Rüstəm KAMAL
Şaiq əfəndi özü hələ sağlığında simvolik - mifik obraza çevrilmişdi. Deyilənlərə görə, bu bəstə boylu, nur üzlü insan ovsunlu səsi ilə şagirdlərinin və tələbələrinin gözündə "başqa dünyadan" gəlmiş varlığı xatırladırmış. Yəni "müdrik qoca" arxetipinin daşıyıcısı kimi.
Əminliklə deyə bilərəm ki, onun həyatı simvolik modelləri özündə ehtiva edən bir romanın mövzusu ola bilər... Həyatında baş vermiş faciələr - ilahiyyatçı, tarixi dramlar müəllifi qardaşı Yusif Ziya Talıbzadənin Türküstan çöllərində həlak olması, könül sirdaşı Hüseyn Cavidin və sevimli tələbəsi M.Müşfiqin repressiya olunması, M.Hadinin müəmmalı şəkildə qeyb olması son dərəcə həssas Abdulla Şaiqin təhtəlşüurunda dərin şırımlar açır. Bəlkə də uşaq poeziyasının simvolları arxasında qorunma cəhdi də burdan gəlirdi.
Formasiyalarının dəyişməsi qoca ədibin simvolik dünyasında "ikiləşmə" yaratması da qaçılmaz idi. Bu yandan, romantik təxəyyülün "gecə" simvolikası, digər tərəfdən, sovet dünyasının "günəşli" obrazları yaradıcılığında iki fərqli poetik kosmoqoniyanının gerçəkləşməsini şərtləndirir. Şübhəsiz, onun üçün insan və dünya təzadları, ikili strukturların vəhdəti idi. H.Cavidin "İblis" pyesini də bu aspektdə təhlil edirdi: "İnsan maddi və mənəvi qüvvədən ibarətdir. Bəşər həyata qədəm qoyduğu gündən etibarən bu iki qüvvə daim bir-birilə çarpışır. İnsanda mənəvi qüvvələr kamalınca inkişaf etmədiyindən maddi qüvvələr hər zaman mənəvi qüvvələrə qalib gəlmiş və gəlməkdədir. Əsərdə İblis maddi qüvvələrin, Mələk isə mənəvi qüvvələrin simvoludur. İblis fənalığın simvoludur..."
Güclü folklor stixiyası ona uşaq poeziyasında dünyanın mifopoetik modelini yaratmağa imkan verdi. Hətta klassik məsnəvinin təsiri aydın sezilən mənzum hekayələrində və poemalarında "mifoloji immunitet" qalib gəlir. Yeri gəlmişkən, təəssüflə qeyd edək ki, bu gün uşaq poeziyasında iri janrları görmürük. Uşaq ədəbiyyatında sənətkarlığın göstəricisi məhz oyun və epik başlanğıcların birləşməsidir. "Tülkü həccə gedir", "Tıq-tıq xanım" kimi əsərlərin hələ də uşaq auditoriyasında populyar olması deyəsən, bu forma elə A.Şaiqlə başlayıb onunla da bitdiyini göstərir...
Uşaq şeirlərindəki müdrik yumoru və oyun stixiyası Şaiq əfəndiyə iç azadlığını ifadə etməyə, mövcud gerçəkliyin hüdudlarından kənara çıxmağa, fərqli "dünyalarda" yaşamağa imkan verir. (Təəssüf ki, "Abdulla Şaiq yumoru", yaxud "Abdulla Şaiq gülüşü" hələ də xüsusi araşdırma mövzusu olmamışdır). Ona görə də poetik mətnlərinin əksəriyyəti ya məzmunca, ya da funksional baxımdan oyun situasiyası kontekstini nəzərdə tutur. "Bənövşə", "Dovşan və uşaq", "Qərənfil" və s. şeirlərini xatırlamağımız kifayətdir.
Abdulla Şaiqin obrazlarına mifoloji-simvolik məna (status) verən vacib amillərdən biri də onların vizual təsviri-portretidir. Məhz bu portretlər uşağı mifoloji dünyadan ayrılmağa qoymur: həccə gedən tülkünün obrazı A.Şaiqin mükəmməl qələmilə artıq etnik düşüncəmizdə arxetipləşmiş-simvollaşmışdır.
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayır, təsbeh çəkir,
Gözündən qan-yaş tökür.
Tıq-tıq xanımın portreti onu sevimli mifoloji obraza çevirir:
Soğan qabığından
Bir çadra geyindi.
Şıq-şıq
Fındıq qabığından
Çarıq geyindi,
Tıq-tıq.
Ətir vurdu başına,
Bəzək verdi özünə.
Qara yaxdı qaşına,
Sürmə çəkdi gözünə...
Abdulla Şaiq təcrübəli pedaqoq kimi anlayırdı ki, uşaqların dünya haqqında təsəvvürləri mahiyyətcə mifolojidir. Uşağın içində (ruhunda) dünya hər dəfə yenidən doğudur və onun gözündə dünya həmişə gözəldir və sevgi ilə, işıqla doludur. Uşaq hamını - insanları, heyvanları, bitkiləri özünə doğma bilir. Bu doğmalıq duyğusu yaşıçıya uşaqlığından süzülüb gəlir və bir çox əsərlərinin obraz-motiv strukturunda yer tapır. Məsələn, "Köç" hekayəsinin əvvəlində bu harmoniyanın sevincinə şərik oluruq: "Hətta Mərmər adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim? Hamımız arabaya doluşduq".
