Muradəli Qüreyşi Qaflantının (1933-2006) bu günlərdə tanış olduğum "Ulu Çinar" adlı kitabında diqqətimi ilk çəkən soluq üz qabığı oldu və açığı, məni çox mütəəssir etdi. Ona görə yox ki, bu solğun şəklin yerinə daha aydın, gözəbatan başqa bir şəklin olmasını istəyirdim, yox, əksinə mənə elə gəldi ki, bu kitabın bütün gücü, hələ kitabı heç açmadan məni mütəəssir edən sirri-sehri elə bu dumanlı solğunluğunda idi. Suları heç "durulmayan" Araz çayı, "dumanı heç çəkilməyən" Cənub dağları... Və bir də dərdləri heç bitməyən, Vətəninin "durulmayan" sularının, "çəkilməyən dumanın" qəhrini çəkə-çəkə dünyadan köçən şair Qaflantının yaşadığı hər qaranlıq gecənin aydın sabahlarını, işıqlı günlərini gözləyən dərdli, həsrətli çöhrəsi... Əlbəttə, bu solğun tablonun arxasındakı məşəli, al qan rəngini görməmək üçün gərək azərbaycanlı olmayasan! Məni təsirləndirən də bu solğunluğun xəyalımda canlandırdığı, bəlkə də heç bir sənət əsərinin cızamadığı, heç bir kitabın anlatmadığı, yalnız insanın öz gözləri ilə gördüyü və bilavasitə yaşadığı həyat həqiqəti dediyimiz gerçəklər idi:
Eldə haray-hay oldu,
Göz yaşımız çay oldu.
Həyat boyu bizlərə,
Zülmi-sitəm pay oldu.
"Ulu Çinar" kitabı XX əsrdə İranda "zülmi-sitəm pay"lı bir ömür yaşayıb-yaradan M.Q.Qaflantının ölümündən sonra nəşr edilən ilk kitabıdır. Kitabı vərəqlədikcə onun solğun qapağı ilə səhifələri arasındakı dirilik, canlılıq yolunu kitabı oxuyan hər kəsin tapacağına, şairin diri nəfəsini duyacağına inandım.
Etiraf edim ki, M.Q.Qaflantının məni çox sevindirən bu kitabının nəşri nəinki gözlənilən idi, hətta gecikib belə. Çünki şair hələ sağlığında - 1990-cı ildə İranda nəşr edilən məşhur "Ömür aynası" kitabından sonra 15 il ərzində yazıb-yaratsa da, siyasi və maddi imkansızlıq üzündən heç bir kitab nəşr etdirə bilməmişdir. Qocaman şairimizin ölümündən sonra əsərləri Cənubi Azərbaycan mətbuatında mütəmadi olaraq çap edilsə də, toplu halında nəşr edilməmişdir. Bu sarıdan şairin bəxti Şimali Azərbaycanda da gətirməmişdir. Bu tayda da müəllifin əsərləri əski əlifbada olduğuna görə diqqətdən kənarda qalmışdır. Deməli, "Ulu Çinar" M.Q.Qaflantının vəfatından sonra nəşr olunan ilk kitabı olmaqla bərabər, həm də 30 illik aradan sonra çap olunan kitabıdır. Bu kitab həm də şairin illərlə həsrətli qaldığı, məkrli siyasət və cinayətlərlə bulanan Arazın bu tayındakı soydaşları ilə ilk geniş tanışlığıdır. Doğrudur, kitabın ön sözündə Qaflantının 1991-ci ildə Şimali Azərbaycana səfər etdiyindən, burada yaşayan soydaşları, həmkarları ilə görüşdüyündən, bu səfərin şairin yaradıcılığına təsir edib ona yeni mövzular verdiyindən bəhs olunur, lakin həmin vaxtlar Qaflantı haqqında mətbuatda dərc olunan yazılar, radio-televiziya verilişlərinə dəvətlər, onunla keçirilən görüşlər ardıcıl olmadığından xalqın yaddaşında dərin kök salmamışdır.
Şairin "Ulu çinartək" şeirindən əsinlənərək kitaba verilən ad uğurlu olmuşdur. Ad simvolikdir, Qaflantı şəxsiyyətinə və yaradıcılığına yaraşmışdır. Bildiyimiz kimi, bizdə ucalıq, məğrurluq, ləyaqət və mətanət simvolu olan çinar ağacı torpağın dərinliklərinə rişələnən möhkəm, güclü kökləri ilə də məşhurdur. Öz soy-kökünə, adət-ənənələrinə qırılmaz tellərlə bağlı olan Qaflantı bu bənzərliyi şərəfli həyatı və parlaq istedadı ilə qazanmışdır.
