Tehran ƏLİŞANOĞLU
Sabir Rüstəmxanlı romanlarında Azərbaycan varlığının elə dövrlərini predmet seçir ki, millətin həyatında dönüş nöqtələrini aktualizə edir, dayanışma çağlarına işıq salmaqla gələcək inkişaf yollarına da rəvac verir. Mifoloji, tarixi, ya müasir qatlar yazıçının romanlarında eyni çəkidə, kəsərlidir, lakin əsas deyildir. Çünki Sabir Rüstəmxanlının romanlarında Söz, deyim, diskurs, bədii həqiqətin mənbəyi və mündəricəsi, bir qayda olaraq, "ictimai-siyasi"dir. Bəlkə buna görədir, yazıçı tarixi romanlarını da, - əlbəttə, "tarix"ə xələl gətirməmək şərtilə, - müasirlik kimi yazır; hər yerdə və həmişə milli varlığın, türklüyün, Azərbaycan mənasının bəlirlərini axtarır və əks etdirir.
Sabir Rüstəmxanlı "Difai fədailəri" (2010) və "Şair və şər" (2014) romanlarında millət tarixinin parlaq səhifələrindən daha birisi, XIX əsrin sonları XX əsrin əvvəllərinə üz tutur, Azərbaycan varlığının daha bir inkişaf və dirənişmə çağlarını qələmə alır.
"Difai fədailəri" romanı (Bakı, "Qanun", 2010) bugün məruz qaldığımız Qarabağ müharibəsi, millətin ölüm-dirim savaşı fonunda bir çox baxımdan aktual və gərəklidir:
- Belə ki: roman fikir və milli istiqlal hərəkatımızın çox ünlü bir siması - Əhməd Ağaoğludan danışır; gəncliyi, böyük millət xadimi kimi yetişməsi, fəaliyyətinin Bakı dövrünü çevrələyir. Ə.Ağaoğlu ilə yanaşı, digər ictimai-siyasi fikir nəhəngləri Əlibəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun da obrazları keçir romandan. Millət atası, xeyriyyəçi-milyonçu H.Z.Tağıyevin isti nəfəsini duyuruq bir çox səhifələrdə. Məhəmməd Əmin Rəsulzadənin gənclik portretinin silueti görünür müəyyən epizodlarda. Bütün bu - məhz o adlardır ki, 70 illik qadağadan sonra haqlarında yalnız 1980-ci illərin sonları, 1990-cı illərdə geninə-boluna söz açılmış, amma elə bil qəfil də unudulmuşdu; "Difai fədailəri" geniş oxucu kütləsinin yaddaşını oyatdı...
- "Difai fədailəri" millət tarixinin bir zamanlar unutdurulmuş, arxivlərdə toz basmış səhifələrini qaldırmaq, xatırlatmaq və kütləviləşdirmək niyyətlərini güdür. Müəllif əsərin janrını "sənədli-bəlgəsəl roman" olaraq qeyd edir. Nəzərə alsaq ki, ümumən bizdə sənədli bədii əsərlər az yazılır, bu zəhmət tələb edən yüksək məramlı işə hər qələm sahibi qatlaşmır, romanın önəmi birə-ikiqat artır. Üstəlik, romanda bir sıra tarixi adlar, personajlar da vardır ki, əksəri ümumən ilk dəfədir ədəbiyyata gəlir: Axund Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli, Ədil xan Ziyadxanlı, Nəsib bəy Usubbəyli, Hacı Məmmədhüseyn Əlioğlu, Hacı Mirqasım Həmzəyev, Mirzə Məhəmməd Axundlu, Muxtar və Cavad Qazıbəylilər, Məşhədi Əlihacı Məmmədhüseyn oğlu Rəfibəyli, Ələkbər Xasməmmədli, Həmid bəy Usubbəyli, Bilal Qarabağlı, Əsəd bəy, Hüseynəli bəy, Xosrov bəy, Abbas Vəzirov, Kərim bəy Mehmandarov, İsa bəy Aşurbəyli, Behbud Cavanşirli, Qarabəy Qarabəyli, Niftalı bəy Behbudlu, Məhəmməd Hacınski, Səttar Axundlu, Mirzə Ələkbər Axundlu, Gövhər xanım Qacar, Minə xanım Talışinskaya, Həmidə xanım Cavanşir, Mirəli Sırxavəndli, Xuduş Qulubəyli, Qazi