Günəşi axtaranlar: Sevinc Nuruqızının «Melissa» povestində kukla fenomeni - Kəmalə Umudova

Günəşi axtaranlar: Sevinc Nuruqızının "Melissa" povestində kukla fenomeni

 

Platona görə, "heyrətlənmək" fəlsəfənin başlanğıcıdır. Yəhudi "İncil"ində bu fikir belə ifadə olunur: "O kəs ki heyrətlənməyə qadirdir, o, hər şeyə hakim olacaq, o kəs ki hakim olacaq, o, hüzur tapacaq". Burda söhbət varlığın əzəli dərin mənasını dərk etmək, ilahi hökmü anlamaq və hikmətə çatmaqdan gedir. Heyrətlənə bilmək həm də inanmaq və inandırmaq istəyini hədəf alır. Hər zaman hər kəsin görə bilmədiyi həqiqətlərin varlığına inam qaranlıqları işıqlandıran şəfəqlər kimidir - süzülüb gəldiyi uzaqlar gözlə görünməz. Göylə yerin təmas nöqtəsindən boylanan günəşdir. Nə sirdirsə, xilas olmaq istəyənlər ona can atır. "Günəş olun və sizi hər kəs görəcək" - Dostoyevskinin məşhur əsərində müstəntiq cinayətkar Raskolnikova son olaraq günəş olmağı tövsiyə edir.

Günəşi gördükdə sevinən Melissa ilə tanışlığımız göylərdə başlayır. Povestdə göy-yer, işıq-qaranlıq, sevgi-qəzəb, həqiqət və yalan motivləri üzərində qurulan mifopoetik mənzərənin baş qəhrəmanı bu antoqonizmlərin içindən çıxış yolunu ifadə edən, varlığın əzəli mənasını özü ilə gətirən kukladır, parça kukla. Hardan gəldiyini özü də bilmir. Müəllif də folklor ənənəsində olduğu kimi, naməlum uzaq aləmlərə işarə edərək, xeyir və şər, o dünya və bu dünya, məkanlara uyğun fərqli zaman anlayışını da gizli şəkildə bədii mətnin əsasına qoyaraq, oxucunu maraqlandıran, heyrətləndirən başlanğıca imza atmış olur. Qəhrəmanın hardan gəldiyi əsas deyil, gəlişinin məqsədi, yaranışının qayəsi önəmlidir. Biz bu dünyaya niyə gəlirik? İnsan həyatda nə üçün yaşayır? Yerimiz nədir, kimik? Missiyamız varmı? İnsan nəyə qadirdir? Oxucuların uşaqlar olduğunu nəzərə alsaq, onların qəlbində bu cür sualların oyanmasının nə qədər vacib olduğunu vurğulamaqda fayda var.

Sonsuz səmalarda ucan təyyarə Melissanı yerə endirəcək, başına gələcək bütün bəlalardan bixəbər kiçik qız mağaza vitrininə qoyulacaq - satılmaq üçün... Əsərin artıq giriş hissəsi çəhrayı arzuların, işıqlı dünyanın, sevginin çox köməksiz və kövrək olduğunu göstərir. Kukla deyib yanından keçməyək Melissanın. O, canlı və həqiqidir (qeyd edim ki, dilimizdə "nə" sualına cavab verən "kukla" sözü rus dilində "kim" sualına cavab verir). O, kuklalar dünyasının içindən çıxıb fərqli olmağı ilə seçilir. Çoxluğun içində fərd ola bilmək, hamıdan fərqli bir şəxsiyyət ola bilmək imkanını göstərir. Fərqliliyi onun dünyaya baxışındadır, dünya ilə ilk təması da marağından doğdu, anlamaq, görmək, sevmək, öz yerini axtarmaq, gözəlliyin davamı, parçası olmaq istəyindən. Marağı sevgisindən doğdu. Bəs Melissanın ürəyindəki sevgi hardandır!? Təyyarənin ilüminatorundan minlərlə kuklanın içindən ətrafa ilk boylanan da odur, soyuqdan üşüyərək, günəşi gözləyən, onu görüb, şəfəqlərinə və hər tərəfə uzanan yaşıllığa sevinən də odur və satılmaq üçün aparıldığı mağaza vitrinində səssizcə öz aqibətini gözləyən də. O, oyuncaqdır, görəsən, bu dünyada hansı oyunların iştirakçısı olacaq?! Susan və sevən ürəyi, insanların çəhrayı arzularını xatırladan çəhrayı saçları ilə hansı ümidləri doğruldacaq?! Bir kukla, saçları çəhrayı olsa belə, dünyanı xilas edə biləcəkmi öz gözəlliyi ilə, bənzərsizliyi ilə?..

