Kiçik hekayələrdə müharibə və insan taleləri - Gülnar QƏMBƏROVA

Hüseynbala Mirələmovun hekayələri barədə

XX əsr gerçəkləri, müharibə və zaman, insanın zamanda yeri, davranışı, doğmalıq və yadlıq kimi yeni epoxaya adlamış məsələlər görkəmli yazıçı Hüseynbala Mirələmovun nəsrində geniş müəyyənliyini tapmış və müdrik bir qələmlə realizə olunmuşdur. Silsilə və konseptual şəkildə işlədiyi tarixi əsərləri, ideoloji dürüstlüyü ilə seçilən mətnləri, habelə çağdaş insana işıq salmağı bacardığı ən son ədəbi nümunələrə qədər Hüseynbala Mirələmov XX əsr dünyasına dair bütün məqamları aktuallandırmağa nail olan çoxcəhətli yazıçılarımızdandır. O, başlıca olaraq, müharibənin, kütləvi zülm və zorakılığın, şər və bədxahlığın əleyhinə çıxır. Həyatın ən dərin və görünməz olan qatlarına nüfuz etməyi bacaran, onun daxili durumunu, həm tərəqqiyə səbəb olan, həm də inkişafdan saxlayan amilləri aydın göstərən bu əsərlərdə başlıca predmet cəmiyyət və şəxsiyyət münasibətlərinin geniş və hərtərəfli təhlili olduğundan yazıçı söz sənətinin bütün imkanlarından ən müxtəlif səviyyələrdə yararlanmış, onun təsir gücünə böyük dəyər və önəm verilmişdir. Hüseynbala Mirələmov üçün ədəbiyyat hətta ictimai-siyasi durumların ən kəskin və böhranlı dönəmlərində də insanların şüuruna bilavasitə təsir edən bir vasitədir və özündə böyük missiya daşıyır. Bu mənada, yazıçı o mövzuları nəsrə gətirmişdir ki, xalqın, millətin genetik yaddaşının köklərini aydınlatmaqla yanaşı onun müasir dünyaya inteqrasiyası yoluna da işıq salsın.

Bu yaxınlarda Hüseynbala Mirələmovun "Bir tikə çörək" kitabı ilə tanış olduqda bir məsələyə diqqət etdim. Demək ki, yazıçının gəncliyindən maraqlandığı məqamlar həyati məsələlər, insan dramı, onun cəmiyyətdə yeri, zaman və zamanda xərclənən ömür məsələləri olmuşdur. Çünki bu kitabda Hüseynbala Mirələmovun həm yaradıcılığının ilk illərində, həm də  müasir dövrdə yazdığı hekayələr yer almışdır. Onların hər biri müstəqil kompozisiya quruluşuna, fərqli obrazlara malik olsalar da, onların hamısını ümumi xətt birləşdirir - müharibə acıları, insan taleyi, onun psixoloji sarsıntıları, duyğu və düşüncələri və s.

Yazıçının təbiətə həssaslığı məsələsinə toxunmaq istəyirəm. Təbiət Hüseynbala Mirələmovun əsərlərində fəlsəfi, ictimai-sosial məzmunlu obraz statusu alır, ondakı işarəvilik  yazıçıya təbiətin bədii vasitə kimi obrazlılıq sərhədlərini genişləndirməyə imkan verir. Əsərlərə daxil edilən hadisələr, yazıçı təhkiyəsinin əsasında dayanan çeşidli problemlər, rəngarəng həyat lövhələri, obrazların xarakter keyfiyyətləri, mənəvi-əxlaqi tənəzzülü qəhrəmanların həyata baxışları bədii obrazla sosial ideya-mənəvi bağlılıq yaratmaqla bərabər, daha qlobal tutum, səciyyə qazanır, ekoloji böhran səvyyəsində dərkini tapa bilir.

Hüseynbala Mirələmovun hekayələrində həyatın bədii-fəlsəfəsini dərk etmiş insan görürük. Bu insan gerçəkliyi tanıyır, özünün mahiyyətini anlayır. O, Alber Kamyunun təbirincə desək "dünyanın irrasionallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır".

Müharibə dəhşətləri, onun ağrı-acısı, viran qoyduğu insan taleləri "Bir tikə çörək" kitabında toplanmış hekayələrdə əsas məzmun xəttinə çevrilir, insanların nakam qalmış arzularını göz önündə sərgiləyir. Böyük vətən müharibəsi illərində bir dilim çörəyə möhtac qalan, min bir əzab-əziyyətə qatlaşan, çox çətinliklərə mətanətlə sinə gərən Kübra xalanın timsalında müharibə insanının faciəsi "Bir tikə çörək" hekayəsində canlandırılmışdır. Məmməd azyaşlı olsa da, öz kiçik qəlbində bəslədiyi ana sevgisi bütün məhrumiyyətlərə qalib gəlir, qarlı, küləkli qış günündə anasına aparmaq istədiyi çörək ünvana çatmasa da, onun arzuları qələbə çalır, Kübra xala çörəyin bol olduğu zamanda, sülh şəraitində nəvəsinin firavan həyatını görüb qəlbi fərəh hissi ilə dolur.

