İkinci Dünya müharibəsindən sonra ABŞ-SSRİ arasında birbaşa müharibənin elan edilməsi, yaxud hücum əməliyyatı alınmadı. Çünki hər iki ölkə atom bombasına yiyələnmişdi. İki supergücün arasındakı hər hansı düşünülməmiş addım ümumilikdə planet üçün təhlükə doğura bilərdi. Nəticədə siyasi şərhçilərin "soyuq müharibə" termini yarandı. Belə münasibətdə ABŞ digər sahələrdəki xadimlərlə yanaşı, yazıçıları da ələ almağı bacardı. Rusiyanın bəzi ədəbi xadimləri hesab edir ki, dissident yazıçılar arasında Aleksandr Soljenitsin ön sırada dayanır. Onun Nobel mükafatına gedən yolunda xeyli iş görülmüşdü. "Arxipelaq qulaq" əsəri isə yazıçının zirvə nöqtəsi oldu. Bu əsər sovet düşərgələrində məhbusların çəkdiyi əzab-əziyyətdən bəhs olunur. Əsər dərc edildikdən sonra bütün dünya SSRİ-ni qapalı həbsxanaya bənzətdi. Elə ABŞ-ın özündə də əsər sürətlə populyarlıq qazandı. Kitab Sovet İttifaqı əleyhinə agitasiya aparanların əlində bir ölkənin dağılmasına əsas yaratdı. Belə bir məqamda Soljenitsin əsas rupora çevrilmişdi.
Rus tənqidçiləri indi də etiraf edir ki, o vaxt ölkənin həyatında amansız epoxa yaşanıb. Dinc sakinlər, ictimai xadimlər gecə evindən aparılıb və güllələnib. Digərləri isə sürgün edilib. Əlbəttə, bütün bunlar reallıqdır. Yəni, iri dövlətlərin hər birində belə qara ləkələr olub. Amma ABŞ-ın özündə neçə yüz il əvvəl hinduların qırılması barədə əsər dərc edilməyib. Yaxud heç bir alman yazıçısı İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarşı soyqırım faktından bircə cümlə də yazmayıb. Elə 1945-ci ildə Yaponiyanın iki şəhərinə atılan atom bombasından ölən insanlardan, yetim qalmış uşaqlardan, Nikson hakimiyyəti vaxtında Vyetnamda tətbiq edilən kütləvi kimyəvi silahlar barədə yazmaq da heç bir yazıçının ağlına gəlməyib. Yaxud Çində mədəni inqilabın milyonlarla qurbanı barədə də o ölkənin heç bir yazıçısı irəli çıxıb etiraz səsini qaldırmayıb. Elə məhz bu məqam da rus tənqidçilərinin qəzəbi ilə nəticələnib: "Niyə Aleksandr Soljenitsin bütün görülən işlərə kölgə salır?" Əsas sual belə idi.
Şahidlərin sözlərinə görə Aleksandr Soljenitsin "Arxipelaq qulaq" əsərində hadisələrin əksəriyyətini uydurub. Heç gələcəyin məşhur yazıçısına çırtma da vurulmayıb. Etiraf edək ki, adıçəkilən əsər digər "Nobel" mükafatı alan əsərlərlə müqayisədə çox zəifdir. Sadəcə, burada SSRİ-yə qarşı kifayət qədər antipatiya formalaşdığından kimlərinsə nəzərini cəlb etmişdi. Əsərə görə yazıçıya dünyanın müxtəlif guşələrinin oxucularından xoş sözlər ünvanlandı. Amma mənfi fikirlər də səsləndi. Məktublardan biri məşhur müğənni və rejissor Din Riddən gəldi. 1971-ci ildə yazılan məktub "Oqonyok" jurnalında dərc edildi. 46 il bundan əvvəl yazılan məktub indi də öz aktuallığını saxlamaqdadır. "İncəsənət üzrə həmkarım əziz Soljenitsin! Mən amerikalı aktyor olaraq sizin əsərdəki bəzi mühakimələrinizə cavab olaraq bildirirəm ki, hamısı yalandır. Və bütün dünya bu yalanın nədən ibarət olduğunu bilməlidir. Siz Sovet İttifaqını "xəstə cəmiyyət adlandırmısız. Hesab edirsiniz ki, SSRİ düşmənsiz yaşaya bilməz. Çünki bununla öz iqtisadiyyatını dirçəldir. Cənab Soljenitsin! Xəstə cəmiyyət mənim Vətənimdədir, sizin yox". Məktubda daha sonra vurğulanırdı ki, Din Ridin vətənində zəncilərə qarşı repressiyalar hökm sürür, adamlar işsiz qalmaq stresi ilə yaşayırlar. Həmin məktub dünyanın müxtəlif dillərində dərc olundu, müzakirələrə yol açdı.
