Son zamanlar ard-arda yazılan nəsr əsərləri və şeirlər çağın reallığında nə qədər dəyərləndirilib qiymətini ala bilir? “Tənqid və mətn” layihəmizdə təqdim olunan hekayələr tənqidçilərin müzakirəsinə verilir. Müzakirəyə çıxarılan növbəti mətn Mübariz Örənin “Balıq gülüşü” hekayəsidir.
Elnarə AKİMOVA
Balıq gülüşü, böyümə anı, yaxud uşaqlığın son yuxusu
Mübariz Örənin "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Böyümək anı... Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ "yabanı" hiss və yanaşmaların ağuşundan xilas edir.
Mübarizin nəsrində fərqli, seçkin poetika var. Dünyaduyumunda, mətn həllində, predmetə yanaşma və onun fəlsəfi-psixoloji qata müncər etmək mənasında. İndi çox az mətnlər şüuraltını oynatmağa, habelə dilin dərinliklərinə nüfuz etməyə, bədii ifadənin orijinal formalarını yaratmağa nail olur. "Balıq gülüşü"ndə ilk baxışda soyuq mənzərə effekti doğuran lövhələrin dil, ifadə, deyim tərzi anidən elə bir çevrilmə məkanı yaradır ki, estetik mündəricə büsbütün dəyişir, dil bütün məna və ifadə potensiyası ilə poetik strukturun tərkib hissəsinə çevrilir: "Belinin altı istidən alışıb-yanırdı, - bədəni diricə su - sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa isti çıxdı altından...", yaxud "Qapının pərdəsini aralayıb çölə baxdı, - həyət bomboşdu. Ağ çiçəkli akasiya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu...", "Qələmə ağacından o tərəfdə, çörəkxananın düz qabağında traktor gözləyirdi onu, - lafeti səs-küylü, şaqraq gülüşlü qız-gəlinlə dolu...".
Nabokovun Tolstoyla bağlı işlətdiyi dahiyanə fikirlərdən biri budur: "Tolstoy personajlarından bir an belə gözünü ayırmır; onları danışdırır, hərəkət etdirir - amma danışıqları və hərəkətləri onlar üçün yaratdığı dünyada öz reaksiyasını doğurur". M.Örənin də prozasında bu məqama həssaslıq öndədi. O da qəhrəmanlarını nəzarətsiz buraxmır, ən kiçik fürsətdə belə zahiri detallara istinadən oxucuya müəyyən məlumatı ötürmək çabasında bulunur. İlk baxışdan o qədər sezgin olmayan bu işarələr sonradan hansısa fəlsəfi yozumun işarə və hərfləri kimi məna vurğusu qazanır.
Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur.
"Deməli günorta yuxusu aparıbmış onu və ağ, uzunqol köynəyinə salmanca təpib bu günorta gəlib anası. O da elə bilir hələ səhərdi. Deyir axı, yığılı yerin üstündə niyə yatıb?! Bir günü arada salıb itirib o, əvəzinə özündən gün qondarıb; bir gündə iki gün yaşayıb, bir gün artıq yaşayıb. İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri olmasa da, - özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli yekəlib o. Böyüyüb!"
Qəhrəmanın yuxusu onun təhtəlşüurundakı gerçəyi ifadə edən əsas vasitəyə çevrilir, müəllif zamanın fiziki gedişinə qarşı qəhrəmanın psixoloji zamanını qoyur. Burada Prustun itən zamanından deyil, qazanılan zamandan söhbət gedir. Müxtəlif simvol-işarələrin mətn içinə adlaması da metaforik çoxqatlılıqdan doğan hal olmaqla yanaşı qurulan yeni zamanın elementləri səviyyəsində kontekstuallıq qazanır. Məsələn, gülən balıqla böyüməyə tələsən oğlan arasında maraqlı işarələrə yer verir müəllif: "Kanalın sarı-lil suyundan sıyrılıb qarğının dalınca sevincək "uçan" balıq heyrətə salmışdı onu - gözləmədiyi yerdən çıxmışdı balıq - və qorxutmuşdu; gülürdü balıq! Qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi".
