XXI əsrin ədəbi tənqidi: ədəbiyyat söhbəti - Mətanət VAHİD

Mətanət VAHİD

 

Ənənəvi ədəbi tənqiddən qeyrisini qəbul etməyənlər nə qədər inkar etməyə çalışsalar da, bugünkü tənqidimizdə sürətlə "esseləşmə" prosesi gedir. Çağdaş ədəbi tənqidimizin "cavabdeh"ləri hətta fərqində olmasalar belə, bu prosesə qoşulublar - çoxusu janr təyinatı olaraq onu mətnlərinə tətbiq etməsələr də, essenin xüsusiyyətlərini öz təhlil və tənqid yazılarına gətiriblər. Tənqidi yaradıcılığı esseizm dominantlığı ilə seçilən tənqidçilər isə getdikcə daha böyük çoxluq təşkil edir. Buna görə "XXI əsrin ədəbi tənqidi" silsiləsi çərçivəsindəki yazılara  ədəbi tənqid\esseistika fərqi qoymadan bəhs etməyi məqsədəuyğun hesab edirəm.

Bundan öncə hər hansı bir ədəbi tənqidçinin öz obrazını yaratdığını xatırlamıram. "60 yaşıma 25 il öncədən T.Mustafayinin "Ədəbiyyat söhbəti" ilə gəldim" qeydi ilə AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas Tehran Əlişanoğlu bizə özünün yaratdığı esseist obrazını təqdim edir: "T.Mustafayi bir obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd Füzuli - Məcnunu, Migel de Saavedra Servantes - Don Kixotu. Məqsəd nədir; guya T.Mustafayi dağılmış, dağınıq vəziyyətdə olan ədəbi prosesin strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa edəsiymiş. Yəni təkbaşınamı?" Tehran Əlişanoğlunun yaratdığı T.Mustafayi obrazının timsalındakı "mən" konsepsiyası, mahiyyət etibarilə, yalnız ədəbi, yeri gəldikcə fəlsəfi, publisistik düşüncə və prinsiplərinə deyil, həmçinin bu məsələlərlə bağlı sonrakı etaplardakı inkişaf perspektivinə münasibətə də əsaslanır.

"T.Mustafayinin ədəbiyyat söhbəti" (2020) kitabındakı esselər ötən əsrin lap sonlarında yazılsa da, qaldırdığı problemlər mahiyyət etibarilə əsrimizin tənqidi düşüncəsindən fərqli deyil; məram, kontekst eynidir. T.Əlişanoğlunun bu günə 25 il əvvəl ərsəyə gəlmiş "söhbət"lə təşrifi də, bizim həmin söhbətdən XXI əsr ədəbi tənqidi kontekstində bəhs etməyimiz də, kitabın sanki aradan vaxt keçməyibmiş kimi aktuallığı ilə bağlıdır.

Tehran müəllimin kitabı geniş oxucu auditoriyasına deyil, "...filoloqların, ədəbiyyatçıların və ədəbiyyatsevər oxucuların marağına" hesablanıb. Nahaqdan deyil ki, oxucu probleminə, ötəri görünsə də, təkrar-təkrar qayıdır. "...bu bir əbədi-əzəli məsələ: - Sənətmi onu yetirir, omu sənəti?" Ədəbi prosesdə son illərə qədər də dəfələrlə müzakirə olunan və yəqin ki, bir yerə varılmayacağı ümidsizliyi ilə sonralar daha üzərində durulmayan tələb-təklif məsələsi. Elə bu problemi qaldırdığı "Sözünü o kəslərə de ki..." essesində olduğu kimi, məsələ yenə açıq qalır: "Bəli, belədir: - Ədəbiyyat söhbəti olan yerdə, - qulaq verirsənmi? - ədəbiyyat var..."

T.Mustafayinin geniş tematikaya (personaliyalar, ədəbi hadisələr və s.)  malik "söhbətlər"ində analitik təhlildən daha çox, düşüncə və təəssüratlar sonunda formalaşan yekun qənaətlər üstünlük təşkil edir. Elə buna görə önsözdə müəllif ədəbi söhbətlərinin ədəbi-tənqidi esseyə uyğun olduğunu yazır. Kitabın üzərində  isə janr "ədəbi-tarixi esse" olaraq bəlirlənsə də, mahiyyət etibarilə çox böyük fərq yoxdur. T.Mustafayi: "Mən janrı yaxşı bilirəm; və hətta həmişə o iddiadayam ki, məhz bu adla: Ədəbiyyat söhbəti ("ədəbi söhbət" yox ha!) - onu ədəbiyyatımıza mən gətirmiş, vaxtilə nə az, nə çox, yüz yazı yazmış (bax: "press-Fakt" qəzeti, 1995-1997) və elə ilk yazıdaca düsturunu vermişəm..." deyə, "ədəbiyyat söhbəti"ni ümumən yeni bir janr, esse tipi kimi məhz onun ərsəyə gətirdiyini iddia edir.

