Məmməd Cəfərin çap olunmamış dram əsəri

Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elminin zirvəsində dayanan elm xadimlərindəndir. "Nehrə kimi çalxalanan" ictimai-siyasi proseslərin sınaqları göstərdi ki, görkəmli alimin əksər elmi əsərləri bütün dövrlər və zamanlar üçün aktuallığını saxlaya biləcək örnəklərdir. Məmməd Cəfər müəllimin XX əsrin müxtəlif dövrlərində yazılmış əsərləri dünən olduğu qədər indi də əhəmiyyətli  elmi mənbədir. Böyük elm xadiminin "Nizaminin humanizmi", "Füzuli sevir" silsiləsi, "Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri", "Hüseyn Cavid", "Azərbaycan ədəbiyyatında romantizm", "Cəlil Məmmədquluzadə", "Klassik romantizm ənənələrinə münasibətimiz", "Mütəfəkkirin şəxsiyyəti", "Ünvansız məktub" və sair kimi əsərləri sanki hazırkı dövr və hətta sabah üçün yazılmış əsərlərdir. Ədəbiyyat nəzəriyyəsi istiqamətində Məmməd Cəfər Cəfərov konsepsiyası milli ədəbi-tarixi proseslərin daxili məntiqindən çıxarılıb ümumiləşdirilmiş elmi təlimdir. Ayrı-ayrı vaxtlarda ədəbiyyat nəzəriyyəsinə dair yazdığı elmi əsərləri toplayıb indi xüsusi bir cilddə kitab halında çap etdirsək (fikrimcə, buna ehtiyac vardır), akademik Məmməd Cəfər Cəfərovun sanki müstəqillik dövrünün ədəbiyyat nəzəriyyəsini yaratdığını görə bilərik. Keçən əsrin altmışıncı illərində meydana çıxmış "Tənqid və ədəbiyyatşünaslığımızın yeni vəzifələri" aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu günün ədəbi-tənqidi prosesləri haqqında yazılmış qiymətli elmi əsər təəssüratı yaradır. Eyni sözləri ədəbiyyatşünaslıq elminin digər sahələrinə həsr edilmiş əsərləri haqqında da demək mümkündür. Adama elə gəlir ki, bizim ədəbiyyatşünaslıq elmi "Mütəfəkkirin şəxsiyyəti"nə doğru yol gəlir. Və yaxud "Ünvansız məktub" - bütün ruhu ilə yazıldığı dövrə deyil, gələcəyə ünvanlanmış elmi-epistolyar nümunədir. Məmməd Cəfər Cəfərovun "XIX əsr rus ədəbiyyatı" 3 cildliyini heç bir redaktə işi aparmadan indi də, sabah da nəşr etmək olar.

Müşahidələr göstərir ki, akademik Məmməd Cəfər Cəfərov çoxcəhətli fəaliyyətinin bütün dövrlərində bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıçılıq Məmməd Cəfər müəllimin təbiətində, xarakterində, həyata baxışlarında, bir sözlə, istedadının cövhərində olmuşdur. Görkəmli alimin simasında tənqidçi-ədəbiyyatşünas təfəkkürü ilə yazıçılıq bədii istedadı birləşir. O, böyük təvazökarlıqla özünü "bədii söz ustadı" hesab etməsə də, ədəbiyyatşünaslıq istiqamətində olduğu kimi, ədəbi yaradıcılıq sahəsində də ədəbiyyat tarixində qala biləcək əsərlər yazmağa müvəffəq olmuşdur.

Məmməd Cəfər Cəfərovun yazıçılıq qabiliyyətinin üzə çıxmasında və inkişaf eməsində "Ədəbiyyat qəzeti"nin mühüm rolu olmuşdur. 1945-1949-cu illərdə baş redaktoru, sonra əməkdaşı, bütün ömrü boyu oxucusu və əsas müəlliflərindən biri olduğu "Ədəbiyyat qəzeti"nin ilk növbədə bədii yaradıcılıq proseslərini əhatə etməli olması Məmməd Cəfərin də bu sahədə qələm işlətməyini davam etməyə həvəsləndirmişdir. Daxili-mənəvi tələbatından doğan bədii yaradıcılığı "Ədəbiyyat qəzeti" vasitəsilə oxucu mühitinə çıxmış, ictimaiyyətə çatdırılmışdır. Elmi fəaliyyəti kimi, bədii yaradıcılığı üçün də "Ədəbiyyat qəzeti" ciddi bir məktəb funksiyasını yerinə yetirmişdir. "Gənclik" nəşriyyatında 1981-ci ildə çap etdirdiyi "Əntiqə adamlar" adlı hekayələr kitabına yazdığı "Müəllifin bir neçə sözü" Məmməd Cəfərin bədii yaradıcılığa olan daxili-mənəvi tələbatını və bu işdə "Ədəbiyyat qəzeti"nin rolunu bütün aydınlığı ilə əks etdirir: "Böyük Vətən müharibəsinin ilk günündən əməkdaşlıq etdiyim "Ədəbiyyat qəzeti"nə arası kəsilmədən faşizm taununu ifşa edən yazılar gəlirdi. Ayrıca satira jurnalımız olmadığından ...Məmməd Səid Ordubadinin məsləhəti ilə bu qəzetdə "Satira süngüsü" guşəsi yaradıldı. ...Müharibə qələbə ilə başa çatdıqdan sonra redaksiya heyəti belə bir fikrə gəldi ki, ...guşə "Molla Nəsrəddin" guşəsi adı ilə davam etdirilsin. ...Bəzən elə olurdu ki, "guşə" üçün materiallar azlıq edirdi. Ara vermək, oxucunu intizarda saxlamaq olmazdı. Bu səbəbə görə mən də 1946-1948-ci illərdə "guşədə" müxtəlif imzalarla iştirak etməli oldum. Sonralar da bu həvəs azalmadı. Arabir gülmək istəyir, hekayələr yazırdım. ...

