Cavanşir YUSİFLİ
Hər bir, yox, bəlkə təkdənbir şairin yaradıcılığında elə şeylər, yaxud elə bir məqam olur ki, yaradıcılığının keçmiş və gələcəyini bir alın qırışının, bir dalğa sürüşməsinin içinə yığır, məsələn, Çeslav Miloşda (...Həyatdan // və alışıb-yanan bıçaqla bölünmüş // almadan sonra // hansı toxum sağ qaldı ki...), yaxud Anri Mişoda (Ölümü əsdirən qışın soyuğunda donarkən // gözümün tutduğu hər şeyə baxdım son dəfə // hərisliklə // Bu soyuq baxışın nişangahında nə ki əsas deyildi// yox olub gedirdi bir anda // Ancaq onları döyəcləyir // ölümün belə yıxa bilmədiyi bəzi para şeyləri saxlamaq istəyirdim // Bir-bir // Damcı-damcı // qopub gedirdilər // nəhayət, hansısa əlifbaya sığınıb hərflərə çevrildilər // elə bir əlifba ki, başqa bir dünyada işləyə bilərdi bəlkə...), digər simvolistlərdə olduğu kimi, yaxud italyan şairi Kvazimodada bilindiyi, duyulduğu formada... Məsələ tam bu da deyil, bəs bu qəribə, izahı çətin məqamın mənası nədir? O məqamda yazılan nə varsa, başqa dillərə tərcümədə çox incə yanaşma və çox böyük dəqiqlik tələb edir, təbiidir bu, ancaq sən bütün bunlara yüzdə yüz əməl etdiyində o tərcümə etdiyin mətn başqa şeylərə çevrilir (bu mənada, şeir tərcüməsində bir hədd var, - dəqiqliyə getdikcə, mənalar əlindən sürüşüb gedir, çünki şeirin, onun içinə aldığı duyğuların müstəvisi həm var, həm də yoxdur, bir sözlə, sürüşkəndir,.. yəni orijinal mətn səndən ona nələrisə qatmağını istəyir -!) və bu çevrilmənin qarşısını ala bilmirsən, çünki o nəsnə səndən də o yana adlayır, həmin spontan məqam və onun gətirdiyi enerji daha sonralar başqa şairlərin yaradıcılığında əksini tapır, yəni əslində o (-!), tərcümə edir, bu mənada poeziya həmişə özündən asılı olmayaraq dediyin (səndən əvvəl yaranan) sözlərdi, o sözlər çəkisizlikdə yaşar, mənaya çevrildikdən sonra söz adicə qabıq olar... Bu mənada, məsələn, Eldar Baxışın mətnlərini oxuyanda həmişə bu hissi yaşamalı olursan, bu qədər orijinal üslub, çox fərqli sintaksis, nitqin, verballığın yaratdığı enerjinin bu qədər sürəklə və sirli şəkildə sirayət etməsi... ana dilimizdə haçansa yaradılan mətnlərdəki o qəfil meydana gələn, şairin özündən asılı olmayaraq dediyi və özünün də bir ömür yada sala bilmədiyi nəsnələr... Eldarın sintaksisində zühur edir, və... həmin sirri-xuda olan enerji şairin taleyində uçurumlar yaradlr, bu sirri qəbul edib yaşamaq dəhşətdir...
Ələkbər Salahzadədə bir gözəl deyim var: elə bil gülü şeirə çəkirsən... Eldarın, hətta həcmcə çox kiçik ictimai ruhlu mətnlərində də şeirin daxildəki dinamika özünə yol açıb ağlagəlməz yerləri gəzib-dolaşır. Bu dinamika çəmənlikdə axışan suya bənzəyir. Onun "Oyun havaları" silsiləsi var. Eldar duyğunun içindəki səsi canlandıra bilirdi. Bəlkə bunu eşidirdin də. Könül budağında oturan quşun səsindən su damcılayırdı bəlkə...
Gül atdın, məndə qaldı,
Gülüm hey,
Qaldı-qaldı saraldı,
Gülüm hey...
Saxlaram sarı gülü,
Gülüm hey,
Neynirəm ayrı gülü,
Gülüm hey...
