Elnarə AKİMOVA
Uşaq və gənclərin mənəvi tərbiyəsinin formalaşmasında, dünyagörüşünün genişlənməsində azərbaycançılıq ideologiyasının böyük rolu vardır. Bu baxımdan, uşaq ədəbiyyatının ən yeni metodologiyaya uyğun azərbaycançılıq məfkurəsi istiqamətində öyrənilməsi günümüzün vacib tələblərindəndir.
Uşaq ədəbiyyatı yaranması, təşəkkülü və inkişafı istiqamətində dövrləşdirmə baxımından üç əsas mərhələyə ayrılır. Özünəməxsus siyasi-ideoloji prinsiplərə malik bu mərhələlərin hər birinin nəzəri-estetik, mənəvi-fəlsəfi qatları, sistem yaradıcı xüsusiyyətləri, həmçinin irəli çəkdiyi imzaları, adekvat yetirdiyi yazıçı fiqurları və onların fərdi-praktiki fəaliyyətində təcəssümünü tapan və qorunan uşaq ədəbiyyatı statusu vardır. XIX əsrin sonlarından XX əsrin 20-ci illərinə qədər tarixi dövrü ehtiva edən birinci mərhələ maarifçi səciyyəsi ilə seçilir, bu dövrdə azərbaycançılıq ruhunun qabarıq ifadəsi vətənpərvərliyin təzahürü kimi meydana çıxan bütün işlərdə əksini tapır: yeni tipli məktəblərin formalaşması, təlim-tərbiyə məsələlərinin önə çəkilməsi, uşaqlarda təhsilə, mütaliyəyə maraq oyatmaq, uşaq ədəbiyyatı nümunələrinin toplanması və nəşri, uşaq mətbuatının formalaşması, dərsliklərin hazırlanması, risalə, təmsil, uşaq şeirlərinin yayılmasına təkan vermək və s. bu kimi proseslərin reallaşmasında A.Bakıxanov, M.Vazeh, H.Zərdabi, S.Ə.Şirvani, R.Əfəndiyev, H.X.Qaradaği, M.Mahmudbəyov, Əli bəy Hüseynzadə, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Səhhət, S.S.Axundov, A.Şaiq və başqa ədiblərin böyük rolu olmuşdur.
XX əsrin 20-ci illərindən müstəqillik dövrünə qədərki (sovet dövrü) mərhələ uşaq ədəbiyyatının ikinci mərhələsini təşkil edir ki, bu mərhələdə məktəb islahatı, yeni nəslin sovet ideologiyası ruhunda tərbiyə olunması, uşaq əsərlərinin yayılması, uşaq mətbuatının inkişafına diqqətin artırılması kimi məsələlərin həlli istiqamətində dövrün bir çox tanınmış şəxsiyyətləri birlikdə əmək sərf etmişlər. M.C.Paşayev, M.M.Seyidzadə, Ə.Vəliyev, S.Vurğun, M.Dilbazi, Ə.Cəmil, M.Rzaquluzadə, R.Rza, Ə.Abbasov, Z.Cabbarzadə, X.Əlibəyli, T.Elçin, T.Mütəllibov, İ.Tapdıq, H.Ziya, M.Günər, F.Sadıq, M.Aslan, T.Mahmud, Z.Xəlil, X.Hasilova, Ə.Babayeva, N.Süleymanov, Ə.Əhmədova, Y.Əzimzadə, Ə.Səmədli və başqa sənətkarlar sovet dövründə uşaq ədəbiyyatının layiqli nümunələrini meydana qoymaqla bu sahənin nüfuzunun qorunmasına nail olmuşdular.
Üçüncü mərhələ sovet hakimiyyətinin süqutu və tariximizə milli müstəqillik kimi daxil olan yeni epoxanın başlanğıcı ilə eyni zamanı ehtiva edir. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil dövlətin qurulması və inkişafı yönümündə xalqın maraqlarına xidmət edən siyasət əsas prioritetə çevrildi. Ölkənin bütün sferalarında, o cümlədən humanitar düşüncə sistemində gedən yeni təfəkkür prosesləri, azərbaycançılıq ideologiyasının qabardılması, milli məfkurə xəttinin önə çəkilməsi, uşaqlara qayğı və diqqətin artırılması, gənc, savadlı nəslin formalaşmasının əsas qayə təşkil etməsi müstəqillik təntənəsinin nəticəsi idi.
Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü və formalaşması tarixi son iki əsri əhatə etsə də, ona göstərilən bu diqqət və maraq həmişə öndə olmuş, ədəbiyatımızın bütün dövrlərinin kontekstində, şifahi və yazılı ədəbiyyat nümunələrinin timsalında şərhinə varılmışdır.
