-Məqsəd bəy, niyə "Şəhər meri"? Hər mənada...
-Əslində, "Şəhərin sahibi" mənasında da anlaşıla bilər. Məndən xəbərsiz Türkiyə türkcəsinə çevirənlər də eyni adı qoyublar - "Şehrin sahibi". Bəlkə məzmun bunu deyir, o səbəbdən. Sanki mer şəhərin həyatında hər şeyə sahib və hər şeyə cavabdehdi. Bilirsiniz, Sovet dövründə protokol olaraq mer anlayışı yox idi, amma qeyri-rəsmi şəkildə hamı, xüsusilə müəyyən qism şəhər elitası qəsdən bu vəzifəni mer olaraq adlandırır və belə düşünürdü.
-İl 1986 və şəhər meri. Deyəsən şəhər partiya komitəsinin katibi olurdu o zaman-"raykom".
-Hə, elədir, amma şəhəri bir orqanizm kimi qəbul etmiş insanlar da düşünürdülər ki dünyada olduğü kimi, onların da şəhərində mer olmalıdır. O zamanın Bakısında bu sözü işlətmək də təxminən "Montana" cins şalvarlarından və ya "Marlboro" siqaretindən danışmaq kimi bir şey idi. Hələ desəm bir az da daha yuxarı. Qısası, o illərdə bu söz qeyri-rəsmi işlənirdi
-Məqsəd bəy, gəlin ən başdan, yazıya gəlməsindən başlayaq. Necə oldu?
-Bakıda başlamışdım, əslində başqa bir roman olacaqdı, sonra Moskvada yazmağa başladım və yenə də Bakıda bitirdim.
-Bəs yazılmağa başlayınca hardaydı?
-Qeydlərdə, düşüncədə...
-Aha, düşüncədə... Hardan harayadək gəlmişdi?
-Əsərlərin kökü-köməci var əslində, söhbət ədəbiyyatdan gedirsə, elə o kökdən də gəlmişdi, uşaqlıqdan tutmuş bu illərədək, hər element ola bilər, amma üzə çıxması da gözlənilməz və ya düşünmədiyin kimi alınar.
-Dediniz ki, başqa mətn yazılacaqdı, amma "Şəhər meri" yazıldı. Sonra digər romana qayıtmadınız...
-"Digər roman" dediyiniz yazıldı və "Şəhər meri" oldu. (Gülür) Əslində, "Şəhər meri" konseptual əsərlər toplusunun, silsilə mətnlərin bir hissəsidır, - "Sınaqlar" silsiləsində beşinci əsərdir. Yəni, sıralamaya görə dörd hekayə, daha sonra roman və daha sonra da bir hekayə. Əgər 2005-ci ildə çıxmış "Tərs" kimi kitabıma diqqət etməyə həvəsiniz olsa, görəcəksiniz ki, bütün əsərlərim mütləq silsilə içərisindədir. Əsərlər də bu silsilədən oxunanda daha yaxşı anlaşılır. Yəni silsilə açılır və qapanır. Bu mənada da "Şəhər meri" açılmış və qapanmş konsepsiyanın tərkib hissəsidir. Onsuz da heç bir mətn ölmür ki. Ölən bizik. "Şəhər meri" isə konkret "Sınaqlar" silsiləsi üçün yazıldı və ətrafına da daha 5 hekayə düzdü.
-Necə yazırdınız, ümumiyyətlə, proses necə gedirdi? Bu gündən o günlərə baxanda nə hisslər keçirirsiniz? Gülümsədiyiniz olurmu?
-Hə, çox maraqlıydı, dəqiq vaxta bölmüşdüm, həftənin beş günü, hər gün səhər tezdən, saat yeddidən onun yarısınacan işləməliydim. Və yazmayanda roman barədə düşünməmək şərtilə.
-Maraqlıdır, yaza-yaza necə nail olurdunuz düşünməməyə?
-Çox sadə. Bu mətn məni cana yığmışdı. O qədər düşünmüşdüm ki, məni tamam üzmüşdü və ondan qurtulmalıydım, özümə söz verdim ki, artıq bu mətnlə hər hansı bir dialoqa getməyəcəm. Onu bir orqanizm kimi normativlərə otuzdurdum.
-Deməli, bilirdiniz nələr olacaq, planlı gedirdiniz...
-Əlbəttə, bilirdim, süjet xətti, bəlli bir planı da vardı, tam olaraq hazır idi. Amma çox əziyyət verir və kənarlaşmalara yönlənirdi, ona görə də yazılmalı və bitməliydi.
-Heç sözünüzdən çıxdığı olmadımı?
