Ən yeni tarixin "ərəfə" mətni – “Səngərdəki səs" - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

1990-cı illərdə professor Rəhman Bədəlov “Kitabi-Dədə Qorqud” hünərinin labüdlüyü” məqaləsində Qarabağla bağlı məğlubiyyətimizin əsasında ruhi əzikliyimizin dayandığını əsas gətirərək bunun başlıca səbəblərindən birincisini “illər boyu “Kitabi-Dədəm Qorqud”suz yaşadığımızda” görürdü. Professor haqlı idi, o mübarizə ruhu, türk ərənliyi ki, dastanın bütün çevrəsini ehtiva edirdi, məhz ondan uzaq salınmışdıq. Hər şey ora dönməli, lazım olanı mədəni sistemə transformasiya etməli, milli dirəniş əzmini ordan başlamaqla dirçəltməli idik. Kamal Abdulla da ordan başladı, epos enerjisinin mədəniyyət dillərinə aşılanması prosesində sistemli və bütöv çalışdı. Yalnız dastanı deyil, yunan miflərini də araşdırmalarının predmeti etdi. İstər elmi, istərsə də ədəbi-bədii kontekstdə mif və dastan personajlarından vital enerji qaynağı kimi bəhrələndi. Ya da sadəcə Əlyazma metaforasına müraciəti bəs elədi ki, tarixin oyun modelini qursun.  Nə bilmək olar, bəlkə bir gün... oyun gerçək oldu, hər şey yenidən başladı...

Kamal Abdulla. Sirlərin sərgüzəşti (Romandan parçalar) » Yarpaq.az

                      Necə ki, başladı... Və kim dana bilər ki,  44 gün davam edən müharibə, göstərilən şücaətlər və qazanılan zəfərimiz həm də altşüur məqamlarının, oyadılan genetik kodların, dövlətçilik tariximizin iki dövrünün - Oğuz cəmiyyətinin, Səfəvi xanədanının uğur təcəssümündən sıra tapıb.

                      “Səngərdəki səs” Kamal Abdullanın bu ilin oktyabr ayında, müharibənin qızğın günlərində yazdığı hekayədir və digər hekayələri kimi, ömür mətni olaraq oxunur. Prosesi gerçəklərin, günün içindən yazmaq çətin işdir. Kamal Abdulla bu yükün altına girir, uğurlarımızı bəlirtməklə yanaşı, kiçik mətn daxilində son günlərə aid olan notları yanaşı verməyə nail olur: “müzəffər ordumuz, igid əsgərlərimiz, zabitlərimiz, qalib Baş komandanımız, düşmən əsarətindən, nəhayət, qurtulmuş vətən torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhə, Azərbaycan tarixi, ədəbiyyatı… Və daha nələr, daha kimlər…”.

                      Vətənə zəfərlə geri dönən cavan leytenantın şərəfinə restoranda ziyafət verilir. Sağlıqlar, tostlar, gurultuların içində hər dəfə eşidilən kamança səsi cavan leytenantı olduğu məkandan ayırıb döyüşdüyü yerlərə, xatirələrə aparmaqla psixoloji effekt yaradılır. Bu səs vasitəsilə obrazın daxilində qatbaqat sıralanmış olan duyum və hisslər ifadə edilir. Kamal Abdulla kamançanı qəhrəmanın psixoloji obrazının monolit işarəsi kimi mənalandırır: “O artıq bilirdi ki, ətrafdakı səsləri səngərdəki səslə tutuşdurmağa başlayıb. Dünən də evdə on iki yaşlı bacısının səsinə oxşatmışdı səngərdəki səsi. Və bu tutuşdurma, cavan leytenant bunu da bilirdi, həyatının sonuna qədər onu rahat buraxmayacaqdı, səngərdəki səs  onu artıq həyatının sonuna qədər müşaiyət edəcəkdi”.

                      Müharibə bitsə də əslində davam edir, varlığını - onu bircə dəfə görən insanların olduğu bütün məkanlarda özümlü şəkildə təzahür etdirir. İngilis yazarı Riçard Oldinqtonun dediyi kimi: "Lap tutaq ki, biz sağ qaldıq. Bəs biz yaşaya biləcəyikmi”? Hekayə məhz bu psixoloji savaş məqamı ilə güclüdür. Yazıçı müharibənin xarakterinə, mahiyyətinə varmağa qədərincə cəhd edir. Müharibənin izlərini bədənlərinin müxtəlif əzalarında gəzdirən insanların müharibədən sonrakı yaşamı, ruhi gərginlikləri onları həyatdan zövq almağa imkan vermir artıq. Çünki onların yaddaş hücrələrində, ruhi dərinliklərində müharibənin qəlpələri kimi səslər dolaşmaqdadır. Yaşasalar, yaşlansalar da qulaqlarından çəkilməyən o səs əsgərləri daim səngərə qaytarır.