1990-cı illərdə isə, milli müstəqilliyimizin bərpası ilə bu sahəyə diqqət artmış, hər cür ideoloji diktələrdən arınmış uşaq ədəbiyyatının problemlərinin öyrənilməsi prosesləri başlanılmışdır. Azərbaycanın öz siyasi-dövlət müstəqilliyinin bərpası ilə ölkədə uşaqların və yeniyetmələrin həqiqi vətəndaş kimi yetişdirilməsinə, onların yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi dəyərlər ruhunda tərbiyələnib böyüməsinə diqqət və qayğı artmış, bu işdə əsas vasitələrdən olan bədii ədəbiyyatın roluna ayrıca önəm verilmiş - uşaq ədəbiyyatının təkcə çağdaş durumunu deyil, onun təşəkkül və inkişaf tarixini, bu sahədə fəaliyyət göstərmiş yazıçı və şairlərin bədii irsini, xidmətlərini ətraflı öyrənib, obyektiv elmi meyarlarla qiymətləndirmək təməl prinsip kimi irəli sürülmüşdür.
Bu istiqamətdə vacib məsələlərdən biri uşaq ədəbiyyatında azərbaycançılıq, milli özünüdərk və vətənpərvərlik ideyalarının təşəkkülü və inkişafı mərhələlərinin öyrənilməsidir. Belə bir zərurət bizə XIX əsrin sonu, əsasən XX əsrin əvvəllərində mövcud olmuş uşaq ədəbiyyatının vəziyyəti ilə geniş tanış olmağa imkan verir. Akademik İsa Həbibbəyli XX əsrin əvvəllərindən etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq təliminin əsas yer tutduğunu bildirərək yazır: "Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının - maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati təlabat səviyyəsinə qaldıran ümummilli məfkurədir". Məhz məfkurəvi qayəyə söykənməsi, milli özünüdərk və vətənpərvərlik ideyalarının parlaq təcəssümünü verməyi əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin poeziyasını həlledici mərhələ kimi təsnif etməyə imkan verir.
Həmin dövrün uşaq ədəbiyyatının öyrənilməsi prosesi XX əsrin ortalarından başlanır. Bu sahədə Səməd Vurğun, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Əziz Mirəhmədov, Cəfər Xəndan Hacıyev, İmamverdi Əbilov, Yaşar Qarayev, Məsud Vəliyev, İsa Həbibbəyli, Nadir Vəlixanov, Firudin Hüseynov, Əflatun Saraclı, eləcə də Qara Namazov, Xeyrulla Məmmədov, Asif Hacıyev, Zaman Əsgərli, Alxan Bayramoğlu, Zahid Xəlil, Füzuli Əsgərov, Məti Osmanoğlu, Rafiq Yusifoğlu, Vüqar Əhməd və b. ədəbiyyatşünas, metodist-alimlərin yazdıqları dərslik, monoqrafiya və məqalələrdə XX əsrin əvvəllərinin uşaq ədəbiyyatı barədə qiymətli elmi fikirlər söylənmişdir.
Bu müəlliflərin əsərlərində tədqiqat obyekti XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının təşəkkülünü şərtləndirən ədəbi-ictimai amillər və bu sahədə təşəbbüs göstərmiş maarifpərvər ziyalıların əməli fəaliyyəti olmuşdur. Azərbaycan uşaq poeziyası və nəsrinin təşəkkül və inkişaf tarixi, həmçinin milli uşaq ədəbiyyatının inkişafında, azərbaycançılıq ideologiyasının qorunmasında rolu olan ədiblərin şeir, hekayə və povestlərinin ideya-məzmun və bədii sənətkarlıq xüsusiyyətləri bu ədəbiyyatşünasların məqalə və kitablarında tədqiqatın predmetinə çevrilmişdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində uşaq ədəbiyyatında azərbaycançılıq ideyalarının təşəkkülünü şərtləndirən ədəbi-ictimai amillər.
Texnoloji sivilizasiya, informasiya partlayışı kimi məsələlər üzərində düşünərkən istər-istəməz bir neçə əsr öncələrə qayıtmaq lazım olur. Didaktikadan, öyüd-nəsihətdən maarifçiliyə yol alan uşaq ədəbiyyatının indi çağdaş dünyanın tələblərinə adaptasiya olunmaq cəhdləri bizi XIX əsrin sonlarının maarifçi dalğasına aparır, hələ millət kimi formalaşmayan toplumun şüur oyaqlığı məsələsini qaldıran milli münəvvərlərimizin bu yöndə əvəzsiz xidmətlərini yada salır. Bütün böyük əməllərin əsasında azad, böyük fikirlər dayanır. O fikirləri reallaşdırmaq əzmi, həyata keçirmək yolunda hekayə yaradacaq müqavimət hissi dayanır. Uşaq ədəbiyyatı da belə bir müqavimətin bəhrəsidir. XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik dalğasının formalaşmasında xidməti (hekayəti!) olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov, H.Qaradağski, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə, M.T.Sidqi, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Ə.Sabir və digərlərinin qüdrəti sayəsində uşaqlarımıza "Vətən dili"ndə xitab olundu. Dilçi alimimiz Tofiq Hacıyev yazır ki, "bizim bu gün işlətdiyimiz ədəbi dil norması "Vətən dili"nin və onun yolunu gedən XX əsrin əvvəllərindəki dərsliklərin dil normasının üstündə durur". Qürurverici faktdır. Bu şərəfli tarix bizim uşaq ədəbiyyatımızın layiqli simalarının zamanında sərgiləmiş olduğu milli ruh və idrak təəssübkeşliyinə bağlıdır. Həmin illərdə milli aydınlar maarifi, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər: "Elmin izzəti payidar olur,/Cəhlin nikbəti canşikar olur,/Hər kəs elm oxur, bəxtiyar olur,/Millət elmlə, bərqərar olur" (M.Ə.Sabir).