Məhəmməd, Əmniyyətdən tərcüməçi Sədrəddin, Hacı Əhməd Hacıbayramoğlu, Baxış bəy Kazımbəyli, Məşədi Şamil Hacı oğlu, Hacı Hüseyn Münşizadə, Əfrasiyab Əzimli, Hacı Məcid Seyid Bağır oğlu, Zülfüqar bəy Haqverdili, Vahid bəy Kazımbəyli, Mirzə Davud ağa Əfəndizadə, Əsgər Eyvazlı, Allahverdi Hacı Pənah oğlu, Həsənqulu oğlu Cavad, Məşədi Əli Sadıq oğlu, Məşədi Arif İsmayıllı, Məşədi Dadaş Muradxanlı, Məşədi Muxtar Kərbəlayi İbad oğlu, Musa Qulubəyli, Məşədi Mehdiqulu Hacı Şərif oğlu, Molla Həbib Kərbəlayi Mehdi oğlu, Məşədi Zeynalabdin Əhməd oğlu, Axund Mirzəli Axundzadə, Hacı Muxtar Sadıqlı, Məşədi Qara Şəfili, Məşədi Cəmil Vəzirli, Sadıq bəy Məşədi Aslanlı, Məşədi Mustafabəy Zöhrabbəyli, Məşədi Hüseynbəy Mirzəcamallı, Hüseynəli bəy Əsgərxanlı, Hacı Qənbər Zeynallı, Səfər Əmiraslan oğlu, Mahmud Qaryağdılı, Adışirin Əlibəyli, Məşədi İbiş İsmayıllı, Təhməz Həsənli, Ağabəy Qiyasbəyli, polkovnik Vəkilov, Hacı Kərim Sanılı, Əlibəy Xəlilbəyli, Abbasqulu bəy Axundlu, Böyükağa Dilbazi və b. Bütün bu əsərdən adı-izi keçən personajlar tarixi simalardır; yazıçı, fərdi çizgilər saxlanılmaqla həm də difai fədailərinin kollektiv obrazını yaratmaq yolunu tutur...
- Daha bir aktuallıq, "Difai fədailəri"nin Qarabağ mövzusunda olmasındadır. Roman ötən əsrin əvvəllərinin qanlı olaylarını, erməni-müsəlman münaqişəsinin geniş mənzərələrini qaldırmaqla içində olduğumuz Qarabağ müharibəsinin tarixi kontekstini, problemin əhatə və miqyasını görükdürür, anlatır. Difainin başqa bir adı da elə "Qarabağı Müdafiə Komitəsi"dir. Ermənilərin son iki yüz ildə Azərbaycan xalqına qarşı aqressiyası o qədər düşünülmüş, ardıcıl və intensivdir ki, çox vaxt nə zaman başlayıb-bitmədiyini belə müəyyənləşdirmək olmur; sonra törədilənlər elə bil əvvəlkiləri unutdurmaq üçünmüş. Necə ki, 20 faiz torpaqların işğalı, Qarabağın tarixi qəsbini, "Qarabağ" deyilən qondarma problem Qərbi Azərbaycan torpaqlarının alınmasını, sovet Ermənistanının yaradılması 1918-1920-ci illər və daha əvvəlki soyqırımları yaddaşlardan silmək üçün, yaddaşımızı azdırmaq-korşaltmaq üçün olmuşdur - roman bu məqamı aktuallaşdırır.
Roman çağdaş oxucuya sanki deyir: ayıq ol, oxucum! Bütün bunlar bir zamanlar da olmuşdur, çox olmuşdur, dəfələrlə olmuşdur... Romanda elə vəhşətli səhnələr vardır ki, sanki heç yüz ilin uzaqlığında yox, eynən bugünün Xocalı qətlamıdır, təkrar-təkrar şəhid qəbristanlıqlarına, Quba məzarlığına gömülmüş "mart qırğınları"dır... Romandan bir epizodu yada salaq: daşnaksütyun təqibindən qaçıb-qurtarmağa çalışan bütöv bir kənd (Umudlu) qonşu erməni kəndinə (Heyvalı) pənah aparırkən, hiyləyə aldanıb, bir qalaq külə döndərilir. Halbuki az öncə həmin bu erməni kəndini (Heyvalı) məhz azərbaycanlı-türk kəndliləri - Umudlular təqibdən qurtarmışdır... Müqayisə üçün deyək, söhbət heç də 1987-1988-cu illərdən getmir və hadisələr də Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanında baş verənlər deyil; bu - 1905-1906-cı illərdir, qarşımızda isə S.Rüstəmxanlının "Difai fədailəri"dir... Erməni xisləti, erməni qurnazlığı mahiyyətini dəyişmir!
