Əli Kərimin 90 illiyinə, Mərhum akademik Tofiq Hacıyevin xatirəsinə
Cavanşir YUSİFLİ
1
Ağrını hiss edib ona reaksiya göstərmək... Bu, uzun sürə, bəlkə bir əsr də çəkə bilər...
Ağır döyüşlərdə, şübhəsiz ki, idman yarışında, deyək ki, boksda zərbə alan idmançıya iki cür yanaşma ola bilər: yaranın üstünə məlhəm, ağrıkəsici sürtmək və o yeri, o əsəb nöqtəsini, ordakı ağrını daha oyaq halda saxlamaq, bütün gücünü işə salmaq, dərinlərdən çəkib çıxarmaq üçün. Güc çox dərinlərdə, güman edilməyən gizlinlərdə qala bilər, insan olsun ki, bir ömür o gücdən xəbərsiz ola bilər. Ancaq bir həqiqət şəksizdir; udsan da, uduzsan da, istədiyin şeyə, yəni o dərinlikdəki enerjini ifadə etmək istəyinə mübtəla olmalısan.
Əgər bu məsələni bədii mətnlərə şamil etsək, görəsən, onların həmin dərinliklərdəki nəsnələri tutub ifadə etmək, daha doğrusu, göstərmək gücü nə qədər ola bilər? Bir şeyə mübtəla olmaq başqa nəsnə və arqumentləri də onun içinə, onun tərkibinə qatmaq, amma yalnız onunla nəfəs almaq anlamına gəlir. M.F.Axundzadənin (həyat və) yaradıcılıq yolunu izləsək, yaradıcılıq üçün son dərəcə vacib olan bu inadın "əzələlərinin" belə hərəkətini sezə bilərik. Ədəbiyyat tarixlərində, yaxud başqa kitab və dərsliklərdə buna "mübarizə" deyilə bilər, məqbul olan ifadə bəlkə də budur, ancaq bizim vurğuladığımız nəsnə mübarizədən üstündür, onun fövqündədir. Ancaq bu konsept heç də yeni deyildir, qədimlərdən gəlir, Orta əsrlərdə mükəmməl formaya düşür və yeni dövrə, Axundzadə əsrinə əməli fakt kimi daxil olur. Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni // Bir dəm bəlayi-eşqdən etmə cüda məni // Az eyləmə inayətini əhli-dərddən // Yəni ki, çox bəlalərə qıl mübtəla məni! Məcnunun dilindən deyilən bu qəzəldə iki nəsnə arasındakı cazibə sahəsi sözlərin, onların dərinliklərindəki mənaların yaranma, daha doğrusu, dünyada mövcud olan bir şeyin bütün gücü və parlaqlığı ilə ifadə olunmasına gətirib çıxarıb. M.F.Axundzadə bu sahədə daha mürəkkəb (kompleks) gedişləri kəşf etdi (..."...bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və romandır. Roman da dram fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır..."). Axundzadə janrlararası əlaqələrin "faydalılıq əmsalını" nəzərə alırdı, əsas vurğunu onun üzərinə salırdı, milli bədii təfəkkürdə nəzərəçarpacaq irəliləyişə, dinamik sıçrayışa nail olmaq üçün poetik təxəyyülün büsbütün, radikal şəkildə dəyişməsini arzulayırdı və bunun üzərində təkid edirdi (xəyalat...). Onun fikrincə, tərkibində, cövhərində konflikt (başqa sözlə, dramaturgiya) olmayan şeir poeziya deyil və bu gün Qasım bəy Zakirin milli bədii təfəkkürün sıçrayışla inkişafındakı "payını", zənnimizcə, həmin nöqtədən oxuyub araşdırmaq mümkündür. Zakirin mənzumələrindəki dramaturji enerji son dərəcə böyükdür, oyadıcı və ayıldıcı gücə malikdir, onsuz irəli getmək, millətin taleyini düşünmək, zənnimizcə, mümkünsüz olardı.