O zaman Səid Ünsizadə, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli uşaqların yaş və bilik səviyyəsinə, maraq dünyalarına uyğun əsərlər yaratmağı mühüm vəzifə kimi irəli sürməklə bahəm bir məsələnin də vacibliyini vurğulayırdılar: Uşaqlar üçün yazılan bədii əsərlər ana dillərində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərdə tutulmalıdır. Uşaqlar üçün yazılmış əsərlərin süjeti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövqlərinin və dünyagörüşlərinin inkişafına kömək etsin.
Həmin illərdə meydanda olan klassik əsərlərimizin - Ə.Xaqani, N.Gəncəvi, S.Şirazi kimi sənətkarların əsərləri, yaxud "Gülüstan", "Bustan", "Leyli və Məcnun" və s. kitabların heç biri Azərbaycan dilində deyildi. Bu əsərlərdə uşaq dünyası, onların yaş psixologiyası nəzərə alınmamışdı. Bu mənada, ziyalıların narahatlığı səbəbsiz deyildi. Məktəbin, maarifin faydasını anlatmaq, uşaqları oxumağa vərdiş etdirmək, mövhumat zəncirini elmin açarı ilə qırmaq əzminə inam hissi önə keçmişdir. XIX əsrin ortaları idi. Hələ meydanda milli şüurdan, milli tərəqqidən, milli düşüncədən söhbət belə getmirdi, amma əvəzində buna aparan ağır yolun yolçuluğu başlanmışdı. Elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı. XX əsrin əvvəlində uşaq ədəbiyyatı ilə məşğul olan aydınlar iki işi bir arada görürdülər. Onlar həm rus, avropa uşaq ədəbiyyatının ən yaxşı örnəklərini dilimizə çevirir, eyni zamanda həm rus, həm də türk şeirindəki "fransız modu"nun təsiri ilə mətnlər meydana qoyurdular. Məfkurə və amal hüdudsuzluğu sənətin də üfüqlərini genişləndirirdi. 1898-ci ildə hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə qədər çevrələnən bu estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət trayektoriyası cızılırdı.
XX əsrin əvvəllərində maarifpərvər ziyalıları - müəllim və yazıçıları uşaq mətnləri yazmağa təhrik edən səbəblərdən biri də məktəblərdə şagirdlərin mütaliəsi üçün qiraət kitablarının yoxluğu idi. Ona görə maarifpərvər yazıçılar ana dilində yalnız dərsliklər deyil, sinifdənxaric oxu üçün kitabların yazılması qayğısına da qalırdılar. Bu ziyalıları uşaq ədəbiyyatının bütün əhatə və çalarlığında inkişafı düşündürürdü. Yəni necə yazmaqla yanaşı, həm də nə yazmaq, hansı janrda mətn meydana qoymaq barədə narahatlıqlarını izhar edirdilər. Yalnız uşaq şeirləri, təmsillər, nağıllar deyil, həm də güclü hekayələrin yazılması onları düşündürən səbəblər idi. S.M.Qənizadə M.T.Sidqiyə yazırdı: "Hekayəsiz, nəsrsiz yeni ədəbiyyatı irəli aparmaq mümkün deyildir. Təəssüf ki, bəzi cavan şairlərimiz bu mətləbi düşünmür, hekayənəvisliyi şəni-şairliyə layiq görməyib baş qaçırdırlar".
XX əsrin əvvəllərində bu sahədə azərbaycançılıq ruhunu gücləndirən amillərdən biri də uşaq mətbuatının yaranması olmuşdur. Bu yöndə atılan bütün addımlar nəticəsiz qalsa da, nəhayət, "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907) kimi jurnalların nəşrə başlaması prosesi baş tutdu. Qısa zamanda qapanan bu jurnallardan sonra isə 1911-ci ildə təşkil olunan "pedaqoji kurs"un iştirakçıları uşaqlar üçün "Məktəb" adlı jurnal təsis etməyə qərar verib, bu işi həyata keçirmək üçün icazə aldılar. "Hər üç jurnal Azərbaycan uşaq ədəbiyyatının yaranmasında mühüm rol oynamışdır... Əsl uşaq əsərləri 1905-ci ilə qədər yox dərəcəsində idi. Yeni-yeni məktəblər açan, qiymətli dərsliklər hazırlayan M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M. Qənizadə və başqa yazıçı, şair və maarif xadimləri uşaq ədəbiyyatının gözəl və rəngarəng nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən sonra yaratmışlar" (Ə.Məmmədov).