Romandan təkrar-təkrar bu səhifələr keçir - "Difaiyə gətirən yollar" hansılardır... Necə Qarabağda ermənilər çar hökumətinə söykənib, Bilalın ata-baba yurdunu kilsə tikmək adı ilə mənimsəyir, müqavimət göstərən Bilal sürgünə göndərilir... Necə Bakıda bağ torpaqlarının mənimsənilməsinə dözməyən üç qardaş, erməni neft milyonçu-qəsbkarları ilə qeyri-bərabər savaşda intiqama qalxıb, şəhid olur... Necə İrəvanda neçə-neçə soydaşının ermənilərdən haqqını qoruyub təqib olunan vəkil Məmmədqulubəy Kəngərli Parisə tələsərkən Batumda qətlə yetirilir, onunla birgə mühacirət edən Heydər Kəngərliyə Gəncəyə gedib Difaiyə qoşulmağı vəsiyyət edir... Romanda geniş faktlar və canlı lövhələrin diliylə xatırlandığı kimi: Difai beləcə tarixi zərurətdən, stixiyalı Müdafiə hərəkatı kimi ortaya çıxır, ötən əsrin əvvəllərində Qafqazda müsəlman-türk əhalisinə qarşı erməni-rus fitnəkarlığına cavab olaraq az bir zamanda alınmaz qalaya çevrilir: "Qısa bir müddətdə üzvlərinin sayı iyirmi mini keçmişdi və nəticədə Bakıdan Batuma bütün münaqişə ocaqlarında ermənilər qarşılarındakı gücü görüb silahı, müvəqqəti də olsa yerə qoymağa məcbur olmuşdu. Tam məxfi fəaliyyəti sayəsində Difai düşməni çaş-baş salan sehrli bir qüvvə şöhrəti qazanmış, Azərbaycan xalqının ümid yerinə çevrilmişdi..."
Amma bu da unudulmamalıdır ki: Difainin firqələşməsinin, müntəzəm Müdafiə və hücum (Müdafiədə hücum) təşkilatına çevrilməsinin konkret ideya-müəllifi vardır. Hər zaman yuxarıdan düşünən millət başları olmalıdır ki: yüzlər-minlər- on minlərlə əzilən millət aşağılarını ətrafına yığa, təşkilatlandıra bilən mexanizmi icad etsin... Konkret halda bu - Əhməd Ağaoğludur və qeyd olunduğu kimi: romanın əsas qəhrəmanı da elə o özüdür. Əslində, roman başlıca olaraq məhz Əhməd Ağaoğlunu bir türk, bir insan, vətəndaş kimi, çar əsarətində çapalayan xalqının, millətinin düşünən başı olaraq Difaiyə gətirən səbəblər-yollar-düşüncə və əməllər üzərində qurulmuşdur. Necə hələ uşaqkən Şuşa realnı məktəbində erməni müəllim və şagirdlərin min bir hiylə və təzyiqinə qarşı iradə göstərir; necə Peterburq Universitetinə qəbul zamanı ən yaxşı bildiyi fəndən qəsdən kəsildikdən sonra Parisə gedib məşhur Sorbonna Universitetinə daxil olaraq Avropanı fəth edir; necə həmincə Avropanın işıqlı ideyalarına yiyələnib vətənində Firəng Əhməd kimi tanınır (analoji olaraq, "Dəli Kür"dəki Rus Əhmədi yada salaq); və Qərb və Şərqi qovuşduran dəyərlərin mücəssəminə-tərcümanına çevrilir. Necə baş qaldıran millət hərəkatı fonunda həmfikirləri ilə birgə topluma yol göstərən "İrşad" qəzetini təsis edir, gecəli-gündüzlü, usanmadan, qələmə güc verib qəzetəçilik edir; cəmiyyət içərisindən üzv seçilərək Dövlət Dumasında Qafqaz müsəlmanlarının haqlarını qoruyur; çoxbaşlı erməni-rus fitnəsinin məğzinə varıb, dostları ilə birgə Petereburqa rəsmi səfərdə müsəlmanların Bakıdan köçürülməsi planını ifşa edir... Ən nəhayət, bu xamırın hələ çox su aparacağını görüb, zamanı üçün ən uyğun formada bir təşkilat - Difaini yaradır, qurumun gizli havadarı və ruporu olur; ta ki, qəfil mühacir həyatına təhrik olunanacan fəaliyyət proqramına nəzarət edir...