Bu yazıların müəllifi özünü "bədii söz ustası" hesab etmir. O, yalnız belə bir həqiqətə əsaslanır ki, fikrin, düşüncənin müxtəlif janrlarda ifadəsi mədəniyyətin söz sənəti üçün yaratdığı gözəl imkanlardan biridir və fikir sahibi olan adamın müəyyən məqsədə görə bu janrlardan hər hansı birinə müraciət etməsi də təzə bir hadisə deyildir."

Məmməd Cəfər Cəfərovun bədii əsərləri böyük Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi və nəzəri məqalələri, professor Mikayıl Rəfilinin şeirləri, akademik Şəfaət Mehdiyevin dramları və şeirləri, Həmid Araslının hekayə və povestləri, Kamal Abdullanın, Teymur Bünyadovun bədii əsərləri kimi onun yaradıcılığının ayrılmaz üzvi tərkib hissəsi olaraq meydana çıxan mənalı, düşündürücü bədii nümunələrdir. Əvvəllər oxuculara çatdırılmış satirik hekayələri və son illərdə üzə çıxarıb çap etdirdiyimiz bədii əsərləri: böyük demokrat yazıçı Cəlil Məmmədquluzadəyə həsr edilmiş "İnsanlar və talelər" kinodramı, "Xatirələr" memarı və nəhayət, "Get dolangilən, xainsən hələ" tragikomediyası Məmməd Cəfərovun həm də mükəmməl yazıçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirir.

Əlbəttə, Məmməd Cəfər Cəfərov ilk növbədə görkəmli elm xadimidir. Ancaq onun bədii əsərləri də və ideya-sənətkarlıq cəhətdən orijinal və əhəmiyyətli örnəklərdir. Cəlil Məmmədquluzadəyə, onun mühiti və müasirlərinə həsr olunmuş "İnsanlar və talelər" kinodramında ədəbiyyat tarixindən adları və xidmətləri haqqında kifayət qədər məlumat aldığımız tanınmış şəxsiyyətlərin fərdi xarakterləri canlandırılır. Əsərdə "dalğa kimi keçən" Zamanın da gərgin, əsəbi və işıqlı obrazı yaradılmışdır. Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarı sənədli bədii nəsr, tarixi roman təəssüratı yaradır. Görkəmli alim bu memuarlarında yaşadığı dövrün və keşməkeşli taleyin təsirli realist romanını təsvir etmişdir. Bu, kündəgirlikdən müəllimliyə, mətbuat işçisinə və nəhayət, tanınmış elm adamı səviyyəsinə qədər yüksələn mütəfəkkir şəxsiyyətin yaddaqalan koloritli hadisələrin və fərqli talelərə malik olan insanların fonunda canlandırılan ümumiləşdirilmiş manifestidir. "Əntiqə adamlar" kitabında toplanan hekayələr Azərbaycan satirik nəsrinin yaddaqalan bədii nümunələridir. Kiçik satirik hekayələrdə obrazın xarakter cizgilərinin təsvir edilməsi, hekayələrin sadə və cazibəli süjet əsasında qurulması, düşündürücü finala malik olması Məmməd Cəfərin hekayə yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Hekayələrində dialoqdan yaradıcı istifadə onun bədii nəsrinə dramatik əlamətlər əlavə etmişdir. Xüsusən, "Molla Nəsrəddin guşəsi"nə daxil olan kiçik hekayələrdə Nəsrəddin və Bəhlul Danəndə arasındakı dialoq canlı danışıq dilinə yaxınlığı və təbiiliyi, ibrətamiz olması ilə seçilir. Bədii əsərlərində mətn daxilində təqdim etdiyi satirik və lirik şeirlər onun bu ədəbi növdə də bacarıqlı olduğunu deməyə əsas verir.