Bir an sonra onu nə gözlədiyini bilmədən üzən balığın gülüşü böyüdüyünə sevincək olan uşağın duyğuları ilə eyni ortamda kəsişir. Uşaqlığın son yuxusu görülür, balıq öz həyatından, qəhrəman öz uşaqlığından gülə-gülə ayrılır. Qarşıda isə "evin kişisi"ni gözləyən həyat var hələ. Bu məqamda müəllif hekayənin yalnız Edip kompleksi - uşağın anaya bəslədiyi qısqanclıq və maraq konkretliyində şərh çərçivəsini sındırır, yaxud cinsi istəklərin asılılığından xilas edib (belə olsaydı, mündəricə mahiyyətcə başqa olardı), diqqəti gülüşün idrak (!) qatında roluna cəmləyir. Böyüməyinə, evin kişisi olacağına sevinən qəhrəmanını sərt yaşam prosesləri ilə üzbəüz qoyur:
"Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, - suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, - əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq bədəninə", azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını "tutdu". Deyəsən anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı... Həmin gün özünə yer tapmadı anası, hallı-havalı gəzdi, öz-özünə hey güldü...".
Diqqət edək: "sevinci kisənin dibində qaldı" və "öz-özünə hey güldü". Bu maraqlı kontrast hekayədə açar məqama çevrilir, bir çox anlayışları "mötərizəyə alınmış gerçəklik" şəklində dərk etməyə imkan yaradır. Burada artıq gülüşün məna vurğusu da başqalaşır, mətnin struktur-semantik ağırlığında onun müncər olduğu kontekst dəyişir.
Ə.Cavadın belə misraları var: "Böylə göz yaşıyla keçən ömrümün, Sonunda bir acı güləcəyəm bən!". Gülüş həm də acıları yenmək cəhdidir. Həqiqi sənətin gücü məncə, bu nöqtədə aydınlaşır. Gerçəklik adlanan aləmi müxtəlif yollarla öyrənməyin, onu aşıb keçmənin formalarını təqdim etdiyi məqamda. Hərçənd təqdim olunan forma özü də bir həqiqətdir. "Balıq gülüşü" bu mənada, zamanın sərtliyinə qarşı mücadilə modeli cızan əsər kimi müəllifin və hekayəçiliyimizin uğurudur.
Məti Osmanoğlu
Örən, Freyd və siesta
Mübariz Örən oxucuya çatdırmaq istədiyi mətləbi bədii detallar vasitəsilə xırdalamaq üçün axtarış aparmağı, arzuladığı mətni almaqdan ötrü sözlə işləməyi, sözü "yonmağı" bacaran, yazmaqdan çox pozmağa əhəmiyyət verən nasirdir. "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" də müəllifin axtarışı hekayəyə - bədii mətnə çevirməyi bacardığı əsərlərindəndir.
Hekayə "yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan" uşağın kənardan heç kimin görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir.
Bütün bunlarla bərabər həmin uşağın yuxu kimi qarışıq olan iç dünyası yuxusunda üzə çıxır. Hekayədə yuxudan bədii üsul kimi düzgün, yerində istifadə olunub: mətndə yuxu baş verənlərin xəyal olduğunu göstərmək, "novella effekti" yaratmaq üçün deyil, uşağın özündən gizlin şüuraltı yaşantısını əyaniləşdirmək, canlandırıb hərəkətə gətirmək üçün ən əlverişli vasitədir və uşağın fərdi şüurdanxaric instinktlərini "oxumağa", gizlinlərini açmağa xidmət edir. Məlum olur ki, uşağın hələ heç özünün fərqində olmadığı, əsas hissəsi şüurundan xaricdə olan fərdi dünyası yalnız ata həsrətindən və velosiped həsədindən ibarət deyil. Hekayədəki situasiyada ananın timsalında seksual-erotik təhrik və uşağın özünün təbii fizioloji-seksual duyğuları onun fərqində olduğu şüurlu düşüncələrinə təzyiq göstərir, bu düşüncələri çalxalayıb lərzəyə salır, uşağın adi gününü əlindən alıb, ona tamamilə başqa bir gün qazandırır.
Psixoanalitik nəzəriyyənin banisi Freyd belə hesab edirdi ki, seksual mahiyyət daşıyan şüuraltı uşağın ətrafdakı aləmə qarşı bütün reaksiyalarının mənbəyini, başlanğıcını təşkil edir. Uşağın böyümə mərhələləri isə psixi enerjinin müxtəlif erogen zonalar üzrə yerdəyişməsini və mərkəzləşməsini təmin edir. Uşaq özünün seksual impulslarını ifadə etməyə can atır, onu əhatə edən mühit isə buna sərt müqavimət göstərir və beləliklə öz əhatəsi tərəfindən "sıxışdırılması" onun psixikasını zədələyir, uşaq bundan ilk travmalarını alıb ömrü uzunu onlarla yaşayır.
