"Uşaqlara nəticə, sübut yox, obrazlar, rənglər və səslər lazımdır" - Pərvanə MƏMMƏDLİ

 

Azərbaycan uşaq ədəbiyyatı bu günə kimi fərqli inkişaf mərhələsi keçmişdir. Azərbaycan uşaq ədəbiyyatının əsası təfəkkürümüzdə dərin kök salmış nağıl və əfsanələrimizdən, qədim epos qaynaqlarından başlanır. Nizaminin oğlu Məhəmmədə, Füzulinin oğlu Feziyə, Seyid Əzimin oğlu Cəfərə yazdıqları nəsihətlər uşaq ədəbiyyatımızın klassik nümunələridir. Artıq bir neçə onilliklərdir ki, Azərbaycan gəncliyi XX əsrin klassikləri M.Ə.Sabirin, A.Şaiqin, A.Səhhətin dillər əzbəri olan şeir və hekayələri ilə milli ruhda tərbiyə alır. Görkəmli pedaqoq, şair S.Ə.Şirvanidən başlamış müstəqillik illərimiz daxil uşaqlar üçün gözəl əsərlər yazan qələm sahiblərimiz yorulmadan çalışmış, yeni-yeni əsərlər ərsəyə gətirmişlər.

Güney Azərbaycanda da bu işi Mirzə Həsən Rüşdiyyə, Cabbar Əsgərzadə (Bağçaban) başlamış, Həbib Sahir, Mərziyyə Üskiyi, Haşım Tərlan, Əlirza Nabdil və Həbib Fərşbaf davam etdirmişlər. Səməd Behrəngi isə Güney Azərbaycanda uşaq ədəbiyyatının banisi sayılır. Onun uşaqlar üçün yazdığı əsərlər ölkəsinə dünya şöhrəti gətirmişdir.

Məlum səbəblərə görə İranda uzun müddət Azərbaycan türkləri ana dilində yazıb-oxumaqdan, təhsildən məhrum edilmişdilər. 1978-1979-cu illər İran İnqilabından sonra isə bu qadağalar nisbətən aradan qaldırıldı. Milli ədəbiyyat, uşaq ədəbiyyatı ilə bağlı boşluqlar aradan götürüldü və bu sahədə görülən işlər sürətlənməyə başladı. Bu dövrdə Azərbaycan türkcəsində çıxan jurnallara xüsusi diqqət yetirildi. Həsən Rüşdiyyənin, Səməd Behrənginin başladığı missiyanı Hüseyin Feyzullahi, Haşım Tərlan, Həbib Fərşbah, Əkbər Azad, Zöhrə Vəfayi, Murtuza Məcidfər, Ramin Cahangirzadə, Nurəddin Müqəddəm, Bəhram Əsədi, Məliha Əzizpur, Süsən Nəvadirazi, Xosrov Barışan və digər uşaq yazarları davam etdirdi.

Bu gün uşaq ədəbiyyatının Güneydə davamçıları yetərincədir. Bu sahədə yazılan əsərlər də çox ümidvericidir.Yuxarıda adını sadaladığım yazarlarla bərabər Leyla Kəhalı, Səhər Xiyavi, Rübabə Quluzadə, Mərziyyə Tului, Seyid Rza Hüseyn, Məhəmməd Əli Ocaqi, Araz və Dəniz Əmanilər, Məhəmməd Həsən Nəjad, Paşa Muğanlı, Sara Turi, Məhəmməd Müqəddəm, Hüseyn Fəttahi, Əli Zəncanlı və başqa adını çəkə bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur.

Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açan Ramin Cahangirzadə bu gün uşaq ədəbiyyatının önündə gedən gənc yazarlardandır. Bu günədək Ramin Cahangirzadənin sırf uşaqlar üçün yazdığı "Ulduz", I və II (2004-2008), "Gözləri gül açıbdı" (2007), "Bir az dərinə gedirəm" (2008), "Ay suda" (2011), "Nar" (2013), "Dörd fəsil", "Sel qızı", "Nazlı", "Əlifba", "Xallı və Allı", "Qarışqam", "Rəqəmlər", "Boyalar", "Çiyələk", "Elay və İlkay" (3 cilddə), "Küçə", "Tiraxtur basdı qaza" (2014), Üçcildlik - "Peşələr", "Ailələr" və "Heyvanlar" (2014) adlı şeir topluları işıq üzü görüb. "Bir az dərinə gedirəm" adlı nəsr toplusu 2008-ci ildə çap olunub. Uşaqlar üçün yazılmış yeddi pyesin müəllifidir. Onlardan üçü artıq səhnəyə qoyulub. Oxucuların xatirində yəqin ki, Bakıda 2011-ci ildə nəşr olunumuş "Daşlar" adlı bir şeir kitabı ilə yadda qalıb. "Uşaq nəticələr, sübutlar və məntiqi ardıcıllıq tələb etmir. Onun üçün obrazlar, rənglər və səslər lazımdır". Böyük rus tənqidçi V.Q.Belinski, sanki bu sözləri R.Cahangirzadə üçün yazmışdır.

İnternet əsrinin uşaqlarının marağını təmin etmək üçün yazıçı çox ciddi oxumalı, öyrənməli, gərgin yaradıcılıq axtarışları aparmalıdır. R.Cahangirzadə adi adamın görüb sezə bilməyəcəyi bir təbii mənzərə görüntüsünü ustalıqla poetik açıqlayıcı təsvirə çevirməyi bacarıb uşaq şeiri yarada bilir.

