Atıldı dağlardan zəfər topları - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Ədəbiyyat, sənət insanları birliyə səsləmir, həm də birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə, sınaq məqamlarına səfərbər etməkdir. Düşüncədə, ovqatda və fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb. Bu rolu hansı qələm adamı məsləkinin "tərcümeyi-halına" çevirib, hansı yaradıcı şəxsiyyət daha çox uğurla realizə etməyə çalışıb? Məsələn, poeziyamızda Vətənin obrazı necə əyaniləşib? Hansı dövrlər, hansı mərhələlər onu daha yaxşı şəkildə bədii sözün təcəssümü etməyi bacarıb? Mənə görə, belə bir dövr bir əsr əvvəlin vətən coşğulu poetik mətnlərinə şamil oluna bilər. Cümhuriyyət sevdalı, hürr əzmli poeziya... Bu dövrün ədəbiyyatı mənəviyyata milli kimlik, milli mənlik ovqatının aşılanması baxımından xüsusi önəm kəsb edir və bütün dövrlər üçün görk edilə biləcək səviyyədə ona üz tutulmasına layiqdir. Həqiqətən də, mənəvi səfərbərlik ruhunun dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı ətrafında birləşdirilməsində XX əsrin əvvəllərinin milli özünüdərk, milli istiqlal idealı ilə yoğrulmuş türk poeziyasının xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur. Milli triadamızın banisi Əli bəy Hüseynzadənin böyük yurd sevgisinin təzahürü kimi gerçəkləşən və ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan "Hali-vətən" nümunəsindən tutmuş "Ey vətən, ey pəriyi-vicdanım/ Səni sevmək deyilmi imanım" kimi - Hadinin vətəni sevməyin düstürunu yaradan misralarına qədər ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi...

Bu poeziyanın içində hər şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr sonranın yaşantıları, çırpıntıları, savaş və coşğu ruhunun əks olunduğu bütün çalarlar: şəhid ağrısı, bayraq ucalığı, müzəffər ordu, türk birliyinin qələbəsi, düşməni əzmək məramı, vətən sevgisi, yurd aşinalığı, Turan əzəməti və s ., və i...

Bəli, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə enerji püskürən qüvvət mənbəyi oldu. Təsadüfi deyil ki, bir əsr sonra, 2020-ci ilin sentyabrından bu yana davam etmiş 44 günlük vətən müharibəsinin də, qazandığımız zəfərin də yükünü çəkməyə bu poeziyanın gücü yetir.

Elnarə Akimova

Filologiya elmləri doktoru

 

 

Hali-Vətən

Müəllif:Əli bəy Hüseynzadə - Vikimənbə

Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi!

 

Bilirmisən cühəla

Nə etdilər vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana!..

 

Durur bilahərəkət,

Rəvamı bir diriyə?

Nə getmədə irəli,

Nə dönmədə geriyə!..

 

Ədu qırar qapıyı,

Biz evdə bixəbəriz,

Nə başqa başqalarız,

Nə ittihad edəriz!..

 

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi,

Nə qoydular yazayım,

Nə qırdılar qələmi!..

 

Əli bəy Hüseynzadə

 

 

 

Dardanel əzharı

 

Müharibə bizə bir əyləncədir,

Ölüm saçan toplar əl oyuncağı.

Əbədiyyən yaşar türkün bayrağı!

Ölümdən qaçarmı vətən uşağı?!

Şəfəq nurlarında göründü Rizvan.

Canana qovuşdu şəhidin canı,

Torpağa qarışdı kəmiyi, qanı.

O qandan yaratdı bəni Xaliqim...

Ey düşmən, burası Turan qapısı,

Bu yerləri türkə vermişdir Tanrı...

 

Əli bəy Hüseynzadə

 

 

Vətən

Oxu.az - Abbas Səhhət – 140

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

 

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

 

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

 

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.

 

Südüdür ki, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

 

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

 

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

 

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

 

Vətənin sevməyən insan olmaz,

Olsa ol şəxsdə vicdan olmaz!

 

Abbas Səhhət

 

Olubdu qəlbimə hakim

mənim məlali-vətən...

Hüseyn Cavidin həyat və yaradıcıllığı - xanimlar ucun qadin xeberleri

Olubdu qəlbimə hakim mənim məlali-vətən,

Başımda şur ilə məskən salıb xəyali-vətən.

