HEKAYƏ GÜNÜ - ritmdən üsluba - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

"Bir çox yazıçılar, o cümlədən ən məşhurları da nəsr ritmi

sayəsində mümkün olan poetik effekt barədə düşünmədən yazırlar. Onlar şərab şüşəsini stolun üstünə

qoyur, siqareti külqabına söykəyir, sözlə sevdiyi qəhrəmanın üz-gözünü boyayır, saatı qurur və heç düşünmürlər ki, indicə yazdıqları cümlənin hərəkəti sürətli, gərgin,  yaxud asta,

təntənəli, yaxud soyuq olmalıdır...".

Con Qardner

 

Hər bir nəsr mətni həm də daxili ritmilə seçilir; hekayədə ritm baxımından ikiplanlılıq onun ümumi süjet-kompozisiya quruluşunda təyinedici faktor rolunu oynaya bilər. Hekayənin daxili ritm dəyişkənliyi "bədii mətnin dərinlikləri" anlayışını ortaya qoyur ki, bu məsələ bizim nəzəri fikirdə demək olar, öyrənilməyib. 

Şübhəsiz ki, ritmik mütəhərriklik və çoxplanlılıq belə bir gərgin hərəkətin nitq baxımından gerçəkləşməsinin özünəməxsus forması ola bilər. Onun enerjisi nitq quruluşunun bütün birləşmə və parçalanmalarını əhatə edərək, bütün çoxsaylı təkrar və kontrastlara sirayət edərək ümumi perspektivdə nitq axınının istiqmətini təyin edir. Bu kontekstdə nitqin hərəkəti hissələrinə ayrılmış (yəni, parçalanmış) və çoxplanlı funksional sistem kimi nəzərə çarpır.

Həmid Piriyevin "Yer üzündə axırıncı gecə" hekayəsində, mətnin lap üst qatında daxili ritmik enerjinin varlığı hiss edilir; təhkiyə üçün elə bir fon seçilib ki, mətnin qurulmasında təkrarlardan istifadə olunacağı dərhal (fəhmlə-!) hiss ediləndir, həm də bu təkrarlar hekayənin bütün mətni ilə kontrast yaradır, təhkiyə içində nitq axınının, onun hərəkətinin bu şəkildə parçalanması mətləblə bağlı işarələrin çoxalması ilə müşayiət olunur. Nitq sırasında, bədii mətnin daxili ənginliyində sözlərin vurğusu elə bir funksional çərçivədə verilir ki, yaxud eyni sözün yan-yanaşı həm təsdiqdə, həm də dərhal sonra inkarda verilməsi, mətnin, cümlələrin esse qurulıuşuna yaxın ritmdə davam etməsi (zahiri şairanəlik və bu həm də çox təhlükəlidir, çünki oxucu bunu oxuduqda dərhal düşünə bilər: şeirlə bu hissi daha görümlü vermək olardı...) ritm baxımından müxtəlif səviyyələrin yaranmasını şərtləndirir. Diqqət edin: "...Əllərini başından çəkirsən, qorxa-qorxa gözlərini açıb baxırsan. Bacındı. Yanında diz çöküb oturub. Bacına qısılırsan, başını bacının sinəsinə dayayırsan. Başın dayanmır, saat kəfkiri kimi yellənir. Amma bunun beynindəki zoqqultuya, yoxsa bacının həyəcanla döyünən ürəyinə görə olduğunu anışdıra bilmirsən. Bacının əlləri hələ də saçlarını sığallamağa davam edir. Bacın ağlayır, gözlərindən gilə-gilə tökülən göz yaşları saçlarına düşür". Nitq axını, təhkiyə boyunca bu təkrar və kontrastlar daxili hərəkət enerjisinin xassəsini də bəlirləyir: "...Sən də ağlamaq istəyirsən, amma bacarmırsan. İllərdi daha ağlaya bilmirsən, bədəninin suyu quruyub elə bil. Ağlaya bilsəydin, bəlkə də gözlərindən axıb tökülərdi. Ağlaya bilməməyinin də ağrısı qoşulur zərbələrin ağrısına. Daha da güclənir ağrı. Beynindən boğazına, ordan da ürəyinə axır. Qışqırırsan. Var gücünlə qışqırırsan. Ancaq qışqırıqla çıxır ağrı bədənindən".