Poetik təfəkkürdə, onun gizlinlərində baş alıb gedən proses poetik mətnlərin iki əsas qrupda inkişafını şərtləndirdi: 1) duyğu və hisslərin, fikir və düşüncələrin təsviri, poetik təfsirin modelləşdirilməsi və 2) bədii mətnin özünün ilahi mənşəyi, strukturu, qurulma, yazılma prinsipini "şərh edən" şeirlər. Bu təsadüfdə Füzulinin formulunu verdiyi mübtəlalıq bütün yönləri, kolorit və rəngləri, rəng qammaları ilə təsvir edilir (burda "təsvir" özü şərtidir, tam yerinə düşmür). Məsələn, O zaman - deyəsən, vaxt qovuşanda // Şeirlə musiqi bir ucalırdı // Bütün könüllərin sifarişilə // Damcılı bulaqda Habil çalırdı. İndi Əli Kərimin "Habilə" şeirini məhz bu qənaət müstəvisində nəzərdən keçirib araşdırmaq olar. Həmin təmayül, yəni şeirdə bədii mətnin özünün, onun yaranma mexanizminin verilməsi daha çox bu şairdə müşahidə edilir. Amma kimsə bunu digər metodlarla müqayisədə üstünlük kimi qavramasın. Poetik parçada hiss, duyğunu, özü də insanın bəlkə min illər boyu qəlbində saxladığı, ruhunda ən əziz və ən mühüm nəsnə kimi qoruduğu hissi ötürmək üsulu sonda elə onun qurulma mexanizminə çevrilir, şeirdə də bu təəssürat aktual şəkildə ifadəsini tapır, duyğuların ötürülməsi, yayılması, sanki kosmosdan insan qəlbinə sirayət etməsi elə bir dinamika içində baş verir ki, ifaçı (sənətkar) uzaqlaşır, kaman özü-özünə dillənir, özü-özünü dilləndirir: Elə bil köksündən çəkib çıxarır // Titrək kəmanəni bir xəncər kimi // Ondakı ağrını // qanı kəlamı // Töküb // titrədirdi hər gümüş simi // Sözlü ürəyinə əyib başını // Hər bir adiliyə yumub gözünü // Çalır // yırğalanır səs dəryasında // O çalmır elə bill // Unutmuş bizi // Dərin bir yuxuya yuvarlanıbdır // Hansı əsrdəsə ilişib qalıb // Neçə əsrdir ki, xumarlanıbdır // Əli-kəmanədir// kəmanə-əli // Çalır kamançanı kəmanə özü // Gözümdə ilk məna dəyişir// dönür // Dünya düşəcəkmi sahmana özü // Elə bil unudub segahı Habil // Qırılsa musiqi o neyləyəcək // Habil ilan dili çıxarır, nədir // Arzu qızmarında ilantutantək // Habilin gözünə qonun damlalar // Eşqilə simlərə qonur damcılar // Qonur, Habil isə yumur gözünü // Qorxur ki, damlalar // düşər // dağılar // Segah gah uzanır bir ağrı kimi // Onu üfüqlərə sancır kəmanə // Düşüb Yer kürəsi gah bir guşəyə // Gah sakit fırlanır, gah yana-yana. Bu tipli mətnlərdə hər şey yerli-yataqlı "təsvir edilir", hər şey, hər bir detal ərazi nə qədər böyük olur-olsun, bütün yönləri ilə göstərilir, ancaq bu aydınlığın, belə bir perspektiv görüntünün fonunda bir əsas şey mübhəm qalır və şeirin (mənanın) şah damarı həmin mübhəm məqamla bağlıdır, bunu hər bir oxucu özü duymalı, özü oxumalıdır. Bəli, ...eşqilə simlərə qonan damcılar... Habilin, həm də bədii mətn yaradıcısının bilinməz, adi gözlə görünməz dərinliklərdən çəkib çıxardığı nəsnələrdir...
2
Ancaq bu məsələ (müddəa...) təkcə poeziya ilə əlaqədar deyildir, nəsrdə, zənnimizcə, o, daha mükəmməl formada ifadə edilir. Vaxtilə F.Kafkanın "Körpü" hekayəsindən bəhs etmişdik. Biz bu məsələni gözəl nasir Xəyyam Rəfilinin hekayəsi ("Görünməyən kölgələr") əsasında araşdırmaq istərdik. Nəsr tam ayrı, tam fərqli sahə olduğu üçün burda yuxarıdakı "şərh və təfsir" üsulu yerli-dibli iştirak etmir, əsas məsələ hekayənin başlığından tutmuş, içindəki ərazilərin kəsişmə nöqtələrinin qabardılmasıdır, özü də anidən və həm də "epizodik" şəkildə. Bu formada verilən epizodlar (yəni duyumların eyni zamanda ifadəsi və ondan qaçınma-!) vahid təhkiyə müstəvisində bir-birinə calanan duyumların aşkarlanmamasına, onların dərinliklərindəki səslərin rənginin belə görünməməsinə şərait yaradır. Bu deyilənlər görünmür, ancaq bilinir, elə bu an hansısa rəngin, hansısa duyumun gözümüzün önündən "qaçdığını" bilirsən, onların bir-birinə calanıb yaratdıqları mətləb ən əsas sayıla biləcək nəsnədir. Bu məqamda hekayədəki metafizik duyumla sosiallıq, ürəklərdən keçən duyumların sosial reallıqla, gerçəkliyin üzü və astarı ilə bağlantısı bir çərçivənin içindədir. Hekayədə anadan kor doğulmuş Yusif adlı şəxsdən söhbət gedir. Bir gün Əziz Misirli adlı jurnalistlə intervü üçün vədələşir, yataqxanada oturub onu gözləyir, ömrü boyu sevdiyi adamların yox olduğunu müşahidə edən Yusif üçün bu, bəlkə də, son bir işdir. "Quran"dakı Yusif surəsində də qardaşları tərəfindən quyuya atılan Yusifi alan şəxsin adı elə Əzizdir. Hekayənin içindəki bu adlar sadəcə işarə səciyyəsi daşımır, sadəcə təqdim edilən əhvalatın onunla paraleldə oxunmasını, xatırlanmasını şərtləndirir, əhvalatlar hansısa bir məqamda kəsişməsələr də... Ancaq Yusif onu həyəcanla gözləyir, bu həm konkret bir hissdir, bir tərəfdən özünün ilk dəfə gərəkli olduğunu düşünür, digər tərəfdən, qəribə, haralardan gəlib qəlbinə sızan gərəksizlik duyğusu. Həm də nəyisə əvvəlcədən sezmə, buna görə bəlkə son dəfə bütün qəlbiylə kədərlənməsi... "... Əziz Misirlinin zəngi onun həyat ritmini dəyişmişdi. Əziz Misirli şəxsən özü onun haqqında məqalə yazacaqdı. O, Əziz Misirlinin kim olduğunu bilməsə də, adından ziyalılıq yağdığına əmin idi. Özünü bu qədər gərəkli hiss etməyi Yusifin oturub-durmağından tutmuş, yerişinə, danışığına, hətta fikirlərinə belə sirayət etmişdi. Yerindən durandan o, darısqal otağın hər kvadratında azı on dəfə dolanıb, əli ilə masaya neçə dəfə sığal çəkmişdi. Çarpayı dağılmasın deyə, səhərdən stulda oturub, qonağın gəlməyini gözləyirdi". Bir də güldan detalı, onu salıb-sındırmaq qorxusu: masanın ortasında qocalan, heç vaxtı içinə gül qoyulmamış güldan...