-Yox, mətn şairin sözündən çıxa bilər bəlkə (gülür). Nəsr başqa tiplidir. Dediyim kimi çaşdırmağa və belə deyək ki, uzanmağa meyl edə bilərdi. Bunu istəmirdim, çünki daha başqa mətnlər də yazılacaqdı və bu roman məhz düşündüyüm kimi, çox kiçik həcmli olmalıydı. sonda da nəzərdə tutdugum kimi kiçik həcmli əsər alındı. Necə adlandırırsınız-adlandırın, mənimçün önəmlisi silsilənin bitməsidir.
-Yazı bitdi, necə deyərlər, son nöqtəni qoydunuz. Nə düşündünüz, məhz o an nə etdiyiniz yadınızdadırmı?
-Dərindən nəfəs aldım və ucadan qışqırdım.
-Əladır!
-Sonra uzun müddət susdum və bu əsəri unuda bilməyimin həzzini yaşadım.
-Çapa kimi düz üç il, eləmi?Yəni o qədərmi incitmişdi sizi?
- İncitmək deməzdim, sadəcə, bir mənzildə bir-birini sevən iki insanın yaşaması kimi bir şey ola bilər bəlkə, qarşılıqlı hörmətimiz var, amma ayrı yaşasaq, daha gözəl ola bilər. Beləcə, biz ayrıldıq.
-Bəs redaktə? Yazıçının kabusu...
- İlkin oxuma etdim, öz ufaq redaktəmi etdim, amma əsər məni yormuşdu, sonra dostum, şair, tərcüməçi Səlim Babullaoğluna göndərdim, redaktəni də o etdi. O prosesdə də əsərin ağrıları nisbətən qalmış olur, əsasən fiziki zəhmət tələb olunur, mətnin "kabusları"nı da bitirmişdim artıq...
-"Ev yoldaşınız" sizi heç narahat etmirdimi? Qapınızı döyüb mesaj vermirdimi ki, "bilirsən, əslində elə olmamalıydı, amma oldu. Bəlkə hələ də nəyisə dəyişə bilərik"...
-Yox, mən bu romanı əvvəlcədən öz yerinə otuzdurduğum üçün əlavə mesajlar gələ bilməzdi. Məncə, mətn bitdisə, bitdi. Sevgisi də hissi də, həyəcanı da səndədi, amma bunun uzərindən romantik mesajlaşma mənim xasiyyətim deyil.
-Dostlara yolladınızmı oxusunlar deyə?
-Təkcə Səlim Babullaoğluna. Əsərin bir daha özümə qayıtmasında və tam anlaşılmasında onun fikri, oxuduqdan sonrakı söhbətimiz çox önəmliydi.
-Sonra çapa verdiniz. Təklif kimdən gəldi?
-Bütün təkliflər Səlimdən gəldi, mən sadəcə onun fikirləri ilə razılaşmalı oldum. Onun zövqünə, fikirlərinə, təkliflərinə sayğıyla yanaşmalı oldum. Ən əsası, o məni romanı çap, Milli Kitab Müsabiqəsinə təqdim etməyə inandıra bildi. Sən demə, o da romanı oxuduqca fikrini, sevincini anasıyla bölüşürmüş. İllər keçsə də, hər dəfə romandan danışanda həm də bunu xatırlayıram. Ruhu şad olsun!
-Bəs kitabı ilk əlinizə alanda düşündünüzmü ki, artıq bu mətn sizin deyil?
-Onsuz da mətni yazıb bitirdinmi, o anda anlayırsan, artıq sənin deyil. Çox qəribə hussdir, əsər səni yeyir və anladır ki, əslində o səni idarə edib, sən onu yox. Beləcə, nə qədər ciddi bir insan olursan-ol, anlayırsan ki, bir çox şeyləri tam olaraq müəllif həll etmir.
-Bu yaxşıdırmı?
-Yaxşıdırmı-pisdirmi, deyə bilmərəm, amma tamamilə qəribə və həyəcanvericidir.
-Məqsəd bəy, çapdan sonra kitabınızı oxudunuzmu?
-Əvvəl bir neçə dəfə cəhd etdim, tam alınmadı, sonra ciddi-ciddi oxudum və bəzi qüsurları da gördüm, başqa dillərə tərcümədə aradan qaldırmağa çalışdım.
- Müsahiblərim bəzən bunun əksini etiraf edirlər. Yazı o qədər yorur ki, oxumağa güc qalmır. Siz bu mənada güclü sayılırsınız...
-Əslində bu normadır, oxumaq, təkrar-təkrar baxmaq lazımdır. Ədəbi mətn tələskənliyi sevmir. Bu mənada ideal bir redaktor olduğumu düşünmürəm, amma dostların və peçəkar redaktorların işinə ehtiyacım oldugundan əminəm...