Kitabın tərtibi yeni və orijinaldı. M.Q.Qaflantının əldə olan bütün əsərlərini küll halında toplarkən şairin əvvəlki kitablarının və əlyazmalarının qarışdırılmadan, eyni adlarla, ayrı-ayrı başlıqlar altında verilməsi kitabı daha çox Qaflantılaşdırmışdır. Bu zaman xronoloji ardıcıllıq prinsipi diqqətə alınmışdır. Kitabdakı dipnotlar isə poeziyamızın ağır yükünü daim çiyinlərində hiss edən təəssübkeş şairin öz leksikonunu yeri gələndə arxaik və dialekt mənşəli sözlərlə də zənginləşdirdiyini göstərir.
Kitabın üstün cəhəti şairin əldə olan bütün əsərlərinin əski əlifbadan latın əlifbasına transliterasiya edilərək geniş oxucu kütləsinin anlayacağı səviyyədə, səliqəli bir şəkildə hazırlanmasıdır. Kitaba yazılan ön söz şairin haqqında indiyədək yazılan ən geniş və əhatəli təqdimatdır. Şairin həyatının ayrı-ayrı məqamlarını özündə əks etdirən fotoşəkillər isə zəhmətkeş şairin keçdiyi həyat yolunun, sadə güzəranının oxucu təsəvvüründə daha aydın canlanmasına, təəssüratının tamlanmasına kömək edir.
M.Q.Qaflantı hər şeydən əvvəl öz dövrünün oğlu idi. Və bu dövr Cənubi Azərbaycanda - 1945-1946-cı illər milli-azadlıq hərəkatının qan dəryasında boğulduğu, iqtisadiyyatının, tarixinin, maarifinin, incəsənət və mədəniyyətinin ağır zərbələr aldığı, ana dilinin və bədii düşüncənin qadağalar və yasaqlar məngənəsində susdurulduğu dövr idi. XX əsrin əvvəllərindən başlayaraq özünün yeni inkişaf mərhələsinə daxil olan poeziyada yeniləşmə siyasi rejimin maneələri üzündən ləng gedirdi. Milli hökumətin məğlubiyyətindən sonra ağır irtica və təqib illərində davam edən ədəbi hərəkatın əsas yükünü daşımaq məhz ilk addımlarını 21 Azər Hərəkatı ərəfəsində və Milli Hökumət dövründə atan qələm sahiblərinin - Məmmədhüseyn Şəhriyar, Səhənd, Həbib Sahir, Haşim Tərlan, Məmmədəli Fəxrəddin (Məhzun), Sönməz, Müzəffər Dirəfşi, Gəncəli Səbahi, Qaflantı, Mirzə Hüseyn Kərimi, Barış, Həddad, Yəhya Şeyda, Ülyai kimi görkəmli sənətkarların üzərinə düşmüşdür. Ədəbi hərəkatın əsas yükünü çiyinlərində daşımış şairlərdən bir qismi isə sonradan yetişən və 21 Azər Hərəkatının ideallarına sadiq qalan: Səməd Behrəngi, Əlirza Nabdil (Oxtay), Savalan, Saplaq, Şami, Adsız, Valeh Dəstpiş, Kəmali, Barışmaz, Türkoğlu, Hüseyn Düzgün və b. gənclər idi.
Bu dövrün poetik düşüncələrindəki millilik ictimai hadisələrin və ədəbi prosesin əsas keyfiyyət göstəricisi idi. Milli hərəkatı şərtləndirən ictimai-siyasi faktorlar poeziyanın aparıcı mövzularına çevrilir, aktiv materiallar verirdi. İctimai fikrə daxil olan milli-azadlıq ideyalarının ədəbi prosesə daxil olması ədəbiyyatda, xüsusilə poeziyada üsyan, çağırış və pafosla səciyyələnir, vətənpərvərlik, ana dili, azadlıqsevərlik, haqq-hüquq mövzularının əhatə dairəsini genişləndirir, ictimai-siyasi hadisələrin dərkində poeziyanın rolu artırdı.
M.Q.Qaflantı poeziyası mövzu və problem etibarilə dövrlə səsləşirdi. Bu poeziya real həyatı, sosial gerçəkliyi əks etdirdiyindən burada hər zaman xəyala, romantikaya yer qalırdı:
Xalqın qanı zülm əlindən qaralmaz,
Bağ-bağatı yay fəslində qar almaz,
Gözümüz yol gözləməkdən qaralmaz,
Haqq karvanın yola çata düzələr.