Deyildiyi kimi, Yusif kordur, təbii ki, son dərəcə həssasdır və ən əsası nə qədər ümumi kontekstdə görünsə də, onun əsas şeylərə münasibəti, onları anlama tərzi çox fərqlidir. Diqqət edin: "Əziz Misirli qapını döyəndə Yusif ayaq üstə hazır idi, çünki onun ayaq səslərini hələ dəhlizin başından eşitmişdi. Yataqxanada yaşayanların hamısını ayaq səslərindən tanıdığı üçün, yeni səsin onun qonağına aid olduğunu, yəqin eləmişdi. Qonağı qapıda qarşıladı. Salamlaşdılar...". Xəyyamın yazı tərzində əsas olan məqam həssaslıqdır, bəzi şeylər onun mətnində məhz daxili həssaslığa köklənir və buna görə də müəyyən epizodlardakı mətləblər asanca gözünüzdən qaça bilir. Bu həssaslıq mətnin dərin qatlarında, bəlkə heç işıq düşməyən səviyyəsində hekayədəki mətləblə bağlı belə deyək, "qatı açılmamış sözlərin" cücərməsinə, həmin gözdən qaçan epizodlara həmahəng mətləbləri ifadə edən "daxili qafiyələrin" meydana çıxmasına şərait yaradır. Söhbət əlbəttə ki, üst qatdakı, süjetdən bilinən kədərli və komik və yenə də faciəvi... qafiyələrdən getmir (kor, nankor, Rail, Əzrail...). Gözü darı deşən və hər şeyin ürəyindən çıxan işıq selini anında tuta bilən jurnalist üçün insan doğulur və ölür, Yusif üçünsə belə deyil, ailəsini atan anası üçün "yox oldu" deyir, eyni sözü onu yataqxanaya gətirib unudan atası haqqında da deyir. Yusif görməsəydi, belə deyə, bu tərzdə danışa bilməzdi (dünyadakı bütün bədii mətnlər də məhz nəsnələrin yaranıb yox olma anını tuturlar, yəni korların həssaslığı, dünyanı, insanların bir-birlərinə ötürdükləri duyğularınn içindəki kədəri ölçmək bacarığıyla...).
"Yox olmaq" motivi unudulmur, davam edir və anidən başqa bir motivlə - "heçliyi hiss etməklə" kəsişir və qovuşur. Vəziyyətinə görə dünyada candərdi ömür sürən birisi bir gün radiosu xarab olanda hiss edir ki, hamı çıxıb gedib, tək o qalıb və özü də düzü-dünyanın, bu ucsuz-bucaqsız səhranın tən ortasında. Bu motiv yazının başlanğıcındakı mətləbi yada salır, onun açdığı yaranı "qanadır". Ağrını sakitləşdirməmək, dərinləşdirmək, o dərəcədə ki, hər şeyin əsl mənası təşrif gətirsin... "Özümü ucsuz-bucaqsız boşluqda hiss edirdim. Sanki ayaqlarım da yerdən üzülmüşdü, havadan asılı qalmışdım. Doktor B. necə deyirdi? "Dünyada heç bir şey insan ruhuna heçlik qədər təzyiq edə bilməz". Çox insan bu cür sarsıntıda ölmək istəyər, mən isə ən çox o gün yaşamaq istəmişdim. O heçliyin-boşluğun sonunu bilmək üçün ən çox o gün görmək istəmişdim. Ən sonunda anladım ki, gözlərim görsəydi, mən o heçliyi duya bilməzdim. Həyatımda ilk dəfə gözlərimin görmədiyinə xırda da olsa bir təsəlli tapmışdım. O gün həyatımın ən pis və ən yaxşı günü idi".
Bir də qapının ağzında cütlənmiş yorğun ayaqqabılar - xalis impressionist motiv...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!