M.M.Baxtinə görə, söhbət janrı müəyyən bir ünsiyyət vəziyyətində yaranan dilin mövcudluğunun ilkin formasıdır. Mütləq şəkildə kiməsə ünvanlanmış olan bu janr özünəməxsus normativ ifadəyə malikdir. Söhbət janrında adresatın rolu vacibdir. Zira söhbət yalnız cavab reaksiyasının mövcudluğu halında mümkündür. T.Mustafayinin "Ədəbiyyat söhbəti" oxucuya müraciət etsə də, bir növ, sualla yanaşı, cavab haqqını da özündə saxlayan, ritorik  sual və nidalarla zəngin, monoloqlaşdırılmış dialoqdur. Elmi-nəzəri-estetik düşüncə üzərində intişar tapan söhbətlər yalnız oxucu ilə deyil, ədəbiyyatın özü, tarixi ilə də dialoqdur - qədim dövrdən başlamış orta əsrlərə, yeni və taa çağdaş dövrə qədər mətnlər və müəlliflərlə. Ən sıx-sıx üz tutduğu isə Füzuli, Mirzə Cəlil, Nəsimi, Sabir, Səməd Vurğun...

Müəllifə görə, ədəbi söhbət - daha çox ədəbiyyatətrafı söhbət, ədəbiyyat söhbəti isə - "ədəbiyyatın içindən gələn", ədəbi prosesi əks etdirən bir janrdır. Elə bu esselərdə də bütün məsələlər bilavasitə ədəbiyyat problemləridir. Cəmi 2 il ərzində yazılmış 100 esse bütünlüklə ədəbiyyatımızın dialektikasını əks etdirmək gücündə, tutumundadır.

Kitabdakı, demək olar ki, hər bir mətn ayrıca tezisdir: mövzu ətrafında yarana biləcək əksər sualları üzə çıxaran və çoxusunu dolayısı ilə cavablandıran. Əksərən bu esselərdəki hər bir növbəti sualı bir öncəkinin cavabı timsalında da qəbul etmək olar. Bununla belə, görünür, T.Mustafayinin niyyəti nəyisə aydınlaşdırmaqdan  daha çoxu - sual yaratmaq və oxucusunu "söhbətə" cəlb etməkdir. Ümumiyyətlə, tənqidçiləri\esseistləri oxuduqca bir şeyin də fərqində olursan ki, əslində, çoxunun niyyəti məhz bu diskursu formalaşdırmaqdır; adını necə qoyursa qoysun, həmkarlarını və oxucularını prosesin aktiv iştirakçısına çevrilməyə dəvətdir.

"Triumf, ya özünüfaş" essesində ədəbi hadisələrə, söhbətlərə oxucu reaksiyasının olmamasından bəhs olunur: "Mənlə oxucu arasında guya isə də, bir anlaşma var" deyə, müəllif "Mən" deyəndə Ədəbiyyatı nəzərdə tutur - "Bəli, Mən XX əsrəm - boşluqlar sakini, gər var idinsə, var-varlığın hanı? - etirafına bənd...". Bu illər ərzində bu acı gerçəklik dəyişməyib:  ədəbi tənqidimiz bu gün də etdiyi "söhbətlər"ə, açdığı diskurslara rəğmən əks-sədasızdır.