 

Vətən, vətən deyərək hər diyarə səs salıram,

Düşərmi bircə dilimdəm mənim məqali-vətən?

 

Vətən məhəbbətini əmr edibdi peyğəmbər,

Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...

 

Neçün şərafətini, fəxrini verib əldən,

Bu qədər yurduna biganədir ricali-vətən?

 

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,

Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?

 

Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,

Əminəm, heç də silinməz bu ibtizali-vətən.

 

Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,

Səlamımı eşidə bəlkə növnəhali-vətən.

 

Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!

Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.

 

Əgər sual edələr - Salikin xəyalı nədir?

Deyin həqiqəti, ancaq olub maali-vətən.

 

Hüseyn Cavid

 

 

Azərbaycan bayrağına

CEFER CABBARLI HAQQINDA - YouTube

Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?

Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

 

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərli Od yurdu

Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın!

 

Cəfər Cabbarlı

 

 

Əsir Azərbaycanım

Almas İldırım

Hanı məni göl qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə "layla balam" çağıran...

Azərbaycan, mənim baxtsız anam oy...

Neçə ildir həsrətinlə yanam oy...

 

Xəbər alsam, Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adın dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum oy,

Ölməz eşqim, içimdəki dərdim oy!..

 

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağından Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy...

Hökm etsə, bu sərsəm gediş dursa oy...

 

Könlümə tək Kə'bə etdim səni mən,

Sənsiz neylim qürbət eldə günü mən,

Sənsiz neylim Allahı mən, dini mən...

Azərbaycan, mənim tacım, taxtım oy...

Oyanmazmı kor olası baxtım oy...

 

Almas İldırım

 

 

Məqsədimiz

 

Hakim idik, bir zamanlar ər idik,

Düşmənlərə qarşı bir əjdər idik.

Lakin yüz il başqalara qul olduq,

Ruhdan düşdük, bir gül kimi pozulduq.

 

Amma yenə hürrüz biz,

Arayırız Türkistana gedən iz.

Qaldırmışız üç boyalı bir sancaq,

Yüksələcək bu yerlərdə bu ancaq.

 

Fikrimizdə yoxdur qovğa, təərrüz,

Heç millətin hüququna təcavüz.

Haqqımıza toxunmazsa bir millət,

Ona qarşı biz bəsləriz məhəbbət.

 

Haqqımıza, yurdumuza toxunan

Bir millətə həp oluruz biz düşmən.

Haqqımızı müdafiə edəriz;

Yurdumuzu hər şeydən çox sevəriz.

 

Məqsədimiz hakim olmaq deyildir,

Heç millətə, heç bir qövmə, heç nəslə;

Məqsədimiz dünya bulmaq deyildir,

Qovğamız yox haqsız yerə heç kəslə.

 

Əhməd Cavad,

"Azərbaycan" qəzeti, 1920

 

Bismillah

Əhməd Cavad ölümə belə göndərilib - Məxfi sənədlər

Atıldı dağlardan zəfər topları,

Yürüdü iləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, bismillah!

 

Ey döyünən ürək, dumanlı şəhər,

Bilirmisən bu zır gurultu nədir?

Aç sisli qoynunu ordumuz gəlir.

Nişanlın qoynuna girər, bismillah!

 

Ey hərbin taleyi bizə yol ver, yol!

Sən ey gözəl dəniz, gəl türkə ram ol!

Sən ey sağa, sola qılıc vuran qol

Qollarına qüvvət gələr, bismillah!

 

Ey Bakı, sən qorxma, gəldik, gələli

Sənin üçün biz atıldıq iləri,

Sağ olan annelərə olur təsəlli

Şəhidlərin ruhu gülər, bismillah!

 

Ey düşmən, alnının yazısı qara,

Öldürməz bizlərə vurduğun yara,

Yolladığım qurşun ərmağan sənə

O kirli alnını öpər, bismillah!

 

Sən mərd olub dursan qarşımda əgər,

Qudurğan saçmalı növbətin keçər.

Sağlandığım torpaq qanımı içər,

Yurdum olmaz sənə sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,

Murdar cəmdəkləri murdar qoxuyan,

Təkbir səslərini uzaqdan duyan

Düşmanımız aman istər, bismillah!

 

Əhməd Cavad

 

 

Azərbaycan vətən şərqisi

 

Azərbaycan torpağıdır türk yurdunun ürəyi,

Hifz etməli o ölkəni nasıl gözün bəbəyi.