Yaxud insanların müharibə zamanı fiziki, mənəvi məhrumiyyətləri, iztirabları "İzlər" hekayəsində öz bədii həllini tapmışdır. Müəllimini qoltuq ağacında görən hekayə qəhrəmanı müharibədə kəşfiyyat zamanı ayağını itirən atasını xatırlayır, bundan mütəəssir olur: "Palçıqlı səkidə tənha iz qaldı. Qoşa izlər arasında tənha bir iz... Qəlbimdə sirli, yanıqlı xatirələr oyandı".

Hüseybala Mirələmovun hekayələrinin əsas cəhəti obrazların müfəssəl təsviridir. Dolğun təsvir nəticəsində oxucu hekayə qəhrəmanlarının bədii potreti haqqında bitkin təsəvvürə malik olur: "Enlikürəkli, ucaboylu, qıvrım saçlı, enli qaşları gözlərini kölgələyən atam yenə öndə gedirdi. Ağır-ağır gedirdi. Az qala addım-addım irəliləyirdi. Sinəsi yaralı torpağın hər qarşına bir mina düşürdü. Şum yerini xatırladırdı bir neçə uzanan, inildəyən torpaq. Bircə fərqi vardı. Bu əkindən saçaq-saçaq, daraq-daraq sarı sünbüllər günəşə boylanmayacaq, qızılgüllər ləçək-ləçək açıb ətrafa xoş qoxu sancmayacaqdı. Ölüm, kədər, qüssə, göz yaşları əkilmişdi bu torpağa..."

Hüseynbala Mirələmovun yaratdığı obrazlar diridir, mütəhərrikdir, hər biri hər hansı mənəvi əxlaqın, ictimai fikrin, zümrənin daşıyıcısı qismində görünür. Onların həyat kontrastını ifadə etməyə gücü yetərincədir və bu güc ən tipik situasiyalarda, anlamlı səhnələrdə təzahür edir. Məsələn, müəllifin "Qara xal" helayəsinə diqqət edək. "Qara xal" hekayəsində də müharibənin ağrılı-acılı fəsadları insan talelərinin timsalında öz əskini tapır. Həkim Ümid Bədirov və Nahidə bir-birini sevir, ailə qururlar. Lakin böyük vətən müharibəsi illərində cəbhəyə yollanan Ümid Bədirov 1942-ci ildə nənəsinin ölüm məktubunu alandan sonra ailəsi haqqında heç bir xəbər tutmur. Müharibə bitəndən sonra isə gəlib evinin qapısını qıfıllı, çırağını sönmüş, eyvanını tozlu, həyət-bacasını ot-ələf basmış formada görür. Nə bir qarşılayanı olur, nə ürəkdən sevinəni. Çünki həyat yoldaşı Nahidə ona bivəfa çıxmış, yolunu gözləməmiş, başqası ilə evlənmişdi. Ancaq atalar demiş, dağ dağa rast gəlməsə də, insan insana rast gəlir. Həyat onlara gözlənilməz sürpriz edir: Nahidənin ölüm-dirim savaşında tək çarəsi həkim Ümid Bədirovun şəfa saçan əlləri olur. Ümid Bədirov düşünür, qərarsız qalır. İllərlə qəlbində kök salan kin-küdurət, qəzəb, intiqam hissimi, yoxsa özünün and içdiyi həkimlik sənəti?

Hekayə bitmiş eşqin dramını verir. Düşündürür, tərəddüdlər oxucunu həyatın dərinlərinə enməsi üçün imkan qazandırır. Amma mətn gözlədiyimiz sonluqla bitir. Ümid Bədirov öz sənətinin qayda-qanunlarına sadiq qalır, anlayır ki, əməliyyat stolunda uzanıb canı ilə əlləşən Nahidəyə keçmiş arvad kimi yox, sağalmasına ümid bəsləyən minlərlə xəstə kimi yanaşmalı, onun ayağa qalxması üçün əlindən gələni etməlidir: "Bu səslər elə bil məni yuxudan ayıltdı. Axı, hər şeyi, hər şeyi müharibə dəyişdi. Qəti qərarım, qəti hökmüm Nahidə üçün yox, müharibə törədən cəlladlar üçün çıxarılmalıdır". Müəllif ayrı-ayrı dövrlərdə eyni xarakterli hadisələrin paralel təsviri ilə həyata münasibətini psixoloji aspektdə göstərməyə çalışır. Qeyd edək ki, bu hekayələrdə psixologizm - həm də gerçəkliyin lirik psixologizmini araşdırmaq yazıçının poetikasının ədəbi-bədii materialını təşkil edən əsas komponentə çevrilir.