-Tənqid məsələsinə qısa da olsa toxunaq. Müəllif var kiçik bir fikirdən qıcıqlanır, bunu dərd edir, əks arqumentlər gətirməyə başlayır. Bu nədən doğur, mətnə arxayın olmamaqdanmı, ya qoruyuculuqdanmı? Mən o zaman əsəriniz haqda yazılan bir çox məqaləni, fikri oxudum. Sizi ağır dildə günahlandıran, əsəri "Uliss"-ə bənzədən, metaforalardan təkrarçılıqla qeyd edən yazılarla bərabər əsəri göylərə qaldıran, tərifləyən, "ədəbi hadisə" adlandıran yazılar da olub.
-... Fikirləri nəzərə almaq lazımdırmı? Məncə, kənara çəkilib nəzərə almaq və qarşılıqlı hörmət hissini qorumaq lazımdır. Mən təbii yanaşırdım, hətta romanla bağlı bütün tənqidi yazıları sosial səhifəmdə paylaşdım. Amma istər bənzətmələrdən, istərsə də tənqidlərdən, hətta oxucu fikirlərindən özümü qapadıram, bu, susmağı sevmək və dinləyərək düşünmək hissidir, məsuliyyətdir. Redaktə, ifadələr, fikirlər ola bilər, amma əsərin əsaslı təhlilində tənqid iştirak edir, əsər isə müəllifə aiddir, o öz fikrində qala bilər - amma mətni və özünü müdafiə etmədən, təvazökarlıq və etika hissini itirmədən. Tənqid öz fikrində, oxucu öz fikrində, müəllif də öz fikrində qalmalıdır məncə - qarşılıqlı hörmət şəraitində. Çünki yazılan ədəbiyyatdırsa, obyektiv nəticə çıxarılması üçün zaman tələb olunur, hətta bir çox suallara üç tərəfdən hər birinin cavab vermək haqqı da əlindən alına bilər...
Tənqid elmdir. Siz elmin işinə necə qarışa bilərsiniz? Yaxud oxucu belə tənqid edirsə, bəyənmirsə, ona nə deyə bilərsiniz? Buna haqqınız çatırmi,əlbəttə, yox. Yazmısan, üzə çıxatrmısan, zəhmət çək kənara çəkil. Sən daha heç kimsən, məhsulu ortaya çıxarmısan, özün sus.
-Susmaq...
-Əlbəttə, susmaq. Danışdıqca əsər də, müəllif də urvatdan düşür.
-Bəzən cani adamlar da susur, "…adam var, səssiz cinayət daşıyır…"
-Yoxdurmu elə adam?
-Nəinki yoxdur, hətta oxuyanda ilk düşündüyüm bu oldu ki, mən hansı cinayəti gəzdirirəm və sonra düşündüm - adamlar mənə qarşı hansı cinayətləri gəzdirə bilərlər özləriylə? Budurmu "cinayətimizi səssiz daşımağımız"ın cavabı? Niyə yadımıza salırsınız?
-Onsuz da yadınızdan çıxmır ki, etiraf etməyə gücünüz və bəzən də vaxtınız, həvəsiniz qalmır. Təxminən çəkdiyiniz sıqaret kötüyünü və ya zibili yerə atmaq istədiyiniz kimi niyyət cinayətləri... düşünün, niyə yerə atmırsınız, niyə zibili yerə atmaq barədə düşünürsunuz ki, yerə atmamaq, zibil qabına atmağın daha düzgün olduğu barədə də düşünəsiniz...
-Məqsəd bəy, "Şəhər meri"ni yazdıran duyğu bu səssiz cinayətin hansı üzündədir - günahkar, ya səbəbkar?
-Hər iki üzündə. Başqalarının dünyasına əl uzatmamaq, başqalarının ruhunu, gələcəyini müəyyən etməmək. Ətrafa boylanmaq, uşaqları sevmək, onların dünyasına daha yaxın olmağa çalışmaq, ənənələri, kuralları qoruyarkən, iyrəndirməmək və əzməmək. Biganə olub miskinləşməmək, hakim olub hökm verərkən təkcə özünü düşünməmək və sair...
-Beləliklə, siz "Şəhər meri"də "yarıqaranlıq" müəllif olduğunuzu qəbul edirsinizmi?
-Şəhər merindəki uşaq mən deyiləm. Mer də mən deyiləm... (gülür)
-Yox, sadəcə bunu demirdim. Düzdür, ora da gedəcəyik, amma ümumilikdə, sizin romanınızı oxumaq oxucudan qaranlığı və işığı eyni həssaslıqla duymağı gözləyirmi? Sanki bunsuz mümkün deyil, ya da hər şey sadəcə qaranlıqda qalacaq. Hərçənd, bəzən oxucu bunun əksini də düşünə bilər...
