Mətanət VAHİD
Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü postulatı ilə barışan şairlər ona yeni çalarlar əlavə etməklə fərqliliyə meyil edirlər. Çağdaş poetik diskurs mümkün alternativ variantlar "istehsal" və təqdim edən, ənənəni dağıdan yeni qaydalarla mövcuddur. Poeziya sözün yaratdığı imkanlar sərhədini aşıb digər sənət növünün imkanlarından yararlanır. Müasir dünyada mədəniyyətlərarası diffuziyanın, sənətlərarası dialoqun yayğınlaşması müəllifin mətnə (bütövlükdə sənətə) yanaşmasında özünəməxsus izini qoyur. Oxucunun peşəkarlığı isə ədəbiyyatı yalnız estetik deyil, həmçinin semiotik nəsnə olaraq qəbul etməyə, mətni müxtəlif əlaqələrlə tamamlanmış sənət növü kimi dərk etməyə imkan verir.
Ötənlərdə internetdə qarşıma Səlim Babullaoğlunun "Qrafik şeirlər və esselər: vizual poeziya sərgisi" keçirilməsi haqqında xəbər çıxmışdı. "Rəqs edən ispan qızı" şeirini oxuyub-izləyərkən qulaqlığımda təsadüfən Yasmin Levinin "Una-noce-mas" mahnısı səslənirdi və qəribə bir uyumluluq yaranırdı: ispan ladlarında musiqi, bu sədalara "rəqs edən" ispan qızı və onun alovlu rəqsini təsvir edən mətn. Ehtirasla rəqs edən qarasaçlı, gözəl təbəssümlü ispan qızının zərif əllərini havada necə oynatdığını, qara krujeva ilə bəzədilmiş qırmızı donunun ətəklərini əsdirərək incə bədənini necə qıvırdığını və onu heyranlıq və sevgiylə, arzu və ehtirasla izləyən baxışları görürdüm. Söz, rəsm və musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu qanadlandırdığı qeyri-adi məqamlardan biri idi...
Çağdaş poeziyada mətn üfüqi xətt üzrə düzülmüş işarələr sistemi olmaya da bilir, onu şaquli, diaqonal və istənilən digər həndəsi fiqur, yaxud qrafik üsulla düzmək imkanları mövcuddur və bu da vizual poeziya fenomenindən danışmaq üçün səbəb verir. Vizual poeziya təsviri sənət və poeziyanın qovuşuğunda avanqard istiqamətdir və bu istiqamət çərçivəsində mətnin qrafik elementlər vasitəsilə vizuallaşması xüsusi əhəmiyyət kəsb edir.
Vizual poeziya örnəkləri "qaydasız" şeirlərdir: konkret qəliblərə sığmayan, klassik qaydalara uymayan müəllif necə xəyal edirsə, necə görürsə, hansı üsulla çatdırmağa gərək duyursa, elə də yaradır. Oxucu interpretasiyası üçün geniş imkanlar açılsa da, burada müəllifin yaradıcı kimi yönləndirməsi də az rol oynamır. Məsələn, "Rəqs edən ispan qızı" şeiri "hə, qoy süzsün havada zərif əllərin..." misrası ilə başlanır və buradakı "hə" özündən öncə formalaşmış təsəvvürün davamı, onu gerçəkləşdirən təsvir-şeirin başlanğıcı kimi çıxış edir. Bu şeirlər kağız, kətan və ya hər hansı digər müstəvidən ayrıldıqda mahiyyətcə dəyişilir, başqa sözlə, onları "şeirləşdirən" söz və təsvirin birliyi, tamlığıdır.
Şeirdəki vizuallıq verbal mətn üçün hərəki fon rolunu oynayır: rəsm obrazın cari halının, bir məqamın təsviridirsə, poetik mətn bu məqamın hərəkiliyini, davamlılığını təsvir etmək imkanına malikdir. Bədii mətndəki obraz təsvirin hesabına çoxplanlılıq, xarakter dərinliyi qazandığı kimi, təsvirdə də məhz verbal komponentlər bu xüsusiyyətləri gücləndirir. Başqa sözlə, elementlər bir-birinə qarşılıqlı təsir etmək gücündədir.