Şair "Qınayır məni", "Yazıram", "Yalançı söz qoşan", "Mənə ar gəldi" və s. kimi əsərlərində daha çox seir-sənət və sənətkar haqqında düşüncələrin ifadəsinə yer vermişdir:
Qələm çalıb yoldan azmaq,
Cəlladlara tərif yazmaq,
Haqq yolunda çala qazmaq
Mənə ar gəldi, ar gəldi.
M.Q.Qaflantı inqilabçı şair idi. Onun radikal mövqeyi etiraz, üsyan, çağırış motivli siyasi lirikasında öz dolğun təcəssümünü tapmışdır. İlham qaynağını şifahi xalq ədəbiyyatından, xüsusən də aşıq poeziyasından alan Qaflantının yaradıcılığı xəlqidir, xalqımızın varlığını, ruhunu ayna kimi özündə əks etdirir. Bütün əsərlərini çox sevdiyi ana dilimizdə yazan şairin milli özünüdərk və oyanışın, maarıfçi ideyalarının inkişafında və formalaşmasında əvəzsiz xidmətləri olmuşdur.
Ancaq mən burada daha çox şairin ilk dəfə oxuduğum əsərlərindən, yəni əlyazmalarından bəhs etmək istəyirəm. Çünki bu əlyazmalarının yarıdan çoxu Qaflantının 1990-cı ildən sonra yazdığı - yaradıcılığının son mərhələsinə aid olan əsərləridir.
Bildiyimiz kimi, Rza şah diktaturasının süqutundan sonra təkcə Cənubi Azərbaycanda deyil, ümumiyyətlə, İranda yaranan ədəbiyyatın bütün komponentləri yeni idi. Bu dövr dərin hiss və duyğularını, dərd və yanğılarını ənənəvi şeir formalarında, xüsusilə aşıq şeirinin - qoşma, gəraylı, müxəmməs, deyişmə və s. şəkillərinin müxtəlif variantlarında özünəməxsus üslub və dillə ifadə edən Qaflantının təfəkkür səviyyəsinin yüksəldiyi, sənətkarlığının püxtələşdiyi dövrdür.
Milli kimliyinin keşiyində daima ayıq-sayıq əsgər kimi duran şair əsərlərində qəddar şah rejimi və onun assimilyasiya siyasətini, imperializm və onun antihumanist siyasətini, eyni zamanda qeyri-əxlaqi və qeyri-insani keyfiyyətlərini ifşa edərkən bir tərəfdən də zülm və istismar altında inləyən xalqının maddi və mənəvi məhrumiyyətlərini, əsrlərdən bəri keçib gələn adət-ənənələrini, arzu və istəklərini, dərd və kədərini, öz haqq və hüquqları uğrunda mübarizəsini də bütün ziddiyyətləri ilə tərənnüm edirdi. Eyni zamanda şair geniş xalq kütlələrini, xüsusən də kənd əməkçilərini qəflət yuxusundan ayılıb mübarizəyə sövq edən maarifləndirici şeirlər yazırdı.
Özünəməxsus üslubu ilə seçilən Qaflantı poeziyası bədii təsvir və ifadə vasitələrinə görə də fərqlənir. Onun poetikası rəngarəng məcazlar - təşbih, təkrir, istiarə və epitetlərlə zəngindir.
Öz milli kimliyinə sahib çıxan və uğrunda bir ömür döyüşən şairin poeziyası da inqilabi poeziyadır:
Hüsnünə Ay baxıb hər zaman deyər
Kainat yetirib böylə dilbəri.
Zülmətin qənimi, eşqin dəryası
Təkcə yer üzündə sənsən ay pəri,
- və onun qəlbini verdiyi dilbər "yer üzündə zülmün-zülmətin qənimi "Azadlıq Pərisi"dir. Eşqinə sadiq fədai şair isə yaşadığı bütün məşəqqətlərə, təqib və təzyiqlərə rəğmən yolundan dönmədi, ölənə qədər sevdiyi gözələ qovuşmağa "tələsdi", onu axtarmaqdan bir an vaz keçmədi:
Səni axtarıram payızda, qışda
Sənsən mənim arzum, sənsən diləyim.
Sənsiz köynəyində çürüyür sazım,
Tələsir, köksümdə çırpır ürəyim.
Hələ orta yaşlarında ikən yazdığı "Qocaldım" qoşmasında şair onu qocaldan dərdlərini bir-bir sadalayır və sadalamaqla da bitməyən mətnaltı natamam bir ovqat yaradır və sanki bu ovqatla da oxucunu faciəli həyat yoluna yolçu, bitməyən dərdlərinə ortaq edir:
Qara duman yurdumuzu bürüdü,
Yaman düşdüm ahi-zarə qocaldım.
