Cavanşir YUSİFLİ
1
Kitab elə bir şeydir ki, haçan, hansı istəklə rəfdən götürüb açsan məhz sənə lazım olan yerdən açılacaq. Heç kəsin kəşfi deyil bu, hamının bildiyi ancaq danışmadığı bir həqiqətdir. Və bu təkcə dini kitablara aid deyil, bəlkə onlarla heç əlaqəsi olmayan bir nəsnədir.
Ən müasir kitab belə qədimlərdən gəlir, ən ultra-müasir təşbehlərlə süslənmiş şeir, poeziya mətni belə, qədimlərin lap başlanğıcından süzülüb gəlir, dünya sonsuz və fasiləsiz prosesdir, burda qırıqlıq, arakəsmə, dəhliz, kulis adlı maneələr yoxdur. Ona görə bu tipli şeiri, bədii mətni oxumaq hər təsadüfdə düz alınmır, tuş gəlmir, sən onu yalnız qədim adam olaraq düzgün oxuya bilərsən. Və bu şəkildə oxuyanda birdən hiss edərsən ki, qədim dünyada sənin dilində danışılan sözləri hiss edirsən, sinədən açılmayan fəryadı ürəyində duyursan, belədə şeir, yaxud hansısa mətn səni öz dərinliyinə çəkir, ordan bu dünyaya qayıdana qədər çox şeyi unudursan, yenə öz "dilində" danışır, yenə gözlərinlə gördüyünü oxuyursan.
Ətraf, düz-dünya obrazı olmayan insanlarla doludursa, necə nəfəs almalı?
Ən düzgün oxu variantı tənhalıqdan, təklikdən gəlir. Bədii mətn səndən bu atmosferə köklənməyi istəyir.
Şeiri, bədii mətni yuxarıda dediyimiz "qədim adam" kimi oxumaq hansı anlama gəlir? Klassik dünya poeziyasında buna dəqiq işarələr var. Məsələn, Hafizdə.
Təkliyini belə tez təslim etmə,
Qoy daha dərinlərə işləsin,
Kəsib-doğrasın,
Dağıtsın,
Səni yedirib-doyursun
Əslində, bu, hər kəsə
nəsib olmayan ilahi təamdır...
Tənhalığın əlindən tut, buraxma, - yəni bu barədə ilahi təam mərtəbəsində düşünmək qəribədir. Şairin sözlərinə görə, onunla təmas səni mütləq dəyişdirir, yumşaldır, həm də sənə güc verir, başqalarına xüsusi həssaslıqla yanaşmaya təhrik edir.
Bu barədə fərqli mövqedən vaxtilə Borxes də yazmışdı (Sənə tənhalığımı, zülmətimi, ürəyimin aclığını verə bilərəm, ancaq bununla yaşaya bilərsənmi, bu təhlükə və məğlubiyyətlə?).
Belə bir şeir də var:
Haçansa yarı güldüm, yarı mən,
Görünmürdüm, yoxluğum güzgülərdə
yaşardı,
O görünməyən gül ki var... içimdə qalıb
həmişə,
Kor kimi əlləriylə gəzib itik düşəni,
Susub qalıb ömürlük,
adına yorğunluq deyək, üzücü...
Haçansa yarı qarğı, yarı səsdim,
İçimdəki mağaradan
çıxıb söz olmaq istəyirdim,
Həmişə,
Həmişə gözlərimi axan çaya zilləyib,
Başımı yana əyib,
Böyrü üstə uzanıb,
Baxır, baxır, susurdum...
Hə, nə vaxtsa yarı yara, yarı ahdım
Bir zamanlar nə o oldum, nə də bu,
Alovdum, su içində
Dərya kənarı - qəlbin tufanında
Sonuncu əksimi geyinib çıxıb getdim
Qəlbim damcı-damcı axdı qaranlığın təkinə
Yorğun, arğın, sustalmış... oturdum,
Gördüyüm yuxunun sahilində
Qan laxtası...
Müəllif - Elis Osvald. 1966-cı ildə doğulub, Britaniya şairidir. 2002-ci ildə Tomas Sternz Eliot mükafatını alıb. Onun bu fikri elə yuxarıdakı şeirinin "tənhalıq dərsini" də anlamağa təkan verə bilər.
