Vaqif YUSİFLİ
"Hər kəsin poeziyası həyatın adilikləri qarşısında titrəyirsə, hər kəs yalnız yüksək predmetlərdən ilhama gəlirsə, o, hələ sənətkar şair deyildir. Həqiqi sənətkar üçün həyat haradadırsa, poeziya da elə oradadır" (Belinski).
V.Q.Belinskidən gətirdiyim bu sitatın müasir şairlərimizin hamısına aid ola biləcəyini şəksiz qəbul edirəm. Bəli, "həyat haradadırsa, poeziya da elə oradadır" - bunu sübut etmək üçün mən şeirimizin magistral yollarında uzun illərdən ilham atını səyirdən Vaqif Bəhmənlinin son illərdəki yaradıcılığına üz tuturam. Xatırlayıram ki, Əkrəm Əylislinin "Azərbaycan" jurnalında fəaliyyətə başladığı ilk illərdə - 1977-ci ildə Vaqif Bəhmənli, Eldar Baxış və Vaqif Cəbrayılzadənin şeirləri o jurnalda ədəbiyyata həqiqi vəsiqə əldə etdi və bundan sonra Vaqif Bəhmənli də istedadlı bir şair kimi etiraf olundu. O illərdən üzü bəri Vaqifin sayını-hesabını itirdiyim şeir kitabları çap olundu.
Vaqif Bəhmənli doğrudan da, çox yazır, məhsuldarlığı ilə öz ədəbi nəslinin bütün üzvlərini ötüb keçir. Zənnimcə, bunu ona heç cür irad tutmaq olmaz, 66 yaşda bu tempdə, belə yorulmadan şeir yazmaq doğrudan da, şairlik potensialının tükənmədiyini, əksinə, "şimşəkdən qanad aldığını" sübut etmirmi?
Vaqif Bəhmənli illərdə onu nə düşündürürsə, həyatın, gerçəkliyin və özünün daxili dünyasının hissiyatlarını şeirə gətirir. Mən onun hər gün şeir yazdığı fikri ilə razılaşmıram, amma o, hər gün şeirlə yaşayır və şeirsiz bir günü olmur fikrinə daha çox inanıram. Vaqif doğulduğu Qarabağın - onun zümrüd tacı adlandırılan Şuşanın həsrətini çəkirdi, Şərq-Qərb müqayisəsini, iki bir-birindən fərqli mövcudluqdan söz açırdı, qocalar məclisindən, köhnə fotodan, yaradıcılıq prosesindən, kişi nəfəsindən, anti-məhəbbətdən, hal-qəziyyədən, zəmanə uşaqlarından, qarabasmadan, qorxulu nağıldan, nifrətdən və onun əksi məhəbbətdən, təbii ki, yaşının bu vaxtında payızlaşan sevgisindən və təbii ki, günün reallıqlarından söz açır. Koronavirus bəlasına qarşı da "On yeddi "Koronavirus" nəğməsi şeirini yazır, onun üçün vəzn problemi də yoxdur, təki ortada ŞEİR olsun. Bir də görürsən ki, hiss və duyğularını bənd-bənd dördlüklərə də səpələyir. Bunlar mövzu və kəmiyyət məsələsidir. Amma Vaqif Bəhmənlini bir şair kimi səciyyələndirməli olsaq, mövzu və kəmiyyət məsələsi ikinci plana keçir.
Bugünkü şeirimizlə bağlı yazılarda, fərdi üslub, şairin özünəməxsusluğu ilə çox az maraqlandığımız etiraf olunmalıdır. Bizlər çox zaman hər hansı şairin özünəməxsus poetik kefiyyətlərindən söz açmaq ehtiyacını nəzərə almırıq. Təhlillərimiz əsasən haqqında söz açdığımız şairin bir neçə səviyyəli şeiri üzərində qurulur, amma "orta temperatur" həddində ilişib qalan və o bir neçə yaxşı şeirinin adekvatı olmayan şeirləri isə... yaddan çıxır, unudulur. Halbuki, şainin yaradıcılığı bütöv halda təhlil olunmalıdır. Və ən ümdə bir məsələ: axı, haqqında söz açdığımız şair müasir poeziyamızın gur axınında öz imzasını "övrəqi ədəbiyyatda" yaşada bilirmi? Gəlin, elə bu suala Vaqif Bəhmənlidən başlayaq.