Burada çağımızın ədəbiyyatının mövcud durumundan bəhs edilərkən, əslində, inkişaf perspektivləri nişan verilir: "necədir?" və "necə ola bilər?". Tehran müəllimin ədəbi düsturlarında vacib formaya yer yoxdur, o, sadəcə, təklif edir, lakin israrla təklif edir, mövqeyini inamla nümayiş etdirir. "Söz sənəti, həm ədəbiyyat" essesində müəllif filoloqlara tələbələri ilə müzakirə etməsi üçün bir mövzu təklif edir: "Ədəbiyyat məfhumunun (mövhumunun) etimologiyasına dair". Əlbəttə, oxucu dərhal "bundan sadə nə var ki?!" cavabını verə bilər. Lakin müəllif məfhumun qapsadığı mahiyyətdən bəhs edir, "Pravda i vımısel geroiçeskoqo eposa" kitabında (1983) Rəhman Bədəlovun ədəbiyyatla bağlı fikirlərinə istinadla yola çıxır və sonda belə bir qənaətə varır: "Bəli, bizdə şeir də var, sənət də vardır, üstəlik, ədiblər... - nə qalır, bir Ədəbiyyat söhbətimi?.."  Bu fikir nədir - müəllifin yazanlar çoxdursa da, gerçək ədəbiyyat yaranmadığına vurğusumu? Elə təxminən 1 il öncə Qurban Yaquboğlu ilə müsahibəsində də Tehran müəllim məhz belə demişdi: "Ədəbiyyatımızda şedevr əsər görmürəm". Əsrin dörddə biri qədər zaman keçib, bu illər ərzində yüzlərlə əsər oxunub, təhlil-tənqid-şərh edilib və o vaxt ortada ədəbiyyat faktının varlığına şübhə etdiyi kimi, hazırda da ondan ağızdolusu danışmağın mümkünlüyünü real hesab etmir. Xeyli düşündürücü məqamdır.

Tehran Əlişanoğlunun bütün yaradıcılığı boyunca izlədiyimiz bir məqam - çağdaş Azərbaycan ədəbiyyatının yaranıb formalaşdığı zəmin məsələsi "Ədəbiyyat söhbəti"ndə qabarıq şəkildə əksini tapır: "...Əl-aqibət, çağdaşım, heç xəyalını azdırma, gördüyün, əsrimiz XIX əsr, milli bugünümüz milli dünən üzərində... - eləcə dindirilməyə amac...". Müəllif israrla vurğulayır ki, ədəbiyyatımızın çox böyük bir təcrübə qaynağı mövcuddur və bugünkü ədəbiyyatı yaradanların vəzifəsi onu inkar etmək yox, təcrübə və ənənəsindən bəhrələnərək yeni və əgər mümkünsə, daha yaxşısını ərsəyə gətirmək olmalıdır.

"Ədəbiyyat söhbəti" Azərbaycan ədəbiyyatından dünya ədəbiyyatı, çağdaş ədəbi prosesdəki gəlişmələrdən ədəbi-tarixi zəmin kontekstində bəhs edir. Burada ədəbiyyat bütün dövr və istiqamətləriylə birgə bir bütövdür, tamdır. Kitabın  qabarıq nəzərə çarpan cəhətlərindən biri də diqqət cəlb etməyən məqamların müstəviyə gətirilməsi, müəllifinin "köhnə söhbətlər"i yeni prizmadan çözmək cəhdidir, saysız-hesabsız ədəbi mövqelər içrə öz mövqeyini bəlli etmək, nümunələr əsasında sərgiləməkdir. Çünki "Mövqe - sənətçinin Sənətə görklü münasibətinin təsbitidir. Mövqe olan yerdə sənətçi də var." Çağımızın ədəbi tənqidində  düşündürücü, çox vaxt narahatedici məqamlardan biri də məhz budur.

XIX yüzillik barədə XX əsr qeydləri edən postmodern dövrün esseisti T.Mustafayi yeni dövr ədəbiyyatının, əsasən, Mirzə Fətəli Axundzadənin adı ilə bağlanmasını qəbul etmir, "Mənə qalarsa, XIX əsr - Azərbaycanda daha çox "Seyid Əzim əsri"dir" deyir və onu istər tipologiyasına görə, istərsə də "dünya ədəbi prosesi"nə uyğunluğuna görə daha müvafiq hesab edir. Bu barədə fikirlərini isə növbəti - "Seyid Əzim əsri" essesində açıqlayır; şairin aldığı təhsil, etdiyi təlim, yazdığı üslub və s. meyarlarla dünyaya daha yaxın olduğunu bildirir.

Müəllif "dünya şöhrəti" məsələsinə münasibət bildirərkən qeyd edir ki, M.F.Axundzadədən vaxtında xəbər tutan Avropa onu "özünün ekzotik təkrarı bilib bənd olmamışdı". Bu məqamda Mirzə Şəfi nəğmələrinin qısa zamanda böyük məşhurluq qazanmasına da diqqət çəkir, XIX yüzili sadəcə, xronoloji deyil, tipoloji hadisə hesab edərək, onu "mədəniyyət tariximizdə sanki özü var, izi yox" adlandırır. Tehran müəllimin klassik irsə bələdliyi onun tənqidçi və esseist kimliyi və nöqteyi-nəzərində, müasir dövrü əhatə edən hər növ mətnlərində bariz şəkildə ehtiva olunur.