Sevinc Nuruqızı öz qəhrəmanını əşya, oyuncaq olaraq seçir. Onun reallığa naməlum məkanlardan təşrif gətirmiş, adı - Melissa, görünüşü - xalça saçaqlarına bənzəyən sıx çəhrayı saçlı, davranışı - min kuklanın içində təkcə o, öz oyuncaq taleyi ilə barışmır, dünya ilə təmasa can atır, bağlılıq axtarır - ilə fəqrlənən  personajı elə xalq nağıllarında olduğu kimi, xeyirlə şərin, sevgiylə qəzəbin arasında müxtəlif həyat səhnələrində yol axtarır, yol gözləyir, ümidini itirmir, çətinliklərlə üzləşsə də böyük dəyanət və dözüm nümayiş etdirir. 

Oyuncaqlar geniş funksional məna daşıyır. Sirləri sevən uşaqlar, onların dilini, dəyərlərini, hisslərini və davranışlarını bu və ya digər şəkildə əks etdirən və sirr saxlamağı bacaran oyuncaqlar məsum etiraflar etmək üçün ən yaxşı dostlardır. Onların vasitəsilə bəzən uşaq və valideyn münasibətləri tənzimlənir, böyüklərin və ya yaşıdlarının mənəvi keyfiyyətləri uşağın psixikasında ciddi sınağa çəkilir, bu və ya digər dəyər qazanır. Atasının gülərüz davranışı, sorğu-sualsız onun istəyini yerinə yetirməsi kiçik Zöhrənin öz seçimində sərbəst olmasına işarədir: "- Ata, xahiş edirəm, al da bunu mənə... Atası gülümsəmişdi...". Kiçik qızın sevgisini artıran, kövrək duyğularına, zövqünə inanan atası, əslində, gözəl bir psixoloq, tərbiyəçi olaraq nümunəvi davranış sərgiləyir. Valideynin uşağa qarşı münasibətini göstərən bu kiçik detal əsərin sonunda baş verən hadisələrlə tam uzlaşır, səbəb və nəticə əlaqələrinin insan faktoruna söykənməsi yazıçının təməl düşüncəsi kimi önə çıxır.

Ədəbiyyatın - mən burda uşaq ədəbiyyatı ifadəsini xüsusi olaraq vurğulamıram, çünki bu müstəvidə fərq qoyulmasını doğru hesab etmirəm - əsas qayəsinin insan olduğu önəmlidir. Onun məsuliyyət, azad seçim, doğru addım atmaq, qərar vermək, gözəlliyi, mənəviyyatı qorumaq kimi, başqalarını yaşatmaqla, sevməklə, əslində, böyük bir kainatı qoruya bilmək, onun İlahi səltənət olduğunu, gözəlliyini kəşf etmək imkanını təməl olaraq nəzərdə tutmaq, uşaq qəlbində bu qavrayışın təzahürünə çalışmaq, xüsusilə, uşaq yazıçılarının missiyasıdır.

Oyuncaq reallıq və irreallıq arasında, insanın düşüncələri arasında vasitə ola bilər. Uşaq təfəkkürünün timsalında sevimli oyuncağı hər zaman öz irreal dəyəri ilə real olaraq vardır və bu düşüncə hər zaman uşaq şüurunda sabitliyini qoruyub saxlayır. İllər ötüb keçir, Zöhrə böyüyür, amma kuklasına olan sevgisi də onunla böyüyür. Povestdə deyildiyi kimi, "Qəlbin əsas meyarı kimi onunla yaşayır". Ən gözəl, ən yaxşı kukla kimi, o, köhnəlmir, nimdaşlaşmır. Onilliklər keçsə belə, Zöhrə artıq ana olduqdan sonra öz kuklasına qovuşduqda, əslində, ondan heç zaman, bir an belə ayrılmadığını hiss edir. Eyni hissləri Melissa da yaşayır. Qəlb, könül, sevgi bağları ilə dünyanı xilas edən gözəllik mövzusudur, əslində, "Melissa"nın mövzusu. Bu cəhət Sevinc Nuruqızınn povestini dünya uşaq ədəbiyyatının bir sıra nümunələri ilə yaxınlaşdırır.