Freydin nəzəriyyəsinə əsasən, üç yaşından beş yaşına qədər uşaqlarda (bunun üçün hekyədə uşağın yaşını soruşanda bir əlinin barmaqlarını açması kifayət edirdi) əks cinsdən olan valideynə (oğulda anaya, qızda ataya) qarşı libido (cinsi istək) meyli yaranır və bu, qısqanclıqla müşayiət olunur. Oğlan uşaqlarında buna Edip kompleksi, qızlarda isə Elektra kompleksi deyilir və bu, xəstəlik hesab edilmir. Bu kompleksin düzgün idarə edilməməsi isə uşağın sonrakı həyatında fəsadlar yarada bilir.
Hekayədə uşağın gülən balıq görməsi və onu yaddaşında saxlaması detalı Freydin müəyyənləşdirdiyi Edip kompleksi ilə bağlıdır: uşaq özü də dərk etmədən, şüurunun xaricində anasını balıqsatan kişiyə qısqanır. Əslində, Edip kompleksi oğlan uşağının özünü ataya rəqib kimi görməsi ilə şərtləşir. Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: "bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, - suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, - əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq bədəninə", azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını "tutdu"...
Mübariz Örən günorta uşağın gözünə çimir gələndə onun şüurunun altında baş verən axını bir anlıq işıqlandıra bilmiş, onun gizlinlərini ortaya tökə bilmişdir. Oxucu uşağın içini oxuyub anlamağa macal tapmamış hər şey Freydin nəzəriyyəsinə tam uyğun olaraq yekunlaşır:
"Şart!"- anasının çatan kimi yumşaq yerindən çəkdiyi şapalaq göylərdən yerə çaldı onu.
- Bu nədi, a bala,- quş kimi qaldırıb qoltuğuna aldı onu.- Tumançaq niyə gəzirsən? Yekə kişisən ta!.."
Uşaq hələ fərqində olmadığı bir əməlin (yuxusunda zəhləsi gedən qaraçı qızı ilə cinsi akt yaşayırdı) cəzasını, bu cəza ilə də birlikdə psixikasının ilk dərin zədəsini alır. Bundan o tərəfə onun psixikasının formalaşmasının yeni bir mərhələsi başlayır. Freydin nəzəriyyəsinə inanmalı olsaq, yuxuda "qazanılmış gündən" - yaş keçidindən sonra oğlan uşağı kişi davranışlarını təqlid etməyə, özünü kişi kimi aparmağa çalışacaq. Psixoloqlar bu keçidə böyük əhəmiyyət verirlər, belə hesab edirlər ki, bu başlanğıcın zəif olduğu uşaq böyüyərkən "kişi işlərində" çətinlik çəkir. Hekayənin kiçik qəhrəmanının başına nə gələcəyini bilmirik, ancaq o artıq itirdiyini itirib: "...yerə tökülmüş yastı daşlar gah yaxınlaşır, gah uzaqlaşırdı"...
Beləliklə, hekayədə bir insan ömrünün "qırılma anı" bədii cəhətdən yetərincə əsaslandırılmış şəkildə əyaniləşdirilmişdir və buna görə müəllifi təbrik etməyə dəyər.
Mənim müəllifə əsas iradım isə hekayənin adı ilə bağlıdır. Onsuz da "Balıq gülüşü" kifayət qədər müəmma və ya mübhəmlik yaradan (professor Cavanşir Yusifli Mübariz Örənin hekayələrindəki mübhəmliyi başlıca keyfiyyətlərdən biri kimi qiymətləndirir) addır, buraya "siesta"nın qoşulması isə məsələni bir qədər bəsitləşdirir (məhz bəsitləşdirir!). Azərbaycan dilinin izahlı lüğətində olmayan bu söz ispan dilindən gəlir, mənası günorta yeməyinin üstündən yüngül çimir almaq, gözün acısını qovmaqdır. Bunun "siesta" sözü ilə ifadə edilməsinin mətndə hər hansı bir estetik funksiyasını görə bilmədim. Uşağın yuxulu məntiqi üzərində qurulmuş hekayədə onun daxili dünyasının açılmasının Freydizm nəzəriyyəsi ilə səsləşməsi (və ya müqayisəyə gəlməsi) nə qədər təbii görünsə də, "siesta" sözü bir o qədər yerində görünmür, süni təsir bağışlayır. Sərlövhədəki bu "qərib(ə)" söz hekayə boyunca uşağın həm şüurundan, həm də şüuraltından kənarda qalır...