Məmməd Cəfər Cəfərovun "Get dolangilən, xainsən hələ" tragikomediyası Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı dram əsərlərindən biridir. Əsərdə bir elmi-tədqiqat institutunda baş vermiş hadisələrin vasitəsilə geniş mənada keçmiş sovet cəmiyyətinin daxili ziddiyyətləri, buradakı idarə olunan mənasız qarşıdurmalar, şəxsi mənafelərin həyatın əsas prinsipinə çevrilərək ümumi maraqları arxa plana keçirməsi kimi məsələlərdən bəhs olunur. Müəllif süjet xəttini elmi-tədqiqat institutunun rəhbərliyindəki köhnəpərəst, mühafizəkar və yenilikçi qüvvələrin mübarizəsi və münasibətləri əsasında qurmaqla həm ayrı-ayrı obrazların fərdi xarakterini açmış, həm də onları əhatə edən mühitin ümumiləşmiş mənzərəsini canlandırmışdır. "Get dolangilən, xainsən hələ" əsəri özündə sovet cəmiyyətlərinin bütün xüsusiyyətini cəmləşdirən elmi-ictimai mühitin faciəsi, elmi-tədqiqat institutu işçilərinin komediyasıdır. Alim-dramaturqun meydana qoyduğu süni şəkildə uydurulmuş institut əməkdaşlarının ixtisarı məsələsi bir tərəfdən qarşıduran qüvvələrinin real simasının açılışına, ümumiyyətlə isə mövcud cəmiyyətin daxilində gedən proseslərin aydın surətdə təsəvvür olunmasına şərait yaradır. Məmməd Cəfərin ayrılıqda götürülmüş bir elmi-tədqiqat institutunun əsasında həyatın bu cür davam etməyərək yeniləşməyə və dəyişməyə doğru getməsi zərurətini qəti şəkildə irəli sürməsi cəsarətlə ifadə olunmuş uzaqgörən qənaətdir.

Təqdim olunan əsərin yazılma tarixini göstərən konkret bir rəqəm göstərilməsə də, mətndəki "qırx beş il ərzində əldə olunmuş nailiyyətlərin yerə vurulması" sözlərindən 1965-ci ildə yazıldığını dəqiqləşdirməyə əsas verir. Sovet cəmiyyətindəki "Xruşşov istiləşməsin"dən  cəsarət tapıb belə ciddi ictimai-siyasi mahiyyət kəsb edən kəskin ruhlu bir əsər yazıb meydana qoyması onun müəllifinin uzaqgörən bir ədib olduğunu nəzərə çarpdırır. Bu, mövcud cəmiyyətdə bütün çətinliklərə baxmayaraq, həyatın axarını dəyişib yeniləşdirən xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev epoxasına olan zəruri ehtiyacı meydana qoyan əhəmiyyətli bir əsərdir. Müəllifin diktə etdiyi cəmiyyətdə yeniləşmə, mühitə yeni qüvvələrin gəlməsi ideyası son nəticə etibarilə ölkənin dəyişməsi, müstəqil dövlətçilik ideyasının gerçəkləşməsi mənasını diktə edir. Əsərdəki ixtisar məsələsinin müəllif tərəfindən ümumiləşdirilərək bütövlükdə cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə etməsinə dair qənaətlər səviyyəsində ifadəsi, böyük cəsarətlə şüurlardakı xudpəsəndlikdən, eqoizmdən, paxıllıq və xəbislikdən, yalançılıq və ikiüzlülükdən tutmuş cəmiyyətdəki saxtakarlığın, demaqoqluğun, məfkurəsizlik və prinsipsizliyin, rüşvətxorluq və tamahkarlığın, şöhrətpərəstliyin ixtisara möhtac olması haqqında sarkazm səviyyəsində səsləndirilən sərt ittihamlar kimi ictimaiyyətə çatdırılması artıq mövcud qaydada yaşamağın mümkün olmadığını, dəyişikliyin zəruri bir qaçılmaz prosesə çevrildiyini nəzərə çarpdırmasına haqq qazandırır.

"Get dolangilən, xainsən hələ" tragikomediyası süjeti və kompoziyası, xarakterləri, dili, üslubu, sənətkarlıq vasitələri etibarilə də yeni və orijinal əsərdir. Bu əsər Azərbaycan dramaturgiyasının tarixində özünəlayiq mühüm yer tuta biləcək əhəmiyyətli sənət hadisəsidir. "Get dolanginən, xainsən hələ" dərin alim qavrayışı əsasında keçmiş sovet cəmiyyətini çökməyə aparan və dəyişəcəyini çox əvvəlcədən proqnozlaşdıran hadisələri və prosesləri yazıçılıq istedadı ilə yüksək bədii səviyyədə təsvir edən mükəmməl bir tragikomediyadır. İnanırıq ki, dramaturgiya mütəxəssisləri tərəfindən daha ətraflı tədqiq edilib dəyərləndiriləcək bu əsər Azərbaycan teatrlarının səhnəsində də layiq olduğu yeri tuta biləcəkdir.

Bir məsələni də qeyd etməyi lazım bilirəm. Əsərin mətnində hadisələrin Fəlsəfə İnstitutunda cərəyan etdiyi bildirilsə də, müxtəlif məqamlarda pyesdə Ədəbiyyat İnstitutunda baş verən hadisələrdən söz açıldığını başa düşmək olur. Müəllif bilərəkdən hadisələri özünün də əməkdaşı olduğu Ədəbiyyat İnstitutundan başqa bir elmi-tədqiqat müəssisəsinə keçirmişdir. Böyük ehtimal ki, əsərdəki obrazların Akademiya mühitində və ya konkret elmi-tədqiqat institutunda prototipləri də olmuşdur. Fikrimizcə, pyesin müəllifin sağlığında çap edilməməsinin, səhnəyə çıxarılmamasının səbəblərindən biri də prototip məsələsi ilə əlaqədardır.