Melissa dünyanın ən gözəl kuklasıdır. Lakin Zöhrənin xoşbəxtliyi çox uzun sürmür. Bir gün hardansa peyda olan bir zalım oğlan Melissanın və Zöhrənin sevinc və ümid payını əllərindən alır. Bəlkə də bu dünyanı nağıl bilən, iki dünyanı bir sevgidə birləşdirən bu iki qəhrəmanın sevinci ömür boyu davam edəcəkdi, həmişə günəş olacaqdı. Amma Lüsifer, Koşşey, Div, günəşi udan timsah kimi, o zalım oğlan da dünyaya öz kortəbii qısqanclığı ilə gələrək, əbədi sevgi ilə bağlanan iki qəlbi bir-birindən ayırır. Melissanın çəhrayı saçlarının günəş şəfəqləri ilə oyunu yarımçıq qalır. Zalım, qəlbsiz oğlan onu saçlarından tutub eyvandan həyətə, ordan da tozlu küçəyə atır. Melissanın günəşli dünyası qaralır, çəhrayı saçları kimi, sonra göy üzü də qara buludlarla örtülür, sonra yağışlar yağır... Həm Melissa, həm də Zöhrə haqsızlığın qurbanı olurlar. Zöhrə dostunu çox axtarır, hətta qəzetlərə müsahibə də verir: "Mənim bir kuklam vardı. Onun adı Melissa idi. Mən onu çox sevirdim...". Bir müdrikin insanlara əbədi görüşün səadəti və əbədi ayrılığın nisgilini anlatdığı kimi, o, öz nağılını daxili sükutla, təmkinlə, aramla, dərin kədər hissi ilə nəql edir.

Nağıllarda həyatı, həyatda nağılları görmək istəyən qəhrəmanın yanında bir də bütün hadisələrdən xəbərdar müəllif var. O, Melissanın acı taleyini qələmə almaqla kiçik dostlarının da qəlbinə kədər, qüssə, əzab verə biləcəyinin fərqindədir. Yazıçı nağıllarda geniş istifadə olunan didaktikanı psixoemosional sfera ilə yaxınlaşdıraraq, həyatın təntənə və sevincinin, əslində, nə qədər kövrək olduğunu, hər an mövqelərin dəyişə biləcəyini və daxili məsuliyyət hissini unutmamağı sətiraltı mesaj kimi oxucuya çatdırır. 

"Melissa" povestində yaşanan hadisələr təsadüfi deyil, bir təməl xətt üzərində, aksioloji dəyərləndirmə, simvollar (səma, günəş, çəhrayı rəng və s.), allyuziya (haradansa xoşbəxtlik gətirən Leylək), nağıl içində nağıl kimi çox maraqlı kompozisiya elementləri və bədii təsvir vasitələri üzərində qurulur. Melissanın yaşamı yalnız fiziki zaman çərçivəsində baş vermir. 

Melissanın həyatında baş verəcək hadisələr insanların üzləşə biləcəyi hadisələrdir. Aclıq, susuzluq, göz yaşları, əzablar içində keçən həyatda Melissanı məhv olmaqdan, ölümdən qoruyan onun yaddaşıdır - könül yaddaşı. O, küçədə günlərlə soyuq yağışın altında islananda, onu yaşadan düşüncələri olur: ürəyinin varlığı, rəngli parça və iplərlə onu yaradan, tikən usta qadının sevgi dolu nəğməsi. "Sözlərdən toxunan", "xoşbəxtlik işığı saçan", "sevgi ilə dolu" kukla obrazını yaradan Sevinc Nuruqızı oxucunun gözü önündə bir oyuncağın deyil, əsl insanın yaranması, mənəvi güc qazanması, sevgi ruhunda doğulması prosesini bədii şəkildə canlandırır. "...artıq ilk gündən, hələ saçları, başı, bədəni, qolları və ayaqları bir-birinə birləşməmişdən öncə eşitdiyi söz sevgi olmuşdu...".