Bağın var, bağban olum,
Gülüm hey,
Bu gülə qurban olum,
Gülüm hey.
Bir də:
...Sevgi nədi soruşmayın,
Baxın dağlara-dağlara...
Şeirdən də göründüyü kimi, o, istənilən hadisənin taleyini, aqibətini birbaşa təbiətlə bağlayırdı, təbiət, belə olduğu üçündür ki, onun mətninin məntiqinə çevrilirdi, məsələn:
Ay dədə, boyuna qurban olum mən,
o günlər su kimi sovuldu, getdi.
Yağışdı - yağmadı, otdu - bitmədi,
çiçəyi burnunda ovuldu getdi...
Poeziyada belədir - hər kəsə, hər bir orijinal şairə dildə bir cür danışmaq, dili bir cür "oğurlamaq" qabiliyyəti verilir... Ancaq qəribədir, dilə necə yiyələnirsən yiyələn, sonda son sözü ölüm deyir. Gözəl mətnlərə onun ayaq izləri düşür. Bax, şeirin əsl mahiyyəti burda gizlənir, həmin görünməyən izləri görən adam dünyada metafora, bənzətmə və bu tipli şeylərin bitdiyi bir yerə gəlir, real həyatdakı düyün düşmüş kələf açılmağa başlayır. Şeirdə bu qat var, poeziya o qatdan başlayır...
İntonasiya... şairin ilk baxışda görünməyən, ancaq onun daxilini yüzdə-yüz, tam şəkildə ifadə edən bir kateqoriyadır. Bu mənada Eldar Baxış həmin o həyat qüvvəsiylə dolu bir şair idi. Onun mətnlərində nağıl yox, dastan yox, hardasa bir qaravəlli havası vardı. Bu dediklərimiz intonasiya adlı poetik kateqoriyanın empirik təsviridir. Yəni bununla kifayətlənmək olmaz. İntonasiya misra, yaxud bənddə sözlərin düzülüşü və diktəsidir. Heynenin ironik intonasiyası var, Mayakovskinin kalambur xarakterli intonasiyası. İntonasiya hadisəsində sözün xarakteri ortaya çıxır. Misrada sözlərin yerdəyişməsi - yəni inversiya poetik sistem üçün xüsusi hadisədir. Orijinal intonasiya məlum şeir qəliblərini qırıb-dağıdır, onu yenidən doğur, yeni nizam yaradır. Puşkin sonet janrında bu oyunları çıxarmışdı. Şeirdə əsl hadisə elə intonasiyadır. Svetayevanın şeirində ibarə həmişə növbəti misraya keçməyə meyillidir, intonasiya ilə ötürülən həyəcan tonu elə sıxıla-sıxıla gedir ki, sarsıntı və gözlənilməzliklə üz-üzə durursan. Eldar Baxışda həmin o inversiya - sözlərin alt-alta yerdəyişməsi, bir-birilə üz-üzə gəlib ayrılması, simmetriya, assimetriya yaratması xüsusi hadisədir. İntonasiya hadisəsi xüsusi olaraq qafiyə ilə bağlıdır. Göz qafiyəsi var, bir də qulaq, yəni eşitmə. Eldarda ikincisi əsasdır. Eşitdiyin səs assosiasiyalar yaradır, həmin intonasiyanın ötürdüyü duyğunu tam açana qədər hərəkət edir. Məsələn:
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun, quşun olmasın.
İlahi, neyləsən, sən mənə elə,
İlahi, bu qızla işin olmasın.
Eldarda alliterasiya və təkrarlar da intonasiya hadisəsini bəlirləyən cəhətlərdir.