"Dəyirmana gedən yol" hekayəsində yenə də müharibə, aclıq, səfalət yaşayan insanların faciəsi ilə üz-üzə gəlirik. Müharibə bitəndən sonra hər şey öz məhvərinə qayıdır, ot-ələf, kol-kos basmış dəyirman yolunun təmizlənməsi, tikintisi başa çatır.

Bu əsər 80-ci illərdə yazılsa da, bu günümüzlə oxşarlıq təşkil edir. Qarabağ müharibəsi bitir, biz qələbə çalırıq. Otuz ildən çox yalnız hava yolu ilə gedib gələ biləcəyimiz Naxçıvan yolu artıq bərpa olur, biz ora illərlə həsrətində olduğumuz, ağrısı ilə qovrulduğumuz Qarabağdan keçərək gedib-gələ biləcəyik... Və ya dağlarının başı dumanlı olan, gözəlliyini ancaq kitablardan oxuduğumuz Şuşa yolları artıq bizim üçün xəyal yox, gerçək olacaq.

"Qayıtdı durnalar" hekayəsində əsgərləri Vətənin müdafiəsinə "Vağzalı" sədaları altında yola salan Sürəyya nənə  sanki bu musiqi ilə ümidlənir, qəlbində güc, cəsarət, gələcəyə inam tapır. Müəllif göydə süzən durna qatarı ilə milli musiqimiz olan "Vağzalı"nı müqayisə edir, onlar arasında bənzərliyi belə təsvir edir: "Başımız üstündən səfə düzülmüş bir durna qatarı keçirdi. Sürəyya nənə görməsə də hiss olunurdu ki, bu durna qatarı onun xəyalında, boz gözlərinin boz həsrətində gümüşlənmiş bir yola, bir cığıra dönüb ötürdü. O gümüşü yolla bir nağıl, bir sehirli, bir kövrək, bir həzin "Vağzalı" havası qanad alıb uçurdu..

Kiçik hekayədə müəllif bəşəri ideyaları ehtiva etməyə nail olur: müharibə dəhşətləri, yaşananların real hadisələrlə bağlılığı, insanın daxili hiss-həyəcanı, keçirdiyi təlatümlü hisslərlə təbiət arasında paralelizm, gələcəyə inam və s.  Ailəsini dolandırmaq üçün Rusiyaya  üz tutan Rəhim, onun başına gələn kədərli hadisələr "Vicdanın cəzası" hekayəsində yüksək bədii həllini tapmışdır.

Haqqında bəhs etdiyimiz kitabda toplanan hekayələrin bir qisminin mövzusunu insanlar arasındakı münasibətlər, onun daxili aləmi, duyğu və düşüncələri, sevgi-məhəbbət və s. təşkil edir. "Son arzu", "Tənha durna uçuşu", "Çimərlik", "Qayada çiçək", "Simuzər", "Qaraçı qızı Dorito" və s. hekayələr bu qəbildəndir. Hüseynbala Mirələmovun bütün hekayələri üçün xarakterik olan sərrast müşahidələr, tipik, canlı detalların olması, eyni zamanda nəzərə çarpan süjet bitkinliyi predmeti daha çox ümumi mənzərəsi ilə canlandırmağa yol açır. Bu məziyyət yazıçının bədii təfəkkürünün, üslubunun səciyyəvi əlamətidir və əsərlərində ümumi başlanğıcın şəxsi başlanğıcı üstələməsi keyfiyyəti də buradan irəli gəlir.

Həyat, müharibə dəhşətləri və insan həqiqəti! Onlar haqqında danışmaq bütün zamanlarda çətin olsa da labüddür. Nə qədər ki, dünya sivil danışıqlara, dialoqlara yol qoymur, müharibə qaçılmaz olur. Onun zədələdiyi, viran qoyduğu minlərlə ömürlər, gerçəklər də həmçinin. Hüseynbala Mirələmovun kiçik hekayələrindən tutmuş müharibə mövzusuna işıq salan istənilən həcmli əsəri bizə bu kədərli tabloların rəsmini çəkməkdə kömək edəcək. Ağrıdacaq, böyüdəcək və ən əsası, inandıracaq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!