Cavanşir YUSİFLİ
Siesta və balıq gülüşü
Bizim hamımızın həyatında baş verən hadisədir, xüsusən uşaqlıqda, - günün günorta vaxtı səni yuxu aparır, qısa müddətdən sonra ayılanda vaxtı-vədəni çaş salırsan, elə bilirsən gecə yatıb səhər durmusan, öz arşınınla "dünənki" hadisələri xatırlayırsan. Vaxt hissini itirdiyindən bir müddət çəkisizlikdə qalır, hər şey, böyür-başında cərəyan edən hadisələrə başqa, tam fərqli baxmağa başlayırsan, bu vaqeə uzun çəkməsə də, bəzən sənin həyatında həlledici rol oynayır. Hər bir hekayəsini spesifik vəziyyət - situasiya üzərində quran Mübariz Örən bu hekayəsində daha qəliz situasiya seçib. Hekayədə müxtəlif obrazlar yaradılır, təqdim edilir, başqa bir fraqmentdə onlar başqalaşırlar, məlum semantik sərhədi aşır, gah arxetipik kontekstdə görünür, gah da bu sərhədi də aşaraq ona qarşı çevrilir, həyatın, gerçəkliyin mürəkkəb dönüş nöqtələrini nişan verirlər.
Obrazın öz semantik məzmununu aşması, metaforik, arxetipik anlam kəsb etməsi, təhkiyə strukturunun mürəkkəbləşməsi baş verir. Gənc tədqiqatçı Lalə Həsənovanın müşahidəsi bu mənada düzgündür: "Diqqətin insanın hisslərinə, həyəcanlarına, psixoloji məqamlara yönəldiyi əsərlərin sonunda hadisələrin çözülməsi baş vermir. Çünki onun əsərlərində sonluq deyil, bədii detallar vasitəsilə canlandırılan təsvir əsasdır." Bu isə, fikrimizcə, təhlil edilən hekayənin hansı süjet tipinə aid olması ilə bağlıdır.
Xronikal süjet tipinə malik olan "Siesta" hekayəsində diqqəti ilk cəlb eləyən konsentrik elementlərdir. Süjetin tipi, həm də dinamikanın getdikcə "söndüyü" "təhkiyə massivi"ndə bu konsentrik elementlər mühüm rol oynayır.
"...Qapının pərdəsini aralayıb çölə baxdı - həyət bomboşdu. Ağ çiçəkli akasya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu..."
"... Həmişə eyni yerdən, Gülən xalagilin çəpərindən boylanıb baxan günəş indi yox idi, - hərçənd hava açıq, buludsuzdu... Durub mütləq günəşi tapmalıydı..."
Günəşi tapır. Amma bu dəfə başqa bir yerdə. Əlinə daş götürüb tutun üstündə qaynaşan sığırçınlara atır. Quşlar səslərini də götürüb gedirlər. Onlardan sadəcə bir əsim külək qalır. Bir də yaşıl yarpaqlar arasından boylanan günəş...
Yuxudan narahat oyanmış uşaq rahatlanır. Nə baş verir ki? Heç nə!
Adını çəkdiyimiz "konsentrik elementlər", gördüyünüz kimi, mahiyyətcə heç nəyə yaramır, ancaq ustalıq onları uc-uca calayıb (hekayə, daha doğrusu, təhkiyənin müxtəlif bloklarında) bir baxış bucağı yaratmaqdır. Və bundan sonra başqa bir "problem" gəlir - zahiri rabitəsizlik, əsaslandırmanın olmaması ("motivirovka"), ancaq hekayədə, danışılan, nəql edilən mətndə - bu qədər boşluğun içində nəsə baş verir və həmin zahiri rabitəsizlik, məntiqsizlik çəni çəkilib gedir, hadisə hərəkətə çevrilir, daxilən elə güclü bir qaynaq yaradır ki, qarşında mənaları sıralanmış görə bilirsən. Bu, təhkiyə, süjet qurma nəzəriyyəsində ümumi baxışdır.
