Koronavirus epidemiyasıyla əlaqədar "evdə oturmaq" məcburiyyətinin mənə bir xeyri dəydi. Uzun illərdən bəri səliqəyə sala bilmədiyim arxivimdə və kitabxanamda az-çox sahman yaratdım. Arxivimdə çox-çox illər bundan əvvəl yazılmış mətni tapanda həm qüssələndim, həm sevindim. Bu, Vaqif Səmədoğlunun mənə həsr olunmuş yazısı idi. Mətnin bir qismi 1970-ci ildə "Молодёж Азербайджана" qəzetinin 31 mart sayında dərc edilmişdir. Mətnin altında Vaqif Səmədoğlu deyil, Vaqif Vəkilov imzası qoyulduğuna görə aydındır ki, bu məqalə təxəllüsü qəbul etdiyindən qabaq yazılıb. Yazı mənim Moskvada ilk nəşr edilən "Dantenin yubileyi" adlı kitabıma həsr olunub. Həm qəzetdə çıxan mətni, həm də məndəki əlyazmasında ixtisar edilməmiş parçaları ilk dəfə öz dilimizdə təqdim edərkən elə bir hiss keçirirəm ki, sanki əziz, unudulmaz dostum Haqq dünyasından mənim ad günümü təbrik edir.
ANAR
Vaqif SƏMƏDOĞLU
"Dantenin yubileyi" haqqında düşüncələr
Bu kitab başqalarını anlamaq istəyən və başqaları tərəfindən anlanılmaq istəyən adamın kitabıdır. Bu kitab yazmaq, sevmək və vətəndaş olmaq istəyən insanın yaradıcılığının bir parçasıdır. Anarın da mənsub olduğu yeni nəslin fikirlərini və ümidlərini əks etdirən kitabdır bu.
Anar dənizə və Azərbaycan dilinə, Gürcüstana və Moskvanın Manej meydanına yağan qara heyran olan insandır. Anar elə yazıçıdır ki, onun əsərlərində zamanın şablon düşüncələrindən doğulmuş boş yerlərə rast gəlməzsiniz. Yıpranmış üsullar və kimisə təkrar etmək ona yaddır. Xırda dəqiqliklərə meyil etmir. Ona əta olunan böyük Allah vergisi elədir ki, o, hər yerdə, hər addımda poetik cəhəti görmək və gördüklərini yüksək zövqlə canlandırmağa qadirdır. Hardasa eşitdiyi maraqlı bir cümlə görürsən bütöv bir hekayəyə çevrilir, böyük bir əsərin yadda qalan detalı olur. Bu isə yalnız istedadlı deyil, həm də çox xeyirxah və namuslu yazıçılara xas olan cəhətdir.
Ədəbiyyat böyük bir ölkədir və bu ölkəyə səfərə çıxanda çoxları öz qabında nə olduğunu bilmir. Olsun ki, bu səyahətdə ilk addım elə son addıma çevrilir. Səyahətin ilk və son dayanacağı - qəbiristanlıq da ola bilər. Daxilən kasıb adam bu ölkənin ərazisini, onun hüdudsuz sahələrini keçə bilməz.
Anarın yazdığı hər mətndə çox böyük biliklər ehtiyatı və ümidlər zənginliyi toplanır. O, bilmədiklərini bilmək ehtirasıyla və artıq bildiklərini, təcrübəsini bölüşmək həvəsiylə yaşayır, yazır. Bir sözlə, bayaq söylədiyim kimi, qabında nələr varsa səxavətlə xərcləyir.
Çap olunmuş elə ilk yazıları nadanlığın küt süngüsüylə qarşılandı. Çox keçmədi ki, bu iradların biri - ənənələrə hörmətsizlik iradı - unuduldu. Yeni iradlar meydana çıxdı. İndi onları heç xatırlayan da yoxdur. Hansı əyri gözləsə onun yazılarında tünd-qara rəngləri görürdülər. Mətnin özünü bir qırağa qoyub sətrlər arasında gizli asi mənalar axtarırdılar. Əgər təpikləyə bilmirsənsə, heç olmasa bədbinlikdə ittiham elə. Amma axı ədəbiyyat səbəbsiz nikbinlik qapısında yaşıl işıq yandırmır.
"Dantenin yubileyi" povestində Kəbirlinski həyatda vurnuxur, taleyinin dar küçələriylə şütüyür. Bəlkə də heç pis olmayan adamlar ona qarşı biganə, laqeyddirlər. O, insanların arasında yabançı görünür. Tutalım hər həftə radioda ifa etdiyi tülkü rolu növbəti müəllif tərəfindən nəzərdə tutulmayıb. Deməli, Kəbirlinskiyə ehtiyac yoxdur. Amma ürəyi yumşaq "səhnə ulduzu" biçarə aktyoru umsuq olmağa qoymur, onunçün məxsusi kiçik rol - "çaqqal obrazı" uydurur, Kəbirlinski də razı qalır. Hər halda ona da iş tapılıb. Kəbirlinski belə düşünür, özünə belə təsəlli verir. Yazıçı Anarın bu povestdəki qəhrəmanı kimdir? Böyük xariqələr yaradılan bir dövrdə, yeni dünya quran insanların arasında bir Kəbirlinski kimisi də yaşayır. Sütül alma ağacı möhtəşəm palıdların böyüründə boy atdığı kimi yaşayır. Avarlı qayıq okean laynerlərinin böyüründə üzən kimi üzür. O, həyatın böyük tablosunun kiçik, amma vacib bir ünsürüdür. İnanın ki, Kəbirlinskisiz bu əzəmətli həyat mənzərəsi daha sönük, daha solğun olardı. Ona görə də Anarın Kəbirlinskisi oxucular üçün böyük və güclü insanların obrazları qədər doğmadır. Həyatın bir ünsürü olan "kiçik adam" yazıçı qələmiylə böyük sənət əsərinin obrazına çevrilir və buna görə müəllifə minnətdar olmalıyıq.