Prinsip etibarilə, hər bir sənət növü çoxdillidir və intermediallıq bu "poliqlotluq"dan (Lotman) istifadə yoluyla bədii əsərdəki mətndaxili əlaqələrin yaranmasıdır. İncəsənətin bütün növləri ilə əlaqələrinin mümkün olduğu poeziya xüsusən rəsm sahəsi ilə daha çox bağlıdır. Sintetik janr olan vizual poeziyada müəllif poetik mətnin məkanını genişləndirmək, iki dəfə artırmaq üçün mətnə digər semiotik sistemin müdaxiləsindən istifadə edir. Yunan filosofu Simonid təsviri sənəti lal poeziya, poeziyanı isə danışan rəsm adlandırırdı. Verbal poetik mətnin strukturuna vizual komponentin müdaxiləsi intermediallıq çərçivəsində yeni ədəbi formanın - vizual poeziyanın yaranmasına səbəb olur. Qeyd edək ki, vizual poeziyanın müstəqil janr, yoxsa ənənəvi janr sisteminin variantı olduğu ilə bağlı sual tədqiqatçılar tərəfindən hələ də birmənalı cavabını tapa bilmir. Onu poetik forma olaraq qəbul etməyən və təsviri sənətdən də ayırıb bu ikisinin arasında qalan xüsusi bir sənət növü, ayrıca bir mədəni fenomen kimi vurğulayan tədqiqatçılar da var, bütövlükdə incəsənətin janrı hesab edənlər də.
Dünya mədəniyyətində "qrafik şeir", "mediapoeziya", "fiqurlu şeir", "konkret şeir", "videopoeziya" və s. adlarla ifadə olunan vizual poeziyanın tarixini e.ə. III əsrə aid edirlər: fiqurlu şeirlərin ilk müəllifləri isgəndəriyyəli Feokrit, Dosiad və Simmiy hesab olunur. Simmiyin "Qanadlar", "Yumurta" və "Sekira" adlı şeirlərində sözlər elə düzülüb ki, adındakı məfhumları əks etdirir. Dünya ədəbiyyatında vizual poeziyanın ən geniş yayılmış nümunələri Apollinerin kalliqramlarıdır. Fransız şairi Guillaume Apollinaire (Giyom Apolliner) 1918-ci ildə qrafik şeirlərindən ibarət toplusunu çap etdirdi və bundan sonra vizual poeziya şairlər üçün daha çox maraq kəsb etməyə başladı. Bununla belə, ədəbiyyatda bir istiqamət olaraq çiçəklənmə dövrü, əsasən, ötən əsrin ikinci yarısına aiddir.
Çağdaş Azərbaycan ədəbiyyatında ayrı-ayrı müəlliflərin təcrübəsində tək-tək vizual poeziya nümunələrinə rast gəlinsə də, Səlim Babullaoğlunun yaradıcılığında bu, konseptual xarakter daşıyır: onun "Güllə", "Ağac", "Yağmurdakı adam", "Köhnə tərəzi", "Şərab şüşəsi", "Yeni il şamı", "Peyzaj" və s. kimi çox sayda adına uyğun şəkildə "qurulmuş" vizual mətnlərinin semantik əhəmiyyəti forma sayəsində daha da dolğunlaşır. Burada poetik mətn ilk növbədə görüntü, daha sonra isə sözlər vasitəsilə gerçəkləşir. Buna görə klassik türk islam ədəbiyyatında vizual şeirlər "rəsm yazmaq sənəti" kimi tanınırdı. Qeyd edək ki, bəzi hallarda oxucuya vizual olaraq ötürülən görüntüdə əksini tapan verbal mətnin məzmunu üst-üstə düşməyə də bilir. S.Babullaoğlunun vizual mətnlərində isə əsasən, ikisinin bir-birini tamamladığını izləyirik.
Sözlər öncədən nəzərdə tutulmuş konkret təsvirin dar çərçivələrinə sığdırıldığı təqdirdə təsvir sözü üstələyir. Bununla belə, vizual poeziya nümunəsi yalnız bir təsvirin sözlərlə "quraşdırılması" deyil, burada verballıqla vizuallığın nisbətinə münasibət müəllifinə görə dəyişir. Vizual şeirdə verballığı ikinci sıraya yerləşdirənlər üstünlük təşkil etsə də, bəzi müəlliflərə görə, bədii mətn dominantdır; çünki təsviri şərtləndirən, obrazı formalaşdıran məhz sözdür, mətndir.