Şeyda bülbül dar qəfəsdə çürüdü,
Həsrət qaldı güluzarə, qocaldım.
"Ümidləri qovrulan, arzuları yanan, üyəyində qəmləri qol-budaq atan" Qaflantı "dərdini gah şeyda bülbülün, gah qonçasında donan gülün", "gah da uçan quşların, qaçan maralın" ("Neyləsin" qoşmasından) obrazları ilə söyləsə də, yetmir. Çünki "bütün dərdlərin dərmanı azadlıq" yoxdursa, şairin ruhu da, ömrü də qocalmağa məhkumdur:
Qaflantıyam yurdum-yuvam talandı,
Öz ölkəmdə özgə odu qalandı,
Ümidlər qovruldu, arzular yandı,
Çulğalandım qəm-qubarə, qocaldım.
Saf ürəkli şair 1977-ci ildə qələmə aldığı "Müjdəsin verir" qoşmasında hələ 1979-cu il inqilabından iki il əvvəl uzaqgörənlik edərək onun müjdəsini verir və sevinir:
Yenə də ümidim minib kəhərin,
Vüsal bayramının müjdəsin verir.
Dolana-dolana bütün hər yerin,
Sevgi yollarına gül-çiçək sərir.
Ancaq İran İslam inqilabına böyük ümidlər bəsləyən şair xəyal qırıqlığına uğrayır, sevincı uzun çəkmir. Bu hal şairin inqilabdan sonrakı yaradıcılığında özünü ekzistensialist əlamətlərlə büruzə verir. Yanğı və iztirab hissləri ilə dolu " Sözüm qalır" şeirində "İç üzündə közü qalan" lirik mən yenə də uzaqgörənlik edərək hesabını bitirmədiyi, haqqını halal etmədiyi bu dünyadan nisgillə ayrılır:
Qalaqlanır qüssə-kədər
Təkcə mənə dözüm qalır.
Qəm dirəyi çəkir çəpər
İç üzümdə közüm qalır.
"Qaranlıq", "Bizə qaldı", "Kədərim-qəmim", "Qan olar" və s. şeirlərində kədər və zəmanədən şikayət motivləri üstün olsa da, lirik mən yenə də "elin ah-vayla keçən həyatına" biganə qala bilmir, "Oyaq ol, şair! - deyərək "elin qəm-kədərini dinləmək, yorğun düşənlərə dayaq olmaq" üçün "ümid sahilində mayak kimi" dikəlir:
Quruyub zinələr, dolub kəhriz də,
Solub Qaflantıda lalə, nərgiz də,
Zülmətdir, gəmimiz çaşır dənizdə,
Ümid sahilində mayak ol, şair!
Ən çətin anlarında keçmişinə üz tutan, xalqının gücünə sığınan şair bu dəfə xalq qəhrəmanı Babəki əsrlərin arxasından önə çəkir, gözünü onun ədalət qılıncına dikir. Ədəbiyyatda tarixi mövzuların işlənməsi və tarixi şəxsiyyətlərin bədii obrazının yaradılması yeni deyildir, lakin 1991-ci ildə Qaflantının "Babək" haqqında yazdığı süjetli şeirində romantik neosufistik idealın - insan, vətən, azadlıq eşqinin emosional ifadəsi olduqca təravətlidir.
Azərbaycan torpağında adı dillər əzbəri olan, şöhrəti bütün cahana yayılan qəhrəmanın varlığı quduz düşməni lərzəyə salır:
Mötəsəm çağırdı qarı qurdları,
Əllərin ölçürdü divanələrtək.
Bilmirdi nə daşı salsın başına,
Çığırdı:"Kimdi, bu Allahsız Babək?!".
Əsərin bu yerində qorxu və əndişə içində çığırıb-bağıran Xəlifənin dilindən işlədilən"Kimdi, bu Allahsız Babək?!" ifadəsi sosial-demokrat şairin yaradıcılığının ta başından oxucuya tanış olan solçu meyillərini xatırladır.
Xəlifənin hüzuruna yaxınlaşan hiyləgər, satqın və şərəfsiz Aqşinin tələyə saldığı "Aslanına ürəyi yanaraq":
"Xəlifəyə təzim edəsən gərək,
Səni doğratdırıb aradan bölər,
Başını əyməsən, deyirəm gərçək!"
- xəbərdarlıq etdikdə isə mərd və məğrur qəhrəmanın:
"Boyun əymək mənə yaraşmaz,
Mən elə bağlıyam, elim də mənə.
Elini sevənlər yolundan çaşmaz,
Rəvadırmı boyun əyim düşmənə?