Yeni tipli məktəblərin meydana çıxması, ana dilində dərslik və dərs vəsaitlərinin yaranması, maarifçilik dalğasının geniş intişarı, mətbuat şəbəkəsinin genişlənməsi, xüsusilə uşaqlar üçün jurnalların nəşrə başlaması - bütün bunlar uşaq ədəbiyyatının inkişafına təkan verən amillər idi. Bütöv bir ziyalı zümrəsinin milli təəssübkeşliyi sayəsində yaradılan uşaq ədəbiyyatı məhz, sağlam və təməlli başlanğıcdan nəşət tapdığı üçün bu gün də yaşama və var olma gücündədir.
***
İlk dərslik və uşaq jurnalları milli-mənəvi özünüdərkin mənbələrindən biri kimi.
XIX əsrin sonu XX əsrin əvvəlində ana dili dərslikləri yazmaq və onların hazırlanması üçün meydana M.F.Axundzadə, Səid Ünsizadə və S.Ə.Şirvani ilə bərabər dövrün digər milli münəvvərləri - M.Ş.Vazeh, M.N.Didə, M.Ə.Elxanov, A. O.Çernyayevski, S.Vəlibəyov, R.Əfəndiyev də atıldılar. Bu şəxsiyyətlər Azərbaycan dilinin tədrisində istifadə etmək üçün dərslik və oxu kitabları yazmaq, bu kitabların çapı məqsədi ilə mətbəə yaratmaq və s. naminə hər bir əziyyətə fədakarlıqla qatlaşırdılar. Məsələn, 1840-cı illərdə M.F.Axundzadə M.Ş.Vazehlə birlikdə Tiflisdə mətbəə açmağa çalışmış, lakin öz məqsədlərinə çata bilməmişdilər. Bu işi təxminən 40 ildən sonra Səid Ünsizadə Tiflisdə nəşrinə nail olduğu "Ziya" qəzetinin mətbəəsi ilə reallaşdıra bilmişdir.
Dərslik və oxu kitablarının yaradılması işinə XIX əsrin 40-cı illərindən başlansa da, əsrin 50-70-ci illərində həmin sahədə canlanma əmələ gəlmişdir. Ancaq bu sahədə birinci iş N.Dementyevin tərtib etdiyi "Əlifba" və ilk oxu kitabı hesab olunur.
Məktəblərin şəbəkəsi genişləndikcə ana dili dərsliklərinin və oxu materiallarının hazırlanması istiqamətində fəaliyyət və yaradıcılıq axtarışları yeni vüsət alırdı. Əsrin 70-80-cı illərində bir tərəfdən ruhani məclislərinin nəzdində açılan "Məclis" məktəbləri, digər tərəfdən də əsasən müstəqil olub xalqın və ayrı-ayrı cəmiyyətlərin və imkanlı şəxslərin vəsaitləri ilə fəaliyyət göstərən üsuli-cədid məktəbləri meydana çıxmağa və getdikcə artmağa başladı. Azərbaycan dilinə aid dərsliklər bir qayda olaraq, məşhur rus pedoqoqu K.D.Uşinskinin qabaqcıl təlim üsulları və dərsliklərinin nümunəsi əsasında hazırlanırdı. Təkcə ana dili dərslikləri deyil, şəriətə və tərbiyə məsələlərinə həsr edilmiş dərsliklər də K.D.Uşinskinin təliminə əsaslanırdı.
Uşinski təlim və tərbiyə işində Ana dilinin rolunu yüksək qiymətləndirmişdir. Onun irəli sürdüyü bu prinsiplər dövrün digər müəllim və pedaqoqları tərəfindən müdafiə edilərək tətbiq olunurdu. Bu halı biz Səid Ünsizadənin tərtib və nəşr etdirdiyi dərsliklərdə də görürük. Onun söz üsulu ilə tərtib edib özünün "Ziya" mətbəəsində çap etdirdiyi kitabın biri "Təlimül-ətfal, təhzübül-əxlaq" (Tiflis, 1882), digəri isə "Məktəb uşaqlarımız oxumaqdan ötrü sadə türki dilində tərtib olunmuş əqaid və nəsayeh risaleyi- mənzuməsidir" (Tiflis , 1883) adlanır.
M.N.Didənin 1857-ci ildə tərtib edib hazırladığı, lakin nəşrinə nail ola bilmədiyi "Kitabi-nəsayeh", Seyid Əzim Şirvaninin tərtib etdiyi "Rəbiül-ətfal", Mirzə Ələkbər Elxanovun 1880-cı ildə "Tatar (Azərbaycan) dili" dərslikləri də qiymətli işlər sırasındadır.
Bu illərdə yaşlı nəslin nümayəndələrindən olan H.Zərdabi, F.Köçərli, S,Ə.Şirvani və başqaları uşaqların oxusu üçün folklor nümunələri toplayıb çapa hazırlayır, yaxud həm orijinal əsərlərdən, həm də başqa dillərdən tərcümə və iqtibas etdikləri əsərlərdən yararlanaraq, dərslik, oxu kitabları hazırlayırdılarsa, R.Əfəndiyev kimi gənclər öz sələflərinin işlərini davam və inkişaf etdirir, bu istiqamətdə uğurlu addımlar atırdılar.