Akademik Məmməd Cəfər Cəfərovun "Get dolangilən, xainsən hələ" pyesi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyatşünaslıq, plyus" yaradıcılıq birliyi xətti ilə kitab halında çapa hazırlanır. Ədəbi ictimaiyyətimiz və oxucular üçün maraqlı olacağını nəzərə alıb, əsərdən seçilmiş bir parçanı "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. Təqdim edilən parçadakı hadisələr Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah obrazına aid "Get, sən də fikirləş" motivinin fərqli ictimai şəraitdəki təzahürünün orijinal bədii ifadəsidir. 

İsa HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

Məmməd Cəfər

Get dolangilən, xainsən hələ...

Pyesdən parça
Üçüncü pərdə beşinci səhnə

Yenə həmin direktorun kabineti. Direktorun yerində imtahan komissiyasının sədri kimi Veysəlli oturmuşdur. Ətraf kürsülərdə Ağa Əmi, Mənsurə, Fikrət, Misgərli və Əsgərli. Komissiyanın əməli katibi Əlidir. O, eyni zamanda, adları çıxan gəncləri çağırır və yola salır. Pərdə açılanda qonşu otaqda bir az səs-küy eşidilir. Əlində qələm nə isə yazan Əli yerindən qalxıb qapını azca aralayıb səs salanlara müraciət edir.

Əli: - Bir az səbr eyləyin.

Komissiya tənəffüs edir!

Əbilov: - Salam! Nə hallısınız, imtahan necə gedir?

Veysəlli: - Yaxşı gedir.

Əbilov: - Neçə nəfər buraxmısınız?

Veysəlli: - On nəfər.

Əli: - İki nəfər qalır. Çağırım?

Əbilov: - Hələ dayan.

Veysəlli: - Qoy bir istəkan çay içək. Bir şey qalmayıb, canını boğazına yığmışıq.

Qiymət məsələsində ehtiyatlı olun ha! Elə edin ki, sonradan söz-sov olmasın.

Avtoreferatlara daha ciddi fikir vermək lazımdır... Qiymət belədir ki, (Heydərliyə baxır) düz oldu-olmadı qalır öz aramızda (Heydərli başı ilə təsdiq edir). Amma (Misgərliyə baxır) referat dokumentdir də... (Misgərli başı ilə təsdiq edir).

Əli: - (gözlənilmədən) Xəbəriniz var? Deyirlər guya ali məktəblərin birində bu keçən qəbul imtahanlarında müəllimlərdən rüşvət alan olub! (Veysəlli tez darağını çıxarıb başını darayır)

Əbilov: - Kimdən?

Əli: - Müəllim tələbədən.

Əbilov: - Bay-bay-bay... Görürsünüz də... Müəllim..., rüşvət... Bay-bay-bay...

Heydərli: - Bilirsiniz məsələ nə yerdədir? Doğrudur, xüsusən qəbul imtahanlarında biz müəllimlərin guya tələbələrdən rüşvət alması haqqında orda-burda danışırlar. Ancaq Məmiş doğru deyir ki, əsası yoxdur, söz-söhbətdir... Müəllimdir də... Hərənin bir-iki tanış-bilişi olur, imtahanda güzəştə gedir, birtəhər ötürür... Bunun da adını qoyurlar rüşvət.

Əli: - Sözünü də kəsirəm, Cəbi yoldaş, bağışla. "Bir-iki tanış-biliş" dedin, yadıma düşdü. Danışırlar ki, keçən il elmi-tədqiqat institutlarının birində aspiranturaya səkkiz nəfər qəbul ediləcəkmiş. İyirmi nəfər ərizə vermiş imiş. Komissiyada da yeddi üzv varmış, sədrlə səkkiz. Hərəsinin də bir tanışı-bilişi. Hərə öz adamını birtəhər ötürür, qalan on iki nəfərin on ikisini də, biləni də, bilməyəni də kəsib tökürlər.

Mənsurə: - Ali məktəblərdə də elə olur da. Məsələn bir fakültəyə deyəlim əlli nəfər qəbul ediləcək, komissiyanın da azı 40 nəfər üzvü olur. Bunun bir otuz beş nəfəri öz tanış-bilişini buraxır, üç-dörd nəfəri siz deyən kimi rüşvət alır, qalanını da ordan-burdan tapşırırlar. İkisini dekan, ikisini rektor... Buyur, bu da sənin üçün əlli nəfər!

Veysəlli: - Söz-söhbətdir... Mən elə bir müəllim tanımıram ki, imtahanda tələbədən rüşvət alsın.

Fikrət: - (Əsəbi halda ayağa qalxır) Bura bax, Məmiş yoldaş! Bunun nəyi söz-söhbətdir? Bütün xalqa məlum olan bir cinayəti niyə ört-basdır edirsiniz? Elmin, mədəniyyətin, tərəqqinin düşmənlərini; xalq, vətən, partiya, dövlət düşmənlərini niyə camaatın nəzərindən yayındırmaq istəyirsiniz? Tələbədən rüşvət alan müəllim yoxdur? Neçəsini məhkəməyə veriblər? Neçəsini iti qovan kimi ali məktəblərdən qovublar.