Paralel olaraq: roman qəhrəmanının həyat dolanbacları, hər bir fəaliyyət aktı bu zaman Qafqazı taun kimi bürümüş erməni millətçiliyi və ona qahmar duran rus şovinizminin iç üzünün açılması ilə müşaiyət olunur. Şuşa realnı məktəbində Əhmədə göz verib işıq verməyən, sonradan erməni döyüş dəstələrinə başçılıq edən Nikol Terovanesyan; erməni terrorçularına meydan verib sonra da qəsdən gedib müsəlman məhləsində gecələməklə guya onlara sığınan Şuşa qarnizonunun rəisi general Kalaşapov; Hacı Zeynalabdin Tağıyevin barışıq təklifinə "Böyüyümüzsən" deyib guya baş əyən, arxada erməni silahlılarının başçısı Vardan Amazaspa "Siz işinizdə olun!" deyə fitva verən milyonçu Lalayan; olayları öz xeyirlərinə yozub Peterburq, Bakı, Tiflis mətbuatında utanmadan yalan püskürən "qəzet kəndirbazları" Alibekov, Doluxanov, Taqianosov kimilər, Bakı-Tiflis qatarında müsəlman heyətinin qətlini planlaşdırıb, Tiflisə guya sülh danışıqlarına tələsən Bakıdan "Mşak" qəzetinin redaktoru Kalantar Xatisov, Tiflisdən İspandaryan; Gəncədə, Tiflisdə, Qazaxda, Gədəbəydə, Zəngəzurda daim ermənilərin yanında olan rus kazakları... - bir sözlə: "Hakimiyyətin tərəf tutması və müsəlman düşmənçiliyi o qədər aydın və göz qabağındaydı ki, əlavə dəlil-sübuta ehtiyac qalmırdı. Rus məmurları bunu yazmaqdan, söyləməkdən də çəkinmirdilər..."
Sözsüz ki, romanı ilk növbədə sənədli faktlar idarə edir. Yazıçı qəhrəmanın fərdi bioqrafisini izləməklə, onun çulğaşdığı çox mürəkkəb tarixi mühitin obrazını üzə çıxarmağa müvəffəq olur. Bu isə cərəyan edən ictimai-tarixi proseslərin, milli mübarizənin elə bir mərhələsidir ki, hadisələrə yaxın olmadan, onu içdən bilmədən yazmaq çətindir. Böyük kataklizmlərdən xəbərsiz, sakit-dinc, dünyəvi həyatını yaşayan toplum qəfil aldığı nahaq zərbədən həm özünə gəlməli, durumunu anlayıb müdafiəsinə qalxışmalı, həm də əks-həmlə, hücum barəsində düşünməliydi. Bu ki: mübarizənin mexanizmi bir yandan aşağılardan xalqın, millətin oyanışını, onun təşkilini zəruri edirdisə, digər tərəfdən bir əlini də hələ hakimiyyətin ətəyindən üzməməyi, millətin nəfinə imperiya ilə diplomatik davranmağı tələb edirdi.