-Ümumiyyətlə, yazıçı laboratoriyasına girmək maraqlı olsa da, mümkün deyil, heç müəllif özü də sonra oraya tam qayıda bilmir. Amma əsas məsələ insanın ruhunun və sevgisinin ölməzliyidir, mətn insansevərliyidir. İnsan, sevərliyi varsa, məncə, qaranlıqda işıq da özü gəlir gedir və hər kəsə oz dünyasi qədər yaxınlaşa bilir və ya əksinə.
-Mən oxuyarkən düşündüm ki, necə də yaxın mətndir... Amma bunu müəyyən hazırlıqla əlaqələndirirəm, həm ruhi, həm bilgi olaraq.
-Hə, mütləq qaranlığı və işığı ancaq özünüz axtaracaqsız. Bunu müəllifə yükləyəndə ədəbiyyat olmur. Pəncərənin ağzında dayanıb hər gün eyni səhnəni müşahidə edən uşağı xatırlayırsınızsa, bəlkə də o səhnə ən gec unudulan məqamlar ola bilər. Amma mən bu tipli romantikaları yaxına buraxmamağa çalışıram, mətnlə sonrakı təmasım da bu tipli deyil, tam unutmaqdır, evindən ev olmuş övladın kimi, sən ona rahatlıq ver, o da sənə və burnunu heç kəsin şəxsi həyatına soxma.
-Uşağın hətta anasının yanında harasa getməsindəki o gərginlik, uzaqlıq-məsafə. yalnızlıq. Amma siz deyəcəksiniz ki, indi bunlara uzaqdan soyuqqanlılıqla baxırsınız... Bəlkə də elə doğrusu budur, mətnin ruhunu oxucuya köçürüb özünüz azad olmusunuz.
-Hə, mətnin ruhunumu deyim, bilmirəm, hər halda bir şeyləri kağıza köçürüb azad olursan. O anın azadlığı yaxşı hissdir məncə, nəcibdir,Tanrının lütfüdü, şükranlıqdır və nə qədər kiçik və nə qədər köməksiz olduğunun təsdiqidir desəm, doğru olarmı sizcə?
-Sonra da mənim kimi həssas oxucu qalır o uşağı, o gənci, o adamı, o qocanı - indi yaşamaqdadırsa, düşünə-düşünə...
-Hə, sizə də, özümə də qibtə etmirəm bu mənada. Amma bütün yazılanlar çox kiçikdir böyük yaranışların qarşısında. Bəlkə buna görə unutmağa və qırılmağa çalışırıq mətnlərdən, musiqilərdən, təkrarlardan...
-...Bir də o qoxu vardı ha, İlahi! Sizcə, hardadır o qoxu?
-...Hansı qoxunu deyirsiniz? Həqiqətən maraqlıdır, lakin hər oxucunun mətndən özünə götürdüyü məhrəm məqamlar ola bilər, mən bunları biləmmərəm ki...
-Oğlan anasıyla kəndə gedir və babanın-nənənin evində anasıyla bir otaqda qalır... Bir az tütün, bir az ətir, bir az qurumuş gül, bir az kif, bir az çiskinli hava qarışmış qoxu. Anamın tərk edilmiş ata evindəki otağının qoxusunu aldım...
-Görün haralara gedib çıxa bilmişəmmiş... Bax, o qoxu həm də mənimdir və çox doğmadı. Nənəmin qoxularını xatırladım. Çox zaman məhz nənəmin xatirələri yaşadır mənə belə anları.
-Bir də bilirsiniz hansı səhnəyə sanki əlimi uzadıb qaldım? Sanki nəyisə saxlayacaq kimi. Ana astaca deyir: "Əmindir". İlahi - dedim - ilahi, müəllifə acığım tutdu, "bu nədir, nə edir bu adam?"...
-Hə..."Əmindir"... Etiraf edim ki, siz bunu dediniz, içimdən üşünmə keçdi...
-İndi, üstündən illər keçmiş, gözəldirmi bütün bunları xatırlamaq?
-Çox gözəldir və həyəcanlıdır. Amma etiraf edirəm ki, mən müəllif olaraq daha çox musiqidən danışardım. Musiqi, musiqi, musiqi... Qoxulara, rənglərə əşyalara toxunmaq və musiqi... Mətnin musiqisi özü gəlir.
-Davamlı "musiqi" deyirsiniz... Sizi müşayiət edən musiqini danışdırın bizim üçün...