Eldar dilə xüsusi baxışıyla gəlmişdi. Çünki hər şair - ayrıca bir dildir, yaxud dilin ayrıca görüntüsüdür. Bunu belə anlasaq, dilimizin xəritəsinin nə qədər geniş, ucsuz-bucaqsız olduğunu bilərik. Həm də "göz" məsələsi var. Yəni yuxarıda sadalanan iki prinsip qarışıb bir-birinə. Qafiyə həm də görüntü yaradır. Eldaraqədərki, elə Eldarın zamanındakı şairlərin bir çoxunda nədən sonra nəyin gələcəyini bilmək olur. Xüsusən qafiyələrdə. Şeir çox oxumuşuq və bu təcrübə artıq bizdə formalaşıb. Yanğın qoxusu kimi hiss olunur. Eldar Baxışın qafiyələrində həmişə bir gözlənilməzlik var və ondan da vacibi bu gözlənilməz qafiyələr heç vaxt adamı incitmir.
Onun əsas məziyyətlərindən biri də o idi ki, ürəyinin və gözünün tutduğu şeylərə, özü də mühüm şeylərə ötəri baxmaqla, adi predmetləri şeirin içinə gətirməklə, onun haqqında danışmaqla münasibət bildirirdi. Misal üçün, onun Hadi haqqında şeiri var. Ölümə yerikləmək, ölümün üstünə yerimək məsələsi var. Onu oxuyanda mənim yadıma ilan haqqında məşhur əfsanə və Əli Kərimin şeiri düşür. Əli Kərimin şeirinin mahiyyətində bu durur ki, ilandakı o vəhşi ilham onu ölümə sürükləyir. Bu - taledir. Qaçılmaz bir şey. Eldar Baxışın da taleyində elə qəribə şeylər vardı, gah ona uzun şeirlər yazdırır, gah faciələr yaşadırdı. Şairin taleyində ən mühüm cəhət nədir? Ölümdən qaçış. Şair ölümdən qaça-qaça əslində, ona tərəf qaçdığının fərqində olmur. İndi biz azadlıqdan çox danışırıq, ancaq əsl şair elə azadlıqdan da qaçır. Şairin taleyi əvvəl-axır faciəylə bitir. İstəyir şeirinin içində olsun, istəyir şeirdən kənarda. Eldar Baxışın da bütün taleyi o yazdığı şeirlərin, bu dünyadan ayrı tutduğu o ritmin içərisindədir. Bəlkə də çox böyük bacarığımız olsa, o şeirlərdəki detalları elə kombinasiyada düzərik ki, Eldarın taleyinin hamı üçün sirli qalan məqamları açılar. Bəlkə də doğulduğu kəndin xəritəsi alınar. Bütün şairlərin misralarında o enerji, o informasiya var, amma külçə şəklindədir. Şairin borcu deyil ki, aşkarlamaq üçün kodlar qoysun.
Elə şairlər var ki, müəyyən stereotiplərlə şeir yazırlar. Hətta istedadla yazılmış şeirlər də ola bilər. Stereotiplərlə yazmaq nə deməkdir? O deməkdir ki, insan əzabın, zillətin, dərdin içərisində olmayıb. Eldar Baxışda həmin stereotiplər yoxdur. Ona görə də hazır qəliblərlə yaza bilmirdi. Daha doğrusu, heç müraciət də eləmirdi. Bu baxımdan, onun güneyli yazıçımız Səməd Behrəngiyə həsr etdiyi poeması çox qəribə bir əsər idi. Eldar Baxış başdan-ayağa özünü yazırdı. Bəlkə də tanımadığı özünü yazırdı. Əslində, insan o zaman yazmağa başlayır ki, içindəki adamı tanımır. Yaxşı şeiri yazan şairin arxasında, yəni kadr arxasında onun tanımadığı bir oxşarı dayanır. Şair kadr arxasından gələn səsi dinləyir və hansılarını ki, başa düşür, anlaya bilir, yazıya köçürür. Əsl şairin köçürməkdən başqa bir funksiyası yoxdur.
Zənnimizcə, o, bütün yaradıcılığı boyu deyə biləcəyi sözlərin böyük bir hissəsini deyə bildi. Şair taleyi elə-belə bir şey deyil. Bəlkə elə sən o yaşda ölməlisən. Ölümlər həmişə vaxtı-vaxtında olur. Elə bil insanın içərisində zəngli bir saat var. O çalındısa, Heminquey demiş, o əcəl zəngi səsləndisə, sən o səsin dalınca çıxıb getməlisən. Qələmdə mürəkkəb quruyur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!