Rüstəm KAMAL
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixinin maraqlı simvollarından biri olması qətiyyən şübhə doğurmur. Haqqında bədii əsərlər (M.İbrahimovun "Pərvanə", Ç.Hüseynovun "Doktor N." romanları, N.Həsənzadənin "Nəriman" poeması…) yazılıb, "Ulduzlar sönmür" filmi çəkilib. Paytaxtda möhtəşəm abidəsi qoyulub.
Bu gün də onun ictimai-siyasi fəaliyyəti, mürəkkəb, zəngin şəxsiyyəti müzakirə obyektidir. Onu müqəddəsləşdirənlər, faciəli taleyinə haqq qazandıranlar da var. Məsələn, İsa Muğanna ona yüksək qiymət verirdi, hətta SAFAĞ elminin daşıyıcısı kimi sakrallaşdırırdı.
İsa Muğannanın mistik fəhminə isə inanmaq istəyirsən!
Məndən ötrü Nəriman Nərimanovun ömür və yazı təcrübəsi bir konseptual metaforanın gerçəkləşməsi kimi maraqlıdı. C.Lakoffun nəzəriyyəsinə görə, metafora konseptual sistem sferalardan (sfera-mənbə) birinin başqa sferaya (sfera-məqsəd) proeksiyasıdır. C.Lakoff və M.Conson "Biz yaşadığımız metaforalar" əsərində hesab edirlər ki, konseptual metaforalar sadəcə bir xəyal uçuşu deyil, onun əsasında cismani (hissi) təcrübə durur.
Bu "uçurum" metaforasıdır ki, Nərimanovun təhtəlşüurunda çox fəaldır, bütövlükdə onun ideoloji düşüncəsini, əsərlərin süjet strukturunu və ideyasını müəyyənləşdirir. Bahadır Sonaya yazdığı məktubda "uçurum dərələrin" mövcudluğunu etiraf edir: "Mən ancaq camalınıza aşiq olsaydım, mənim üçün şübhə yeri qalardı. Yox, camalınızı da sevirəm, ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əvvəla, necə olar bilər ki, bizi "uçurum dərələr" ayıra".
Bahadır vəsiyyətində də bu "uçurumları" lənətləyir: "Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Ah, insanları bir-birindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz. Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız…"
"Bahadır və Sona" sadəcə bir nəsr təcrübəsi deyildi, həm də siyasi inancının bədii sübutu idi. "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı hesabat xarakterli məruzəsində (surətləri İ.Stalinə, L.Trotskiyə və K.Radekə ünvanlanmışdı) öz romanını bir daha xatırlayır, onu xalqlar dostluğu mifinə sədaqətinin bariz nümunəsi kimi təqdim edir: "Mən "Bahadır və Sona" romanının müəllifiyəm. Bu romanda nəcib, ağıllı və ismətli, oxumuş, öz xalqını sevən erməni qızı Sona ilə eynən onun tayı olan müsəlman tələbəsi Bahadırın obrazı yaradılmışdır. Bir-birini çılğın məhəbbətlə sevən və eyni zamanda "milli hiddətdən qorxan bu iki gənc onları bir-birindən ayıran "uçurum dərəni" yox edib vüsala gəlməyə çalışır… Onlar arzularına yetməyib məhv olurlar, amma inanırlar ki, xoşbəxt günlər gələcək, bütün bu süni ənənələr, əngəllər, uçurum dərələr yox olub gedəcək, Azərbaycan, erməni, gürcü, rus sözləri aradan götürüləcəkdir".
Hakimiyyət ehtirası əsl kommunistlərin çoxunu korlamışdı. Hökumətdə təmsil olunan bəzi qüvvələr "şəxsi mənfəətləri üçün sovet Azərbaycanını simasızlaşdırır və onun mənafeyini topdan və pərakəndə satırdılar".
Onun siyasi fəaliyyəti Bakıda da, Mərkəzdə də qısqanclıqla izlənilirdi.
Orconogidze, Stalin onu sevmirdi, Kirov və başqaları sözünü eşitmirdi.
