Azər TURAN
Çağdaş ədəbiyyatımızı carilik müstəvisində dəyərləndirəndə hekayə janrının daha dinamik olduğunu görürük. Söhbət stixiyanın meydana çıxardığı nümunələrdən deyil, ədəbi gücü, mündəricəsi, enerjisi olan dünya miqyaslı mətnlərdən gedir. Belə mətnlər isə hər deyəndə yazılmır. Xalq yazıçısı Elçinin ilk dəfə "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim olunan "Şanapipik" hekayəsində poetik tendensiya, janr təcrübəsi, dünya əhatəsi və bura varmaq səriştəsi öz sözünü deyir. Əlbəttə, bu yerdə kürsü tənqidçilərin olmalıdır. Ədəbi-bədii prosesi çağdaş sənət kontekstində analiz etmək, fikir həyatımızın, estetik-yaradıcı səviyyəmizin hansı qatda olduğunu bilmək üçün buna ehtiyac var...
Hekayədə diqqətimi Şeyx Hüsaməddin Ağa obrazı dərhal cəlb elədi. Mənşəyi maraq doğurdu. Gördüm ki, tək yaşayır. Keçmişi də mifdir. Yaşı da, bura hardan gəldiyi də bəlli deyil. Hekayədə Şeyxin bioqrafiyası ilə bağlı yalnız bir fərziyyə xatırlanır: onu bu yerlərə mələklər gətirib. Abdurrauf Fitrətin Şeytanını xatırladım. O da ağıllı və zəki bir varlıq idi. Onu da yer üzünə yola salan mələklər olmuşdu.
Bildim ki, Şeyx Hüsaməddin Ağa irreal obrazdır. Hərəkətlərində, yerişində də bir mələk plastikası var: "Şeyx elə yüngül, elə səssiz yeriyirdi ki, elə bil, ayağı heç yerə dəymirdi, elə bil, ahəstə uça-uça addımlayırdı". Lap Cavidin İblisi kimi: "Bir şəhpər açıb da nagəhani, /Bən teyy edərim bütün cihanı".
Elçinə görə Şeyx kimdir bilmirəm, amma mən onun daha çox iblis metaforasını təmsil etdiyinə inandım. O, ədəbiyyat və təsəvvüf tarixindəki İblislərə də oxşamır. Geylaninin Hermafroditə bənzəyən, çənəsi uzun və qara qıllarla tutulu İblisindən fərqli olaraq, Elçin Şeyx Hüsaməddinin portretini fərqli estetikada təqdim edir: Onun "ağ-gümüşü saçları səliqə ilə çiyninə tökülmüş, qısa saqqalı ağappaq ağarmış, uzun-uzun illər boyu işığını itirməmiş iri və dibdən baxan göy gözləri həmişə hamının üzünə gülümsəyən, hündür boylu, ancaq çox zərif qamətli, saqqalı kimi ağappaq libası da həmişə səliqə-sahmanlı"dır. Belə bir zahiri görkəmlə onu sufi mürşidləri silsiləsində görmək yetərli olardı, amma süjet elə davam edir ki, Şeyx Hüsaməddinin obrazı İblis nöqtəsinə fokuslanır.
Şeyx Hüsaməddin Ağa danışmağı xoşlamır... elə "Şanapipik" hekayəsinin məziyyətlərindən biri də budur. Elçin Şeyxi danışdırmadan, dialoqa çəkmədən onun sükutunu, təbəssümünü mediuma çevirə bilib. Məkan da, Zaman da irrealdır və mətnin magik cazibəsi Zamanı da, Məkanı da sakrallaşdırır. Dövriyyədə olan obrazları, arxetipləri bir süjetin məxrəcinə gətirir. Behişt dağı da, Şəlalə də, Qovuşaq da, Şeyx Hüsaməddin də, Qızılgül də metafizik simvola çevrilir. Belə bir dünyada Şeyx Hüsaməddin hamıya öz sükutu ilə, hamı da bir-birinə Şeyx Hüsaməddinin sükutu ilə intiqal edir. Amma o sükut nədir? Hər nədirsə, bu sükutu və hüzurlu halı ilə Şeyx Hüsaməddin hamıya sirayət edib: "onunla insanlar arasında elə bir münasibət vardı ki, elə bil, o, bu insanların hamısının hüzur sahibi olan ulu babasıdır...".
Şəlalədə çimən qızların (Elçin Mərcanlı çayında üzən Qızılgülü huri kimi təsvir etmirmi?) Şeyx Hüsaməddinin gəldiyini görüncə qaçıb gizlənməsi, təkcə Qızılgülün gecikməsi, "- Ya Allah! - dedi. - Elə et ki, Lütfikar məni bu cür görməsin!..", - deyə dua etməsi və şanapipiyə çevrilməsi qəribədir ki, mənim yadıma şanapipik əfsanəsini, yaxud əfsanənin motivlərində yazılmış mətnləri deyil, Dədə Qorqudun kitabındakı Basatın Təpəgözü öldürdüyünü bəyan edən boyda çobanı görüncə çimdikləri pınardan qanad-qanada uçub gizlənən pəriləri və o qatardan Çobanın qucağına düşən pərini saldı... Çobandan hamilə qalmışdı... Demon ədəbiyyatda bəzən çoban qismində təzahür edir. Əlbəttə, Dədə Qorquddakı Qonur qoca Sarı çoban demon deyil, amma çobanın pəri qızından olan oğlu Təpəgözü demonik varlıq adlandırmaq mümkündür. Saramaqounun İblisi çoban qiyafətindədir. Cavidin Şərqdə abid, Qərbdə rahib olan İblisi də bəzən çoban olur... Uzun pınar Mərcanlı çayını, Mərcanlı çayında çimən qızlar Uzun pınarda çimən pəriləri yansıtdığı üçün təxəyyülün sınırları bizi bu sirli, sakral məkanlar və adlar kontekstində gəzişmələrə çıxarır.