R.Əfəndiyev A.O.Çernyayevskinin "Vətən dili" dərsliyinin hazırlanmasına cəlb edilmiş və burada dərslik hazırlanması prosesinə yaxından bələd olmuş, öz müəlliminin iş metodunu mənimsəmək fürsəti qazanmışdır. Bu fürsət sonrakı illərdə Rəşid bəyin görkəmli bir müəllim-pedaqoq kimi yetişməsində və müəllimlik fəaliyyətində çox kömək etmişdir. O, özünün də etiraf etdiyi kimi, müəllim işlədiyi zaman dərslik sarıdan qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün əvvəllər qazandığı təcrübədən yararlanaraq, həm Puşkin, Jukovski, Krılov, Lermontov və Tolstoydan etdiyi tərcümələr, həm də xalq ədəbiyyatından toplayıb işlədiyi nümunələr əsasında bir dərslik tərtib etməyə başlamışdı. Ancaq həmin kitabın nəşri xeyli gec - 1898-ci ildə daş basması və "Uşaq bağçası" adı ilə İstanbulda baş tutmuşdu. Düz on il əvvəl - 1888-ci ildə isə A.Çernyayevski və S. Vəlibəyovun birgə tərtib etdikləri "Vətən dili" (II hissə) dərsliyi çapdan çıxıb oxucuların istifadəsinə verilmişdir (S.Bayramova). "Vətən dili" kitabının II hissəsinə uşaqların yaş və maraq dairəsinə, qavrayış səviyyələrinə uyğun orijinal və tərcümə əsərləri daxil edilmişdi. Həmin bədii nümunələrin əksəriyyətini Çernyayevskinin xahişi ilə Həsənəli xan Qaradaği qələmə almışdı.
Çağdaş ədəbiyyatımızın, milli məfkurə xəttinin formalaşma mərhələsi kimi XIX əsrin sonu XX əsrin əvvəllərinin mətnləri ciddi qaynaq hesab edilir və uşaq ədəbiyyatının da formalaşması sinxron olaraq eyni zaman kəsiminə təsadüf edir. Milli mətbuatın, maarifçiliyin, milli məfkurə dalğasının yaranışı və intişarı baxımından. Və belə bir düşüncə təlatümündə bu ədəbiyyatın faydalandığı, nələrisə əxz etdiyi, təsirləndiyi məxəzlər, müxtəlif ölkələrin mətnləri var ki, onların öyrənilməsi, müqayisəli şəkildə təhlil edilib üzə çıxarılması vacib məqamlardır. Dünya təcrübəsinin milli kontekstə daxil edilməsinin bütün cəhdləri öz şərhini, qiymətləndirilməsini gözləyir.
Böyük rus pedaqoqu Uşinskinin məşhur "Rodnoye slovo" dərsliyindəki mətnlərin sonradan Azərbaycanda yeni bədii düşüncənin formalaşmasında, xüsusilə də poetik sistemin yerdəyişməsində oynadığı rol, estetik sistemin transformasiyası, konkret desək, Azərbaycan şeir (nəzm) düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsi, mövzunun janrın təkamülü kontekstində araşdırılması, Qərb bədii düşüncə sisteminin Azərbaycana gəlişində və Azərbaycan dili, bədii düşüncəsi ilə qaynayıb-qarışmasında rolu, izi olan əsərlərin, müəllif yanaşmalarının tədqiqi həllini gözləyən məsələlərdəndir. "XIX əsrin sonlarına doğru Azərbaycan ictimai məfkurəsində, eləcə də bədii düşüncəsində və ədəbi dilində gedən proseslərdə "Rodnoye slovo" - "Ana dili" kitabının ayrıca rolunu üzə çıxarmaq, XX əsrin əvvəllərində iki təsir qüvvəsi - rus ədəbiyyatı və türk ədəbiyyatı ilə birbaşa təmasda olan yeni Azərbaycan ədəbiyyatının fransız ədəbiyyatı ilə də kəsişdiyi" (Məti Osmanoğlu) məqamlara diqqət etmək çağdaş ədəbiyyatşünaslığın, uşaq ədəbiyyatı ilə bağlı tarixi mərhələlərin yeni gözlə oxunuşunu labüdləşdirir.
Göründüyü kimi, XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının inkişafında canlanma yaranır. Bu işdə 1906 və 1907-ci illərdə Bakıda keçirilən I və II müəllimlər qurultayları, onların qəbul etdikləri qərarlar və milli uşaq mətbuatımızın yaranması da mühüm rol oynayır. Həmin hadisələr uşaq ədəbiyyatı sahəsinə gənc və yeni istedadlı nümayəndələrin gəlməsinə səbəb olur.
