Müharibə və ədəbiyyat davası... - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

İstənilən müharibə bitəndən sonra əvvəldə insanların sinəsini qabardan həyəcan bəzən guya, ya həqiqətən bilmədiyimiz hansısa faktların ortaya çıxması və bunun fonunda o həyəcanın soyuması ilə əvəzlənir. İndiki dünyada bu sərsəmliklər heç istisna edilmir, əksinə, haqlı olan şeyləri də məkrli niyyətlərinə tabe tutub min bir oyun çıxaran insanlar nə qədər desən... Həqiqətsə birdir: vətənin hər qarış torpağı uğrunda qanını tökən əsgərin şəhid olması, qolunu, qıçını itirib evinə dönməsi, güllə yarasıyla, canından heç zaman çıxmayan qəlpələrlə...

Qalib əsgərin, bu yaralı, şəhid əsgərin zəfərinə min türlü nəğmələr qoşulur, alqışlar edilir, insanlar qəhərdən ağlayır, göz yaşı axıdır. Bu göz yaşı və qəhəri indi tez-tələsik qoşulan misralarda, onların arasındakı həyəcanlı boşluqlarda görmək olurmu? Dinc dövrlərdə kimsə plakat formatlı şeiri oxumaz, yalandı, deyər, düz də eləyər, amma indi bizim bundan başqa sözümüz yoxdur, çünki... Ən dəhşətli həqiqət bəlkə də budur: insanlar bayraq yürüşünə çıxır, küçələrdən özümüz də, sevincimiz, həyəcanımız da çay kimi, sel kimi axır, amma vurulduğu, yaralandığı yerdən əsgərlərimiz bir-bir qalxır, dərindən ah çəkib (şükür Tanrıya...) yoluna düzəlir, onlar bizim qədər, bizim kimi sevinə, gülə, bu coşquya qoşula bilmirlər. Niyə? Çünki biz onların hər qarış torpaq uğrunda çəkdiklərindən xəbərsizik, güllə yarası alıb da, yenidən dikəlib döyüş dostunu tək qoymamaq inadından heç xəbərimiz yoxdur; biz sadəcə bu isti xatirələri dinləyib, o əsgərlərin danışdıqlarına qulaq asıb gövrəlirik, başqa heç nə... ədəbiyyat bu sərhədi vurub keçməlidir, özünü həmin yaraların içinə atmalı və bizə hər şeyi o şəhid olmuş, yaralanıb, qolunu-qıçını, gözlərini itirmiş əsgər kimi danışmalıdır. O əsgərin döyüş meydanında hər bir hərəkəti əslində, çəkilməkdə, yazılmaqda, qoşulmaqda olan sənət əsərinin bir cizgisi, bir misrası və ürəklərin başına sancılan dərdin sözsüz fəryadıdır. Bunları oxuduğunu, gördüyünü, dinlədiyini zənn edirsən, ancaq bu nəsnələri bir hovurla, bir nəfəs və bir gözlə oxumaq, görmək mümkün deyildir. Çünki,

 

Gecənin matəm bayrağına dönüb

cəsədlər üstündən pərdə-pərdə qalxırdı gecə...

 

Bu misralar unudulmaz şair, ustad Ələkbər Salahzadənin "Xocalı xəcilləri" poemasındandır. Məsələ təkcə bu bir baxışla sinirə bilmədiyimiz təşbeh məsələsi deyildir, yuxarıda qeyd etdiyimiz kimi, döyüş meydanında yaranan cizgilərin sənin yaddaşına qoşulması, orada ağrıyla bərabər dəhşətli həqiqətləri oyatmasıdır.

Müharibə bitdi, bu gün zəfər günüdür, bu zəfər günü ona qədər çəkilən ağrıların, olay və dəhşətlərin tüstüsündən ayrı deyil və olmayacaq da. Və Ələkbər Salahzadə də adı keçən poemasında təkcə hər kəsin gözlərini yumsa belə, apaydın gördüyü dəhşətli mənzərədən bəhs etməyib, əsas mövzu və xətlərdən biri sivil dünyanın ayrı-ayrı ölkələrində baş verən qanlı cinayətlərə biganə qalması və bunun sonucunda göydən daş kimi düşən bəlaların bir-birinə bənzəməsi, bir-birinin davamı olmasıdır (Əli Kərimin "Daş" şeirini xatırlayın: Yarıçılpaq qədim insan // düşməninə bir daş atdı // Qana batdı. // Daş düşmədi // Amma yerə // Uçub getdi //