Vaqif Bəhmənlinin şeirlərinin əksər qismində predmetə, əşyaya, maddi və mənəvi anlayışlara, keçmişə və bu günə aid olan hadisə və olaylara poetik münasibət təşkil edir. Təbii ki, onun şeirlərində fikir heç bir zaman şeirin əsasını təşkil etmir, belə olardısa, o zaman onun şeiri daxili hərarət və poetiklikdən məhrum olardı. Deməli, hər hansı şeirin əsasında dayanan fikir mütləq poetik məna kəsb etməlidir, özünün obrazlı ifadəsini tapmalıdır. Vaxtilə Məmməd Arif Rəsul Rza şeirinə qiymət verərkən də yazmışdı ki, şeirdə fikir poetik rənglər, səslər, sözlər, ahənglər, təsirli məcazlar, tutarlı təşbihlər və metaforalar vasitəsilə ifadə olunur. Hansı bir görkəmli şair isə yazırdı ki, mən şeir yazanda əşyalar, predmetlər qarşımda diz çökür, mənə yalvarırlar ki, məni öz adiliyimdən, olduğum vəziyyətdən xilas elə, təzəlik qazanım.
V.Bəhmənlinin on üç il əvvəl yazdığı "Sevgi nədir" şeirinə diqqət yetirək:
Sevgi qədim bir adətdi,
Səni candan alır, alır...
Çox qəribə ibadətdi -
Canı dindən alır, alır.
Durma, cala baxtı baxta,
Say ki, yatır şah budaqda.
Sevgi güldü şah budaqda -
Əllə üzsən, solur, solur.
Olmaz deyib and eləsən,
Qollarını kilidləsən,
Qırx qıfıla bənd eləsən
Sevən kamın alır, alır.
Canın yetim quzusudu -
Mələrtisi ruzusudu,
Sevgi alın yazısıdı;
Məzarda da qalır, qalır...
Və bu şeir onun anlamınca sevgi nədir sualına cavab verir.
Ümumiyyətlə, Vaqif Bəhmənli predmetləri poetik mənalandırmada ustalıq nümayiş etdirir desəm, bunu onun şəninə söylənilən bir tərif hesab etməyin. Sadəcə, bu fikirlə mən həqiqəti ifadə etmiş oluram. Son illərdə (qalibiyyətimizdən əvvəlki illərdə) Qarabağ harayı şeirimizin səs-söz mənzərəsindən əskik olmurdu (yazılan şeirlərin bir çoxunun bədii tutumu zəif olsa belə). Vaqif Bəhmənlinin 2016-2017-ci illərdə Qarabağa həsr etdiyi dörd şeirində isə təşbehlər silsiləsi durna qatarı kimi göz oxşayır. Əlbəttə, şeirimizdə illərdən bəridir ki, Qarabağ obrazı kifayət qədər canlandırılıb, amma Vaqif Bəhmənlinin o dörd şeirində 1992-2019-cu ilin kədərli Qarabağı o qədər reallıqla əks olunub ki... Baxın:
Tağı solan yemişlik,
ot-alaq Qarabağdı.
Biləsuvar, İmişli,
Qarabağ, Qarabağdı.
Çör-çöp basan bərə, tin,
uçqun haray, nərilti,
Balta, dəhrə, kərənti,
çin, oraq, Qarabağdı.
Bağı qara gül açan,
yardımlara əl açan,
Dərd əlindən dil açan
lal uşaq... Qarabağdı
Köysündə çalın-çarpaz
Qoşa dağ... Qarabağdı.
Əlbəttə, Vaqif Bəhmənlinin poetik mənalandırmalara meyil etməsi klassik və müasir poeziyamızın ənənələri ilə bağlıdır. Füzulidə, Nəsimidə, Molla Pənah Vaqifdə, Aşıq Ələsgərdə, Sabirdə, Səməd Vurğunda, Rəsul Rzada, Bəxtiyar Vahabzadədə, Məmməd Arazda fikrin poetik ifadəsinə aid yüzlərlə misal gətirmək olar. Amma kökə, ənənəyə bağlı olan V.Bəhmənlidə bu manera neçə əsrlik şeirimizin davamıdır.