XX əsrdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında həm bədii yaradıcılığı, həm də dərslik nəşri sahəsindəki xidmətləri ilə böyük işlər görmüş ədəbi şəxsiyyətlərdən biri də Abdulla Şaiqdir. O, uşaq ədəbiyyatı sahəsində müxtəlif janrlarda bir-birindən məzmunlu və maraqlı bədii əsərlər yazmış, "Gülzar", "Türk çələngi", "Ədəbiyyat dərsləri" (H. Cavidlə birgə) və s. dərsliklərini hazırlayıb çap etdirmiş, "Şaiq nümunə məktəbi"ni yaratmışdır.
Milli uşaq poeziyasının inkişafında xüsusi xidmətləri olan şairlərindən digəri görkəmli satirik Mirzə Ələkbər Sabirdir. O, məktəbdarlıqla yanaşı, "Dəbistan" və "Rəhbər" jurnallarında, "Birinci il", "İkinci il", "Yeni məktəb" dərsliklərində, həmçinin "Səda", "Həqiqət", "Günəş" və s. qəzetlərində "Yaz günləri", "Uşaq və buz", "Qarınca", "Cütçü", "Molla Nəsrəddinin yorğanı", "Əskik alıb, artıq satan tacir", "Yalançı çoban", "Uşaqlara", "Analar bəzəyi" və s. şeir və mənzum nağıllarını yazmışdır ki, həmin şeirlərdən əksəriyyəti orta məktəb dərsliklərində yer alırlar.
XX əsrin əvvəllərində uşaq ədəbiyyatının mənzərəsini təsvir edərkən görkəmli şair Hüseyn Cavidin şeirlərindən yan keçə bilmərik. Hüseyn Cavidin yaradıcılığının ilk illərində yazdığı, uşaq qəhrəmanlarının taleyini mətnləşdirdiyi şeirləri, yaxud məşhur "Qız məktəbi"ndə şeiri dövrünə, hətta deyərdim, ölkə hüdudlarından kənarlara təsir edən sənət nümunəsinə çevrilmişdir. Ədəbiyyatşünas alim Azər Turan "Küsmüş mələk", Gülbaharın, Şərminin sevdikləri və sürreal qəfəs..." məqaləsində yaradıcılığının ən parlaq dönəmində, 47 yaşında artıq uşaqlar üçün yazmağa başlamış, "Şərmin balama", "Yetim", "Xəstə çocuq", "Mələkin quzusu", "Gəlin bahar", "Qırıq at", "İki yolçu", "Quşlarla yarış" kimi şeirlərindəki uşaq psixologiyası və taleyi məsələsinin qoyuluşu ilə artıq həyatı müəyyən dərk məqamına yetmiş böyük türk şairi Tofiq Fikrətin "Şərmin" şeirinə münasibətdə vacib bir məqama dəqiq vurğu salır: "Şermin"dəki "Muhallebim və müəllimim" şeiri qismən "Qız məktəbində" şeirini xatırlatsa da, Tofiq Fikrətin "Şermin"i 1914-cü ildə İstanbulda, Hüseyn Cavidin "Keçmiş günlər"i isə ondan bir il əvvəl Bakıda nəşr olunmuşdu".
Azər Turana görə, Cavidin "Qız məktəbində" şeirinin estetik qaynaqları XIX əsr fransız poeziyasının böyük ismi Bodler ruhundan zəmin alırdı: "Şəxsi örnəyində şairliklə müəllimliyin ilk əfəndi tipini yaradan Hüseyn Cavidin "Qız məktəbində" şeiri ilə Tofiq Fikrətin "Şərmin" şeiri hər ikisi dialoq əsasında qurulsa da, hər ikisi uşaq dünyasından bəhs etsə də, hər iki şeir struktur baxımından eyni olsa da (və nəzərə alsaq ki, dünya uşaq poeziyasında dialoq əsasında qurulmuş bu biçimli poetik mətnlər - şeirlər əvvəllər də olmuşdu, onda da var idi, sonralar da oldu, amma), "kimi daha çox sevirsən?" sualına cavab əsasında yazılmış Tofiq Fikrətin "Şərmin"i şəkilcə, Cavidin Gülbaharı isə həm şəkilcə, həm də estetik məhvərinə görə Bodlerin "Yabançı"sı ilə həmahəngdir.