Üfüqlərdən üfüqlərə...). Bu dəhşətlər, bu acı və çəkilməz dərdlər Qarabağ müharibəsini Vətən müharibəsinə döndərdi. Fransızların "Köhnə tüfəng" filmi var, hamı bəlkə də dəfələrlə baxıb bu filmə. Köhnə tüfəng nə zaman açılır və bir daha susmur? Başqa sözlə, Vətən müharibəsi sənin üçün vazkeçilməz olan dəyərləri daim əl altında saxlamaq, onları qorumaq hissindən keçir və təkcə döyüş meydanlarında getmir... Belçikanın humanitar təşkilatında bir fransızla işləyirdim, onun vətənimizə gəldiyi ilk həftələr aramızda bir elə şəxsi söhbətlər olmurdu. Birdən dili açıldı: mən elə bilirdim bura bir Afrika ölkəsidir. Burda insanlar nə qədər istiqanlı, qonaqpərvər, nə qədər gözəldilər, deyirdi. Amma onun nəzərdə tutduğu Afrikanın "vəhşi siması" da elə özünü hamıdan mədəni, sivil sayan toplumların əməlidir.

...Matəm bayrağına dönüb cəsədlər üstündən pərdə-pərdə qalxırdı gecə.. misrası ilə baş verən dəhşətin fokus nöqtəsinə gətirilməsi və sonra pərdələrin arasından ağıların eşidilməsi, bunların bir kontekstdə kəsişməsi "gizli mənaların" ifadəsinə yol açır.

 

Ana ayrı,

bala ayrı,

bala yarı,

ana yarı

yarı ana, yarı bala,

yarı qoca, yarı qarı.

 

Bu təkcə "dil oyunu" deyil, sözlərin, onların mənalarının bir məqamda kəsişib sözün dərinliyini, mətndə məna səviyyəsi və beləliklə dəruni (gizli) mənaların sırasının çıxaldılması üsuludur. Poetik mətndə "gizli məna" ontoloji xarakterli kateqoriyadır. Mətndə gizli məna plastlarının mövcudluğu verbal olaraq ifadə olunması mümkün olmayan informasiya anlamına gəlir. Yuxarıda ilk baxışdan dil oyunu effekti yaradan fraqment də verbal ifadə əlacsızlığının doğurduğu hadisədir. Belə ki, gizli məna sözün daxili forması olmaqla (A.A.Potebnya) bədii mətnində onun bədiiliyini şərtləndirən amildir. Bir tədqiqatçının fikrincə, "lirikanın gücü təkcə ikiqat deyil, eyni zamanda çoxcərgəli məna effektlərini yaratmasında, oxucunun təxəyyülündə aşırı gərginlik yaradan "qəfildən sözü yaradı kəsmək "üsulundadır" (B.A.Larin). Yuxarıdakı mətndə şair, ənənəvi poetik diskursdan fərqli olaraq, təşbehin (Matəm bayrağına dönüb cəsədlər üstündən pərdə-pərdə qalxırdı gecə...) "kölgəsini" poema boyu davam etdirir (pərdə yerlə sürünərək məkanın bütün nöqtələrini "örtür"...), mənanın məzmunu genişləndirməsi və eyni zamanda onunla bəzi məqamlarda əkslik təşkil etməsi Xocalı haqqında həqiqətlərin bütün dünya, bütün gerçəklik müstəvisində anlaşılmasına (həm də araşdırılmasına-!) səbəb olur. Bədii mətndə gizli, başqa sözlə, implisit mənaların (bədii mətnin dərinlik səviyyəsi) mövcudluğu onun fərqləndirici xüsusiyyətidir. Bu məqamda Ələkbər Salahzadənin şeirində poetik dilin özümlülüyündən bəhs etmək lazımdır.