Yazıçının bədii aləmi onun ailəsidir və o, güclü, parlaq ailə üzvləriylə qürur duyduğu kimi, zəif, uğursuz qohumlarının da qayğısını çəkməlidir, lazım gələrsə, onlara qahmar durmalıdır, onları incidənləri cəzalandırmalıdır. Anar Kəbirlinskiyə yardım əlini uzadaraq, başqalarının da onu anlamasına yol açır.
Anarın qəhrəmanları doğuluşdan ölümə qədər gülüb nəşələnməklə gün keçirmirlər, onlar yaşayırlar - sevincləriylə, kədərləriylə. Onların talelərində hər şey ola bilər: - qanunauyğun məqamlar da, təsadüfi görüşlər də. Bütün bunlar bir-birinə qovuşaraq gözəl və həqiqi ədəbiyyat dünyası yaradır.
İnsana nə isə bir şey gərəkdir, heç olmasa bir əşya. Anarın bütün yazılarından bir-birinə bənzəməyən müxtəlif şəkillərdə bu tema keçir. "Ağ liman" povestində qoca mühasibin telefonu onun həyanıdır, Heç kəs ona zəng eləməsə də, özü heç kəsə zəng etməsə də, tənha yaşadığı evində özünü yalqız hiss etmir. Telefon ona yaxınlarını əvəz edir. Mehrini itə, ya pişiyə salanlar kimi, o da telefonuyla isnişib. İtin hürməsini, pişiyin miyoltusunu telefon zümmeri əvəz edir. Və nəhayət, özü-özünə telefon etməklə təskinat tapır. Bu barədə hekayə də yazmaq olardı, Anarda bu yalnız təsirli bir povestin təsirli epizodudur.
Ümumiyyətlə, Anarın yaradıcılığında məişətdə istifadə etdiyimiz cihazlar süjetlərin tamhüquqlu personajlarına çevrilir. "Keçən ilin son gecəsi" hekayəsində olduğu kimi onlar böyük məna daşıyıcılarıdır. Cihazların şəxsi adları yoxdur, amma öz taleləri var... Qoca müsahibin telefonu "Mən, sən, o və telefon" hekayəsindəki telefona bənzəmir. Onların sahibləri bir-birinə bənzəmədikləri kimi...
Anarın elə həmin hekayəsində təyyarənin uğultusu da süjetin diri iştirakçısıdır. Əşyalar, cihazlar, səslər insan taleləriylə bağlanır və sanki özləri də canlanır, dirilirlər. Sonralar əsasında pyes yazdığı "Keçən ilin son gecəsi" hekayəsində maqnitofon həm müttəhim, həm ittihamçıdır, süjetin həm iştirakçısı, həm müşahidəçisidir.
Ümumiyyətlə, Anar nə yazırsa yazdıqları əyanidir, görümlüdür. Onun hekayə və povestlərini oxuyarkən elə bil kinokameraya ehtiyac duyursan ki, bütün bu epizodları çəksin. Bir çox nəsr əsərlərinin səhnələşdirilməsi və ekranlaşdırılması təsadüfi deyil.
Bir neçə kəlmə də Anarın "Asqılıqda işləyən qadının söhbəti" hekayəsi haqqında demək istəyirəm. Bu mətndə əslində, ustalıqla işlənmiş iki hekayə var - qoca qarının asqılıqda paltoları asılan iki gəncin məhəbbəti haqqında söhbəti. Bir də qoca qarının özü haqqında hekayə... Bu hekayəni yəqin ki, çətin tərcümə etmək olar, şeiri çevirmək çətin olduğu kimi... Çünki hekayə Azərbaycan dilinin müxtəlif dialektlərində yazılıb.
Öz ömründə də, yaradıcılığında olduğu kimi Anar həyatın ona göndərdiyi hesabları məntiqiylə və xeyirxahlığıyla, istedadıyla və səxavətiylə ödəyir. O, heç vaxt ictimai və intellektual passisliyə məruz qalmır. Onun ictimai və intellektual fəaliyyəti Azərbaycan ədəbiyyatının dəyərlərinin keşiyində dayanır. O ədəbiyyatın ki, o, bağbanın və bənnanın əməyilə, balıqçının həyəcanlarıyla və Təbriz xalçalarının naxışlarıyla bir sıradadır.
Bu gün Anar Azərbaycanın ən məşhur ədiblərindəndir. Yazıçı kimi qazandığı nüfuzundan savayı, o, bütün nəsillərdən olan qələm sahiblərinin böyük hörmətinə və ehtiramına nail olmuşdur.
Məişətdə iddiasızdır, sadədir. Ailəsinə və dostlarına bağlıdır. Tez-tez Moskvada təhsil illərini xatırlayır. Dostlarının hər uğuruna sevinir və onlar işlə məşğul olanda özü də rahatlaşır. Hamını, hətta bəzilərinin izahsız hərəkətlərini başa düşməyə çalışır. Və istəyir ki, onu da başa düşsünlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!