığının bununla məhdudlaşmadığını deməyə əsas verir. O, bir çox mövzulara müraciət etmişdir. Vətən haqqında yazılmış "Vətən, yəni biz..." şeirində şair bu sözə elə açıqlama verir ki, bu üsulla balaca oxuculara "Vətən nədir?" sualına cavab tapmaqda yardımçı olur. Aydındır ki, uşaqlara yalnız obrazlı ifadələrlə "Vətəni sevək, onu qoruyaq, Vətən yolunda canımızdan keçək" desək, uşaq bu sözün məna yükünü anlamayacaq, bizlər üçün Vətən nəyi ifadə edir bilməyəcək. Məhz bunu düşünən şair adıçəkilən şeirdə balacaların anlayacağı dillə sözü hecalara ayırır, hər hecanın mənasını açır və bu yolla Vətənin müqəddəsliyini, bölünməzliyini, doğmalığını izah etməyə çalışır:

 

Böldüm hecaya "Vətən"i - "Və - Tən",

Nə deməkdi "Və", nə deməkdi "Tən"?

Bağlayıcıdır "Və", dərslikdə var,

Min fikri, sözü açar, bağlayar.

Bəs "Tən"?

"Tən - bədən",

"Tən - düz",

"Tən - yarı -

Hansı uyardı bu mənaların?!

Əlbəttə, "Yar"ı,

"Yarı", yəni "Tən",

Eləysə onda nədir bəs "Vətən"?

...Vətən, yəni biz - bir qəlbdə - canı...

Güneyli, Quzeyli Azərbaycanım!

 

Müəllif bu şeirlə demək istəyir ki, Vətənimiz iki yerə parçalanıb, ona görə də "Tən və tən" olmalıykən "vətən" olub.

Qəşəm İsabəylinin şeirlərində təbiət təsvirləri, onlara uyğun bənzətmələr çoxdur. "Ədəbiyyat qəzeti"nin ötən ilin iyun ayında çap olunmuş "Qış, yaz, yay" şeiri maraqlı süjet xəttinə malikdir. Şeirin lirik qəhrəmanı babasını, atasını və özünü ilin müxtəlif fəsillərinə bənzədir. Bu bənzətmə onların - babanın, atanın və nəvənin xarakterini açır. Baba sərtdi, ata yumşaqdı, nəvə dəcəl... Baba ki, səbirsizdi, nəvənin hay-harayına dözmür, hirslənir, yəni "qış qarlayıb, soyuq məni vuranda, Günəş doğur başım üstə o anda". Bir sözlə, ata nəvəni danlaqdan, qulaqburmasından xilas edir:

 

Üç fəsil yaşayıram

Gündə mən.

Biri qış,

Biri yaydı,

Biri yaz -

İçində mən.

 

Babam - qar - yağışlı qış...

Atam - al günəşli yay...

Mən də ki, yaz - hay-haray.

 

Qış qarlayıb,

Soyuq məni vuranda,

Günəş doğur

Başım üstə o anda.

Şeirdə müəllif bu bənzətmələri yaratmaqla həm uşaqların təfəkkürünün çalışmasına xidmət etmiş olur, həm də onların mənəvi aləminin zənginləşməsinə şərait yaradır. Şairin şeirlərində təbiət qüvvələrinə aid nümunələr çoxdur: "Qar", "Günəş", "Külək", "Bulud" və s. "Ay qar", "Ay qış" şeirlərində, sanki qarın gəlişini səbirsizliklə gözləyən uşağın səsini, çağırışlarını duyuruq.

Qəşəm İsabəyli poeziyasında incə bir yumor, gülüş xarakterikdi. "Yalan" şeirində xoruzu nallayan lirik qəhrəman onunla Şahdağa yola düşür, yolda nalı düşdüyündən qırt toyuqlar ona gülüşür və nəhayət, şeirin sonunda məlum olur ki, bu nəql olunan hadisələr nağıl imiş. Şairin yaradıcılığını geniş təhlil edən Aysel Xəlilova müəllifə həsr edilmiş monoqrafiyasında bu barədə yazır: "Elələri var ki, yumoru elə qəliz ifadələr, süjetlər arasından keçirirlər ki, adamın onu duymağa halı da qalmır. Nə yaxşı ki, Qəşəm İsabəyli sözün qədrini bilən, yığcamlığa fikir verən şairlərimizdəndir". 

Uşaq ədəbiyyatı nümunələri yaradan yazıçı uşaqların psixologiyasını, onların yaş səviyyəsini nəzərə almalıdır. Bu barədə Zahid Xəlil və Füzuli Əsgərli "Uşaq ədəbiyyatı" dərsliyində yazır: "Uşaq əsəri yaratmaq üçün sənətkardan böyük bir məharət tələb olunur. Uşaq ədəbiyyatı nümunələri özünün forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılıq, oynaqlıq və ahəngdarlığı baxımından böyüklər üçün yazılan ədəbiyyatdan fərqlənir. Həmçinin, bu ədəbiyyatda obrazlı ifadələrdən gen-bol istifadə etmək məqbul sayılmır". Şairin şeirlərində gözəgörünməz bir sehr, uşaqları özünə cəlb edən bir mərhəmət, doğmalıq hissi hökm sürür, bu da uşaqların qəlbini rövnəqləndirir, onları ədalətli, ləyaqətli bir insan kimi yetişdirmək üçün tərbiyələndirir:

 

Dağa-daşa qar ələnib,

Evdə bülbül xəstələnib.