Belə bir tarixi analogiyanı 1980-ci illərdə, SSRİ-nin çökməsi zamanı, Meydan hadisələri fonunda da görüb-yaşayıb, yazıçı qələmə almışdır. Sovet dumanının başlardan hələ getmədiyi, ermənilərinsə artıq hücuma başladığı həmin zamanlarda məhz Sabir Rüstəmxanlının qələmə aldığı "Ömür kitabı" (1988) birdən-birə cəmiyyətdə bomba effekti yaratmış, bütöv bir nəsil gənclərinin milli düşüncəsinin silkinib oyanmasında əvəzsiz rol oynamışdı. Az keçməmiş Qarabağ hadisələri, ermənilərin həyasızcasına torpaq iddiaları və yüz il əvvəl kağız üzərində cızdıqları planın sürətli icrasının şahidi olduq; yenə eyni durumdaydıq: müdafiə və hücum. "Meydan epopeyası"ndan bildiyimiz kimi, bu zaman Sabir Rüstəmxanlı milli istiqlal hərəkatının önlərində, tribunadan on minlərlə kütlələrə rəhbərlik etmiş, rəsmən yuxarıdan Qarabağı Müdafiə Komitəsi yaradılarkən, qurumun orqanı olan "Azərbaycan" qəzetinin başında durmuş, az bir zamanda əsl İrşad kimi toplumun sovet düşüncəsindən qopub bilmərrə milli düşüncəyə köklənməsi yolunda çox böyük işlər görmüşdür. Belə ki, "Difai fədailəri" mövzusunu məhz Sabir Rüstəmxanlının yazması, millət fədaisi Əhməd Ağaoğlunun yüz il öncəki çətin, mürəkkəb, böyük sınaqlardan çıxan tarixi mübarizəsini bələdliklə əks etdirməsi təsadüfi sayılmamalıdır.
Sənədli olsa da, "Difai fədailəri" quru sənədlər romanı deyil. Romanın oxunaqlığında xeyli qədər də belletristikanın payı vardır (Cəmillə Ayçiçək, Bilalın sevgisi, o sıradan Əhməd bəy və Sitarə süjetlərini yada salaq). Əsərdə sırf informasiya daşıyan maarifçi səhifələr də əbəs deyildir (Əhməd Ağaoğlunun Nəcəf bəy Vəzirovla söhbətlərini anaq)... Sanki yazıçı milli hərəkat tarixinin Əhməd Ağaoğlu dönəmi barəsində məlum və naməlum nə varsa, bir araya gətirməyi, bu qəbildən bir qiraət kitabı yaratmağı düşünmüşdür: bilənlər üçün təkrar biliyin anasıdırsa, bilməyənlərin bilməsi daha vacibdir əzmilə.
"Difai fədiləri" romanı Əhməd Ağaoğlunun məcburən Türkiyəyə mühacirəti ilə başa çatır; amma əlavə olaraq yığcam bir bölmədə Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin Cümhuriyyət dövründə Nuru Paşanın qoşunları ilə birgə Vətənə son dönüşü də anılır. Qeyd olunduğu kimi, roman epiloqu Sabir Rüstəmxanlının üslubuna xas cəhətdir. "-Ən böyük intiqam millətin azadlığıdır. Biz o günə hazırlaşmalıyıq! - demişdi Əhməd bəy..." - "Sonuc"da o günün gəldiyi ifadə edilir: "1918-ci ilin sentyabr ayının 15-də ağır döyüşlərdən sonra Türk-İslam ordusu Bakıya girdi. Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, albay Bilal Qarabağlı da Nuru Paşayla yanaşı ordunun önündəydilər"
***
"Şair və şər" (Bakı, Elm və təhsil, 2015) - Sabir Rüstəmxanlının bir-birinin ardınca qələmə aldığı "Göy tanrı", "Ölüm zirvəsi", "Difai fədailəri" romanlarından sonra, millət tarixinin əşirətdən bugünəcən ən taleyönümlü, dönüş nöqtələrinə işıq salmaqla, gördüyü böyük maarifçilik işinin davamıdır.
Bioqrafik roman strukturunda qurulmaqla, əsər ilk növbədə böyük Azərbaycan şairi Məhəmməd Hadinin həyatını canlı dinamikada, uşaqlığından vəfatınacan hadisələr, dəyişmələr, insanlar, tarixi personajlar, Şamaxı-Kürdəmir-Hacıtərxan-Bakı-İstanbul-Karpat, yenə Bakı və Gəncə trayektoriyası fonunda təqdim edir. Təbiətin möcüzəsi Şamaxı zəlzələsindən qoparaq sanki Şairin taleyində daim bir zəlzələ yaşanır, onu diyarbədiyar qovur, amalına-istəyinə doğru çəkib-aparır. Tale həm amansızdır, şairi hər yerdə faciələrlə, məhrumiyyətlərlə üzləşdirir, həm də doğmadır, istiqbal vəd edir, onu yaşadır. Şairin həyatı millətinin taleyinə bənzəyir, ictimai-siyasi zamanın təlatümlərini varlığında təcəssüm etdirir.
