Rasim Qaraca Ədəbiyyatı bilən və Ədəbiyyatın nəyə xidmət elədiyini idrak edən az yazarlarımızdandır. "Mənim həyatımı yaz" ("Alatoran", 2020) hekayələr kitabı da bunu deyir.
Rasim Qaraca sadə yazır. Haqqında da sadə yazmaq gərəkdir. "Kəpənəkli günlər", "Mənim həyatımı yaz", "Tanya", "Əlibaba bacı", "Çaqqal görüşü", "Nilufər" və s. kitabda tanış olduğum 17 həyat hekayəsinin hər biri "mənim həyatımı yaz", "mənim həyatımı yaz", "mənim həyatımı yaz" deyir və R.Qaraca da yazır. Qlobal ölçülərdə əhəmiyyətsiz görünən, getdikcə də əhəmiyyətsizləşən, kimsənin yadına düşməyən küncdə-bucaqda gizlənmiş hekayətlər...
Rasim Qaracanın hekayələrinin üzü keçmişədir, keçib-gedən zəmanələrədir. Maraqlı bir "uzaq təhkiyə" xronotopu da uydura bilib. Təhkiyəçi birisi başqasının hekayəsini danışır, başqası bir başqası ilə tanış edir səni - o danışır; təhkiyə ikinci, hətta üçüncü əldən olur və bu da özlüyündə uzaqlıq effekti yaradır: zaman uzaqlığı, məsafə uzaqlığı...
Uzaq deyəndə ki, uzaqbaşı çəkməçi Musanın hekayəsi ("Mənim həyatımı yaz") babasından-atasından- anasından... sovet əyyamlarına qədər uzaqlaşıb zəmanələri gəzə-çözə qayıdıb-gəlib-çıxacaq özünə, günlərimizə, öz-özünə fitva verəcək. Əksərən də hekayələrin məsafəsi müstəqilliyimizdən o yana keçmir, uzaqbaşı Rusyət nağıllarınacan uzaqlaşa-uzaqlaşmaya. Deyək, zaman (zəmanə) koordinatlarında Vətəndən-Moskvaya-Özbəkistana-kəndinəcən məhv olub içində Tanyasını yaşatmış adam kimi ("Tanya"). Bu ki, hekayələr (zaman-məsafəcə) hey uzaqlaşdırıb, ekzistensiyasında yaxınlaşdıracaq sənə Onu, qəhrəmanı, insanı. Yaxın gətirib: buyur, mənim həyatımı yaz deyəcək.
Uzaq-yaxın deyirik, Qarabağ məsələsi necədir R.Qaracada. Patriotik ədəbiyyatdan baxanda Qarabağ ümumən andeqraund ədəbiyyatdan yan keçib; yəni içində deyil, çölündə, yan-yörəsindədir. Yəni Seymur müharibədə iki ayağını itirib ("Kəpənəkli günlər"), indi həyatın dibindədir, Kanadadan dostu Kamran gəlib bir müddət ona həyatın keyfini verir, hətta "uçub gedəcək" massajçı qızla inanılmaz ailə macərası da yaşadır. Hamının yasında ağı deyən Əlibaba bacı ("Əlibaba bacı") Qarabağdan "Fazilin ölüm xəbəri" gələndə, "oğlunun yasında vay-şivən qopartmayıb, ağlaşma deyə bilməyib, yaxasını cırmayıb, üzünə dırnaq atmayıb. Eləcə lal-mat dayanıb baxıb, göz yaşları öz-özünə axıb yanaqları boyunca... Cəmi bir ay sonra qara torpaq onu çəkib aparıb özünün əbədi sükunətinə". "Yağışda gələn qız" hekayəsi "gəncliyi Qarabağ savaşıyla kəsilənlərdən biri", "savaşın izlərini bütün bədənində daşıyıb, lakin veteran kimi qeydiyyata düşə bilməyən", nəinki "haqqı olan təqaüdü", həm haqq etdiyi həyatı da ala bilməyən bir Qarabağ məğlubu ilə bir həyat didərgini Aygün barəsində sadəcə qəmli bir əhvalatdır, bu qədər. Daha bir uzaq Qarabağ təhkiyəsini "Qəribə sevgi" hekayəsindən alırıq. Uzaq Ayıblı kəndində yeniyetmə ikən sevdiyi Pəriyə elçiliyi uğursuz 20 yanvar gününə təsadüf edən Fərasət uğursuz sevgisinin "çarəsini cəbhəyə yollanmaqda görüb". "Ölmək və biryolluq yox olmaq haqqında düşünüb. Ancaq 2 il sonra savaşdan sağ-salamat qayıdıb", "bəxtindən küsən bütün cavanların getdiyi ölkəyə yollanıb - Rusiyaya". Sonrası, indi deyildiyi kimi, Fərasətin uğur hekayəsi gəlir. Əli gətirir, uzaq Sibirdə biznesini qurur, kəndində imarətini. Hətta uğursuz, bəxtikəm, yetim qalmış Pərisinə də uzaqdan həyan olmağa çalışır. "Dünyanın ən qorxusuz yeri" hekayəsində də kişilərin nəfsi-əmmarəsi, kişi dünyasının basqılarından Almaz qır qazanlığında yaşayan Qarabağ kişisinə sığınmaqla qurtarır: "Adı Nəsib idi. Ailəsini müharibədə itirmişdi. Döyüşdə yaralanıb şikəst olmuşdu. İnsanlara qarışmırdı. Burada tərki-dünya həyat yaşayırdı". Belə. Qarabağ məsələsi bu cürdür. Həyat davam edir. Yəni özünüz deyin, vacibi nəymiş: Qarabağ, yoxsa həyat?
Rasim Qaracanın qəhrəmanlarının hər birində lirika var, həyat lirikası. Amma yazıçı bunu yazmağa girişmir; başqasının təhkiyəsində (uzaqdan) nə lirika? Bəlkə də xislətən (ekzistensiyasında) yazmaq istərdi, gərçi bugün nə açıq-aşkar realizmə (ədəbiyyatda), nə də hələ üstəlik lirikasına yer var (həyatda). Lirika hardasa oralarda, uzaqlarda qalıbdır, nimdaş bir şey kimi. Odur ki, "mənim hekayəmi yaz" deyənləri R.Qaraca nəsə bir başqa cürə yazır.
Kitabının üzərində buna işarə də verir: postmodern hekayələr. Doğrusu, etiraf edim, dekonstruksiyası nə qədərdir, hansı mətnlərədir, gərəyincə tutamadım. Bəlkə bir "Lazımı gözləyərkən" "1 pərdəli pyes"ində bizim Azərbaycan absurduna ironiya-sayaq nəsə var. Lazım - ağlı-huşu başında olmayan birisidir; itir, qonşular məhləyə arvadı Rozanın başına yığışıb polisi, jurnalisti, fövqəladəsi, gömrüyü, məktəbi, tibbi, sosialı, hər növ məişəti-güzəranı, lap Qarabağınacan kimin nəyi var dedi-qodusunu edir; müzakirəyə bənzər bir məsələ: Lazım gəlsə, Lazım gəlsə və axırda Lazım gəlir. Vəssalam. Bir az da bəlkə postmodern ironiyanı böyüklük haqqında sənədli hadisədən püflənən şar çıxardığı hekayəsində ("Böyük insanla görüşlərim") görmək olar. Bəlkə bir az da gerçək isə yalan olsun, yalan isə gerçək fantaziyayla köhnə (sovetikus) rejimi demonstrə-demontaj edən "Qaranlıqda və işıqlar sönəndə" detektivində, ya yalan isə gerçək, gerçək isə yalan, təzə ədəbi mühiti xarakterizə-dexarakterizə edən "Şair Mazan Şələquyruq", "Kor pişiyin qovulması (uşaqlar üçün, sərçənin dilindən)" hekayələrindən oxumaq olar. Bir də bəlkə Rafiq Tağı sayağı varla yoxun, varlıqla yoxluğun arasında acı həqiqətləri dənələyən (dekonstruksiya edən) hekayələrində ("Dördüncü yolçu", "Sevgilim "Yox" olub").