"...Şair olmaq bacardığın qədər yaxşı insan olmaq kimi ciddi, uzun vaxt tələb eləyən və təbii bir prosesdir. Nəyisə ifadə etmək heç də yüksək təhsilin olmasına, yaxud poetik formaları beş barmağın kimi bilməyə dəlalət eləməz, bu, sadəcə, diqqət yönəltməkdir nəyəsə və orada ilişib qalmaq...". Bir də, içimdəki mağaradan çıxıb söz olmaq...
2
Dünyaya yenidən gəlmək, yenidən qayıtmaq və bütün bunların insanın yaşayıb-öldüyü, yaxud ölüb-yaşadığı dünyayla bir başqa dillə bəhsləşməsini şərtləndirir, insan dünyanı anlamaqdan, dünyanın, bu sonsuz və mürəkkəb aləmin, strukturun onu anlamasını istəyir, bu istək baş tutmadıqca bir də dünyadan gedir, bir də dünyaya gəlir, dünya bir struktur kimi onun tanrıyla görüş yerinə çevrilir. Şeirin arxetipik düşüncə tərzi onun içindəki ehtirasın mətnin sərhədlərindən kənara adlamasını tələb edir. Mən artıq bir dəfə bu barədə yazmışam, 10-15 il bundan əvvəl "Zamanı ötən şeirlər sorağında" (1996) adlı bir yazı qələmə almışdım və onu Aydın Məmmədovun xatirəsinə həsr etmişdim. Bunun özü təsadüfi deyildi. Aydın Məmmədovun müasir ədəbi proseslə bağlı yazdığı bir məqalə "Zamanla səsləşən şeirlər sorağında" adlanırdı. Bu fikirdəydim ki, şeir zamanla səsləşə bilməz, onunla bəhsləşə və onu ötə bilər. Bu iki yazı arasında bir yuxu gördüm, yuxuda Aydın Məmmədov stolun üstünə bir şeir qoydu, o şeirdən bu misralar yadımda qaldı:
Sənə bir söz deyəcəm,
Gözün dolandan sonra.
...Sənə bir söz deyəcəm,
Hamı öləndən sonra.
Ramiz Rövşənin "Tabut" şeirindəki əbədi qovğa, həyatla ölüm arasındakı çarpışmalar Ramizin başqa şeirlərində də ifadə olunub. Bu tipli şeirlərdə obrazın özünün formalaşma prosesi spesifik və son dərəcə orijinaldır. Belə ki, obrazın içindəki bütün artıq elementlər son hüceyrəsinə qədər sıxılıb atılır, obraz strukturu son nöqtəsinə qədər sıxılır ki, ordan açılan dünya hər elementi və hüceyrəsi ilə bizə doğmadan-doğma olsun, adının çəkilməsi ilə bizi həyəcanlandırsın, həyatın nə qədər məsuliyyətli, ölümün nə qədər doğma olması fikri adi həqiqət kimi aşılansın. Həyatdan qopmağın ağırlığı və çətinliyi elə obrazların vasitəsilə verilir ki, ölümü də, həyatı da bütün qəlbinlə sevirsən, özünkü bilirsən, hissiyatın bu elementlər üzərində köklənir.
Bu şeirdə dünyanın ən məşum məqamlarını qəribə nağıl sehrinə bürüyür, nağıl - belə demək olarsa, insanı xilas eləyən janrlardandır. Nağıl, əslində, yuxu janrıdır. Nağıllarda göydən üç sehrli almanın düşməsi, insanı doğmalıq, məhrəmlik və sehr adlı duyğuların düyünlənən yerində saxlamaq strategiyası insana böyük sevginin, tanrıya tapınmağın yoludur. Bu yol ölümdən də nağıl kimi keçir, bu nağıl üstündə uşaqlığın bizdən qopan hissələrinin "yaddaşını" bərpa edir, məhz bu üsulun, Ramiz Rövşən şeirində dövr edən yaddaşın gücünə ölüm (insan) ağacdan meyvə kimi dərilir, torpağın üstünə düşür, bu cazibə sahəsini aşmaq, qırmaq, qarşısını almaq mümkünsüz olduğundan bizə ancaq bu qəribə nağıla qulaq kəsilmək qalır. Bu mənada Ramizin şeirlərində (ölümlə bağlı şeirlərində) ağ-qara rənglərin bir-birinə keçidi, hər ikisinin bir canda birləşib yolu ayrılıqda keçmələri, ümumiyyətlə, insan duyğusunun adi güzəranda açılmayan qatlarının aşkarda yox, bir anlığa, anın insan üzünə görünməyən qəlpəsinin bətnində çözülməsi, səsin pıçıltı tərkibində əslində, bu dünyada baş verməyənlərin ani görünməsi, süzüb keçməsi, insanı qəribə, izaholunmaz duyğuların əlində buraxması yaddaşın qəribə xüsusiyyətləri ilə bağlıdır.