***
1918-ci ildə müstəqil Azərbaycan Respublikasının bayrağı ucalacaqdı. Amma ona qədər mürəkkəb və xaotik, ziddiyyətli və kataklik, siyasi aşamalar və burulğanlarla zəngin dövr yaşanır, gərgin proseslər gedir. Xalqın milli məfkurə istiqaməti müəyyənləşdirilir. Bu dalğaya Əli bəy Hüseynzadə "türkləşmək, islamlaşmaq, avropalaşmaq", Cəlil Məmmədquluzadə "vətən, millət, dil" triadası ilə qoşulur. Davamlı olaraq, milli dil, birlik, istiqlal, azadlıq, milli ideya və amal məsələlərini qoyur, onun üçün savaşır, mücadilə edirlər. XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Abdulla Şaiq, Sultan Məcid Qənizadə, Rəşid Əfəndizadə və başqa aydınlarımızın sayəsində milli məfkurə məsələləri daim ön planda olmuş, xalqın, uşaqlarımızın maariflənməsi məsələsi kəskin ifadəsini tapmışdır. Vətən, millət, dil, hürriyyət, maariflənmək. Bu ədiblər bütün ömürlərini bu məqamlara hədəfləyərək yaşadılar. Yaradıcılığının bütün aspektlərində azərbaycançılıq amilinə istinad edərək vətənin, millətin və dilin varlığının qorunması yönündə aparıcı fəaliyyəti ilə seçildilər. Məsələn, Əli bəy Hüseynzadə uşaqlar üçün yazdığı "Bilgin qız və arı" şeirində türklük üçün birliyin, hürriyyətin əsas olması, bunun da yolunun kamaldan, maariflənməkdən keçməsi vurğulanırdı:
İstər bir fərd olsun, istər bir məşər, (xalq)
Hürriyyəti fəda edəməz bəşər?
Əbədi barışa yol bulmaq için
Təsanüdü (birliyi) əsas tanımaq istər!
Məsud olamayız, olsaq da arı
İnsanlığın yolu, ülgüsü ayrı!
Kamalın bulduğu yoldadır işıq
Bu işıqdır türkün qutlu şüarı!..
Eyni mövqeyi Əli bəy Hüseynzadənin qızı Feyzavərə yazdığı "Bağçamın ağacları" silsilə şeirlərində də görürük:
Xızırdan nişandır yaşıl yarpağım,
Haqqın sevgisilə yanar çırağım,
Umrana, rifaha işarətəm bən:
Sülhə əlamətdir dalım, budağım!.. (Zeytun)
Uşaq şeirlərini sadə, anlaşıqlı bir dillə qələmə alan Əli bəy Hüseynzadə burada da milli ruhunu, məfkurə istiqamətini qoyurub saxlayır. İttihad, birləşmək, sülhə çağırış, xalqın əsarətdən qurtulması ideyası əsas məram olaraq irəli sürülür.
Əli bəy Hüseynzadə "Nümunə məktəbi" məqaləsində uşaqlara ana dilinin öyrədilməsinin vacibliyi məsələsini əsas məram kimi irəli sürürdü: "Bir uşağın bu sürətlə öz ana dili ta ibtidadən ehmal olunub ona zorla əcnəbi dilləri təhsil edilirsə nə nəticə hasil olur? Şu nəticə hasil olur ki, uşaq iki-üç ilin ərzində əməgə müqabil bir dildə yazıb-oxumaq, bir dildə yazılan kitabları oxuyub anlamaq istərkən heç bir dildə nə yazmağı və nə də oxumağı bilməz. Asanlıqla öyrənə biləcəgi öz ana türkcəsi ehmal edildigi üçün türkcə bilməz, çətinliklə öyrəndigi farsi və ərəbi natamam qaldığı üçün farsı və ərəbi bilməz! Burası şayani-diqqətdir. Çünki şagirdlərin çoxu fəqir-füqəra uşaqları olduqları üçün iki-üç ildən artıq məktəblərdə qalmayıb atalarına, ailələrinə kömək üçün kəsbü kar dalına düşməgə məcburdurlar".
Böyük ideoloqun Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 5 martda olan təntənəli iclasda söylədiyi və elə həmin ilin martında "Ədəbi parçalar" dərgisində çap olunmuş nitqi var. Həmin nitqdə müəllif yazılan hər bir mətnin xalqa yaxın olmasının əhəmiyyətindən bəhs edir: "Bir gün soqaqda bir çocuq gördüm. Topla oynayırdı, topu yuxarı atdıqca, top geri dönüb aşağı düşürdü. Fəqət topu əvvəla yerə vurduqca, top əqəbində yüksəlirdi. Əsatirdən məşhur bir hekayəni xatırladım:
Bir pəhləvan, əsatiri bir pəhləvan digər pəhləvanlarla güləşdikcə bunlar onun arxasını daima yerə gətirirlərdi, fəqət yenəmiyorlardı və nəhayət kəndiləri məğlub olub tələf olurlardı. O pəhləvanlar güləşməyə, boğuşmağa hazırlanarkən yeni bir pəhləvan bu hal hikmətini bir həkimdən sordu. Həkim dedi ki: Yer o pəhləvanın anasıdır. Arxası yerə gəldikcə yerdən qüvvət bulur və rəqibini çəkiyor.
Onu bilmək üçün ayaqlarını yerdən üzməli, sonra havaya qaldırıb havada boğmalıdır və həqiqətən pəhləvanın ayağı yerdən kəsilincə tələf olub getdi!..