-...O musiqi də dili, uslubu, ritmi müəyyənləşdirir məsələn, dil, ayitim, hekayəçilk olaraq mən nənəmin dilində yazmaqdan qaça bilmirəm çox vaxt, amma musiqisi başqadır... məhz burada bu nöqtədə cinayətkardan da, diktatordan da, günahsız körpədən də nifrətdən və miskinlikdən danışsan da, səni sevgi dilləndirir, sevgi aparır, sevgi gətirir, insana, yaranışa, ədalətə, harmoniyaya sevgi... amma bəzən sanki nənənin səsidir bu, nənənin mühakiməsidir, onun ifadələri, təhkiyəsi ilə söylənir bəzən bütöv bir hissə. Deyəsən laboratoriyanın astanasındasınız artıq. (gülür)
-Razısınızmı ki, bu həm də hazırlıq məsələsidir, alt şüurda olan baza kiçik bir toxunuşdan təzahür edir, amma öz yoluyla
-Qismən razıyam.
-Bir qədər içinə keçdim mətnin, sanki izlədim, hətta izləmədim, eləcə, yanına düşüb gəzdim o adamın, hətta o ürəkbulanmaları belə hiss etdim. Elə məqamlar var yazılmayıb, amma mətnin içində öz yerində oxunur.
-Bütün məqamlar yazılacaqsa, olmasın belə mətn... Oxucunun hissə toxunma, qəhrəmanla birgə yaşaya bilmə haqqı var, bu anları onun əlindən almaq olmaz. Ürəkbulanma da miskinlikdə, qorxaqlıq və biganəlik də şərh edilmədən, xüsusi bəzək-düzək vurmadan təsvir edilməlidir. Belə məqamlarda yazıçı şərhi və xüsusi kompozisiyalar yersizdir.
-Məqsəd bəy, bu üslub məsələsiylə aranız necədir?
-Bax, bu ciddi məsələdir. Amma əvvəldən bu barədə düşünə bilmərəm axı...
-Roman barədə yazılarda çoxlu termin var - metafora, sürrealizm, detektivvari manevr, ekzistensial.... Ola bilsin bunlar müəllifin eyninə deyil, o sadəcə, ürəyini boşaldıb. Amma əlbəttə, akademik baxış bunu terminalogiyaya çevirir.
-Bu mənada peşəkarlığa üstünlük versəm də, sırf yazarın deyil, məhz mətnin öz diktəsi, öz xətti, öz gizli məqsədləri və hətta öncədən planlaşdırılmış hədəfləri olur məncə. Bu yerdə tənqidi tam anlayıram və onunla mübahisə etmək fkrim də yoxdur. Amma məncə, bunlar hamısı assosiasiyadir. Mən bayatıya, nəğməyə, alaçığa, ağız ədəbiyyatına baxan yönləri deyərdim. Bizim fikir və düçüncə tariximizdə, əsas söz sənəti deyil məncə, əsas ruhdur. Üsluba toxundunuz yuxarıda, o da bu ruhdan yaranır məncə və o qədər çağdaşlıq və mistika var ki, bizim folklorda, bitib-tükənməyən...
-Və gözlənilmədən üzə vuran... Hansı ki, oxuyub deyirsiniz ki, mən bunu necə yazmışam?
-Elədir, gerçəklərin dərk edilməsinin, soyuq məntiqin, bizm dildə, ruhda, məişətdə min rəngi var.
-Bəs film?
-Hə, bunu hami deyir, amma ilk olaraq Səlim dedi. Moskvada bir tanınmış tənqidçi var - İlya Kukulin, 2002-ci ildə onunla sohbət edirdik Moskvada, o 90-cı illərdə yazdığım hekayələrin rusca tərcümələrimi oxuyandan sonra deyirdi ki, Torontinoya baxmısınız? Amma mən o rejissoru tanımırdım, baxmamışdım. Sonradan izlədim filmlərini.
-Yəni belə fikir yaranmışdı ki, filmdən təsirlənmisiniz? Əslində mən əksini, soruşurdum. Sizcə, "Şəhər meri"nin filmini kim çəkə bilərdi?
-...Yox, təsirdən danışmırdıq, umumi yanaşmadan danışırdıq. Kim nə deyir-desin, məncə, dünyada nə düşüncə və fikir axınları məhfumu varsa, bizdə onun on qatını qurdalayıb tapmaq olar, gizlənməyə məhkum olmasa (gülür). Kim çəkə bilər? Kim bəyənsə, ssenari işində də kömək etməyə, ehtiyac olsa, məsləhətlər verməyə hazıram. Amma kino başqadı, ədəbiyyat başqa. Müəllifi filmə qarışmağa qoymayan bir rejissor olsa, sevinərəm.
-"Şəhər meri" üst qatdaca soyuqqanlılıqla, amansızcasına, qarışmış zamanın vasitəsiylə qeyd etdiyiniz "gizli cinayətləri" anladır. Hərçənd, o qədər də gizli deyil, bəzən qabarıq görünür, pilləkənləri aşıb üstümüzə gələn qan seli kimi, ətimizi parçalamağa çalışan caynaqlılar kimi... Evinin pilləkənində güllənənən adam... Az qala yüz il keçib... Ruhu hələ də o binanın içində-çölündə dolaşır...