- cavabı ilə iki sərkərdənin arasındakı fərq daha da qabardılır.
Təhkiyəçinin bu tarixi obraza boş-boşuna müraciət etmədiyi əsərin sonunda İranda şahlıq əleyhinə mübarizə edən fədailərin igidliyi, cürət və cəsurluğu Babəkdən öyrəndiyi etirafı ilə açılır, əsl mətləbi aydın olur:
Şəhaməti çiriklər
Öyrəndilər Babəkdən.
Məzlumlara hər zaman,
Dayaqdılar ürəkdən,
- və əsər müəllifin, tarix onu yaşatdıqca köhnəlmir; Babəklər hər zaman var və var olacaqlar! - mətnaltı mesajı ilə sonlanır.
Ömrünün çox hissəsini vətənindən uzaqlarda - mühacirətdə yaşamaq məcburiyyətində qalan Qaflantı, həm də qürbətçi şair idi. Buna baxmayaraq onun poetik düşüncə məkanı daima doğma vətəninin eli-obası, dağı-dərəsi, çölü-düzü, tərənnüm obyekti doğma xalqının həyatı və həyat amalı olmuşdur.
Qaflantı şeirləri janrından formasından asılı olmayaraq mənalığı, şirinliyi ilə yanaşı, içdədənliyi və həyatiliyilə də diqqəti çəkir. Sadə və lakonik lirik şeirləri kimi "Gecədir", "Eylədilər", "O dəmdən" ,"Deyil" və s. qəzəl və təzminləri də xoş ahəngi, oynaq ritmi ilə yadda qalır:
Əhdi-peymanım ilə ötdü hər anım, elə qurban!
Tapşıran ellər olub, şöhrəti-şanım elə qurban!
Bülbüləm ayrılalı şehli, gülüstanlı gülümdən,
Qovzanıb ərşə çatır ahu-fəğanım, elə qurban!
Yol müqəddəs, hədəfim sevgili canana qovuşmaq,
Var ürəkdə inamım, dizdə təvanım, elə qurban!
Zənnimizcə, bu kitabın dəyəri bir ədəbi nəslin ürəyini məşələ çevirib vətəninin, xalqının azadlığı uğrunda oddan-alovdan keçən Qaflantı kimi cəfakeş, cəsur bir nümayəndəsinin həyat və yaradıcılığını işıqlandırmasındadır. Çünki gənc nəslimizin öz şanlı tarixini öyrənməyə, yurdumuzun aydın, doğru məfkurəli, aslan ürəkli oğul və qızlarına ehtiyacı hər zaman vardır.
M.Q.Qaflantı 73 il ömür sürdüyünə baxmayaraq, həm də nakam şairdir. Çünki əzabkeş şair uğrunda bütün ömrünü həsr etdiyi amalını gerçəkləşdirmədən, həyatının ən böyük arzusuna çatmadan bu dünyadan köçdü. Doğrudur, Qaflantı hər xəyalını qurduğu, arzuladığı o "aydın" səhərləri, "günəşli" günləri dünya gözü ilə görə bilmədi, ancaq ömrü boyu bu istək və arzuyla çırpınan ürəyinin odunu-alovunu, işığını yazıb-yaratdığı əsərlərilə estafet kimi özündən sonrakı nəslə ötürməyi bacardı. Və bu estafet davam etdikcə, "qərə dumanlar" hər nə qədər Vətəninin başı üzərindən çəkilməsə də, yurdunun çırağı sönməyəcəkdir.
Bütün varlığı ilə elinə-obasına bağlanan Qaflantını ölümü belə xalqından ayıra bilmədi; Ən böyük sərvəti olan vətən sevgisi, azadlıq eşqi ilə yazıb-yaratdığı ədəbi irsi fədai şairi çox sevdiyi xalqına əbədi olaraq bağladı.
Ümid edirəm ki, Qaflantının idealları bir gün reallaşacaq, mərhum şairin nakam ruhu şad olacaqdır. Və inanıram ki, tədqiqatçı Q.Əliyeva M.Q.Qaflantı ilə bağlı araşdırmalarını bundan sonra da davam etdirəcək, haqqında bəhs etdiyi - şairin 5-ci əlyazma dəftərini, habelə həyatı və yaradıcılığı ilə əlaqəli digər önəmli fakt və materialları üzə çıxaracaqdır. Ayrıca, pandemiya dövründə, insanlar və ölkələrarası münasibətlərin məhdudlaşdırıldığı bir şəraitdə ərsəyə gələn kitabı tədqiqatçının uğuru hesab edirəm və bu sahədəki əməyini alqışlayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!