"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Xəlil Rza Ulutürkün "Yurdum, sənin sağlığına" şeiridir.
Yurdum, sənin sağlığına
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına,
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına
Unuduldum.Nə tutuldum, nə pərt oldum,
Pıçıldadım öz-özümə - Xəlil, sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının
təkəm-seyrək ağlığına,
Ey dost, sənin sağlığına!
Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın, sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!
Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
Bir oğul var - Xəlil, sənin sağlığına!
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!
Nizami Cəfərov
Qürurun üsyanı
Hər bir əsl şairin daxilində özünəməxsus bir "mən" var ki, onun poeziyasının ideya-estetik təbiətini, xarakterini də, bir qayda olaraq, həmin təkrarsız "mən" müəyyən edir: Nəsimi "mən"i, Xətai "mən"i, Füzuli "mən"i, Vaqif "mən"i, Səməd Vurğun "mən"i...
Xəlil Rza ilk şeirlərindən etibarən yaradıcılığa güclü, enerjili (və milli, vətənpərvər!..) bir "mən"lə (öz mənliyi ilə!) başlamış, yaradıcılığının (və ömrünün) sonuna qədər bu "mən"ini (və mənliyini!) qorumuş, zənginləşdirmiş, ona ictimai-siyasi, ideoloji məzmun- mündəricə qazandırmış söz ustasıdır. Və heç şübhəsiz, Xəlil Rzanın poetik "mən"ini qanadlandıran, ilk növbədə, onun dərin (və təbii) genetik kökləri olan, çox hallarda inersiya, təhtəlşüur bir fövriliklə təzahür edən üsyankarlığıdır. Ruhuna, həyat (və düşüncə) tərzinə yad olan bir məclisin emosional təəssüratlarını rəsm edən "Yurdum, sənin sağlığına" şeirində şair zahirən nə qədər həyəcanlı, çılğındırsa, daxilən o qədər təmkinlidir. Və bu təmkin şeirin poetik strukturunda, bədii təhkiyənin sxematik ardıcıllığında (və dəqiqliyində) özünü olduqca aydın göstərir.
Hamının, hər kəsin, hətta hər şeyin sağlığına içildiyi bir məclisdə Şair "unudulur". Və bu cür "unudulmaq", təbii ki, əvvəl onun şəstinə, qüruruna, mənliyinə toxunur. Ancaq içindəki inam şairə təlqin edir ki, onun şəsti, qüruru, mənliyi bu məclisdən çox-çox yüksəkdə dayanır. Və məclisdəki "cəmiyyət"in (əslində, bu məclis şairi əhatə edən ictimai mühitin özüdür!) verdiyi xoş olmayan (laqeyd!) təəssürat şair şəsti, qüruru, mənliyi qarşısında sabun köpüyü kimi dağılıb yox olur... Şair ona görə qürurludur ki, bu təsadüfi məclis (və cəmiyyət) "ilğım"ından fərqli olaraq, bütöv bir yurdun, millətin, elin-günün əbədi təcəssümüdür. Və o, "həqq mənəm", "məndə Məcnundan füzun aşiqlik istedadı var", "bənzərəm bir qocaman dağa ki, dəryada durar", "Vurğun öldü deməyin, bir əbədi sənəti var"... deyən dahi sələflərinin layiqli xələfidir.
Xəlil Rzanın onlarla, hətta yüzlərlə şeirləri vardır ki, hamısının "baş qəhrəman"ı, yaxud ilham qaynağı "Qürurun üsyanı"dır. Və burada bir şəxsiyyət, yaxud millət səviyyəsində bayağı eqoizmdən, quru özündənrazılıqdan söhbət belə gedə bilməz...
...Xəlil, sənin sağlığına!.. Yurdum, sənin sağlığına!..
Qurban Bayramov
Xəlil Rza Ulutürk: O, bu gündür, o, gələcəkdir...
XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, istiqlalımızın milli ideal mücahidi, tükənməz yaradıcılıq enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsi həmişə milli ideyalara bağlıdır. Görürsünüzmü, Xəlil Rza adı gələndə ilk ifadələr ancaq Azərbaycan xalqı ilə, millətlə, azadlıqla, milləttin istiqlalı ilə, mübarizə dolu bir həyatla, alovlu tribun ehtirasla bağlı olur, Türk dünyası yada düşür, Türkün ululuğu və gələcəyi göz önünə gəlir. Bu da bica yerdən yaranmır, Xəlil Rza millətin şairidir, necə Şandor Petefi, necə Pablo Neruda, necə Musa Cəlil, necə Lui Araqon, necə Səməd Vurğun, necə Nazim Hikmət... Xəlil Rzaya ən çox yaraşan ad isə Ulutürk adıdır! Xəlil Rza bütünlüklə, təpədən-dırnağa, bütün qanı-canı ilə Türk dünyasına, türkün istiqlal və azadlıq uğrunda mübarizəsinə tükənməz enerji ilə bağlı şair idi... Onun poeziyası heç bir müqayisəyə gəlmir. O, öz poeziyasına, öz ideyalarına son dərəcə sadiq şəxsiyyət idi. Onu yolundan çəkindirmək istəyirdilər - təqiblərə, məhrumiyyətlərə, zindana baxmayaraq Xəlil Rza sonadək mübarizə apardı. Bu inkaredilməz bir həqiqət, izaha ehtiyacı olmayan aksiomadır... Xəlil Rza Ulutürk hər şeirində, hər misrasında, hətta adi məişət danışığında da belə idi! "Gün aydın!", "Necəsən, igid!" kəlamlarında olduğu kimi...