"Ədəbiyyat söhbəti" çağdaş ədəbiyyatımıza tutulan tarixi-estetik güzgüdür, sanki "onu nə qədər inkar etsən də, qopmağa, yıxmağa çalışsan da, sən güzgüdə gördüyündən - özündən başqa bir şey deyilsən" deyir. Bu baxımdan Tehran müəllimin, demək olar, bütün mətnlərində müasir və klassik müəlliflərdən və məqamlardan bir arada - iç-içə bəhs etməsi, onları bir-birindən ayırmaması heç də təsadüfi deyil, onun tənqidi üslubu üçün tamamilə xarakterik amildir. Çünki "irs varislərindir" deyir.

Tehran Əlişanoğlunun ədəbiyyatla bağlı bütün söhbətlərinin içərisində Azərbaycan - azərbaycançılıq - millilik arayışı var. Elə qərbin timsalında - "dünya ədəbiyyatı" deyilənə aludə olan, milli ədəbiyyatımızı onun bir parçası olaraq görməyən oxucuya müəllif özümüzü - özümüzün olanı göstərməyə ehtiyac görür: "Sözünü o kəslərə de ki..." - bu "sovet adamı", bu Qərb standartları, bu da əbədi-əzəli Şərq... Bəs üçrəngli bayraq? "Bəs mənim ölkəmin varlığı hanı?" - böyük Səməd Vurğunun misrasıyla oxucuya bir az da ritorik sual verir sanki. Məqamı gəlmişkən, qeyd edim ki, kitabdakı esselərin, demək olar, hamısında allyuziya və reminisensiyalar yer alır - az qala, hər yeni fikirdə bir və ya bir neçə - müəllifin özünün və digərlərinin ədəbi-bədii mətnlərinə göndərmələr edilir. Buna görə hər bir ədəbi söhbətin altındakı qeydlərdə mətnə şərhlər verməyə gərək duyur.

Kitabın strukturuna gəlincə, müəllifin "çevrə" adlandırdığı 2 fəsildən - ibarətdir. Bəs niyə çevrə? Bu sualın cavabı mətnlərin məğzi, mahiyyətindədir. Belə ki, "Ədəbiyyat söhbəti" lap başlanğıcda qoyduğu məsələlərə yazı proesində ara-sıra qayıdır. Başlanğıc və son, düşüncələr və qənaətlər ardıcıllıqla deyil, paralel, hətta iç-içə əks olunur - çevrə yaradır. Çağdaş ədəbi prosesimizin çox vaxt böyük bir sual altına alınan inkişafı da elə "çevrəvari"dir.

Tehran müəllimin orijinal bir tənqidçi üslubu var - kimilərinə görə, çətin, anlaşılmaz, məncə isə klassik və müasir dilimizin bazasında formalaşan tamamən özünəməxus bir üslubu. Onun üslubuna xas zə(r)if ironiya bu kitabı da əvvəldən sona kimi müşayiət edir.

Beləliklə, ümumiləşdirsək, Tehran Əlişanoğlunun təqdim etdiyi "T.Mustafayinin ədəbiyyat söhbəti" kitabı bizə nədən və necə bəhs edir? Konseptual mətnlər toplusu olan "Ədəbiyyat söhbəti" modern milli ədəbiyyatın qət etdiyi yol və üz tutduğu istiqaməti incələyir, bütövlükdə Azərbaycan ədəbiyyatının mənzərəsini cızır - xronoloji ardıcıllıq pozulsa da, nəticə etibarilə məqsəd ənənələrə söykənən çağdaş ədəbiyyatın tarixən formalaşması və inkişafından bəhs edir və bütün bunlara çağdaşlıq mövqeyindən qiymət verilir.

90-cı illər Azərbaycan ədəbiyyatının müstəqillik dövrünün başlanğıcı hesab olunur və bəhsi gedən kitabdakı bütün esselər 1995-1997-ci illər arasında ərsəyə gələnlərdir. Müstəqillik özü ilə bərabər ədəbiyyatımıza nə gətirdi: söz azadlığı, yoxsa xaos? Bu kitabı oxuyarkən, hər şeydən öncə, bir tənqidçi-esseistin gözüylə müstəqillik dövrünün və oradan baxanda əvvəlki dönəm ədəbiyyatının necə göründüyünün fərqinə varmaq mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!