Müəllim tələbədən rüşvət alır... heç bilirsinizmi bu nə deməkdir? Bu, xalqın elm, maarif, mədəniyyət sahəsində bu qırx beş ildə əldə etdiyi bütün nailiyyətləri kökündən baltalamaq deməkdir. Niyə bu müdhiş cinayətə göz yumursunuz? Müəllim tələbədən rüşvət alır... Bu, istedadları, ləyaqətliləri məhv etmək, ümüdləri, arzuları, xəyalları puça çıxarmaq, həvəsləri öldürmək, söndürmək, aferistliyə, fırıldağa yol açmaq, imkan yaratmaq deməkdir. Niyə bu canlı həyat faktını görmək istəmirsiniz? Niyə demirsiniz ki, (üzünü zala tutur) ay camaat, bu aferistləri tanıyın! Və hamınız birlikdə deyin (özü də bilmədən üzünü döndərir): Tüfu, sizin üzünüzə! Müəllim də rüşvət alar?

Əbilov: - Fikrət, sən də məsələni bir az böyüdürsən... Müəllimlər içərisində rüşvətxor olsa, beş-üç nəfər olar, artıq olmaz...

Fikrət: - Kim deyir ki, min nəfərdir? Mən də elə beş-üç nəfəri deyirəm də.

Məmiş: - (Fikrətə qara yaxmaq istəyir) Xeyr, bağışlayasan, sən beş-üç nəfər demirsən, sənin sözündən - acığın gəlməsin - belə çıxır ki, bizim cəmiyyətimizdə rüşvətxorların sayı dünyanı götürüb. Özün də partiya təşkilatının katibi...

Fikrət: - (Əsəbi) Sözünü yarımçıq qoyma! Demək istəyirsən ki, mən Sovet cəmiyyətinə böhtan atıram? Səndən hər şey gözləmək olar. Elə bizim cəmiyyətimizdə belə-belə cinayətlərə imkan yaradan sənin kimi adamlar dəyilmi?

Veysəlli: - Nə deyirsən-de, yerində danışarıq...

Ağa Əmi: - Gecikmisən Məmiş, indi insanların taleyini "yerində danışmaq" həll etmir, xalq, camaat, kütlə həll edir.

Əbilov: - (Qorxuya düşür) Mübahisəni kəsin, canım. Cəmiyyəti-zadı gətirib bura dürtməyin, qoyun başımızı birtəhər girəliyirik, girəliyək...

Misgərli: - Əslinə baxsanız, taqsır heç rüşvət alan müəllimdə dəyil...

Taqsır rüşvət alan müəllimdə dəyil, rüşvət verən tələbədədir. Axı tələbə - tələbə olsa, müəllimə niyə rüşvət verir?

Heydərli: - Valideynlərdə, xüsusən vasitəçilərdə də taqsır çoxdur. Mən də bir-iki dəfə qəbul imtahanlarında olmuşam. Bilirəm, bu müəllimlər nə çəkir!.. A kişi! İmtahan günləri bu valideynlərin, vastəçilərin əlindən nə evdə otura bilirsən, nə idarədə otura bilirsən. Bağa qaçırsan, dalınca bağa gəlirlər, dağa qaçırsan, dağa...

Ağa Əmi: - Onlara deyə bilmirsən ki, ay nadanlar tanış-biliş vastəsilə övladı adam etmək olmaz, bu yol ilə sağlam nəsil tərbiyə etmək olmaz!

Əbilov: - Elə demə, Ağa Əmi, mənim də başıma gəlib. Bəzən görürsən ki, elə adam zəng edib, xahiş edir ki, sözündən keçə bilmirsən.

...Əli: - Təklif var mübahisə dayandırılsın. Bayırda gözləyirlər.

Fikrət: - Çağır gəlsinlər.

Əli: - Hörmüz Həsən oğlu, Əlmurad Pəpişov! (Hörmüz və Əlmurad gəlib dayanırlar.)

Veysəlli: - (Onlara) Bilet götürün!

(Hörmüz dərhal əlini uzadıb bir bilet götürür, gedib oturur, diqqətlə biletdəki sualları nəzərdən keçirib, məmnun və arxayın halda, bileti masanın üzərinə buraxır... Bu müddətdə Əlmurad hələ bilet götürməmişdir, vahimə ilə biletlərə baxıb, gözünü döyür Veysəllinin gözlərinə. Veysəlli göz-gözə verib biletlərdən birinə işarə edərək Əlmurada).

Veysəlli: - Nə durmusan? Bilet götür da!

(Əli bu işarəni duyur. Əlmurad əli titrəyə-titrəyə nəhayət, bir bilet götürüb gedib oturur. Biletdəki sualları oxuyub, yenə vahimə içərisində gah komissiya üzvlərinə baxır, gah Veysəlliyə).

Veysəlli: - (Hörmüzə) Danışmaq istəyirsən?

Hörmüz: - Bəli!

Hörmüz arxayın, sərbəst qalxıb gəlir komissiyanın hüzuruna əyləşir. Bu arada Şərqiyyənin müşayiəti ilə professor Səlimzadə gəlir. Onu görcək hamı ayağa qalxır. Professor Şərqiyyənin gətirdiyi kürsüdə oturur...

Veysəlli: - (Hörmüzə) Birinci sualın nədir?

Hörmüz: - "Onlar bir neçə nəfər idi" romanında əsas surətlərin səciyyəsi.

Veysəlli: - Danış!