Qızılgül Şanapipiyə çevrildi ki, Şeyx onu üryan görməsin. Görsəydi, Şeyx Sarı çobana çevrilərdimi, bilmirəm... Amma onun "iri və dibdən baxan göy gözləri" mefistofelanədir. Burda istər-istəməz Bodlerin "İblisə dualar"ındakı misraları xatırladım: "dərinlikləri görən kəskin gözlərin bilir.../ Ölüm adlı o əski və güclü sevgilindən / Ümidi - çılğın qızı sən doğurdacaqsan, sən!".
Nəfəsindən də, üst-başından da qızılgül ətri gələn Qızılgülün Şanapipiyə çevrilməsi obrazı da, fikrin fəzasını da fərqli məcraya, daha çox irfani dərinliyə, indiki halda Hz. Süleymanın pritçasındakı Hüdhüd quşuna yönəldir. Hüdhüd Süleymanın xəbər gətirəni idi. Hekayədə Şanapipiyə çevrilmiş Qızılgülün dəli olmuş anası Qovuşaq bağında dolanır və "tez-tez qəşəng taclı bir şanapipik uçub, onun qarşısında yerə qonurdu, ora-bura vurnuxurdu, onun dalınca gəlirdi və elə bil, nəsə demək, nədənsə agah etmək istəyirdi".
Elçinin bu hekayəsi sufi mətnidir. Mən bilərəkdən neosufi mətn demirəm. Elçin də elə klassik sufizmdəki mətnlər kimi - Fəridəddin Əttarın, Gülşəhrinin mətnləri kimi bir mətn yaradıb.
Qızılgülün teoloji təfsirində Peyğəmbər izləri var. Qızlıgülün nəfəsindən, üst-başından qızılgül ətrinin gəlməsi peyğəmbərliyə bağlı bir haldır. Qızılgül nəfəsli, başqa sözlə, Peyğəmbər nəfəsli Qızılgül Şeyx Hüsaməddindən qaçır...
Diqqətimi bir də Şeyx Hüsaməddin Ağanın üzündə iki dəfə görünən təbəssüm cəlb etdi. İblis metaforasını yansıdırsa, niyə təbəssüm etsin ki? Özü də hansı məqamda: "Şeyx nəzərini Qızılgülün anasının donub qalmış gözlərinə zillədi və bir an, ancaq bircə an Şeyxin ağappaq narın saqqallı zərif sifətinə bir təbəssüm qondu, qonan kimi də yox oldu... Və Şeyx Hüsaməddin Ağa Lütfikar bu dəfə dayanmayıb, yoluna davam edərək, Qovuşaq bağına girəndə də bir anlıq dodağı qaçdı, sonra həmin təbəssüm yenə onun zərif sifətinə qondu və Şeyx Hüsaməddin Ağa o xəfif təbəssümlə məsum-məsum gülümsəyərək saqqalına sığal çəkib, bağın dərinlərində gözdən itdi". Əbdülqadir Geylaninin "Fütuhul Ğayb" ("Gizlidən səslər") əsərinin "Şeytanla bir söhbət" bölümündə İblislə bağlı belə bir fraza var: "İblis utancaq bir təbəssümlə mənə baxdı".
Şeyx Hüsaməddin Ağa kimdir? Hadisələr Behişt dağının qarşısında baş verirsə, Elçin məkanı Behişt dağının, Şəlalənin hüzuruna, Qovuşaq bağına köçürməklə mətnə mistik bir cazibə, sehr aşılayırsa, Qovuşaq adlanan yer də, Şəlalə də, Behişt dağı da, Qızılgül də, hətta Hüsaməddin adının qılınc mənasını verən kökü də (Hüsam) rəmzdirsə, hekayədəki məkan o dünya ilə bu dünyanın qovuşağıdırsa, təbiət bu qədər sakraldırsa, Məkan da, Zaman da metafizikdirsə, hər şey varlığın ötəsindədirsə, Şeyx Hüsaməddin Ağanın hekayədə hansı missiyanı daşıdığını bilməyə nə var... Özü də bir halda ki, Şeyx barədə yuxarıda da dediyim kimi, yalnız bir bioqrafik məlumat var: "Şeyxi bu yerlərə mələklər gətirib".
Eden bağından qovulan İblis indi də Qovuşaq bağındadır. Özü də Behişt dağının önündə...
28 yanvar 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!