Qar alında yeyir yalı,

Köpək gəzir ayaqyalın.

Çöldə yatır il uzunu,

Almayır da yuxusunu...

 

Bu barədə Xanım Mustafayevanın da maraqlı mülahizələri var. O yazır ki, "nağıllarda xalqın məişəti, düşüncəsi, etnik ənənələri qorunub saxlanılır. Nağıllarda zülmə, ədalətsizliyə qarşı mübarizə hissi çox güclüdür. Burada xeyirlə şərin mübarizəsi bir qayda olaraq xeyrin qələbəsi ilə bitir". Bu fikirdən yola çıxaraq deyə bilərik ki, Qəşəm İsabəyli də yüksək bəşəri ideyaları, daim xeyirli, işıqlı gələcəyi uşaqlara arzuladığından məhz bu janra müraciət etmişdir.

Şairin "Əlifba krossvord" şeirində tapmaca formasında yazılmış şeirlər uşaqların zehni qabiliyyətlərini yoxlamaq, inkişaf etdirmək  məqsədi daşıyır.

 

Boğazdan aşağıdır,

Amma bəladır başa.

Bizi əsir eləyib,

Salıbdır dağa, daşa.

 

***

Bal deyil, ancaq "balı"ı

Keçiribdir başa o.

Xırda-xırda doğranıb,

Qat-qatılar aşa o.

 

Qəşəm İsabəylinin şeirlərində hadisə və predmetlərə uşaq təfəkkürü ilə yanaşmaq, onların mövqeyindən münasibət bildirmək aparıcı xətt olaraq qalır. Adətən, uşaq şairlərinin çoxu təbiət mövzularına üstünlük verir. Təbiət təsvirlərinə müraciət edən, onu uşaqlara sevdirməyi, qorumağı, gözəlliyini dərk etdirməyi missiya kimi seçən yazıçılar uşaqlar üçün böyük xidmət göstərirlər. Lakin çağdaş uşaq şeirlərində əsas  tələblər məzmunun müasirliyi, idrak imkanlarına uyğun sadə dil və üslub xüsusiyyətləri olduğundan yazıçılar bu istiqamətdən çıxış etməli və buna uyğun əsərlər ərsəyə gətirməlidirlər. Qəşəm İsabəylinin "Zeynəb cığalçılıq edir", "Şəm-Şəmin şikayəti", "Kimi çox istəyirsən", "İldırım", "Külək", "Küçük və Çaqqal", "Şirni-quş" şeirlərində yuxarıda sadaladığımız keyfiyyətləri aydın sezmək mümkündür:

 

Çaqqallar

Ulaşır çöldə çaqqallar,

Evdə Zeynəbi qorxudur.

Çaqqalları qorxutmaqçun

Zeynəb gah it şəkli çəkir,

Gah yazığı gəlir - pozur.

 

Qəşəm İsabəylinin "Zeynəb cığalçılıq edir" silsilə şeirlərində Zeynəb dəcəl, sözəbaxmaz uşaq kimi xarakterizə olunur. O, sözə baxmır, valideynlərinin dediklərinə əməl etmir. Müəllif sxematik şəkildə məsləhət vermir, Zeynəbin timsalında uşaqları mənfi keyfiyyətlərdən uzaq etməyə çalışır:

 

Zeynəb cığalçılıq edir,

Guya bizə acıq edir.

Yeməyi vaxtında yemir,

Yeməyən vaxtlarda yeyir.

 

Durmağın vaxtında durmur,

Durmayan vaxtlarda durur.

Yatmağın vaxtında yatmır,

Yatmayan vaxtlarda yatır.

 

Üstünü örtürsən - açır,

Üstünü açırsan - örtür.

Guya bizə acıq edir,

Zeynəb cığalçılıq edir.

 

Bu şeirdə işlənən qafiyələnmiş sözlər bir-birilə uyum təşkil etdiyindən uşaqların əzbərləməsi zamanı onların dil və nitq qabiliyyətinin daha da təkmilləşməsinə imkan yaradır.

"Bərəkət" şeirində babasının bir parça çörəkdən ötrü torpağa əyilməsinin sirrini başa düşməyə çalışan uşaq yavaş-yavaş bəzi həqiqətləri dərk edir. Çörəyin ağır zəhmətlə hesabına başa gəldiyini ona öyrədən baba sayəsində nəvə onun müqəddəsliyini dərk edir:

 

Gün yuvalandı, durma,

Yer havalandı, durma.

Əz daşı, kəltəni, əz,

Əz bala, yer təni əz.

Əzməsən, əzər dəni,

Səp yerə sən zər dəni.

Yerə bərəkət ensin,

Təndirin tüstülənsin.

 

Ümumiyyətlə, Qəşəm İsabəyli yaradıcılığı haqqında əminliklə deyə bilərik ki, şairin müraciət etdiyi hər bir mövzu gələcəyimiz olan uşaqların mənəviyyatca sağlam, yetkin şəkildə yetişməsinə, onların bir şəxsiyyət kimi formalaşmasına xidmət edir.

Eyni zamanda Qəşəm İsabəyli uşaqların istər zehni inkişafına təsir edən, istərsə də nitqinin təkmilləşməsinə xidmət edən bir-birindən maraqlı ədəbi nümunələr ortaya qoymağa nail olur. Bu da müasir dövrümüzdə uşaq ədəbiyyatı sahəsində daim ardıcıl fəaliyyət göstərən şairin öz yaradıcılıq dəst-xəttinə də sadiqliyini deməyə əsas verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!