Hörmüz: - Romanda əsas surətlərdən biri Dərgahquludur. Müəllif bu surətlə belə bir gözəl ideyanı təbliğ edir ki, "Sosializm cəmiyyətində hər kəs öz bacarığına, öz ləyaqətinə görə yer tutmalıdır. Və bu cəmiyyətdə mühüm vəzifələr, kütlənin taleyi təmiz, namuslu adamlara tapşırılmalıdır. Obraz mənfidir. Ədibin estetik idealı isə gözəldir... Belə ki, Dərgahqulu bir neçə rayonda müxtəlif vəzifələrdə olur, lakin heç birini yarıtmır. Sovet adamına yaraşmayan işlər görür, intriqa ilə məşğul olur, rüşvət alır. Partiya və Dövləti aldadıb yalan məlumatlar verir. Xalq malını talayır, əxlaq-məişət məsələlərində də özünü çox pis aparır, ədibin sözü ilə "ana-bacı tanımır", əyyaşlıq edir. İldə bir arvad dəyişir və sairə... Bir müddət sonra Dərgahqulu ifşa olunur. Onu işdən kənar edirlər.

Misgərli: - Yaxşı, davam edin!

Hörmüz: - Sonra ədib Dərgahqulunun şəhərə gəldiyini, orta təhsili olduğu halda haradansa özünə ali məktəb diplomu düzəltdiyini, hətta namizədlik dissertasiyası belə müdafiə edib, elmi müəssisələrin birində mühüm vəzifə tutduğunu təsvir edir. (Veysəlli darağını çıxarıb başını darayır, Hörmüz davam edir). Dərgahqulu bu yeni vəzifədə də özünü yaxşı aparmır...

Veysəlli: - (Darıxmış halda onun sözünü kəsir) Keç ikinci surətə!

Hörmüz: - (Bir az fikrini toplayaraq başlayır.) Romanda ibrətamiz surətlərdən biri də Əsmər Əsmərovdur ki, ayaması da "arvaddan qorxan"dır.

Əsmərov surətində ədib belə bir fikri təbliğ edir ki, hər hansı işdə olursa-olsun, cəsarət, təşəbbüskarlıq, ümumxalq işinə can yandırmaq insanın ən yaxşı sifətlərindəndir. Sovet adamının gərək ictimai siması olsun, o gərək hər işdə, ümumxalq mənafeyini, partiya, dövlət mənafeyini nəzərə alsın, ümumin mənafeyini şəxsi mənafeyindən üstün tutsun. Bu sifətlərdən məhrum olan adam bizim cəmiyyətimizə xeyir verə bilməz. Əsmərov da mənfi surətdir, lakin bu surət ətrafında olan bədii düşüncə çox gözəldir.

Əsmərov Dərgahqulu qədər qorxulu adam dəyildir. Dələduz, çapoğulçu, qirbəllə dəyildir. Lakin həddindən ziyadə qorxaq, cəsarətsizdir. Əsmərovda müstəqil düşünmək, müstəqil fikir, mühakimə yürütmək qabiliyyəti yoxdur. Qorxaqlığı üzündən Əsmərov çox zaman bilə-bilə, görə-görə həqiqəti tapdalayır, haqsız tərəfi müdafiə edir. Kim bir hərbə-zorba, demoqoq isə, o, Əsmərovun ağzını istədiyi tərəfə döndərə bilir. Odur ki, Əsmərovun müdir olduğu idarədə həmişə hərc-mərclikdir. Çünki o, ağıllı, mədəni, sadə, xüsusən sakit danışan xeyirxah işçiləri nə sevir, nə hörmət edir, nə də mühüm məsələlərdə onlarla hesablaşır. Əksinə, demoqoqlardan qorxduğu üçün hörməti də onlara edir, onların qarşısında yaltaqlanır da. Bir sözlə, Əsmərov həmişə demoqoqların dediyi ilə oturub-durur. Müəllifin fikrincə, Əsmərovun bu dərəcədə zəif, iradəsiz, qorxaq olmağının səbəbi onun masabaz olmasındadır!

Misgərli: - Masabaz? Masabaz nə deməkdir?

Hörmüz: - Tiplərin dilində işlənən sözdür. "Masabaz" - yəni vəzifəpərəst.

Heydərli: - Davam edin!

Hörmüz: - Əsmərov hər işdə birinci növbədə özünü, öz rahatlığını düşünür. Ancaq onun bir insan kibi rahatlığı da yoxdur. Həmişə səbirsiz, təntik, gördüyü işdə bir iki dəyil, nədənsə həmişə qorxu, vahimə içərisindədir... Əsmərov hətta öz evində də daima qorxu, vahimədədir. O, hətta öz arvadından da - bağışlayın ədibin sözləri ilə - itdən qorxan kimi qorxur... Romanda ər ilə arvadın qəribə münasibətini göstərən fəsil çox ibrətlidir. Əbilov Əsmərovun arvadının atasını...

Əbilov: - (Artıq davam gətirə bilməyərək Hörmüzə) Keçin o biri surətlərə!