"Melissa"nın məna strukturunu təyin edən maraqlı cəhətlərdən biri də povestdə açar sözlərdən istifadə olunmasıdır. "Günəş", "ürək", "çəhrayı rəngli saçlar", "işıq", "sevgi" kimi sözlər xüsusi semantik sahə yaradır və mifoloji artefakt kimi mətnin formalaşmasını təmin edir. Zöhrə ilə bir evdə yaşadığı, onunla enli çarpayıda şirin-şirin yatdığı zamanların əks-sədası kimi Melissanın yaddaşında canlanan mənzərələr onun şüuraltısında işıqlı qüvvələrin, inamın yaşadığını sübut edir. Sevgi həyat mənbəyidir, o, şərtsizdir, əzəlidir. Dünya bir evdir, bütün sakinləri qəlbləri ilə bir-birinə bağlıdırlar. Melissanın yaddaşında oyanan bu mənzərə, əslində, hər zaman yaşayan bir Dünya, Ev modelidir. Lakin dünyada cahillik və nadanlıq, nifrət də hökm sürür və bu Evin varlığından xəbərsiz olanlar da çoxdur.

Sevgi Melissa üçün nədir? Hamının sevinc içində birlikdə yaşaması. Amma qəfil gələn şər qüvvə onu soyuğa, yağışa, kimsəsizliyə düçar edir. Həyatın ilk çətinliyi qarşısında aciz qalan Melissanı bu dəfə Xal adlı dalmatin xilas edir. "Yekəqulaq köpək" Melissanı gölməçənin içərisində görür, onu cənginə alır və öz kiçik sahibinin və onun rəhmsiz anasının (əsərdə bu söz işlədilmir, hər dəfə yazıçı onu "qadın" sözü ilə əvəz edir) təkidlərinə baxmayaraq dişlərindən buraxmır. İnsan və təbiət diskursu üzərindən məsəlinin həllinə baxsaq, ikinci tərəfin üstünlüyünü görəcəyik. Dilsiz heyvan insan qəlbini hiss etməsi ilə, ona yardımı ilə fərqlənir, bir valideyn isə oğlunun "dost" adlandırdığı köpəyə qarşı kobud və laqeyd davranır, ona yad gözü ilə baxır. Oğlu və onun sevimli köpəyi ilə acıqlı, sevigisiz davranan qadının dilində səslənən nəinki "steril", "obrabotka" sözləri, həm də "küçə iti", "küçə gəlinciyi" sözləri zahirən anlaşılan, amma mahiyyətcə Melissanın, xilaskar köpək Xalın qəlbini ifadə etmir. Bu sözlər də yaddır, qəbulolunmazdır.

Xal və Melissa, heyvan və kukla - hər ikisi uşağın mifolji dünyasının sakinləridir. O dünyada hər şey insanın yaşam məkanına daxildir, heç nə və heç kim bir-birinin yerini tutmağa cəhd etmir, biri digərini kənara sıxışdırmır, əksinə, Zöhrə, Melissa, köpək Xal bir həyatın o birində davamı və bütünlüyün parçalarıdır. Bu bütünlüyü pozanlar isə harmoniyanın yaranmasında iştirak etməyən, bu gözəllikdən xəbərsiz, yaranışın fitrətindən kənar, kortəbii amansızlığı və şəri ifadə edən obrazlardır:

"Qadın Melissanı dartışdırırdı. Xal qəzəbləndi. Oğlan dedi: - Ana, dartma. Verməyəcək. Ona yavaşca söz ver ki, qəlinciyi atmayacaqsan. Yuyub, təmizləyib ona qaytaracaqsan".

Əsərdə nağıl poetikasını təmsil edən işıqlı, günəşli, isti Ev, sakinlərinin bu Evdə hüzur, sevgi içində yaşaması (köpəyin səbətində kuklaya yer verməsi, eyni məkanı paylaşmaqdan duyduğu sevinc, sevgi ilə keçən zamanın fiziki məna daşımaması, sevgitək bir həyat seçimi kimi və s.) və eyni zamanda bu işığı, günəşi boğan qaranlıq, bu sevgi bağlarını qırmağa yönələn şər qüvvələrin eyni müstəvidə toqquşması təsvir olunur.