Ədəbiyyat da elədir. Xalqa enmədikcə yüksələməz. Əvvəla xalqa, köylüyə, əmələyə vəlhasil böyük kütləyə qədər enməli, sonra bunlarla bərabər yüksəlməyə çalışmalıdır. Böyük ədiblər, böyük alimlər, həkimlər çoxun içindən çıxa bilir, yoxsa tək-tük yüksəlmə burjuanın, aristokrasının içindən yetişəməz. Bütün millət ən aşağı təbəqatına qədər heyəti-ümumiyyəsilə yüksəlməli ki, içindən ədiblər, şairlər, sənətkarlar, böyük-böyük millət xadimləri çıxsın!.." ("Ədəbi parçalar", 1926, № 1).
Digər ədibimiz - Cəlil Məmmədquluzadənin yaradıcılığı da bizdə estetik özünüdərkin faktıdır. Milli ədəbiyyatımızın təkamül tarixini adətən, üç mərhələdə xarakterizə edirlər: islama qədər olan, islamla başlayan və Avropaya inteqrasiya edən üç ədəbi dövr. Cəlil Məmmədquluzadə yaradıcılığı bu üç qütbü birləşdirən yaradıcılıq faktı kimi doğuldu. Və ehtiva etdiyi tarixi təcrübəsinə görə yeni dövrün milli mədəniyyəti sırasına daxil oldu. Bədii mətnlər, publisistik yazıları, "Xatiratım"... Hamısı eyni estetik, həmçinin ideoloji-siyasi dalğanın içindədir Mirzə Cəlil yaradıcılığında. 1917-ci ildə yazılan "Rus məxrəci" məqaləsində müəllif satiranın dili ilə Azərbaycanı müstəmləkəyə çevirənlərə etirazını bildirirdi. Burada qoyulan məsələ xalqı idarə edənlərin öz doğma dilində danışmaması məsələsi idi: "Bunu hamı görür ki, bu saat Qafqaz müsəlmanlarını idarə edən şəxslərin heç biri müsəlmanca (türk dilində) yazıb-oxumağı bacarmır; nəinki bacarmır, bəlkə, belə fəxr eləyir ki, bacarmır". Yaxud "Qeyrət" məqaləsində "ana dili" məsələsi ilə bağlı belə bir məqam var: "Məlumdur ki, keçən ay Tiflisdə şəhər duması vəkilləri bir səs ilə qərar qoyublar ki, hökumətin orta məktəblərində ana dilinin qeyri dərslər dərəcəsində oxunmasını tələb etsinlər, həmin məclisdə bu qərara ermənilər də və gürcülər də qol qoydular". Bəs bizim ziyalılar necə? Məlum olur ki, məhz milli birliyin olmaması, eləcə də öz ana dilini lazımi səviyyədə bilməmələri səbəbindən belə bir ittifaqdan kənar dayanır. Bu, elə "Anamın kitabı"nda, "Dəli yığıncağı"nda ifadə olunan nigaranlıq, həyəcan və ağrı idi ki, görkəmli ədib vəziyyətin dramatikliyini yetərincə usta şəkildə inikas etmiş, qabartmış və ironiya predmetinə çevirmişdi.
Vətənin azadlığı məsələsi Cəlil Məmədquluzadə üçün xalqın birliyindən keçirdi. Bir araya gəlməyin yolu idi vətən sevgisi. Böyük ədib bədii mətn və publisist məqalələrində birlik məqamına həssaslıqla yanışır, xüsusilə publisist yazılarında fikirlərini daha açıq müstəvidə ifadə edirdi. Məşhur "Azərbaycan" məqaləsində Cəlil Məmmədquluzadə artıq üsyankardır, çağırışçıdır, öyüd-nəsihət verməklə deyil, xalqı oyanışa səsləməklə istiqlalçı obrazındadır: "Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!".
"Molla Nəsrəddin"çi alim Əziz Şərif yazır: "Öz bədii nəsri, dramaturgiyası, inqilabi fəaliyyəti ilə Cəlil Məmmədquluzadə yalnız doğma xalqına deyil, Yaxın Şərqin, islam aləminin istismar və zülm altında əzilən, cəhalət və nadanlıq zülmətində boğulan, azadlıq və səadət uğrunda bütün varlığı ilə vuruşan millətlərinə də tarixi xidmət etmişdir". Doğru fikirdir. Cəlil Məmmədquluzadə üçün vətən anlayışı bütün Şərq kontekstində götürülən anlayış idi və ən lokal səciyyədə bu, otaylı-butaylı Azərbaycanın azadlığı, milli birliyi səviyyəsində dərk olunurdu. Məsələn, "Azərbaycan" məqaləsində yazıçı şimallı-cənublu bütöv Azərbaycanın birlik məsələsini meydana gətirəcək qədər ideoloq idi: "Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçipapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb!".
XX əsrin əvvəllərində fəaliyyət göstərən bütün aydınlar əmin idi ki, bu yuxuya verilmiş, susdurulmuş xalq "tüstü içində boğula-boğula nicata müntəzir"dir. Buna görə ümidsizliyə qapılmadan işıq gələn bütün yollara doğru irəlilədilər. Və 1918-ci ildə qazanılan müstəqillik - milli-demokratik Azərbaycan faktı onların mücadiləsinin məntiqi yekunu olaraq öz sözünü dedi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!