Tarixə bax, unutma sən ulu baba, dədəyi,

Qan tökmüşlər bu vətənçün, həp çəkmişlər əməyi.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən də yazıl o mübarək səfərə.

 

Qatarı sal, atını min, tüfəngi al əlinə,

Babalardan irs qalan qılıncı tax belinə.

Bir yabançı qədəm qoymaq istər isə elinə.

Bəhri-Xəzər coşub-daşar, tab gətirməz selinə.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən də yazıl o mübarək səfərə.

 

Bir hüdudun İsgəndərin səddi - qarlı Dağıstan,

Hər daşının dalısında yatmış yüzlərlə aslan.

Bir hüdudun Şiri-Xurşid - qədim tarixli İran.

Bir hüdudun cənnət bağı, o qönçəli Gürcüstan.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get əsgər yazıl o mübarək səfərə.

 

Hisar fələk Gəncə dağı Koroğlunu yatağı,

Qayasına çıxıb tikmiş tərlan kimi otağı.

Şərur, Ordubad, Naxçıvan Azərbaycan budağı.

Qoyma girsin o mübarək yerə düşmən ayağı

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən də yazıl o mübarək səfərə.

 

Cənab Allah tapşırmışdır bu yerləri əmanət,

Vəzifəmiz qoruq çəkmək, saxalamaqdır səlamət,

Çalışayım, yurdumuza göstərəyim sədaqət,

Hər müşkülü asan edər çalışmaqla mətanət.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Şəhid olsan adın düşər tarix ilə dəftərə.

 

Məhəmməd Əli,

"Azərbaycan" qəzeti, 1920, 4 fevral

 

Ey pəriyi vicdanım

Məhəmməd Hadi — Vikipediya

Ey vətən! Ey pəriyi-vicdanım!

Kəsmə bizdən nigahi-şəfqətini,

Eylə ilqa dilə məhəbbətini.

Səni sevmək deyilmi imanım?

 

Dili məhzun edən bu halətdir,

Qıldım izhar iştə həsrətimi,

İstərəm bəxtiyar millətimi.

Qəlbdə bəslənən bu niyyətdir.

 

Məhəmməd Hadi

 

 

Marş

 

Qafqasiya dağları çiçəklər açar,

Altı gümüş ordu, sürmələr saçar.

Pozulmuş düşmənlər yel kimi qaçar,

Qədər böylə imiş, himmətli ana,

Canım fəda olsun Azərbaycana!

Canım halal olsun Azərbaycana!

 

Türk oğluyam, mən ölmək istərəm,

Torpaq, tikan olsun yatağım, yerim.

Allahdan utansın dönənlər geri

Qədər böylə imiş, himmətli ana.

Canım fəda olsun Azərbaycana!

Canım halal olsun Azərbaycana!

 

Bu mərd xalqımla gülmək istərəm,

Hər dərdi, həsrəti silmək istərəm.

Qurulmuş çadırlar süngü biləyim,

Qədər böylə imiş, himmətli ana.

Canım fəda olsun Azərbaycana!

Canım halal olsun Azərbaycana!

 

Zülfüqar bəy,

1918

 

 

Vətən

Abdulla Şaiq`in həyat və yaradıcıllığı - xanimlar ucun qadin xeberleri

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!

Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!

Fikrim sarayını dolaşırsan zaman-zaman,

Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən!

Baxdıkca həsrət ilə o solğun camalına,

Çeşmimdə tar görsənir aləm, vətən, vətən!

Axşam-səhər o gül üzünü isladan nədir ?

Göz yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən!

Dəhşət içində cismi-şərifin donub durur,

Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!

Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,

Möhnət evi sanır onu adəm, vətən, vətən!

Sənsən səbəb bəqayi-dilü cani-natəvan

Canım kimi nolar səni sevsəm, vətən, vətən!

Gördükcə dərdini əriyir cismi-natəvan,

Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!

Qarşımda dərd, matəmə batmış gözəl mələk,

Səslər həzin səda ilə hərdəm: vətən, vətən!

Ey xaki-pak, söndümü parlaq ziyaların?

Odunmu zülmə, möhnətə həmdəm , vətən, vətən!

Övladi-naxələfmi səni saldı bu günə?

Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!

Aç, aç o qəmli köksümü, ey məxzəni-məlal,

Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

 

Abdulla Şaiq

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!