Melissanı sevənlərindən ayırıb zibil qutusuna atan köpək təlimçisinin kin və nifrəti nə qədər böyük olsa da, Melissanın qəlbində yaşayan ümidin miqyasından böyük deyil. Zibil qutuları üzərindən uçarkən o, xəyallarında keçmişə, onu yaradan kuklasının isti əllərinə, isti otağına dönür, lakin reallıq başqadır və Melissa yerə düşmək üçün atılmışdı. Sevgidən yaranmış, sevgi üçün yaranmış Melissa sevginin özüdür. Mənəvi dəyərlər sevgidən yaranır və sevgi ilə izah olunur. Onu anlamayan, onu yaşamayan, hiss etməyən, dəyər verməyən insanlar isə merkantil, praqmatık, cılız, məhdud varlıqlardır. Onlar başqa dildə düşünür və başqa dildə danışırlar. Povestdə hadisələr bütövlükdə vertep teatrında olduğu kimi iki fərqli məkanda cərəyan edir. Yuxarıda, ikinci qatda və aşağıda, birinci qatda. Bu dünyanı ağ və qara, xeyir və şər, zülmkarlıq və xeyirxahlıq, təsdiq və inkar, mən və biz diskursları üzərindən simvolik məkana bölsək, Melissa onu sevənləri ilə, ona qohum qəlblər olan Zöhrə, Xal, Mika və b. qəhrəmanlar ilə yuxarı hissədə yer alır. Onların mənəvi dünyasına zidd olan şəfqətsiz və cahil insanlar isə vertepin "yer" adlanan aşağı qatında mövcuddurlar.

Melissa və sevənləri başqa dünyanın sakinləridir. Adsız zalım oğlan, kinoloq, Xalın sahibəsi, Qaraçı, Totu kimi xarakterlər yalan, hiylə, tamahkarlıq, riyakarlıq, mərhəmətsizlik və s. mənfi dəyərləri ehtiva edirlər. Bu sinxronik təsvir yaşından asılı olmayaraq hər kəsdə mental qavrayış mənzərəsi yaradır. Əsər uşaqlar üçün yazılsa da, biz onu fərqli nəsillərin sosioloji və mədəni düşüncələrinə uyğunluğunu görürük (milyonçu olmaq istəyən Totunun həyat mövqeyi Dostoyevskinin "rotşild" ideyası ilə yaşayan gənc qəhrəmanlarından mahiyyət etibarilə fərqlənmir).

"Melissa" povestində bədii zaman sonlu və əbədinin dialektik vəhdəti kimi çıxış edir. Hadisələr və ya onların bir-birilə zəncirvari əlaqəsi əvvəli və axırı olan sonsuz zamanın içində sıralanır. Əsərin finalı hadisələrin müəyyən bir zaman kəsiyində bitdiyinə işarə etsə də, zaman bitmir, hadisələrin çərçivəsindən kənarda davam edir. Sevgi anlayışı başqa aləmlərin, onun sakinlərinin, bütövlükdə varlığın yaratmaq, çoxaltmaq, sevgi fitrətinin əbədi səciyyə daşıdığını və bu ümidlə dünyanın var ola biləcəyini, nəsillərdən nəsillərə, qərinələrdən qərinələrə ötürülə biləcəyini ifadə edən əbədi zaman estetikasını təyin edir, onun ölçü vahidinə çevrilir. Yuxarıda qeyd olunmuş parçada Sevinz Nuruqızı oxucunun fikrinin önünə keçərək, həm sonda baş verəcək hadisələri, həm də öz müəllif mövqeyini aşkar edir. Lakin onun müəllif kimi təməl mövqeyini əks etdirən bu parçanı əsərdən çıxarmış olsaq belə, bizim zaman qavrayışımızda və hadisələrə münasibətimizdə heç nə dəyişməyəcək.

