Məmməd İsmayılın “Ömrü uzadan sözlər” kitabına ön söz
Türkiyədə yaşayan həmyerlimiz, şair Məmməd İsmayıl bu ilin sentyabr ayında Rumıniyanın Kraiova şəhərində "Mihail Eminesku" Beynəlxalq Akademiyasının təşkil etdiyi altıncı "Mihail Eminesku" Dünya Şeir festivalında iştirak etmişdir. Bu, şairin Rumıniyaya Dünya şeir festivalına ikinci gedişi olmuşdur. Festival ərəfəsində həmyerlimizin həm Moldova və həm də Rumıniyada kitab və qəzetlərdə bir sıra əsərləri çap olunmuşdur.
Moldovanın "Literatura arta" qəzeti ("Ədəbiyyat qəzeti") 17 avqust nömrəsində qəzetin baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylə M.İsmayılın 19 şerini çap etmişdir. Şeirlərin tərcüməsi də N.Dabijaya aiddir.
Dünya şeir festivalı ərəfəsində Kişinyovun "Editura pentru Literatura şi arta" nəşriyyatı isə Nikolay Dabijanın tərcüməsində həmyerlimizin "Sporırea Tacerıı" "(İdmançı səssizliyi") adlı şeirlər kitabını çap etmişdir. Kitabın təqdimatı Rumıniyanın Kraiova şəhərininin milli kitabxanası salonunda "M.Emunesku" Dünya şeir festivalının açılış mərasimində keçirilmişdir.
M.İsmayılın əsərlərinə rumın dilində nəşr olunan "Mihail Emunesku" Dünya şeir antologiyası"nda da yer verilmişdir. Antologiyada şairin beş şeiri yer almışdır. Bundan başqa indiyə qədər keçirilən festivallarda Kraiova şəhərində yazılmış şeirlərdən ibarət Rumın dilində "Graiova, mon amour" adlı şeirlər kitabı da işıq üzü görmüşdür. Bu antologiyada da həmyerlimizin bir şeiri çap olunmuşdur.
Rumıniyanın dünyaca ünlü heykəltəraşı "Öpücük", "Nəhayətsizlik" və "Əbədiyyət" əsərlərinin müəllifi Konstantin Brancusinin vətəni Tirqu-jium şəhərinin incəsənət muzeyinin sərgi salonlarında dünyanın bir çox şairləri ilə yanaşı Məmməd İsmayılın fotoşəkilləri və 10 yaşlı Draqoş Boqdanın çəkdiyi karikaturları sərgilənir.
Bunlarla bərabər həmyerlimiz festivalın sonunda "Mixail Eminesku "Uluslararası Akademiyası" və "Mixail Eminesku" Avropa Fonduunun fəxri diplomu və Mixail Emunesku medalıyla təltif olunmuşdur.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb rumındilli ədəbiyyatın önəmli təmsilçilərindən biri olan Nikolay Dabijanın Məmməd İsmayılın "Literatura arta" qəzetində ("Ədəbiyyat qəzeti") gedən silsilə şeirlərinə və "Sporırea Tacerıı" "(İdmançı səssizliyi") kitabına yazdığı ön sözü təqdim edirik.
Ömrü uzadan sözlər
Türk dilinin önəmli şairlərindən biri olan Məmməd İsmayıl iyirmi ildən çoxdur ki, vətəni Azərbaycandan uzaqda - Türkiyədə yaşayır və Çanaqqala 18 Mart Universitetində dərs deyir. Belə demək doğru olardı ki, o, yazı masasından qalxmadan şeirlərini iki dildə - Azərbaycan və Türkiyə türkcəsi ilə yazır.