Elmi ədəbiyyatda "siesta"nın (günün ən isti vaxtında yuxuya dalmaq, yatmaq, ancaq bu, vaxt etibarı ilə 30 dəqiqədən artıq olmamalıdır, İspaniyada "Siesta" adında ənənəvi yarışlar da keçirilir; siesta o mənada qazancdır ki, çox qısa müddətdə yuxuda olmaq insanı hansı gərginliklərdənsə adladır, əsəb sisteminin möhkəmliyinə təkan verir, beləcə insanda "bu dünyada bir dəfə yaşadığını seyr etmək" təsəvvürü yaradır....) xüsusən uşaq yaşda zəruriliyindən bəhs edilir. Nələrisə görmədən adlamaq, onlarla həyatın başqa fraqmentlərində rastlanmaq imkanı, həm də bu hadisələri başqa, daha dərin baxışla seyr edib anlamaq imkanı varsa, demək, bizə təsadüfləri yaddan çıxarmamaq qalır.
"Siesta" hekayəsi əslində həyatın adi, danışsan sözə gəlməyən, gəlsə belə, kimsəyə danışılması mümkün olmayan hadisələr zəncirini təqdim edir. Bəlli hadisəylə bağlı uşaqda ani olaraq vaxt hissi dəyişdiyindən təhkiyə ilə bizə çatdırılan hadisələrin harda, hansı məkanda - gerçəklikdə, yoxsa yuxuda baş verməsi çözülmür. Və əslində, təhkiyənin gedişində bunu çözməyin bir işə yaramayacağı da meydana çıxır. Əsas olan bu deyil. Reallıqla irreal aləmin sərhədlərinin qovuşduğu, yaxud itdiyi məqamda dilin - daxili nitqin dedikləri dünyanı heç zaman fəhm etmədiyimiz aspektləriylə nişan verir, elə şeylərə işarə edir ki, bir azdan yaşanacaq həyatda bunun nə qədər dəhşətli olmasını bütün ağrısıyla hiss edirsən. Təsvir edilən məkanda hər yer sakitlikdir. O qədər sakitdir ki, adicə səs qırığından hövüllənib aləmi başına götürə bilər. Hekayənin strukturunun məhz bu şəkildə olması əslində, hadisələrin, daxili nitqlə izhar edilən "hadisə axınının" bloklara ayrılmasını şərtləndirir. Tam sakitliyin çökdüyü məkanda tut ağacının başındakı sığırçınlar bir azdan hansısa xəbərin gəlməsini yox, tam fərqli mühitin formalaşacağını bildirir. Qeyd edək ki, hər şeyin yer-yerdən göründüyü məkan düzümlü yox, xaotik məkandır. Hərəkət zahiri görüntü etibarıyla belə dayanıbsa, yaxud belə bir təsəvvür oyadırsa, gerçəklikdən "yüz ağac o yana" xaotikliyin baş alması şərtdir. Bilindiyi kimi, xaotik sistemlər ən cüzi təsirlərə belə çox həssasdırlar. Psixologiya və fəlsəfədə bəlli olan "kəpənək effekti"nin burada adını çəkmək yerinə düşər. Hər şeyin susduğu, dilin qatlandığı zaman və məkanda - dünyada adicə kəpənək qanadının tərpənişi dünyanı alt-üst edə bilər. Bu ani effektlər bəzən "çoxmərtəbəli" allüziyalar meydana gətirmək gücünə də malikdir. Bredberinin "Göy gurultusu" hekayəsi var: uzaq keçmişdə bir kəpənəyin ölümü çox uzaq kələcəkdə baş verəcək hadisələri dəyişdirir. Qrim qardaşalrının "Bit və birə" nağılında qəhrəmanın yanması daşqına səbəb olur.
Təhkiyə massivində adı çəkilən effekt baş verdimi, ani olaraq zaman və məkan dəyişir, fərqli zaman və məkan müstəviləri bir-birinə keçir, dünya durduqca baş verən hadisələr uc-uca calanır, hər şeyin bir-birinə qarışdığı xaotik sistemdə aydınlıq, aydınlanma zülmətə, qaranlığa keçir, ani keçidlər bir anda baş versə də, min ilin yuxusuna bənzəyir.
"Siesta"da baş verənləri yuxarıdakı mülahizələrə müncər etmədən qeyd edirik ki, hekayədə meydana gələn sürəkli dəyişikliklərin sürəti təhkiyədə olduğu kimi göstərilmir, başqa sözlə "susdurulur", həmin dinamika konfliktin dərinliyinə keçid edir.