Ermənilər min bir hiylə və fitnə ilə onu təkləmişdilər. "2-ci Mərkəzdə oturmuş erməni daşnak kommunistlərinin iyrənc işi" nəticəsində keçmiş məsləkdaşları - "nərimanovçular" uzaqlaşmışdılar. Müsəlman kommunistlərin ona qarşı çıxmasına nail olmuşdular. Partiya sıralarına soxulmuş məkrli erməni fırıldaqçıları ifşa etməyədoktor və yazıçı Nərimanovun gücü çatmırdı, "bədbəxt Azərbaycanın belə vicdansız fırıldaqların əlində oyuncağa çevrildiyini" müşahidə etməkdən başqa çarəsi qalmamışdı.
"Ucqarlarda inqilabımızın tarixinə dair" adlı sənəddə partiyadaxili ziddiyyətləri, siyasətdəki yanlışlıqları və səhvləri bir-bir qeyd edir və proqnostik qənaəti ilə Mərkəzi inandırmağa çalışırdı ki, "tarix bizim iflasa uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsin. Qabaqcadan demək olar ki, biz uçurumun kənarındayıq".
Halbuki artıq özü uçurumda idi.
Çox inandığı Lenin də onu aldatmışdı. Leninə məktubu aldadılmış (və təhqir edilmiş) insanın son fəryadı idi: "Əziz Vladimir İliç, məgər "Müstəqil Azərbaycan" Sizin dilinizdən çıxmamışdımı? Axı, məhz buna inanaraq biz Musavatın qurduğu fitnəkarlığı məhv edə bildik".
Mərkəzlə Bakı arasında uçurum aradan qalxmamışdı. Daşnakların güclü təzyiqi və fitnə-fəsadı altında Dağlıq Qarabağa muxtariyyət verilmişdi. Gürcüstanın, Ermənistanın mustəqilliyi qeydsiz-şərtsiz tanındığı halda, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. ("Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz...")
Artıq idealları məhv olmuşdu. Bütün şüurlu, mücadilə dolu həyatını bu idealların gerçəkləşməsinə həsr etmişdi. Balaca Nəcəfi də buna hazırlayacağına ümid edirdi: "Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olar ki, heç olmasa, daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən".
Məktub ölümündan təxminən iki ay əvvəl yazılmışdı.
Bu saxta ideallar, ağılsız ideyalar hətta bir vaxtlar onu elə fanatikləşdirmişdi ki, təqaüdü ilə oxuduğu, "millət atası" Hacı Zeynalabdin Tağıyevlə "açıq amansız müharibəyə başladığını" fəxrlə bəyan etmişdi.
O, insanları bir-birindən ayıran siyasi, iqtisadi uçurumları məhv edəcəyinə inanmışdı. Amma özü bu uçurumların qurbanı olmuşdu.
O, millətini çox sevirdi. Bütün fəaliyyətini millətə, bəşəriyyətə xidmət kimi qəbul etmişdi, "ümumi xeyri nəzərdə tutmuşdu".
Nadir şah da son nəfəsdə gözlərini çıxartdığı oğluna bunu etiraf edir: "Ümumi xeyir nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf etmişəm. Oğlumun gözlərini vətənə qurban vermişəm… Biçarə anasını axirətədək gözü yaşlı qoymuşam. "Pərvərdigarə! Özün kömək et bu başsız millətə!.." ("Nadir şah").
"Uçurum" həyat-ölüm metaforalarından biridir. Yadınızdadırsa, Nəriman Nərimanov kiçik bir etüddə Volqa çayında dalğalarla çarpışan qayıqçıların təsvirini verir: "Zorba ləpələr paraxodun hər iki tərəfindən, şiş səslə bir-birini qovurlar. Rastlarına gələn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçə arşın yuxarı qaldırırlar. Dağın başında bir uçuruma düşən şey balıqçılar bu ölüm çanağında daha yuxarı qalxırlar, gah birdən quyuya bənzər iki ləpə arasına düşürlər. Fikir edirsiniz. Budur, qayıqçılar hazır suya qərq olacaqlar…" ("İdil kənarında")
Əslində bu metaforanı Doktor N.-nın bütün ömrünə şamil etmək olar. Zamanın amansız fırtınası ilə çarpışan və sonda əldən düşüb uçuruma yuvarlanan qayıqçı onun özü idi…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!