Bəzi rus ədəbiyyatçıları hesab edir ki, Soljenitsinın dissident fəaliyyətinə başlamazdan öncə artıq xarici agenturanın nəzərini cəlb etmişdi. Leonid İliç Brejnevin hakimiyyətə gəlişindən sonra Soljenitsin leqal şəkildə dərcdən və oxucuları qarşısında çıxış etməkdən məhrum olundu. 1965-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Komitəsi yazıçının arxivini, xüsusilə antisovet yaradıcılığına dair nümunələri müsadirə etdi. 1966-cı ildə isə vəziyyət dəyişdi. O, yaddan çıxdı. Daha doğrusu, sovet rəhbərliyinin soyuq müharibəyə, eləcə də ölkə iqtisadiyyatını gücləndirməyə başının qarışmasından yazıçı operativ qaydada bəhrələndi. Gənclərlə görüşlər keçirdi, xarici jurnalistlərə müsahibələr verdi. Kurçatov adına Atom Enerjisi İnstitutunda əsərlərindən hissələr səsləndirdi. 1967-ci ilin fevralında isə "Arxipelaq qulaq" əsərini yazıb bitirdi, mayda isə SSRİ Yazıçılar İttifaqına məktub ünvanladı. Həmin məktub Qərbdəki sovet intelengiyası arasında dillər əzbəri oldu. Məktubda sovet yazıçılarının tutduğu mövqe, yaradıcılıq üçün seçdikləri mövzu tənqid olunurdu. Hakimiyyət anladı ki, Soljenitsinın antisovet əhvalını gücləndirməsi təsadüf deyil. Yazıçılara ünvanlanan məktub həm də hakimiyyətin yeritdiyi siyasətin tənqidi idi.
Artıq zəng çalınmışdı, Soljenitsin qorxulu şəxsə çevrilirdi. 1968-ci ildə ABŞ və Qərbi Avropada "Birincilərin əhatəsində" romanı dərc ediləndən sonra yazıçı məşhurlaşdı. Tezliklə onu SSRİ Yazıçılar İttifaqının üzvlüyündən azad etdilər. Yazıçının hakimiyyəti tənqid atəşinə tutması dayanmadı, əksinə, artdı. Görəsən, belə açıq tənqidin arxasında nə dayanırdı? Onu dilləndirən səbəb nə idi? Hər halda indiki ədəbiyyatçılar bunun səbəbini xarici təhlükəsizlik orqanlarında axtarırlar. Bu həm də "Nobel" mükafatına doğru cığırda sürətlə irəliləməyə təkan sayılırdı. 1970-ci ildə Aleksandr Soljenitsin ali mükafata layiq görüldü. Komitənin tarixində inanılmaz hadisə baş verdi. Heç vaxt birinci əsərini yazandan 8 il sonra hansısa yazıçının bu mükafatı alması faktına rast gəlinməmişdi. Ortaya ziddiyyətli məqam çıxdı. Çox sonralar yazıçının özünün etirafına görə, mükafata layiq görülməsində siyasi aspekt rol oynadı. Komitədən isə bildirildi ki, Soljenitsinın dedikləri absurddur. 12 il əvvəlsə Boris Pasternak həmin mükafata layiq görüləndə Sovet rəhbərliyi Komitəni siyasi spekulyasiyada ittiham etmişdi. Rəhbərliyi hesab edirdi ki, digər görkəmli yazıçılar olduğu halda niyə məhz Boris Pasternak? Deməli, Pasternak böyük ölkəni tənqid etdiyinə görə Nobel Komitəsinin və maraqlı qüvvələrin nəzərini cəlb edib. 1972-ci ildə Soljenitsinın "Nobel" nitqi dərc edildi. Onun sonuncu cümləsi belə bitirdi: "Həqiqətdən bircə söz bütün dünyanı cəlb edər". Sovet illərində tənqidçilər onun sonuncu cümləsini məsxərəyə qoydular: "Soljenitsin həqiqəti dünyaya yox, təhlükəsizlik orqanlarına dedi".