Müharibə bitdikdən sonra TV kanallarında şəhid və qazi olan əsgər və zabitlərin döyüş, həyat tarixçəsi danışılır, bu hekayətlər hansı məqamdasa bir-birinə calanıb insanları diri saxlayan dəyərlərin mənəvi xəritəsinə çevrilir. Bu əhvalat və hekayələri sakit şəkildə dinləmək mümkün deyildir. Bu insanlar nələrisə deyir, nələrisə sadəcə ifadə edə bilmirlər. Hər bir əsgərin hekayəsində sözlə ifadə edilməsi çətin və mümkünsüz olan fraqmentlər hansı məqamdasa ixtiyari şəkildə qovuşur, sözlə ifadə olunmamağın ən mükəmməl formasını yaradır, hansı məqamlardasa bu hekayələrdən vətənin, elə bizim də keçmiş və gələcəyimizə körpü salınır və bu körpü bir göz qırpımında üstündən min illər boyu bir kimsənin keçmədiyi yola dönür, bu yolda bitən çiçəklərin təzə-tərliyi ilə xəşəm olmuş halı bir qəl(i)bin içində, bir duyğunun açılıb sönmə məqamındadır. Lap Kafkanın miniatür hekayəsində olduğu kimi. O hekayədə ixtiyar bir kişi təsvir edilir, həmin o min illər boyu üzərindən kimsənin keçmədiyi körpünü keçməlidir. Körpü adicə səsdən, ixtiyar kişinin əlindəki əsanın taqqıltısından dağıla, çökə bilər. Sözlə ifadəsi mümkün olmayan mənalar həmin körpüyə bənzəyir, bunu hər bir şair, nasir... yaza bilər, ancaq məsələ o körpünü səssiz-səmirsiz keçməkdədir...

Ədəbiyyat bu insanların hər birinin hekayəsini öz təhkiyəsinə çevirib müharibə və insan haqqında məhz bu davanın kəşf etdiyi mənaları ortaya qoymalıdır. İnsanların hazırcavablığı, onların diliylə müəyyən və əsas (-!) həqiqətlərin sərrast şəkildə deyilməsi heç də təsadüfi deyildir, bu deyiliş "açıq səma altında" baş verən hadisələrin müəyyən bucaq altında kəsişməsi, sonsuzluğa axan proseslərin içdən qıvrılıb insanın yaddaşında düyünlər yaratması və bu düyünlərin də ömrün, həyatın hər döngəsində kəsişməsi... bahasına hardasa öz-özünə yaranır. Məşhur ispan əsilli rəssam Pablo Pikassonun həyatıyla bağlı bu kimi nə qədər "təsadüflər" var. Dünyaya gəldikdə mamaça onun ölü doğulduğunu zənn edib, ancaq Pikasso bir təsadüf - dayısının çəkdiyi siqaret tüstüsünə oyanaraq ağlayıb və həyatının sonrakı məşəqqətlərini, eyni zamanda XX əsrin ən müdhiş olaylarını dahiyanə şəkildə obrazlara çevrimək fürsəti qazanıb. Hadisələrin müəyyən "təsadüflərdə" kəsişib məna yaratması onu ömrü boyu təqib edib. Parisdə yaşadığı ilk illərdə kasıblıq və yoxsulluğun lap dibində olduğundan ilk günlər nə edəcəyini bilməyib. Bəzən bəzi tablolarını yandıraraq qızınmalı olub. Müharibə illərində rəsm ləvazimatları tapılmadığından, tapılsa da onları əldə etmək üçün vəsaiti olmadığından köhnə əsərlərinin arxa tərəfini işləməli olub - köhnə ilə yeninin bir kətan üzərində bu formada "görüşməsi" də təsadüfi deyildi. Onlar bir kətanın iki üzü (maksimum dərəcədə yaxın və maksimum dərəcədə uzaq məsafədə) olsa da, ikisinin sonsuzluq və əbədiyyətdə kəsişməsi mənaların çoxalmasına təkan verib. O mənalar bu gün də sönmür, davam edir. Ən nəhayət, "Hernika" əsəri. Alman zabitinin bu dəhşətə baxıb "bunu sizmi yaratdınız?" sualına "yox, siz yaratdınız" cavabını verməsi alman zabitinin susmasıyla bərabər bir anlığa bütün dünya İspaniyada törədilən fəlakətin sükutun diliylə dillənməsinə, dünyanın bütün dillərində deyilən ağıların elə o əsərdəki kimi bir-birinə qarışmasına səbəb olur.

 

Körpələrin o gecə çəkdiyini,

nə çəkdiyini, necə çəkdiyini,

nə demək istədiyini,

son nəfəsdə nə çığırdığını,

kimdən imdad dilədiyini,

kimi haya çağırdığını,

kimlərə qarğıdığını

fələk də bilə bilməzdi.

Hələ də o haraylar,

Fəryadlar, qışqırıqlar

Yerdən əli üzülmüş

Yaradanı soraqlar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!