-Hə, gerçəklik acı da olsa, budur. Danışmadıqca və ya qəzəblə, sevgisiz danışdıqca "palazın altından" sürüşüb gedir... Bu elementlərlə doludur bizim şəhərimiz, evlərimiz, kəndlərimiz...
-Bu, yazıçının tarixi unutdurmamaq cəhdi kimi dəyərləndirilə bilərmi?
- Hər izdə bir tarix var. Hər qan izində, hər sevgidə, hər nifrətdə də eynən. Amma tarixin aurasına girmək, toxunmaq olmayınca ordan yazmaq çətindir...Yenə eyni yerə gəldik çıxdıq - qoxular, rənglər, səslər mütləq duyulmalıdır...
-Çox duyulur... Hər tərpənişdə... Pəncərənin qabağından keçən vaqonlardan mazut iyi gəlir... Bir də o zamanın Bakısının küçələri...
-Hə... mazut və neft qoxusu mənim yaralı yerimdi. Bir də küləklər. Əvvəlki hekayələrimi oxuyanlar bunu duyacaqlar. "Küləkli şəhərin sirləri" silsiləsindən... Orda bu sevgilərin başlanğıcı var. Amma nə qədər yazsan da, Bakı səndən qaça və gizlənə bilir. Ümumiyyətlə, Bakı insanlarımız kimi yaxşı mənada girəvəçil və çevikdir, o səni istədiyi anda barmağına dolaya bilər və onun təsvirinə, ruhuna, musiqisinə girmək çox risklidir.
-Bakının "Sahibi" olmaq mümkündürmü?
-Yox. Qəti olaraq -yox! Bu şəhər yalquzaq canavar kimidir.
-Bəs insanın?
-Qətiyyən! İnsanını da bu şəhər yetişdirir, başına-gözünə döyə-döyə, küləkləri ilə fıştılıq çala-çala bir də dönüb baxırsan ki, insanı da dönüb Bakı olub.
-Təkcə Bakımı? İstanbulda, Moskvada yaşamısınız...
-Moskvada yox, İstanbul, Gəncə, Şamaxı, özəlliklə Şəki. Başdan-ayağa sirr şəhərlər. İmperiya paytaxtları mənim şəhərlərim olammır, sirlərini hamıya açmış şəhərlərdir, deyəsən İstanbulu da bu mənada tam sevə bilmirəm
-Maraqlıdır, haqlısınız, amma mən iri şəhərlər üçün deyərəm bunu, statusun fərqi yoxdur, harda adam çoxdursa, yalnızlıq o qədər çətin ələ düşür. Baxmayaraq ki, əsərimizin qəhrəmanı yalnızlıqdan əziyyət çəkir. Lakin o biri yandan da mer, sanki hər şeyi o yalnızlığa dəyişərdi...
-...Ola bilər. Böyük şəhərlər turistlərin mindiyi at kimidir-yorğun və sirsiz. Turistlər də bu şəhərləri tənha buraxmır, yorur və aşındırır.
-Məqsəd bəy, yazıçı əsərində "mesaj" ötürməlidirmi?
-Xeyr, yazıda mesaj vermək iddiası saxtakarlıqdır mənə görə. Hansı mesaj? Mətnini yaz, vəssalam.
-Yəni: "Bununla nə demək istəyirəm?" deyə düşünmürsünüz heç zaman? Və ya: "Bu mesajı hansı sözə gizlədib ötürə bilərəm?"
-Yox, "bununla nə deyirəm?" deyə düşünə bilmirəm. Məncə, bu yazıçının və ədəbiyyatın işi deyil.
-Qara şəhəri köçürmək hardan ağlınıza gəlmişdi o zaman? Sonradan gerçəkləşdi...
-İllərdi bunu yaşayırdım içimdə və indi də o hiss var, amma məcazi mənada. Maddi anlamda məndən olsaydı, Qara şəhərdən bir çox elementlər qalmalıydı. Qara şəhərdə Bakının əksər sirləri yatır məncə, hətta dünyəvi sirləri də...
-Hara olacaq o sirlər?Mətnlərə, səslərə, gen yaddaşına köçəcək, itəcək, ya gedəcək?
-Yalnız ədəbiyyat, musiqi, bir sözlə, sənət bu barədə nəsə deyə, danışa bilər.