1960-ci illərin sonunda Dövlət Təhlükəsizliyi Komitəsinin nəzdindəki 9-cu şöbənin 5-ci idarəsi tərəfindən Aleksandr Soljenitsin barədə iş aparıldı. 1971-ci ildə DTK onun fiziki təcridi barədə gizli qərar qəbul etdi. Novoçerkask səfərində yazıçıya gizli şəkildə iynə vuruldu. İynə zəhərli olduğundan öləcəyini düşündülər. Yazıçı isə sağ qaldı, amma ömrünün sonuna qədər xəstəhal görkəmdə fəaliyyət göstərdi. Hər halda sui-qəsd məlumatı Qərb mətbuatında yayılmışdı. Məntiqlə zəhərli iynədən sonra yazıçının həyatına son qoyulmalı idi. Belə çıxırdı ki, yazıçının orqanizmi super güc mayası ilə yoğrulmuşdu.
1973-cü ildə onun xarici jurnalistə geniş müsahibə verməsi köməkçisi Yelizaveta Voronyanskayanın tutulması ilə nəticələndi. Köməkçisindən öyrənməyə çalışıblar ki, "Arxipelaq qulaq" əsərinin əlyazmasının yerini desin. Evə gələrkən Yelizaveta özünü asdı. Hadisədən sonra Soljenitsin adıçəkilən əsərin hələ üzə çıxmayan nüsxələrini Qərb nəşriyyatlarına göndərdi. Üstündən az keçməmiş Sovet rəhbərinə məktub yazıb kommunist ideologiyasından əl çəkməyi, ölkəni irəli aparmaq üçün islahatlara başlamağı təklif etdi. Çox maraqlıdır ki, Aleksandr Soljenitsinın belə açıq çıxışlarının ertəsi günü Qərb mətbuatında onu müadfiə edən məqalələr yayımlanırdı. Sanki əvvəlcədən onun nə yazacağı, nə deyəcəyi barədə məlumat var idi.
1974-ci il fevralın 2-də Soljenitsin "Vətənə xəyanət" maddəsi ilə həbs edilərək təyyarə ilə Almaniya Federatv Respublikasına göndərildi. Üstündən 2 həftə sonra SSRİ Nazirlər Sovetinin nəzdindəki mətbuatda Dövlət sirlərinin yayımının qorunmasına dair Baş idarəsinin əmri ilə yazıçının əsərlərinin məhvinə start verildi. Bu siyahıda xarici mətbuatın nüsxələri də yer alırdı. Martın 29-da isə onun ailəsi də Sovet İttifaqını tərk etdi. Əlyazmaları və mükafatları isə sərhəddən kənara gizli yolla keçirildi. Bu işdə əsas rolu ABŞ-nın SSRİ-dəki səfirliyinin hərbi attaşesi Vilyam Odom oynadı. Soljenitsin əvvəlcə Avropanın Qərbə aid ölkələrində gəzib-dolandı. Nəhayət, qərara aldı ki, müvəqqəti olaraq İsveçrənin Sürix şəhərində məskunlaşsın. "Arxipelaq qulaq" əsərinin qonorarından fond yaratdı. Həmin fondun nizamnaməsinə əsasən SSRİ-dəki siyasi məhbuslar müdafiə olunur, ailə üzvlərinə maddi yardım göstərilirdi. Yeri gəlmişkən, qonorarla fond yaratmaq məsələsi də şübhəli olaraq qaldı. Bir fondun büdcəsində külli miqdarda pul olmalıdır ki, siyasi məhbusların ailələrinə də yardım edilsin. Bu, qonorar məsələsi deyildi. 1976-cı ildə isə ABŞ-ın Vermont ştatının Kavendiş şəhərinə köçdü.
Azər QİSMƏT
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!