Ritmin bu forması hekayənin finalına da əsaslı şəkildə təsir edir. Bunu daha dolğun şəkildə izah edə bilmək üçün hekayənin "nəqarətinə" diqqət yetirmək lazımdır, bu bir neçə sözün alt-alta gəlməsi və hansı mətləbi ifadə edən cümlədən sonra gəlməsi də önəmlidir.

 

Beş dəqiqə keçir.

On dəqiqə keçir.

Yarım saat keçir.

Üç saat keçir.

 

İlk dəfə bu sözlər "Daha bir gün başlayır. Minlərlə günün eynisi, daha bir dənəsi..." cümləsindən sonra, ikinci dəfə "Əllər palçıq yaxır, daş düzür" (bu zaman və əbədiyyət qədər vaxt keçir cümləsi də təkrara əlavə edilir), üçüncü dəfə, "Adamlar keçir, külək getdikcə zəifləyir" və qəribə sonluq. Birinci dəfə təkrar bezginlik, hər şeyin bir-birinə son dərəcə oxşaması  effektini yaradır. İkinci dəfə təkrarlandıqda (...əllər palçıq yaxır, daş düzür) artıq onun üçün çəkə bilmədiyi əzaba dönmüş keçmişi yada salır, bütün yaraların gözü açılır, çeşmələr çağlayır və bu diyarda dərddən bol heç nə yoxdur effektini yaradır. Üçüncü dəfədə isə (...adamlar keçir, küləksə getdikcə zəifləyir) hər şeyin yoluna düşdüyünü yox, tam əksini, qapının bu dünyaya bağlanmasını, hamının eyni anda, eyni zaman fokusunda kor olmasını bildirir. Və... bununla ideya, bədii mətləb zaman-zaman ən müxtəlif ortamlarda təkrarlanan fiziki gerçəklik, parlaq obraz kimi ifadə edilir, ritm yaradır və yaddaşı stimullaşdırır...

Hekayə mətnində ritm onu ifadə edir ki, hər şey, hər bir hərəkət ifrat gərginlikdən boşalma halına keçir, hekayə qəhrəmanının başına gələn qəzayla bağlı ifrat və qəribə həssaslığı başqalarının sezib görmədiyi şeyləri görməsinə və bütün bunlardan təsirlənməsinə səbəb olur. Elektrik məftillərinə baxır, bunların hara qədər gedə biləcəyini düşünür, külək güclənibsə o məftillərdə quşlar da yoxdu demək, - deyə düşünür. Hekayə mətnində zamanla bağlı sözlərin təkrarlanması və bunun daxili hərəkət enerjisinin (nitqin) ifadəsi əslində, o qəhrəman üçün zamanın donması, həyatın donuşluğa dönməsi anlamına gəlir. Sonra qardaşının gəlib onu küçədən evə gətirməsi və qapını bağlamasıya "daha sizi görmürəm" deməsi hər şeyin bəlirsizliyinə, zamanla bir həyatın, onun içindəki mənaların da donmasına işarədir.