Hekayədəki allüziyalar süjet dinamikasına təsir etməklə, kompozisiyanın formasını bəlləyir. "Balıq gülüşü"ndə bir məqam var: ... çəpəri aşıb (özü də güc-bəla ilə-!) başqa bir dünyaya, vaxta düşmək. ".... Çəpəri aşıb bşqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü..." Bu, demək olar ki, hekayədə cərəyan edən hadisələrin inkişafının sona çatdığı birinci mərhələdir (təhkiyə massivində birinci blok). Ancaq sitatda verilən "böyümə" təkcə fiziki anlam daşımır. Bu qəribə günün içində çox vacib yuxu payından imtina edib "adamsız" dünyada (hər gün gəzib-dolaşdığı, ikitəkərli velosipedi olan Bəxtinin, yəni Bəxtiyarın və digər insanların olmaması ona bu dünyanı başqa şəkildə seyr etmək şansı yaradır).
Bu fraqmentdən sonra hekayənin (daha doğrusu, təhkiyənin) ikinci son mərhələsi başlanır - gülüş! ("... Gülüşdən qorxmağı da təzə çıxıb"). Bu ikinci mərhələ elə ürəyində danışan bu uşağın həyatının da başqa bir aşamasıdır. Səsdən, gülüşdən qorxmaq, xoflanmaq, daxili dünyanın müvazinətinin dəyişməsi özü ilə rəngbərəng qayğılar və komplekslər gətirir. İlk dəfə Bəxtiyarla balığa getdikləri günü xatırlayır. Uşaq sevinci, uşaq təbəssümü və kanalın sarı, lil sularından sıyrılıb qarğının dalınca uçan balıq gülüşü. Bir də uşağın anasının havalı gülüşü. Oppozisiya ixtiyari şəkildə yaradılır. Gülüşün yaratdığı qorxu və sevincin, ürəkdən gələn təmiz havanın, üzdə işıq haləsi kimi sayrışan təbəssümün bir an içində itməsi, içi sulu kisənin dibində qalması bir nöqtədə birləşir və ayrılır. Kanalda sarı, lilli sudan sıyrılıb uçan körpə balığı görüncə uşaq qorxur, bəlkə sövq-təbii bunun arxasında hansı rəzalətlərin dayandığını hiss edir. Çox təmiz və saf şeylər adi insan ehtiyacına qurban gedir. Bu rəzalət qısa zaman içində kisədə əl toxunan kimi ixtiyari hərəkətlər edən balıqlara baxdıqca üzündə təbəssüm günəşi doğan ananın qarşısına çıxır. Təsvir eynidir, demək olar ki, eyni amplitudada gerçəkləşir. Diqqət edin: "...Qarnı ağ-gümüşü, beli göy-qara, şüşəgözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi..."
Dünyada heç nə səbəbsiz baş vermir və bitmir, hadisənin bitdiyini hesab ediriksə, bu o deməkdir ki, o artıq başqa bir hadisənin içində məskən salmışdır, onun gözlə görünməyəcək dərinliyinə çökmüşdür. Uşağın anasının "havalı gülüşü" bu metafizik ağrıyla bağlıdır (vaxt gələcək, imdad diləyəcəksən...). "Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq " bədəninə, azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə baxdığını "tutdu". Deyəsən, anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı..."
Uşağın bu laübalı dünyasında get-gedə artırdı gülüş səsləri... Qorxulu səslər...
Yaddaşı özünə gəldikcə, xatirələri dilləndirməyin məqamı yetişdikcə həmin ixtiyari allüziyalar uc-uca gəlir, məkanın, bütövlükdə dünyanın yer-yerdən oyanmasına, kökündən, rişələrindən qaçmasına səbəb olur. Sakitliyin içindən fantan, güclü su şırnağı kimi qalxan səslər hər şeyin aydınlığa qovuşduğu məqamda ortaya qəliz suallar çıxarır. Bir şeyi sevmək bəs etmir. Heç nəyə yaramır. Arabir ona gülmək lazımdır. Ona tutulmaqla ona gülmək keçmişdə baş verən hadisələrin qatlarını qaldıracaq, həqiqəti tanımadığımızı bildirəcəkdir. Bu məqamda, təhlilin sonunda hekayəyə az dəxli olsa da, U.Ekonun gülüşlə bağlı araşdırmasından bir fraqmenti misal çəkmək istərdik: "Bəlkə də insanları sevənlərin missiyası onları həqiqətə güldürməkdir, gülüşü həqiqətə çevirməkdir, çünki yeganə həqiqət, insanlar üçün həqiqətə qarşısıalınmaz ehtirasdan xilas olmağın yollarını göstərməkdən ibarətdir... "
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!