Mən yaxşı şahidəm ki, azərbaycanlı yazıçılar onlara zorla qəbul etdirilən kiril əlifbasından latın əlifbasına keçid üçün səksəninci illərin sonlarına doğru necə böyük mücadilə edirdilər. 1920-ci illərdə Qafqaz ölkəsi olan Azərbaycan bolşeviklər tərəfindən işğal edilib zorla Sovetlər birliyinin tərkibinə daxil edilmiş və bir çox haqları kimi əlifbaları da əllərindən alınmışdı.Azərbaycan yazıçıları istəyirdilər ki, yenidən 1929-1939-cu illər arasında istifadə etdikləri dillərinə uyğun olan latın əlifbasına keçsinlər.Biz Moldovada hələ 1989-cu ildən latın əlifbasına keçmişdik.Bizdən fərqli olaraq onlar latın əlifbasından yalnız 1991-ci ildən istifadə etməyə başladılar.
Məmməd İsmayıl iftixarla özünün latın əlifbasıyla çap olunan kitabını mənə bağışlayanda: "Sanki ümumi əlifba bizim dillərimizi də yaxınlaşdırır" demək istəyirdi.Mən latın əlifbasına keçid məsələsində Məmməd İsmayılın nə qədər mübarizə apardığından yaxşı xəbərdaram. O, Azərbaycanda hələ 1988-ci ildən qurucusu və baş redaktoru olduğu rus dilində və Azərbaycan türkcəsi ilə yayın həyatına başlayan "Gənclik" və "Molodost" jurnallarında qlavlit əngəllərinə baxmayaraq, daha əlifba haqqında qanun çıxmadan 3-4 il əvvəl latın əlifbasını təbliğ etmiş və jurnallarda bu əlifba ilə məqalələr dərc etmiş, "Oxu" və "Əlifba" kitabları çap etdirmişdi.Və beləcə hələ Sovet dönəmində latın əlifbasına keçid üçün mübarizə edən yazıçılardan biri kimi Məmməd İsmayıl görüşlərimizin birində latın işarətləri bizim xalqlarımıza hardasa bir yönüylə Avropa mədəniyyətinə yaxınlaşdırır" demişdi.
Çoxmillətli dünyada mədəniyyətlərarsı sərhədlər yox olmaqdadır. Və Məmməd İsmayılın şeirlərində isə daha bir sərhəd aradan qalxmaqdadır: Bu, atəşli bir fantaziya ilə reallıq arasındakı sərhəddir. Bu sərhəd çox zaman konkret şəkildə, xüsusən də keçmişdən bəhs edən və gələcəkdən bu günün bir hissəsi kimi danışan zaman qarşımıza çıxır. Deyə bilərik ki, bu dövrlərdə bir-birinə təsir edən nə varsa, onun şeirində geniş bir şəkildə özünə yer tapır.
Bir kəpənəyin uçuşu, bir uşağın gözündə göyün əks olunması, arzunun ölüm yuxusu və ömrü uzada bilən, yerində deyilən sözlər... bunlar şairə yeni imkanlar açan metaforalardır: Və bu metaforalar davamlı xəyalı gerçəkliyə, gerçəkliyi xəyala çevirir, öncədən bəlirlənmiş kəlimələr həqiqəti yenidən gündəmə gətirir.
Teleskop ulduzları yaxınlaşdırdığı kimi, o da yaşlı gözləriylə şeirin üfüqlərini genişləndirir.Onunçün bu, bir vəzifədir. Şair hər şeyin əks olunduğu zaman güzgüsündə (Avtomobillərdə geriyə baxmaq üçün olan güzgü kimi) əski çağların yaşıdı olmadığı dünyalara, adamların anlaya bilməyəcəyi sevgi çağlarının keçib getmiş emosiyalarına baxır.
Məmməd İsmayıl metafora sehrbazıdır, ruhun gizli poetik ovqatını şeirlərinə gətirə bilən həqiqətən böyük bir şairdir.
Onun şeirləri rumın ədəbiyyatı oxucularının qapısını döyməyə gəlmiş, onu- çağımızın ən görkəmli şairlərindən biri kimi qarşılamaq boynumuzun borcudur.Sanki onun şeirləri başqa bir yerdə yox, elə bizim yerlərdə doğulub və bir təsadüf nəticəsində bizdən bir sürəliyə ayrılıbmış, indi ilk fürsətdə geri qayıdır.
Nikolay Dabija
Şair, Moldovanın "Literatura arta" qəzetinin
("Ədəbiyyat qəzeti") baş redaktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!