Romanda maarifçilik hərəkatının canlı lövhələrini görürük: Hadinin Şamaxıda təhsil aldığı mollaxana mühitində, Kürdəmirdə Ağa Əfəndi ilə birgə açdığı məktəbdə, Həştərxanda Mustafa Lütfinin açdığı məktəb və qəzetdə, Bakıda qəzetçilər və şairlər mühitində cəhalətlə açıq mübarizə səhnələrində. Romantizm hərəkatının parlaq səhifələri - "Füyuzat" redaksiyasında, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Kamal və b. ilə münasibət və dialoqlarda əksini tapır. Milli müstəqilliyin qazanılması, Cümhuriyyət epizodları şairin həyatının son yarpaqlarında əks-səda verir və s.
Bütün bu tarixi mündəricata görə milli oxucu, millət oxucusu, şəksiz ki, yazıçıya minnətdar olur. Və hətta, onu da qeyd etmək gərəkdir ki, XX əsrin əvvələrinin tarixinin öyrənilməsi, kütləviləşdirilməsi və tədrisində "Difai fədailəri" ilə yanaşı, "Şair və şər" romanı da qiymətli məxəz, əyani vəsait ola bilər. Bununla belə, şəksizdir ki, "Şair və şər" romanının xidməti yalnız müasir oxucunu klassik şairlərimizdən bəlkə də ən qəlizi bildiyi Məhəmməd Hadinin həyat və yaradıcılığına yaxınlaşdırmaqla bitmir.
Romanın əsas önəmi sadəcə tarixi deyil, üstəlik Tarix üzərinə düşüncə romanı olmasındadır. Həm də "düşüncə romanı" dedikdə birbaşa müəllif düşüncələrindən söhbət getmir; publisist Sabir Rüstəmxanlının birbaşa düşüncələri ilə oxucu "Ömür kitabı"ndan (1988), "Bu sənin xalqındır" (1995) kitablarından yaxşı tanışdır. "Şair və şər"də yazıçı roman xronotopunu uğurla tapmışdır; bütünlükdə hadisələr, zaman, tarixi-mədəni durum, ictimai-siyasi proseslər, mənəviyyat-əxlaq, eyni zamanda həm varlıq (olum-itim), həm məişət problemləri və s. qəhrəmanın - Məhəmməd Hadinin iç dünyasında(n) nəzərdən keçirilir. Bu dəfə Meydan - şairin qəlbində qərar tutub, duyumlar-ideyalar-əməllər burda cücərir, böyüyür, düşüncəyə çevrilir, sığmayıb misralara köçür, şeirə dönür, ətrafını nurlandırır, fəth edir, cahana səs salır. Yazıçı çox böyük uğurla Hadi şeirinin içinə girir, altşüur seli şəklində onu həm çözür, həm də ətrafda nə baş verirsə həmin şeir vasitəsilə çözülür; ta ki, xronotopun mərkəzində şair aləminin özü durur...
Sabir Rüstəmxanlı eyni uğurla romantik şairin dünyasında dolaşır, xəyallarını-ideallarını bölüşür, dönməz, əyilməz vücuduna, şəxsiyyətinə nüfuz edir, qəhrəmanı ilə eyniləşməyə çalışır. Millət sevdası, Vətən eşqi, vətəndaş hünəri, azadlıq ehtirası, istiqlal savaşı... - bu yerdə zaman-məkan düşüncələrinə (xronotopa) XX yüzilin 70-ci illərinin şairi, Sabir Rüstəmxanlının öz dünyası da qovuşur, əsrin əvvəllərinin millət istəyi-sevgisi-fədailiyi əsrin sonunun əks-sədası ilə tamamlanır. Müstəqillik epoxasını yaşayan, milli ruhda, milli ideyalarla tərbiyələnən oxucu ilə "düşüncə romanı" məhz bu əsasda kontakt yaradır, oxucu qəlbinə girə bilir; Şairin iç dünyası oxucunun da düşüncə meydanına çevrilir...
Bu nöqtə - milli insan İdealı, başqa sözlə: idealda Milli insan modelidir: türk qanlı, müsəlman əqidəli, müasir təfəkkürlü. Bir daha yada salsaq: bu - Oğuz xandır, bu - Cavad xandır, bu - Əhməd Ağaoğludur, bu - Məhəmməd Hadidir... Bu həm də Sabir Rüstəmxanlıdır. Yazıçının romanlarında oxucusu ilə tarixi diskursda kontaktları mütləq bugünlə, müasirliklə tamamlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!