Başından zərbələr alıb yumşaq şəkildə desək, müvazinətini itirən bu şəxsin həyatını iki hadisə dərindən etkiləyib, yəni biri baş verdikdə o biri məlhəm olmalıykən yaranın şırımlarını daha dərinləşdirib və adamın həyat adlı müstəvidən biryolluq sürüşməsinə, yaşam adlı məmləkətdən didərgin düşməsinə səbəb olub, ona yalnız əsəbi həssaslıq qalıb, hər şeyi lazım olduğundan artıq hiss edir, hətta yer üzündə olmayan şeyləri də hiss edib, ürəyinə salır, yerə yıxılıb zərbə dəyirmiş kimi çapalayır. Ailə ifrat kasıblıqdan normal həyat şərtlərinə doğru yol gəlir, hər şey yaxşı gedirkən qəfil qəza baş verir, daha doğrusu, kasıblıqdan, hər günün deyingən ab-havasından səssizliyə düşmüşkən birdən sinirləri yıpradan sarsıntı gəlir, anası ərinin iranlı şərikinə uyur, ailəni atır. Onları evdən çıxarır. Kişi içkiyə qurşanır, çox dözmür, ölür, qardaşıyla bacısı alayarımçıq tikilən suvaqsız evə köçürlər (suvaq olmadığından daşların arasında quruyan palçıq da əslində, gerçəkliyin üzündən pərdələrin qat-qat götürülməsinə, soyulub atılmasına işarə edir...). Əsgərlikdə bir dindarla dostlaşır, beş ayını onunla keçirir, qayıtdıqdan sonra həyatını dua etməyə həsr edir, amma... elə məsciddəcə məzhəb davasının düz ortasına düşür, məlum olur ki, məmləkətdə insanların getdikləri yolda iman və inanc ən qıt olan nəsnəymiş. Bu fonda hekayənin sonluğu onu "ayaq üstə saxlayan" daxili ritmlə yüz faiz səsləşir: bir daha görünmədim...

Həmidin başqa bir hekayəsində ("Şaftalı çiçəkləri fəsli") ritm sakitliyin, sükutun içindəki bezginliyi, gündəlik monotonluğun yaratdığı öldürücü həyəcanı ifadə etməyə xidmət edir. Ard-arda gələn cümlələr gündəlik həyatda, sanki heç nəyin, əsaslı nələrinsə baş vermədiyini ifadə edir və bu, doğrudan da elə belədir, iki dost qonşu bağlarda keşik çəkirlər, çalışırlar, hər yerdən yabanı razyana qoxusu gəlir, əlini vursan əlinə yapışacaq, iyi azından yarım saat getməyəcək, bir də qəhrəmanın Sərxoş adlandırdığı dostunun əkdiyi şaftalı ağacı, bu ilin yazında meyvə gətirməlidi. Həyatın boşluğu və bu boşluğun araqla daha da dərinləşməsi, həyat, ömür tam olaraq boşluq içinə düşdükdə müxtəlif işarətlərin böyük məna qazanması və həyatını əvəz etməsi, Sərxoş soyuqdəymədən yorğan-döşəyə düşür və düşünür ki, atası kimi bu il otuz səkkiz yaşında öləcək. Bu ölüm söhbətindən dərhal sonra şaftalı çiçəkləri yada düşür, boşluq, mənasızlıq elə razyana kolu kimi bütün ərazini bürüyüb, şaftalı çiçəkləri bu səhrada tək-tənhadı, bir də Məlik kişinin utana-utana dükançıdan altı ədəd iris konfeti alması, sevinməsi və utanıb hürkməsi... Bütün bu təsvirlər necə deyərlər, "hamar müstəvi" üzərində cərəyan edir, halbuki, o təsvir fraqmentlərinin hər birinin o boşluqda dərin kökləri var, yəni nitq axarının ritmi dərəli-təpəli trayektoriyanı xatırladır. "...Uşaqlıqda araqdan xoşum gəlmirdi. Səlimə xalanın araq üçün yalvardığını görmüşdüm uşaqlıqda. Səlimə xala qonşumuz idi, uşaqları, nəvələri şəhərdə yaşayırdı. Qocalıb əldən düşmüşdü, hay-hayı getmişdi, vay-vayı qalmışdı, gedəndə ayaqları dolaşırdı bir-birinə. Yaman içəndi, hər gün içirdi. O vaxtlar limonad butulkalarını yığıb satırdım, puluna yenə limonad alırdım. Butulkaları Faiq əmi alırdı. Bir dəfə yenə butulka aparmışdım. Pulumu alanda Səlimə gəldi. Əlindəki sellofan torbalarda "çubuş" butulkaları vardı. "Faiq", - dedi, "otuz iki danadı...".

"Ritmik rezonans" ifadəsi var. Ritmik rezonans şəxsi emosional təcrübələrin kəsişməsindən yaranır. Steynbekdə, istisnasız olaraq bütün nəsr əsərlərində ekstremal hava şəraiti var. MakKortda aclıq səhnələri... 

Müasir nəsrimiz bu baxımdan çox rəngarəng və koloritlidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!