Rasim Qaracanın həyat ironiyası bütövlükdə baxışlarında gizlənir, ağrı-nisgili (ekzistensiyasında) saxlayaraq, uzaq-soyuq təhkiyəsində gerçəkləşdirir. Axı həyatın ironiyası uzaqbaşı bir "çaqqal cırmağı" qədərdir ("Çaqqalla görüş"). Şirinsə də bir dəfə olur, əbədilik.
Rasim Qaracanın hekayələri sosiallıqlarla doludur, amma sosial problemlərdən yazmır, yox; odey, (hekayələrdən görünəni) yüz ildir, nə qədər həyat var, o qədərdir, itə-tök. Qoy əlaqədar qurumlar məşğul olsun. R.Qaracanın marığında heç İnsan problemləri də deyil (nəsi-nədəni-nəticəsi); yüz ildir, ekzistensiyasında çevir tatı vur tatı, day (ədəbiyyatda) nəyini yazasan. R.Qaraca eləcə problem-hekayələr yazır; problem, problem, problem - İnsan-problemlərdən yazır. Maşınlaşmış dünyada İnsan özü problemə dönüb-çevrilib; ya zəlzələdən - Qarabağ müharibəsindən olsun, ya vəlvələdən - Gender nəzərlərindən. Bah, yaranışından İnsan kimi düşünməyə, xəyallar qurmağa, sadəcə (həyat) yaşamağa cəhdlər etmiş qəhrəmanlarını R.Qaraca uzaq-soyuq ironiyası ilə o yerdən haqlayır ki, (həyatda) Problemə dönüşübdülər, əl-ayaqdan kənar bikəsə çevrilibdilər - daha bir cəhd, daha bir cəhd, daha bir cəhd. Nilufərlər ("Nilufər"), Aygünlər ("Yağışda gələn qız"), Şahanələr ("Şahanə"), Pərilər ("Qəribə sevgi"), Almazlar ("Dünyanın ən qorxusuz yeri"), Zərifələr ("Mənim həyatımı yaz")... - həm də qadının ən çox (həyat) yükünü götürdüyü bir cəmiyyətdə, baho! Qadın məsələsi Azərbaycan yazıçısının ən çox ağrıyan yeridir. Bu məsələlərə bir zamanlar AYO girişmişdi. S.Baycan, S.Pərvanə, Aqşin Yenisey... sosial rəngləri tündləşdirə-tündləşdirə hərəsi bir cür özləri də sosiallaşıb-getdi, Ədəbiyyatda elə deyən bir Rasim Qaraca qaldı.
Rasim Qaraca ədəbiyyata Avanqardla gəlib; necə də olsa, bu mövqeni kitabda da hiss elətdirir. Lap əvvəldən (titul səhifəsinə baxın bir) ton verib deyir: hekayələ r, hekayələ r... Və hekayələyir. Ədəbiyyatda "R-lamağ"ı da kimsə boynuna götürməlidir, yox?
Belə bilməyin ki, kitabdan çox xoşlanıb "Ədəbiyyat qəzeti"nə yazıram. Rasim Qaraca köhnənin yazıçısıdır, köhnədə ilişib-qalıbdır, dünənin hekayələrini yazır.
Biz Qarabağda qələbə çaldıq. Şuşanı aldıq. Yeni epoxaya girdik. Bəs bunu kim yazacaq? Problem budur. Bunu deyirəm.
Sayğılarımla, Sıravi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!