Xəlil Rza bir şair, bir sənətkar, bir insan kimi tükənməz idi... Çoxşaxəli, polifonik, zəngin bir yaradıcılıq istedadına malik idi. Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib.
Onun zəngin obrazlı - poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə Xəlil Rza Ulutürkün irsinə olan oxucu marağı tükənmir. Əslində, Ulutürkün yaradıcılığı xalq əmanətidir və bu əmanətə heç cürə xəyanət ola bilməz! Xəlil Rza Ulutürk yaradıcılığına müraciət əsl vətəndaşlıq mövqeyinIn sərgilənməsi, xalq əmanətinə məhəbbət və ehtiramın ifadəsidır...
İndi Xəlil Rza Ulutürkün bir şeirindən, "Yurdum, sənin sağlığına!" şeirindən söz getdiyindən bu əsər üzərində dayanırıq! Xəlilin bu şeirində də, milli güc, milli enerji var! Onun bu şeirində də, ana dilinə məhəbbət, vətənpərvərlik, mübarizəyə çağırış ruhu, türkçülük, milli şüur və milli kökə bağlılıq ideyaları da güclü inikas etdirilib. Burada şəxsiyyətin böyüklüyü və əzmkarlığı nümayiş etdirilir. Əslində bu avtoportretdir, poeportretdir! Bu şeir haradasa 70-ci ilərdə qələmə alınıbdır. O dövr, doğrudan da Xəlil Rzanın "unudulan çağları" idi... Əqidəsinə görə sevimli tələbələrindən uzaqlaşdırılmış, işdən kənarlaşdırılmışdı...
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına,
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına...
Onu görürdülər, amma qara eynək taxıb görməməzliyə vururdular! Onun kim olduğunu bilirdilər, elə ona görə də belə edirdilər, bilməməzliyə vururdular ki, Xəlil Rza içindən qırılsın! Amma bu mümkün deyildi! Onu görməmək, duymamaq mümkün deyildi! Başqaları başqadır, özgələri özgədir, gərək özün-özünü dərk edəsən, özün-özünü görə biləsən! Xəlil Rza özünün kimliyini bilən, özünü dərk edən, boynuna düşən missiyanın nədən ibarət olduğunu anlayan, ətrafdakı qaragüruhdan qorxmadan, hələ "pıçıldayan", amma "dörd ümmanı qucaqlayan ürəyi olan", o tay, bu taylı Qoşqar, Savalan dayaqlı, səsi hayqırtıya çevriləcəyinə inanan azman şəxsiyyət idi:
Unuduldum! Nə tutuldum, nə pərt oldum,
Pıçıldadım öz-özümə - Xəlil, sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının
təkəm-seyrək ağlığına,
Ey dost sənin sağlığına!
Şairin ürək dostu, məsləkdaşı, xalq şairi Sabir Rüstəmxanlı onun haqqında belə yazıb: "Xəlil Rzanı başa düşməyənlərin, cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən qorxanların sayı minlərlə idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Ulutürkün istedadının Allah vergisi olduğunu dərk edə bilmirdilər".
Bu "Allah vergili" şairin içində elə bir güc, elə bir təpər vardı ki, o bu "qaragüruhçu şəngülümlərin" hücumları qarşısında özünü basılmaz, sarsılmaz qala hesab edir, "qoltuqlara sığınmayan", "qaya dözümlü", "şax yerişli" cəngavər şair-şəxsiyyət olmasını özü-özünə təlqin edir:
Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın! Sarsılmadın!
Heç bir zaman qoltuqlara qısılmadın!
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!
Şeirdəki bənzətmələr, ifadələr, təşbihlər silsiləsi əzmkarlıqdan, mübarizədən, əyilməzlikdən, məslək və əqidə uğrunda sona qədər vuruşdan xəbər verir. Buradakı "heyranlıq" özündənmüştəbehlik deyil! Bu mübarizə dözümlülüyünə, düz yoldan sapmamağa, sona qədər döyüşmək əzminə çağırışın heyranlığıdır...