Vaqif Bəhmənli desəm ki, sırf ovqat şairidir, səhv etmərəm. Real həyatda baş verən və onu düşündürən hadisələr birbaşa ovqata, əhval-ruhiyyəyə təsirsiz qalmır, bu sarıdan bizim əksər şairlərimizdən misallar gətirmək olar. Amma Vaqif Bəhmənlini fərqləndirən odur ki, onun ovqat üzərində köklənən şeirləri adi məişət detallarından tutmuş, maddi, mənəvi sferalara qədər irəliləyir. O, evindəki telefondan şeir yazır və bu şeirdə onun ovqatına təsir edən odur ki: "Qoca telefonum can çəkir küncdə, mobil telefonum gülməkdən ölür". Amma bu "qarşılaşdırmada" ovqatda müxtəlif assosiasiyalar yaradır. Ev telefonu şüşədə çırpınır, "Atamdı, anamdı ev telefonum, ölüblər, yetişmir səsləri mənə" - "Nə həmən Ağdam var, nə Füzuli var, telefonçu qızlar qırx ildi laldı" və s. Vaqifin sevgi şeirlərinə də ovqatın, əhval-ruhiyyənin ifadəsi kimi baxırıq. Amma qeyd edək ki, Vaqifin digər şeirlərində olduğu kimi, sevgi şeirlərində ovqatın dəyişməsi prosesi baş verir. Tək qoca, iki gözəl... Bu qoca gözəllik qarşısında heyrətdədir, tərif yağışını əsirgəmir. Amma: "Cüt gözəl, tək qoca... işi çətində, nöqtəcə yalan yox hekayətimdə. Mən yerə quylandım xəcalətimdən, beyqəfil apardı, tər ikisini!". Amma Vaqifin elə sevgi şeirləri də var ki, qətiyyən bizim poeziyamızın ən gözəl sevgi şeirlərindən geri qalmır. Hiss olunur ki, bu şeirlərdə yaşanılan hisslər çox təbiidir, üstəgəl, şeirin əksər misralarına hormuş təzə təşbehlər...metaforalar. Amma içi sevgi ilə dolu Vaqif Bəhmənlinin son sözü bu olur ki:
Altmış il yaşadım, axır ki, mən də
Məcnunun on yeddi yaşına çatdım.
Əsilkar, tək Leyli sənsən sinəmdə,
Yerdə qalan qızlar ədəbiyyatdı.
Vaqif Bəhmənlini mən qətiyyən köhnə ibarələrlə "zəmanə şairi", "bu günün reallıqlarını şeirlərində əks etdirən" şair adlandırmıram. Bircə onu deyə bilərəm ki, onun şeir sərgisində bir Azərbaycan şairinin səmimi etirafları səslənir, bu etiraflar onun içindən gələn göynərtilərlə, sızıltılarla dopdoludur. Məmməd Arazın bu misralarını xatırlayıram: "Özünü ittiham, İttiham ancaq, Şairin ədalət məhkəməsidir" Vaqif də özünü ittihamdan çəkinmir, ədalət məhkəməsinə olmasa da, öz ürəyi və qələmi ilə baş-başa qalıb "suçəlarını" etiraf edir:
Yalandı ağlamaq arvad işidi,
Kişi sənətidi ağlamaq həm də.
Nə var ki, sənə qalan? - yer örtən pozuq ləpir!
Nə durmaqdan usanır, nə getməkdən bezirsən.
Ömrün qızıl dənini nə təhər gəldi səpib
Eşələnib sərçətək, indi də dən gəzirsən -
Qocalırsan deyəsən, Vaqif Bəhmənli? - Qoca!
Məncə, Vaqif Bəhmənli əksər şeirlərində öz obrazını yaradır və bu obraz müxtəlif cizgilərlə haşiyələnir. Azərbaycan sevgisindən tutmuş, dünyada, cəmiyyətdə, qarşılıqlı insan münasibətlərində, sevgidə Vaqif Bəhmənli bu obrazın çeşid-çeşid görüntülərini canlandırır. O, cəmiyyət adamıdır, içi Vətən sevgisiylə doludur, Vətənə aid onlarca şeir, poemalarını misal gətirmək olar və bir də görürsən ki, "bədxahların sevimlisi" olan Nifrətə nifrətini əyan edir. Qarabağlı Vaqif Qarabağ həsrətini dilə gətirir ("Cabbarsız Qarabağın zənguləsi çatışmır... Axır İsa bulağı Piyaləsi çatışmır"), bir də görürsən ki, "Gözmuncuğu" şeirində deyir ki: "Mənim ürəyimi görən kimsə yox, gözə dəyməyənə göz dəyə bilməz".
Vaqif Bəhmənli çox yazır, iradım yox, amma söz üstündə lap divanə kimi əsməyini görürəm. Doğrudur, bir sıra şeirlərində uzunçuluğa, mətləbi həddindən artıq çözələməyə meylini hiss edirəm, məsələn, "Sizcə sevgi nədir?" şeiri... Vaqifin intonasiyası müasir şeir mədəniyyətinin tələbləri ilə uzlaşır, şeir dili pəltəkliyə, kələ-kötürlüyə yaddır. Xalqın danışıq dilindən gələn sözlər, ifadələr onun şeirlərinə bir gilə gətirir. Səslərin, sözlərin polifoniyası, çox zaman orijinal təşbehlər silsiləsi də bu şeirlərin canına hopub.
Əlbəttə, bir yazıda Vaqif Bəhmənlinin çoxmövzulu, poetik baxımdan çoxçeşidli şeirləri haqqında söz demək mümkün deyil. "Heç vaxt sönməz canımda sözdən yanan ocaqlar" deyir Vaqif Bəhmənli - qoy sönməsin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!