Ümumiyyətlə, təbiətlə, insanlarla bir yerdə olmaq, əl-ələ vermək, can bir olmaq ideyası Abdulla Şaiqin uşaq poeziyasının "vəhdəti-vucud" fəlsəfəsidir.
Abdulla Şaiq XX əsrin əvvəllərində milli uşaq poeziyasında nadir sənətkarlardan biridir ki, həyatın neqativ tərəflərini deyil, şən və yaxşı dünyanı təqdim edirdi və aşılayırdı: çünki uşaqlara xeyirxahlıq mütləq lazımdir. Abdulla Şaiqin uşaq poeziyasında işığın bolluğu da bu üzdəndir. Günəş onun mifoloji-simvolik dünyagörüşündə əhəmiyyətli yer tutur. Günəşi salamlama, uşağın gözlərini açan kimi günəşin adını çağırması, günəşin epitetlə verilməsi arxaik mifoloji yaddaşının dərin qatlarından gəlirdi. Türk inancına görə, "günəşi görmək" mahiyyətcə həyatı, görməmək isə ölümü simvolizə edir. Qədim türk runik abidələrində (İ.Steblevanın kitabında oxumuşam) bir ifadəni xatırladım: "bir daha günəşi və ayı görmədi" (yəni öldü).
A.Şaiq hekayələrinin süjetini də simvolik özüllər üzərində qururdu. "Göbələk" hekayəsini götürək. Hekayənin qəhrəmanı Qulu bəy atasının ölməsini gözləyir. O, atasının var-dövlətini satıb, Parisə getməyə, orda kef çəkməyə hazırlaşır. Vətəndən uzaqlardan, bir uçurumda xainlərin, satqınların məzarlığından göbələkləri yığıb evə gətirir. Zəhərli göbələklər Qulu bəyin nankor, dönük mahiyyətinin simvolik ifadəsi kimi yaddaşımızda iz buraxır.
Abdulla Şaiqin yaradıcılığında qurbanlıq arxetipinin, qurbanlıq motivinin əks olunması simvolik məfkurəsindən gəlirdi. Ona görə də adamın içimizdən "Məktub yetişmədi" hekayəsini qəhrəmanın adından (Qurban) tutmuş ayrı-ayrı süjet detallarına qədər XX əsr Azərbaycan simvolik nəsrinin klassik nümunəsi kimi şərh etmək istəyi keçir.
Əlbəttə, hekayənin də süjet xəttində də ən görümlü - simvolik məkan vahidi quyudur. "Quyu dərinləşib, ölüm ayağı var". Dünya xalqlarının mifoloji, kosmoloji təsəvvürlərində mühüm yer tutan quyu "odlu çay, yeraltı dünya, cəhənnəm, cəhənnəmin qır qazanı" kimi geniş məna semantik çevrəsinə malikdir. Dini rəvayətlərdə cəhənnəm od püskürən yer, ruhların əzab çəkdiyi yer kimi təsəvvür edilir: "Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər, başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə: - Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardı".
Qurban ölümündən öncə ailəsinə məktub yazdırır. Bu, mərhumun son məktubudur. Məktubu küçə başında oturmuş Molla Fərzəliyə yazdırır.
Molla Fərzəli yeraltı, qaranlıq dünyaya, axirət dünyasına bağlıdır. "Qış-yaz küçə başında müştəri gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir". Molla Fərzəli Xaron (yunan mifologiyasında ölülərin ruhunu keçirən tanrı) kimidir, axirət dünyasına ölülərin ruhunu yola salmaq üçün pul-para alır. Bu məktublar da bədbəxtlərin yazıya alınmış ruhlarıdır. Qaydaya görə, ruhları ünvanına çatdırmaq üçün mütləq pul verilməlidir və hekayədə həmin funksiyanı qurbanlıq ayinin icraçısı Molla Fərzəli yerinə yetirir: Qurbanın ruhunun "o dünyaya" ona ötürülməsi tapşırılmışdır.
"Ölülər dünyasın"dan tapılıb anonim ünvana göndərilən məktub təyinat yerinə çatmır, yenidən əvvəlki, ilkin yerə qayıdır: "Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü ona tutub: - Həmşəri, zərifin üzü kimin adına olacaq? - deyə soruşdu".
Ünvan anonimdir - "Kimin adına olacaq".
Qışda qurban gedən Qurban baharda "dirilməyə" ümid bəsləyir: "Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, - dedi. - Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də şükür allaha, sağ-salamatam. Qulamrza ilə Sizə on beş manat göndərdim. Bayram qabağı yenə göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm".
"Ölmək və doğulmaq" mifik düşüncənin iki üzüdür - A.Şaiqin dünyaya simvolik mesajı budur!
Mifin verdiyi ümid heç vaxt ölmür...
***
Yadımdadır: Abdulla Şaiqin ev-muzeyində girişində bir güzgü vardı. Ustadım, akademik Kamal Talıbzadə hər dəfə mənzilə daxil olanda da, mənzildən çıxanda, ya atasının divardakı şəklinə baxandan sonra bir neçə dəqiqəliyə güzgü qabağında ayaq saxlayırdı. "O dünya ilə" simvolik əlaqə saxlamaq vasitəsi olan güzgü ilə bəlkə Kamal müəllim atasının ruhu ilə görüşürdü...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!