Hörmüz: - (Fikrini toplayıb başlayır) Əsərdə Hətəmov və Həkəmov surətləri də ibrətlidir. Eyni ixtisas sahibi olan bu iki ziyalı, elmi işçi otuz ildir ki, biri-birilə ecəşir, prinsipsiz mübarizə aparırlar. Səbəbi də budur ki, otuz il əvvəl onların arvadları hamamda tas üstə deyişmiş, bir-birinin ərlərini söymüşlər... O zamandan etibarən Hətəmovla Həkəmov olmuşlar qanlı-pıçaq. Bunlar bir o qədər də istedadsız adamlar dəyillər. Gənclik yaşlarında bir xeyli işlər də görmüş, elmə həvəs göstərmişlər. Ancaq arvadlar hamamda tas üstündə savaşandan sonra bütün məharətlərini sərf etmişlər biri-birini yıxmağa...

Misgərli: - (Veysəlliyə) Mən deyirəm keçsin o biri surətlərə.

(Səlimzadə əli ilə işarə edir ki, mane olmasınlar, Hörmüz danışsın. Hörmüz bunu başa düşüb davam edir).

Hörmüz: - İndi onlar, yəni Həkəmovla Hətəmov artıq məsləksiz, idealsız, prinsipsiz adamcığazlara çevrilmişlər. İşləri-gücləri məişətin xırdalıqları ilə məşğul olmaqdır. Xalq, vətən, insan taleyi onların yuxusuna belə girmir. Hətəmovun yeganə həyat idealı Həkəmovu kəlləsi üstə yerə gətirmək, Həkəmovun yeganə həyat idealı Hətəmovu kəlləsi üstə yerə gətirməkdir...

Müəllif bir yerdə yazır ki, "onların, yəni Hətəmovla Həkəmovun münasibəti iki düşmən dövlət, iki düşmən ölkə arasında olan münasibətə bənzəyirdi. Hər iki tərəfin özünün müharibəyə ciddi hazırlıq planları, raket bazaları, qırıcı və bombardmançı təyyarələri, zəhərləyici qazları, kəşfiyyat orqanları, hətta hərbi paraşütistləri vardı. Biri-birinin əlehyinə uydurduqları yalanlar, dedi-qodular, onların zəhərləyici qazları, əl altından biri-birinin əleyhinə düzəltdikləri materiallar bombardmançı və qırıcı təyyarələri idi. Haq-nahaq biri-birinin üstünə düşdükləri iclaslar onların raket bazaları, xəbərçiləri - onların kəşviyyat orqanları; qəfildən iclaslarda müzakirələrdə biri-birinin əleyhinə qaldırdıqları tərəfdarları onların paraşütistləri idi…

Bir də görürdün Həkəmov güclü bir material bombası ixtira edib aparıb saldı Hətəmovun komasına, evdə, ailədə, idarədə başladı zəlzələ, vəlvələ. Yaxud Hətəmov bir zəhərli yalan düzəldib buraxdı Həkəmovun burnuna, Həkəmov zəhərlənib üç-dörd ay arxasını verdi yerə…"

Heydərli: - (Hörmüzü dayandırmaq üçün Veysəlliyə) Məsləhətsə, keçsin o biri surətlərə.

Ağa Əmi: - (Yerindən qalxıb Hörmüzə) Bağışla, oğlum! Romanda bir Zakir surəti də var…

...Hörmüz: - Bəli. Zakirin sözləri eynilə xatirimdədir. (Ayağa qalxıb xüsusi vəcd, ruh yüksəkliyi ilə təmkinlə davam edir. Sözləri, cümlələri aydın, sərrast ifadə etməyə fikir verir.)

Ey mənim, iş yoldaşlarım, qardaşlarım, ey mənim vətəndaşlarım! Bir deyin görüm siz nə vaxta qədər, biri-birinizin ayağından çəkəcəksiniz? Nə vaxta qədər bir-birinizin ətini yeyib, qanını içəcəksiniz? Axı belə olmaz. Belə vətəndaşlıq olmaz, belə yoldaşlıq olmaz… Belə ziyalılıq olmaz, belə insanlıq olmaz!...

Siz eyni bir vətəndə yaşamırsınız? Eyni bir havanı tənəffüs etmirsiniz? Bəs niyə bir-biriniz üçün bu gözəl havanı zəhərləyirsiniz? Bu geniş Vətən niyə sizə darlıq edir? Siz eyni bir məslək adamları, eyni bir yolun yolçusu dəyilsiniz? - Bəlkə mən səhv edirəm?! - Bəs bu ümumel yolunda niyə biri-birinizin ayağı altında quyu qazıyırsınız? Niyə biriniz yüksələndə, irəli gedəndə, o birinin başına daş düşür? Məgər siz bir ananın evladları dəyilsiniz? Niyə bu ananın halal südünü bir-birinizə haram edirsiniz? Siz mənə elə bir ağıllı, namuslu vətəndaş göstərin ki, desinlər bu, cəmiyyət üçün artıqdır. Siz mənə elə bir iki istedadlı adam göstərin ki...

Səlimzadə: - Onların biri o birini…

Hörmüz: - Əvəz edə bilsin! Hansı axmaq deyər ki, iki nəfər yaxşı dilçidən biri artıqdır… Hansı axmaq düşünə bilər ki, beş nəfər yaxşı bəstəkardan biri artıqdır? Hansı axmaq deyər ki, beş nəfər yaxşı mühəndisdən biri artıqdır? Əzizim Həkəmov və Hətəmov! Siz ikiniz də bir idarədə işləyirsiniz, ancaq…

(Əli tez xatırladır və üzünü Misgərli ilə Heydərliyə tərəf tutur)

Əli: - Əl altından bir-birinizi pisləyirsiniz.