                      Məni bu hekayədə kamança məqamı çox düşündürdü. Kamal Abdulla Cəlil Məmmədquluzadənin “Kamança” əsərindəki kamançanın missiyasını dəyişir. Bu dəfə kamançanın səsi bizim xeyrimizə işləyir. Qəhrəman Yüzbaşının ürəyini yumşaldan kamança bu dəfə Azərbaycan əsgərinin içindəki intiqam alovunu hərəkətə gətirmək üçün yaddaş daşıyıcısına çevrilir. Keçmiş hər zaman ağrı verir. Kamal Abdullanın bütün roman və hekayələrində yaşanmış ömrün mühüm faktına çevrilən ağrı situasiyası burada da hakim olur: “Bu səsi dinlədikcə kamançadan gözünü ayıra bilməyən cavan leytenantın gözlərindən axan yaş yanaqlarındaca iki çaya çevrilmişdi və çənəsinin hər iki tərəfi ilə axıb damla-damla birbaşa süfrəyə tökülməyə başlamışdı”.

                      Vəssəlam, yaddaşı tərpətməyə bircə detal bəs edir. Necə ki, Cəlilin pyesinin Qəhrəman Yüzbaşısı bu səsdən dərbədər olmuşdu: “Haramzada elә çalır ki, keçәn günlәri gәtirir qoyur adamın qabağına”. Amma məsələ və fərq bu kövrəlmə anında personajın necə davranmasıdır. Kamançanın səsi o mətndə Qəhrəman Yüzbaşının kövrələrək ermənini bağışlayıb kəndinə yola salması ilə nəticələnmişdi. Bu hekayədə isə kamançanın səsini eşidən cavan leytenantın silah götürüb yenidən səngərə - müharibə meydanına atılması ilə: “İndi yalnız kamançanın səsi idi gəlirdi və bu səs kamançanın içindən yanıqlı-yanıqlı çıxaraq yenə də haman səngərdəki səsə qarışırdı:

– Dayan, tələsmə! Hələ tezdi. Çıxarma başını. Qoy əmr olsun, sonra! Tələsməyin. Sakit olun! Əmr! Əmri eşidin! Hazır ol! Əmr gəldi… gəldi. Azərbaycan əsgəri! Əmri dinlə! İrəli! Hücum! Vətən uğrunda, irəli!!!

Cavan leytenant özünü səngərdən bayıra necə atdığını və «İrəli!» bağıra-bağıra, əlindəki avtomatı sinəsinə sıxaraq  düşmən səngərinə tərəf necə sürətlə götürüldüyünü hiss eləmədi”.

Necə ki, ziyafət iştirakçıları qəhrəmanın içində gedən bu təbəddülatı, çabalamaları hiss eləmirlər. Hiss eləmədiklərinə görə biz bu başqa aləmin əlaməti kimi mənalanan səsləri fon görüntüsü şəklində  qəbul edirik. Onlar oxucu yaddaşında uzaqlaşan və itən səslər kimi qalırlar. Eşidilən yalnız səngərdəki səslərdir. Yazıçı akustik fon vasitəsilə özü  bu səsləri yerbəyer edir. Paralel (!) şəkildə təsvir etdiyi bu iki ayrı dünyanın adamlarını yanaşı versə də,  getdikcə - daha çox inikas olunmasına baxmayaraq, çoxluğun olduğu o məkan mərkəzdən periferiyaya sıxışdırılır, “müharibə və insan” həqiqəti, fərdin taleyi, onun cəmiyyətə yadlaşması hekayənin ideya zəmini kimi qabardılır.

Kamal Abdullanın özünəxas nəsr poetikasının gücü də elə bundadır. Qlobal mənaları baş vermiş həyat hadisələrində axtarmasında.

“Səngərdəki səs” qələbədən sonra yaranacaq ən yeni ədəbiyyata artıq “ərəfə” nəsr nümunəsi qismində daxil olub. Məncə, 70 yaşın ərəfəsində “ərəfə” mətnlər meydana qoymaqdan gözəl heç nə ola bilməz.

                    


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!