Vizual poeziyaya müraciət edən müəlliflərə görə, fikrin yalnız verbal ifadəsi zamanı bitkinləşməyən obrazı tamamlamaq, formalaşdırmaq baxımından vizual elementlərin müdaxiləsi əvəzsiz seçimdir. Vizuallığı bədii mətnə illüstrasiya hesab edənlər də var. Belə olduğu təqdirdə poetik mətn üçün intermedial fon rolunu oynayan vizual komponent oxucuya psixoloji təsir göstərir. Bundan əlavə, poetik mətnə vizual elementin müdaxiləsi müstəqil struktur səviyyəsinin yaradılmasına səbəb olur, müəllif həm də üçüncü - oyun komponentini yaratmış olur ki, bu da vizual poeziyanın əsas əlamətlərindən biri sayılır.
Vizual şeir daha çox şəkilləndirilən, qurulan mətn olduğu üçün tənqidə açıq olmadığı, duyğuların arxa planda qaldığı ilə bağlı fikirlər üstünlük təşkil edir. Lakin vizual poeziyanın çərçivəsi yalnız rəsm və sözlərin sərhədi qədər dar deyil. Kalliqrafik yaradıcılıq kreativ xarakterlidir; müəllifdən olduğu qədər oxucudan (izləyicidən) da yaradıcı təfəkkür, fantaziya və daha çox bilgi gözləyir. Səlim Babullaoğlunun poetik yaradıcılığı subyektiv dünyadərkindən orqanik-elitar stilistikasına qədər bütün xüsusiyyətləri ilə unikaldır. Kalliqrafik şeirləri də ilk baxışda bəlkə də, kiməsə bəsit - sadəcə, hər hansı əşyanın rəsmi üzərində "qurulmuş" təsiri bağışlasa da, oxucu-izləyicinin yaradıcı münasibəti üçün daha çox imkanlar açır.
Fikrimcə, Səlim Babulaoğlunun qrafik şeirlərindən ikisinin "Ağac" adlanması təsadüf deyil. Mətnin görsəl obrazı müəllifin poetik təfəkkürünün formalaşmasında əhəmiyyətli rola malikdir. Klassik Şərq poeziyasında ağac fiquru şəklində yazılan şeirlər "müşəccər" adlanırdı və şairlərin ən çox müraciət etdiyi vizual şeir nümunələrindən idi. Lakin ağac kimi gövdə və budaqların görkəm və biçimində qurulmuş bu şeirdə beytlər budaqlar kimi, aşağıdan yuxarıya doğru paralel olaraq sıralanır. Müşəccər daha çox "fiqurlu şeir"in xüsusiyyətlərinə malikdir. Belə ki, "fiqurlu şeir"lər vizual olaraq həndəsi fiqur təşkil edən şeirlərə verilən addır. Bununla belə, vizual poeziyanın digər növləri ilə "fiqurlu şeir" arasında mahiyyətcə böyük fərq yoxdur. Bu baxımdan mütəxəssislərin bəzən onu vizual poeziyadan fərqləndirməsinə baxmayaraq, "fiqurlu şeir"ləri vizual poeziyanın bir növü kimi qəbul etmək daha doğru olar.
Vizual poeziyada əsas məqsəd dünyəvi şeir dili yaratmaqdır; dilin yeniləşməsi, "oyun"a alət olması prosesi gedir, hərflər, sözlər, söz birləşmələri vizual eksperimentlər üçün materiala çevrilir. Burada ən vacib amil onların uğurlu konstellyasiyasıdır. S.Babullaoğlunun hər iki "Ağac" şeirində mətn digər qrafik şeirlərində olduğu kimi, yuxarıdan aşağıya yönəlikdir.
Onlardan biri suallardan ibarətdir - insanın özünə, içəriyə ünvanlı suallardan. Bu baxımdan ağac təsviri üzərində qurulmuş mətni eyni müvəffəqiyyətlə sual işarəsi formasında da, Adəmi ifadə edən insan şəklində də qurmaq olardı. Yəni bu mətnlər üçün təsvir şərti xarakter daşıyır, mütləq rol oynamır. Çünki bu barədəki fikirlərin müxtəlifliyinə baxmayaraq, vizual poeziyada mahiyyət görsəllikdən daha artıq verballıqda saxlıdır - hər bir halda, vurğu "poeziya"nın üzərinə düşür. Suallar üzərində qurulmuş "Ağac" şeirində "Bəlkə Allahın Adəmə əşyaların adını öyrətməsində imiş sirr?!" ritorik sualı təsvirin gövdə, kök hissəsində yer alır ki, bu da insanın cavab ala bilmədiyi suallarının torpağa qarışanadək davam etdiyi anlamına da gəlir, sualların cavabının ilkin yaradılışda saxlı olduğu düşüncəsinə də. Beləliklə, vizual poeziyada təsvir sözlərin məna və mahiyyətini, bir növ, əsaslandırmış olur. Eyni fikir ikinci "Ağac" mətni haqqında da keçərlidir. Beləcə, lakonikliyi etibarilə də yaddaqalan olan qrafik şeir funksional obyekt olmaqla düşüncə "oyun"una çevrilir.