Müəllif kitablarında uşaqların ana dilini öyrənməklə yanaşı, onların zehninin gəlişməsinə səy göstərir. Yazılarında bəşəri dəyərlərin tərənnümünü, vətən və millət sevgisini yansıdaraq ana dilinin mənimsənilməsinə və milli mədəniyyətə maraq oyadır. 

Onun şeirlərinin mövzu dairəsi olduqca rəngarəngdir. "Rəqəmlər", "Əlifba" əsəri uşaqları sayları və hərfləri tez qavramağa, "İlin fəsilləri" isə təbiəti yaxından tanımağa kömək edir. Onun yazdığı bu əsərlər səmimiliyi, dilinin şirinliyi, rəvanlığı və orijinal üslubu ilə diqqəti cəlb edir.

Yazıçı uşaqlara ana dilini mənimsətməklə yanaşı, onların zehnini inkişaf etdirməyə çalışır. Yazdığı əsərlərində uşaqlara insani dəyərləri, vətən sevgisini, milli-mənəvi dəyərlərə yiyələnməyi aşılayır.

Ramin Cahangirzadə "Rəqəmlər" kitabında ədədlərlə bağlı əyləncəli fikirlər söyləyir, uşaqların zehninə həkk olsun deyə, onları uğurla şeir formasına salır. Bir sayı üçün yazır: // Birin yoldaşı olmaz, // Həmişə o tək olar. //

 

Birə yoldaş tapılmaz,

Deyər yer-göy mənimdir

Tapılsa o tək qalmaz

Deyər hər şey tənimdir.

 

İki sayı ilə əlaqədar şeir parçası isə lap tapmaca kimidir:

 

Nə sıfır, nə də birdir

Birlə üçün arası.

Dördü aradan bölsən

Onun yarı parası.

 

Biri birlə cəmləsən

Bir rəqəmə baxarsan.

İkini tapmaq üçün

Üçdən biri çıxarsan.

 

Uşaqlarda riyaziyyata marağı artırmaq istəyən müəllif, onları bu mövzuda bildiklərini yoxlamağa səsləyir. Üç sayı haqda yazır ki:

Nə bir, nə də ikidir,

Birlə ikinin cəmi

Dörddən birini çıxsan

Tapılar onun cəmi.

 

Həm tək, həm də tək deyil

İkiyə böl altını

Çütlərin qonşusudur

Ona cüt deyir hamı.

 

Üçdən dörd keçərkən müəllif yazır ki, // Dörd ayaqlı yeridik, // Qalmadı üçdən bir iz // Dörd nala çapdıq getdik // ...

Daha sonra sıra yeddiyə gəlincə, tanrı bizləri yeddi günə yaratdı, günlərimizin sayı da yeddi oldu, yazır şair.

Beləcə, ədədlərin əyləncəli-kefli izahı 10 sayına qədər davam edir.

Yazı tariximizin başında gələn əlifbanı yenicə öyrənən uşaqların müstəqil oxusu üçün yığcam, sadə, didaktik və tərbiyəvi əhəmiyyətə malik uşaq ədəbiyyatı nümunələrinə böyük ehtiyac vardır. Uşaqlar üçün yazılan əsərlərin dili sadə, aydın, obrazlı olmalıdır ki, uşaq elə ilk oxuduğu sətirlərdən sonra yavaş-yavaş dilimizin incəliklərini öyrənməyə başlasın.

Beləcə, uşaq dilimizin incəliklərini, hekayə və şeirdən sonra ilk oxuduğu, eşitdiyi, şirinliyini hiss etdiyi, o dilin musiqisini və incəliklərini öyrənməyə başlayır. R.Cahangirzadə uşaqların ürəyinə gedən yolu asanlıqla tapmağın yollarını bilir. Onun "Əlifba" kitabında bütün deyilənlər əksini tapa bilib.

Uşaq psixoanalitiki Fransuaza Dalton, uşağın ana-atanın mülkiyyəti olmadığını və istəklərinin, fikirlərinin diqqət çəkdiyini bildirir. Onun üçün, insan hər şeydən əvvəl, bir körpə olsa belə, danışan və düşünə bilən varlıqdır. Ana südünə olan ehtiyac kimi danışmaqla özünü təsdiq etməyə çalışır. Dünyanı görmə, toxunma, qoxu, dad alma ilə qəbul edir, amma yalnız ona verilən söz, uşağa bəşərin bir parçası olma hissini verir.

"Pinti"dən öncə Ramin Cahangirzadənin "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" adlı piyesleri səhnədə tamaşaya qoyulub.

Onun yeniyetmələr üçün yazdığı "Şunqar" adli pyesi də tamaşaya hazırlanır.

R.Cahangirzadənin uşaqlar üçün yazdığı əsərlərdəki sözlər son dərəcə aydın, sadə, cümlələr qısa və anlamlıdır, çünki onları dinləməklə, uşaq danışmağı öyrənir. Eyni zamanda şair kiçik oxucuya ünvanlanan obyektin xüsusiyyətlərini ifadə edərək ona canlı bir görünüş verir.

Çox erkən yaşda eşidilən ən yaxşı uşaq şeirlərinin çox vaxt həyat boyu xatirələrdə qalması və sonralar uşaqlarla ünsiyyət qurmanın təcrübəsi halına gəlməsi təsadüfi deyil.

R.Cahangirzadənin şeirlərinin mövzu dairəsi olduqca rəngarəngdir və şeirləri kövrək şair duyğularının son nəticəsi kimi görünür. O kiçik şeir sətirlərində belə, uşaqlara maksimum bilgi ve mesaj verə bilir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!