Qarşımızda bədii mətn var və biz o mətndə süjetin horizontal hərəkətini vertikal zaman dəyərləndirməsində görürük. Bu mənada, zaman xronotopunun dəyərləndirilməsində maraqlı cəhətlərdən biri kimi əsərdə əsas hadisənin qısa zaman çərçivəsində təsvir olunmasını qeyd edə bilərik. Zöhrə və Melissanın könül bağlılığını ifadə edən epizodlar geniş təsvir olunmur, zaman içində bu münasibətlərin necə inkişaf etdiyini görmürük. Simvolik olaraq "Zöhrə və Melissa sevgisi" adlandıra biləcəyimiz hadisə, daha doğrusu, fakt, çox qısa zamana uyğun gəlir. Zöhrədən ayrı düşdükdən sonra Melissanın başına gələn hadisələr isə günlərlə, aylarla və illərlə ölçülür, əsərdə onun saatlarla çəkən hiss və düşüncələrindən söhbət açılır.

Kuklaçının emalatxanasında olduğunu düşünərkən sevinci bir an çəkən Melissa, çəkməçinin onu divara vurmaq üçün alnına endirdiyi çəkic zərbəsindən "bir neçə saat sonra" özünə gəlir, ona çəkməçi budkasının pəncərəsindən "baxan gözlər saatlarla donub qalır", qorxulu qadın səsi və onu eşidən kimi pəncərədən top kimi kənara atılan və yox olan pırpızbaş oğlan Melissanı "günlərlə" düşündürür. Xal adlı itin sahibinin evində, çəkməçinin budkasında, soyuq bir axşam gətirildiyi "qaranlıq və rütubət qoxuyan" zirzəmidə, qozbel ifritə Qaraçının daxmasında, "heç vaxt sevilməyəcək biri olan" Totunun cibində, şlyapalı fotoqrafın kamerasının yaddaşına düşdükdən sonra tək qaldığı skamyada gecənin səhərlə əvəz olunduğu vaxtda yaşadığı hisslər, çəkdiyi əzablar, ürəyindən keçənlər, kuklanın "insan olmadığı üçün sevindiyi" aylar, Səmən nənənin zivəsində qurumaq üçün asıldıqda, nəvələrlə dolu evində şam süfrəsi ətrafında Melissanın özünə verdiyi suallar qarşısında saatlarla düşünməsi, bu evdə nağıllı uzun gecələr, nağılların sayı artıqca sürətlə ötüb keçən günlər, Leylək yuvasında keçirdiyi həyat və nəhayət, Leyləyin dimdiyində Zöhrənin həyətinə və həyatına yenidən gəlişinə qədər baş vermiş bütün hadisələr povestin dinamik süjet xəttini təşkil edir.

Real zaman geniş bədii təsvirlərə, bir-birini əvəzləyən canlı səhnələrə sığsa da, irreal, əbədi zaman sabit olaraq qalır. Sevgi mənəvi substant, təbiətin ruhundan gələn nəsnə kimi əsərin təməl motivini təşkil edir. Bir xətt üzrə inkişaf edən zaman kəsiyində Melissa bir neçə dəfə xatirələrinə dönür, onun zaman ilə əlaqəsi yalnız keçmişdə yaşadığı xoşbəxtlik duyğuları ilə, günəşin doğacağına inamla bağlıdır. Gördüyümüz kimi, dəqiq zaman ölçüləri real hadisələr üzərində mövcud olsa da (aylarla susan qadın dil açıb danışdı, Mika üçüncü gecə idi ki, zirzəmiyə gəlmirdi və s.), povestin daxili sütun, sabit ana xətti üst zaman, əbədi zaman müstəvisindən - varlığın sevgidən yaranması hadisəsi üzərindən təqdim olunur.

"Melissa" povestinin bədii xüsusiyyətləri, poetikası ciddi araşdırma mövzusu kimi ədəbiyyatşünaslığa geniş imkanlar verir. Əsərdə sevənləri tərəfindən Çiçək, Aida, Cuppulu kimi adlar qazanan kukla Melissa daha canlıdır, yoxsa canlı hesab etdiyimiz insanlar cansız kuklalardır... Bu məsələ üzərində düşünmək maraqlıdır.

 

Kəmalə Umudova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!