Vizual poeziyanın "konkret şeir" adlanan növü, əsasən, bir neçə sözün cümlə qurulmadan bir araya toplanması, yaxud eyni və ya oxşar (səs və görüntü olaraq) sözlərin təkrarı vasitəsilə yaranır. Belədə oxu zamanı şüur dil vərdişindən tədricən uzaqlaşıb, silinmiş mənalara yenidən qayıdır. Bu texnika izah edilərkən ən çox konkret poeziyanın banisi hesab edilən Eugen Gomringerin (Eygen Qomringer) şeirləri, xüsusən də "Sükut" ("Schweigen") nümunə gətirilir. 1953-cü ildə hər bir şeiri bircə sözün müxtəlif təkrarlarından ibarət olan kitabını çap etdirərkən onun bu addımı psixoloji rahatsızlıq kimi dəyərləndirilsə də, E.Gomringer "konkret şeir"in konseptual mahiyyətini açıqlayan deklarasiyasını irəli sürdü: "Şairlər hər cür qrammatik əlaqədən azad, çılpaq sözləri, konkret əşya və ya hərəkəti təqdim etməlidirlər, qalanı isə texnikanın işidir".
Səlim Babullaoğlu "Şam" şeirində "konkret poeziya"nın əsas əlamətindən istifadə edir: "mum", "mumdur" sözləri təkrarlandıqca onun sadəcə, işıqlandırmaq mənası tədricən arxa plana keçərək, mənanın alt qatlarına varılır və beləliklə, şeirin pərvanəni təsvir edən hissəsi ilə şamı təsvir edən hissəsi arasında mahiyyətcə tamamlanma, bütövləşmə baş verir - şamın, mumun təsəvvüfdəki ilahi nura işarəsi yada düşür və assosiasiyalar bu istiqamətdə formalaşır. Bu şeirdə intonasiya da əlahiddə əhəmiyyət kəsb edir. Beləliklə, intonasiya, təsvir, sözlər və onların konstellyasiyası birlikdə lazımi effekti yarada bilir.
Mütaliəni "müəllifin rəhbərliyi altında yaradıcılıq" adlandıran Sartr ədəbi obyekti - "yalnız dövr etdiyi müddətcə mövcud olan bir fırlanğıc" adlandırır - onun görünməsi üçün oxu adlanan konkret akt vacib olduğunu və mütaliə davam etdiyi müddətdə fırlanğıcın da dövr etdiyini bildirir: "Oxusuz yalnız kağız üzərində qara işarələr mövcuddur." Çağdaş lirikanın bəzi janrları, xüsusən, vizual poeziya müəllif ilə oxucudan izləyiciyə çevrilmiş resipient arasında birbaşa interaktiv dialoqa hesablanıb.
Y.M.Lotmanın təbirincə ifadə etsək, insanlığın inkişaf tarixi boyunca mətn əhəmiyyətli dəyişikliklərə məruz qalıb və bu evolyusiyanın zirvəsi intellektual özəlliklərə malik bədii mətndir. Etiraf edək ki, kanonlara alışmış oxucumuz üçün hər bir yeniliyə açıq olmaq çətin, bəzən hətta mümkünsüzdür və qayda-qanunlara tabe tutulmayan, çərçivələri dağıdan poetik təcrübə nümunəsi çox zaman cəfəngiyyat kimi, ən yaxşı halda isə şübhə ilə qarşılanır. Bəzən də oxucu kütləvi mədəni şok yaşayır: "bu şeirdirmi?" sualı ədəbi kuluarlarda pıçıltıya dönür.
Avropada mütəmadi olaraq, vizual poeziya sərgiləri və biennalelər təşkil olunur. Bununla belə, onu konseptual yaradıcılıq sahəsinə çevirən sənətkarlar üçün belə, bu, sadəcə bir eksperimentdir və bir çoxları üçün vizual poeziyanın mahiyyəti maraqlı sual olaraq qalır. Müəlliflərin düşüncəsincə isə vizual poeziya təsvir və sözün, rəsm və şeirin fövqündə - bu ikisini həm birləşdirən, həm də ayrılıqda inkar edən, iki sənətin qovuşuğunda yaranan xüsusi bir sənət növü kimi dəyərlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!