Bu şeirdə ölümün təşrif gətirməsi sakral bir ayin kimi qeydə alınır, ölüm gələn kimi, zamanların bir-birinə qarışması həm də, necə deyərlər, zamanların birindən digərinə keçidi də ehtiva edir. "Yuxu janrının" xüsusiyyətlərinə uyğun olaraq, ölümlə zamanların qapısı ağzına yetişən insan bir az əvvəl qonaq olduğu gerçəklikdən uzaqlaşdıqca bu məmləkətin torpaqlarından bir də keçir, sükutun içində qəribə dünyalar kəşf edilir, "yuxuda" gördüyün yerlər ilğıma çevrilir, yuxuda bir az əvvəl olduğumuz reallığın tərs üzü yaşanılır, bu məmləkətdə insan əvvəlcə ölür (susur...), sonra dünyaya gəlir, hər şey yaşadığın ömrü xatırlatsa da, gözünü yuxudan aça bilmirsən, bu arxetipik düşüncə tərzi özündə əvvəldən axıra və əksinə sonsuz qayıdış və dönmələri ehtiva edir, bu eynən nağıl strukturundakı bir-birinə keçən, dünyanın o üz-bu üzünü güzgü kimi göstərən təkrarları xatırladır. Şeirdə bu təkrarlar aşıb-daşan sellərin hər dəfə uc-uca calanıb yeni təbəddülatlar doğurmasını andırır. Dünyanın o baş-bu başında şahə qalxan sellər toqquşanda (insan qəbirə qoyulan kimi) hər şey qaçılmaz şəkildə əvvələ qayıdır, insan təzədən dil açır, böyüyür, bir də ölür, bir də dirilir və beləcə sonsuza qədər... Həyatın, gerçəkliyin bu şəkildə qavranılması və ifadə edilməsi şeirin dilini yeni çalarlarla zənginləşdirir, dilin dərinlik ölçüsü bütün parametrləri ilə görünür, dərinlik artıqca predmetlərin mətn daxilində bir-birlərinə çevrilmələri qarşısıalınmaz stixiyaya çevrilir, Ramizin poetikasında polifoniya bu şeirdə xüsusi modusda reallaşır.
Hələ çiyinlərdə gedir tabutun,
Qəbrinin ağzı da açıqdır hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
Sənin sükut payın nə çoxdu hələ!..
Ən rahat, qorxusuz yoldasan indi,
Dünyanın ən təmiz, ağ donundasan.
Bircə Allah bilir, hardasan indi;
Ömrün əvvəlində, ya sonundasan.
Sən indi yumsan da gözünü, -
Bəlkə
O sönən ağlınla nəsə qanırsan.
Beşikdə bilirsən özünü bəlkə,
Astaca-astaca yırğalanırsan.
Bəlkə sən deyilsən tabutda gedən,
Bəlkə doğrudan da, körpə uşaqsan.
Tabutun qəbrinə çatana qədər
Təzədən böyüyüb dil açacaqsan.
Hamı quruyacaq getdiyi yerdə,
Sən axı onlara nə deyəcəksən?!
Bəlkə, bu dünyayla bir ayrı dildə
Danışıb-dərdləşmək istəyəcəksən.
Heç kəs qanmayacaq dilini onda,
Danışıb-danışıb yorulacaqsan.
Təzədən çatacaq ölümün onda,
Təzədən tabuta qoyulacaqsan.
Sus daha!.. susmağı öyrən bu başdan,
Bəxtinə yazılıb bu sükut axı.
Nəyinə lazımdı: hansı ağacdan
Kəsilib-düzəlib bu tabut axı?!
Gedər əsə-əsə bu qara tabut,
Qorxma, səni yolda salıb-itirməz.
Yüz il bar gətirsə bu qara tabut,
Bir də səndən gözəl meyvə bitirməz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!