-Göz önündə travmalı bir insan var. Bağışlayın, lakin mütləq soruşmalıyam, bəs bu əsəri yazdıran travmalar vardımı?l
-Travma!... Əlbəttə, əsərdə qəhrəmanar travmalı görünə bilər, mətndəki situasiyalar travma dərinliyinə qədər aparıb çıxara bilər, amma kənardan travma yazıçıdadır kimi görünsə belə, deyil məncə, yazıçı içi, mətn çox mürəkkəb bir sistemdir. İşin ən aşkar tərəfinə baxmaq istəsək, yazıçının bütün bu kimi travmaları içindən keçirib sevgiyə çevirməsini də nəzərdən qaçırmamalıyıq.
-Buna "başqalarının faciəsindən təsirlənmək" kimi yanaşmaq olarmı? Məsələn, eşitdiyim, gördüyüm çox şey yadıma düşür, özümü bağışlaya bilmirəm, halbuki o hadisədə heç nə məndən asılı deyildi, heç mən yoxam orda. Heç nə edə, heç nəyi dəyişə bilməzdim. O mənada travmalar vardımı?
-...Əgər oxucu mətnlə təmasda öz travmalarını xatırlaya, onları ovundura və ya daha da dərində gizlətməyə çalışırsa, burada yazıçı deyil, mətn iştirak edir, yaxud oxucuyla başbaşa qalmış hal şərtdir. İstənilən halda, yazıçı hər yerdə var, eyni zamanda da əsərdəki heç kim yazıçının özü olmaya bilər. Mən mer də ola bilərəm, o uşaq da, o qadın da. Amma mənim varlığımla yazar, ruh, xatirə varlığı başqa şeylərdir. Ən önəmlisi bütün qəhrəmanlarını sevən, anlayan və anlamağa çalışaraq onları da başqalarına anlatmağa çalışan bir atmosferin olub-olmamasıdır. Bu varmı, yoxmu ona hər oxucu özü qərar verməlidir.
-Sizinlə bir şeyi də bölüşmək istəyirəm. Bu adam, sanki atası qədər də şəhər merinin oğludur. Necə? Yəni ana hətta özü də ayırd edəmmir, onu ərindən dünyaya gətirib, yoxsa içindəki sevgidən?
-Hə, bu yüzdə yüz var olan elementdir, bir az da gizlidir.
-Mən buna "element" deməzdim, əsər bu mübarizənin üstündə qurulub sanki. Qadın bu fikri özünə yaxın qoymamağa çalışır, əvəzində oğlunu uzaq tutur. Yəni, onu başqa kişidən, amma içindəki o kişiyə qəzəblə sevdiyi kişiyə sevgidən doğub və düşünür ki, ruhu kimin yanındadırsa, oğlan da ondan olmalıydı.
-Bu, artıq bizim deyil, psixiatrların və tənqidin işidir. Kim bilir, bəlkə məlum olacaq ki, oğlan elə merin oğludur...
-Lakin mən qətiyyən o sehri merlə fiziki yaxınlığa endirməyəcəyəm. Bağışlayın, müəllif ola bilərsiniz, amma qadını anlamamısınız...
-O qadını mənim qədər anlayan varmı əcəba? Əvvəlki hekayələrimə nəzər salın. Bizim qadınların öz sirləri var və sirlər çox mürəkkəb və qarışıqdır. Bizi min illər bu qadın ruhu qoruyub, məhz bu tip ruhlar hifz edib. Bu, nə müsəlman Şərqinə, Avropa xaçpərəstlyinə xas olan xüsusiyyət deyil. Bu bizi yaşadan və həyata bağlayan ən vacib identiklikdir.
-Duyduğumda qalmağa israrlıyam. Qadınam və mənə güvənin.
-Gəlin bu dəfə sualı mən verim- Qadını sevə bilirsiniz, yoxsa?..
-Qadın çox doğmadır, mənə kimisə xatırladır. Onu birbaşa sevə bilmirəm, amma tanıyıram. Tanıyıram və onu tərk etməyəcəyəm...
-Baxın, indi bildim ki, əsər sizi tutub, daha doğrusu, siz də əsəri tutmusunuz. O qadın bəlkə də əsərin ən şahanə qəhrəmanıdır
-Razıyam, əlbəttə. O duruş, o gediş, o soyuqluq. O merə heyranlıq, acı, çarəsizlik, tənhalıq. O "möhtəşəm" qadın hər gecə gizlicə ağlayırdı... Ağlardı yəni, başqa cür ola bilməz. Bilirsiniz harda duydum? Axşam evə qayıdan oğluna deyir ki, iclasda ləngidim, sonra da səni narahat etmədim ki, təzə vəzifən var. Nə qədər tənhadır. Amma oğlu getməyə yer, məsələn, Yelenanı tapsaydı, evə gəlməyəcəkdi.
-Gəlməyəcəkdi, onun kimi qadınlar həmişə tək qalır...