Xoşbəxtlikdən, mən 27 il Xəlillə eyni tədqiqat institutunun - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun divarları arasında birgə işləmişik. Bilənlər bilir! Xəlil meyə meyilli şairlərdən deyildi, amma şux məclislərdən də uzaq qaçmazdı. Bu məclislərdə daha sərbəst olar, xatirə dəftəri dizinin üstündən əskik olmaz, bir əlində badə, bir əlində "süngü qələmi" çapdan kənar, senzor gözündən uzaq şeirlərini oxuyardı, özü də daha güclü, daha səlis, mübariz bir pafosla... Sanki gözlərindən qığılcım sıçrayardı... Onda biz gənc idik, bir o qədər də fərqinə varmazdıq ki, biz kiminlə, hansı bir qüdrətlə bir süfrə başında, bir yerdə çiyin-çiyinə oturmuşuq... Amma xoşbəxtlikdən, bircə onu bilirdik ki, bizim çoxumuz onunla çiyin-çiyinəyik... Dedikləri, yazdıqları ürəyimizdən tikan çıxarırdı... Biz də, "döyüşgən qartala" çevrilib səmalarda, dik, yalçın qayalarda cövlan edirdik, "Çıraq qala" təkin qalaların zirvəsində döyüşə çağıran qoşa sönməz ocağa - tonqala dönüb alovlanırdıq, onunla yol-yolçusuna, məsləkdaşa çevrilirdik:
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
Müasir türk gəncliyinin vətəndaş kimi formalaşmasında Xəlil Rza Ulutürkün vətənpərvər poeziyasının rolu çox böyükdür. Onun poeziyası gəncliyin Meydan hərəkatından üzü bəri milli ruhda püxtələşməsinə, təfəkkür və düşüncəsinin formalaşmasına ciddi təsir göstərib və göstərəcəkdir...
Bu şeirin məğzində, ritmində cox dərin, gizli bir psixoloji yaşantı, psixoloji sarsıntı əksini tapıbdır. Amma şeirin lirik qəhrəmanı - Xəlil Rza sarsılmır, əyilmir, qırılmır! Xəlil bu şeiri boş yerdən yazmayıbdır. Bu olmuş, onun başına gəlmiş əhvalatdan doğan, amma barışmaz, üsyan dolu şeirdir. Amma onun istinad nöqtəsi var. Məşhur bir deyimdə olduğu kimi: "Mənə istinad nöqtəsi ver, Yer kürəsini çiynimə qaldırım!" Onun istinad nöqtəsi azadlıq eşqi, Vətənin istiqlalı üçün basılmaz mübarizə ruhudur - Azərbaycandır! Bu özünüdərkdir, əyilməzliyi özünütəlqindir; Xəlil Rzanı Ulutürkə çevirən amalın bir anıdır və şeirimizin xoş taleyi, ağ baxtıdır ki, Xəlil Rza Ulutürk imzalı böyük bir şəxsiyyəti yetirdi. Ancaq bu cür şair-vətəndaş şəxsiyyətin ixtiyarı, səlahiyyəti çatır ki, yurdun sağlığına piyalə qaldırsın!
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
Şeirimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına.
Bu şeirdən aldığım təəssurat budur, imkan daxilində sizinlə bölüşdüm! Onun poeziyası Azərbaycan mövcudluğu kimi əbədiyaşardır, Türk ulusunun çöllərində əsən yovşan ətirli meh kimi hür və azaddır, milli ruhumuzun alovudur, dözümüdür, sağlıqlıdır!
Belə bir deyim də, var: "O, (Xəlil Rza- Q.B.) Azərbaycan xalqını başının üzərinə qaldırmışdı!" Bu gün Azərbaycan xalqı da çox haqlı olaraq Xəlil Rzanı bayraq kimi başının üzərinə qaldırır... Xəlil Rzanın poeziyası - ümumən yaradıcılığı xalqın vicdan səsidir! Onun şeirləri, xalqa ünvanlanmış çağırış dolu poetik xitabları Azərbaycan xalqını azadlıq, istiqlal uğrunda mübarizənin müsəlləh əsgərinə çevirdi... X.R.Ulutürk qələmini nizə edib şair-döyüşçüyə çevrildi... Xəlil Rza ölümdən, zindanda qorxmurdu! O, ölümün qopxunc gözlərinin içinə düz baxan əyilməz vətənpərvər şair idi!! O, Əfzələddin Xaqani kimi, Musa Cəlil kimi, Nazim Hikmət kimi "Zindan şairi"dir! O, torpağın işğalından çox, dilin işğalından çəkinirdi! Xəlil Rza yaxşı bilirdi ki, dilin işğalı ölümdür, yoxluqdur. Onun dünyasında Azərbaycan dili milli əxlaq, xalq mənəviyyatı, müstəqillik məfkurəsi, bir sözlə, xalqın, Vətənin özü idi...
Xəlil Rza haqında danışanda, belə bir ifadə işlədilir: "Xəlil Rza dünəndir, bu gündür, gələcəkdir!" Mən Xəlil Rza Ulutürkü heç cürə "dünənə" aid edə bilmirəm, "O, BU GÜNDÜR! O, GƏLƏCƏKDİR!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!