Hörmüz: - (davam edir) Əzizim Həkəmov və Hətəmov. Təsəvvür edin elə bir Vətən ki, orada yaxşı rəssamı - rəssamın gözü götürməyə, yaxşı mühəndisi - mühəndisin gözü götürməyə, yaxşı hüquqşünası - hüquqşünasın gözü götürməyə, yaxşı həkimi - həkimin gözü götürməyə, yaxşı tarixçini - tarixçinin gözü götürməyə, yaxşı bəstəkarı - bəstəkarın gözü götürməyə, yaxşı rejissoru - rejissorun gözü götürməyə, yaxşı müəllimi - müəllimin gözü götürməyə, yaxşı ministri - ministrin gözü götürməyə... Onda nə olar? Hətəmov Həkəmovun qanını içməyə hazırdır, Həkəmov Hətəmovun… Belə də həmkarlıq olar?! Axı siz, bir ovuc paxıllar öz murdar hərəkətinizlə böyük bir xalqın adını batırırsınız. Niyə bir-birinizi gözünüz götürmür? (Hörmüz bir az dayanır).

Ağa Əmi: - Sağ ol, oğlum! Keç, o biri suallara!

Fikrət: - Məncə, kifayətdir.

Əbilov: - (sual verir) Hansı dilləri bilirsiniz?

Hörmüz: - Orta-ali məktəblərdə nəki keçmişik rusca, fransızca, farsca.

Veysəlli: - (birdən düşünmədən) Azərbaycanca necə?

(Hörmüz təəccüblənir, cavab vermir.)

Ağa Əmi: - (Veysəlliyə) Bəs səhərdən nə dildə danışırdı?

Veysəlli: - (Özünü itirib tez Səlimzadəyə müraciət edir) Professor, sualınız varsa, buyurun!

Səlimzadə: - Xeyr, sualım yoxdur. Mən Hörmüzü çoxdan tanıyıram. Darülfünunda o, mənim ən sevimli tələbələrimdən biri idi. O vaxt çox çalışdım ki, aspiranturada qalsın, özü razılıq vermədi. Qoy bir-iki il də işləyim, biliyimi artırım, anam da xəstədir… sonra gələrəm. Çox yaxşı ki, indi gəlib çıxmışdır. Həm də gözəl həyat təcrübəsi keçəndən sonra… Hörmüz mətbuatda hərbənbir çıxış edir, yəqin ki, oxumusunuz. Çox orijinal üslubu, yazı tərzi vardır. Aspiranturaya da elə belə… hazırlıqlı gəncləri cəlb etmək lazımdır… (yaxınlaşıb əlini Hörmüzün dalına vurur) Cavabların çox xoşuma gəldi… Bağışlayın (saatına baxır). Mən getməliyəm.

Veysəlli: - Hə… Demək olar ki, qurtardı… İndi yoldaşlar, qiymətlərinizi deyin! (Siyahı oxunur)

Birinci: - Ağa nəzər! (Əbilov təşvişə düşür) Məndə dörddür. (Əbilov gülür).

Heydərli: - Üç ilə dörd arasındadır.

Ağa Əmi: - İki! (Əbilov pərt olur); Fikrət - İki!; Mənsurə - İki!

Misgərli: - Məndə iki ilə üç arasındadır.

Veysəlli: - Deməli, orta qiymət neçə?

Ağa Əmi: - Orta qiymət, filan yoxdur. İkidir.

Veysəlli: - (Əbilova) Siz, yoldaş Əbilov?

Əbilov: - O, cavab verəndə mən burda olmamışam. Məncə, gərək o, yaxşı cavab verə idi, deyirlər çox hazırlıqlı… e… referatı necədir?

Fikrət: - Kitabdan köçürüb, yoxlamışam.

Əbilov: - Yaxşı, qiymətinizi verin, sonra bir də baxarıq…

...Veysəlli: - Hörmüz. Doğrudur, professor onu çox təriflədi… ancaq o qədər də tərifləyici cavab vermədi…

Misgərli: - Elədir, bəli, arzu edilən cavabları vermədi.

Ağa Əmi - (hirsli) Bizim arzu etdiyimiz cavabları verdi, sizi bilmirəm. Əla! Gözəl gələcəyi olan bir cavandır.

Fikrət: - Əla!

Mənsurə: - Sözsüz əladır!

Heydərli: - Məndə dörddür…

Əbilov: - Daha professor da bəyəndi, əla verin getsin.

Ağa Əmi: - (qalxır ayağa, öz qeydlərinə baxır, Əliyə) Əli, yaz. Beləliklə, beş nəfər qəbul olunur. Hörmüz, Vaqif, Aydın, Fəxrəddin, Gülnarə. (Əliyə) Protokolu ver, hamı burada qol çəksin. (Hamı durur ayağa gəlib bir-bir qol çəkirlər, adamları keçməyənlər dilxor, qalanları şaddır).

1965


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!