-Heyif...
-Heyif, əlbəttə, amma o qadın o duruşuyla çox gözəldir... Fərqli, gözəl yerlərə gedib çıxdıq, təşəkkür edirəm...
-Mən sizinlə üz-üzə oturub bölüşmək istədiyim şeyləri seçmişəm. Tənqidin baxışı tənqidin baxışıdır. Mənsə oxucuyam. Məsələn, mən insanların heyvan başlı görünməsindən, əsərin "Uliss"ə oxşamasından danışıb sizi yormaq istəmədim, kifayət qədər yazılıb...
-...Mifologiyamıza, keçmişimizə, folklorumuza, qonşumuza, özümüzə nəzər salaq bəlkə, Ulissə yox...
-"Şəhər meri" sizə nə verdi? Sual oxucunu çaşdıra da bilər, amma bu birbaşa onun özüylə bağlıdır, yəni, oxucudan nə aldınız?
-Daha çox ilk kitabda hiss etmişdim oxucu təmasını. Qorxmuşdum və anlamışdım ki, yazıçı-oxucu və əks əlaqələr yayın evləri, ədəbiyyat əlaqələndiriciləri vasitələri ilə qurulmalıdır. Ona görə qorxmuşdum ki, kitab industriyasının sistemi formalaşmayıb bizdə. "Şəhər meri"ndə isə az qala başgicələndirici şöhrət havası gəlirdi, daha doğrusu, o zamankı mühit və xüsusilə MKM bunu gətirmək istəyirdi ki, mən də dərhal özümə qapandım və anladım ki, ədəbiyyatda şou qədər zərərli heç nə yoxdur. Mənim üçün oxucunun fikri çox önəmli ola bilər, lakin yazıçı-oxucu əlaqələrini elə qurmaq lazımdır ki, bu, yorucu işə çevrilib yazıçını tükətməsin. Yazıçı yazmalıdır-bitdi!
-Yəni bir qədər əlçatmaz olmalıdır?
-Bir mənada bəli, yazıçını bu qədər mürəkkəb əlaqələrə buraxmaq, ictimai fəaliyyətə cəlb etmək, xüsusi piar layihələrə qoşmaq, sonradan onu itirməyə gətirib çıxarır. Hələ o da ola yazarların bu ciddi pozaları, dahiyanəlik və iç ruh söhbətləri...
-Məqsəd bəy, roman sonra Rusiyada, Ukraynada, İranda, Gürcüstanda çap edildi, ard-arda. Bu gün Azərbaycanda yeni oxucu yetişir, onun da haqqı çatır "Şəhər meri"ni oxusun. Məsələn mənim tələbələrim, onlara roman barədə danışmışam, lakin necə oxusunlar? Romanın Azərbaycanda təkrar nəşr barədə düşünməyin vaxtı yetişməyibmi?
-Bir neçə il əvvəl təklif edildi, lakin etmədim. Qəribə gələ bilər, işini-gücünü burax, həyatını yazmağa sərf elə, bir neçə ölkədə tanın, lakin öz ölkəndə çap olunma. Amma səbəblər var. Kitab sənayedir, yazıçılıq sənətdir, işdir, qonorardır, bu olmasa, alınmır. Onsuz da sənətin məhrumiyyətləri var, olsa da, çəkəcəyik, olmasa da (gülür). Hazırda Türkiyənin bir yayın eviylə üçillik anlaşmam var və bu anlaşmaya görə bu üç il müddətində nəinki roman, heç bir cümləm də onlardan iznsiz heç bir yerdə görünə bilməz. Bu müsahibəni belə onlarla razılaşdırmaq zorundayam.
-Ümidvaram üç il sonra sizi bizə geri verəcəklər...
-Nə gözəl dediniz: "Sizi geri vermək"... O qədər də böyütməyək, onsuz da yazdığımız ana dilinin borcu var boynumuzda, bəlkə o borcu qaytarmağı düşünək. Əziz dost, təşəkkür edirəm. Etiraf edim ki, ilk dəfədir "Şəhər meri" haqqında danışıram və etiraf edirəm ki, ağlıma da gəlməzdi ki, neçə il mediada olasan, susasan, axırda da bir xanım yazar səni razı sala və baxasan ki, özündən xəbərsiz əsərin barədə heç danışmadığın qədər danışmısan... Çox xoş oldu.
-Bu, bəlkə də Bakı tramvaylarının relslərinin parıltısını hiss etmək kimidir. Birlikdə xatırladıq...
- Heç kimə deməyin, amma bu günlərdə üzərində işlədiyim bir əsərdə məhz həmin tramvaylardan yazıram...
Söhbətləşdi:
Hədiyyə ŞƏFAQƏT
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!