Poeziya susmur... Vətən əsgərdən başlayır - Tənqidçinin publisistik qeydləri - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

II məqalə

 

"Savaş bitməmiş hələ". Avqust ayının sonlarıydı. Hələ torpaqdan, səmadan, Qarabağdan Böyük Vətən müharibəsi sədası eşidilmirdi. Düşmənə iyul dərsini verdik, Azərbaycan ordusu öz yenilməz gücünü göstərdi. Amma erməni vəhşilərinin illərdən bəri Azərbaycanımızın ayrı-ayrı kəndlərinə, şəhərlərinə qəfil hücumları davam edirdi. Hələ:

 

Xalqın qulağı dolub

                        sülh, atəşkəs sözündən

Yalançı ümidlərdən,

                        "danışıq" hiyləsindən.

Sülh çiçəyi dibçəkdə...

                        ATƏT-in ofisində

Saralır yavaş-yavaş

                        Azadlıq həvəsində.

BMT qətnaməsi

                        Quru sözdür, quru söz!

Millətlərin ayaqda

                        Toz olan qüruru - söz!

 

Xalq şairi Sabir Rüstəmxanlının "Savaş bitməmiş hələ" uzun şeirində ("Ədəbiyyat qəzeti", 29 avqust) xalqa olub-keçmişlərin ibrət dərsi xatırlanırdı. Həmişə, bütün yaradıcılığı boyu Vətən, Millət, Azadlıq sözlərini həqiqət və mənəviyyat əlifbası kimi təsdiqləyən bir şairin bizim də ürəyimizdən xəbər verən narahatlığı əbəs deyildi. "Savaş tarix önündə bir namus imtahanı, Savaş - ruhun sınağı, kişiliyin meydanı" - bu, 30 il torpaqları işğal altında olan bir ölkənin artıq pessimizm, ruh düşkünlüyü, "qəzəbindən ümidin də üstündən qələm çəkən" bir millətin savaş ruhunun, "Ayağa dur, məmləkətim!" çağırışının poeziya harayı idi. Sabir Rüstəmxanlı ötən 30 il ərzində Azərbaycanın və Azərbaycan insanının taleyini göz önünə gətirir, xalqın içində püskürən intiqam alovlarının bir gün gülləyə, mərmiyə çevriləcəyinə inanırdı. "Axır tarix çayları, hər üsyan bir şəlalə, Dinlə, dağlar deyəni, Savaş bitməyib hələ!". S.Rüstəmxanlı bu şeirlə bir çoxlarının içinə dolan ümidsizliyi, pessimist əhval-ruhiyyəni savaş, döyüş ruhuna kökləyir, 30 illik intizarın bir gün sona yetəcəyinə inanır. Çünki bu 30 ildə mənəviyyat aləmində boşluqlar, çatlar da düzüm-düzümdü. Çünki "Zirvənin qarı çəkmir çadırda doğulanı", "Ekranda şit diringi", "Hardadır "Gəngi" dərsi yol göstərə bir gəncə? Çünki "Qeyrət, şüur, heysiyyət pulun əlində kölə". Amma bu mənzərə xalqın, millətin savaş ruhunu söndürə bilməzdi, Azərbaycan ordusu Ali Baş Komandanın bir əmrinə hazır idi.

 

Oyan, sıyrıl səbrindən!

Vaxt gözləmir, vaxt uçur,

Barı indi silkələn, indi ayılsın başın,

Başlansın tarixinin ölüm-dirim savaşı!

 

O savaş başlandı - Azərbaycan ordusu bu qırx gün ərzində öz müharibələr tarixinin ən şanlı səhifələrini yazdı.

 

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,

Nəqdi-can sərf eyləyib

            dünyada kam almaq gərək.

Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,

Ya şəhid olmaq gərək,

            ya intiqam almaq gərək.

 

Dahi Füzulinin bu qitəsi əsrlərdir ki, ədalətli savaşın, döyüşün, müharibənin məramı kimi səslənir.

Beləliklə, savaş başlandı. 27 sentyabr günündən başlayıb bu xalq heç bir tarixi dönəmdə olmadığı qədər böyük savaşın içinə qatıldı. Azərbaycan ədəbiyyatı, xüsusilə poeziya bu savaşın ruhçusu missiyasını öz üzərinə götürdü. Mən bu qırx gündə qəzet və jurnallarda dərc edilən şeirlərə diqqət yetirmişəm - poeziyamız, demək olar ki, bir aparıcı mövzuya köklənib. Qələbə, Azərbaycan ordusunun və Azərbaycan əsgərinin, Ali Baş Komandanın, onun siyasi və hərbi uğurlarının tərənnümü, Qarabağa, artıq işğaldan azad olunmuş torpaqlarımıza tezliklə qayıtmaq, yurd-yuva həsrətinə son qoymaq arzusu və bir də Azərbaycan əsgərinə yazılar məktublar... Göründüyü kimi, Böyük Savaş poeziyanın da tematikasını dəyişdirir. Hiss olunur ki, hətta cavan şairlər də öz fərdi, subyektiv hisslər, duyğular aləmindən, xüsusilə, sevgi lirikasından savaş lirikasına meyil edirlər. Gənc şair Fərid Hüseyn "Yumruq günü" şeirini ("Ədəbiyyat qəzeti", 3 oktyabr), Qarabağımıza və şəhidlərimizə ithaf edib. Fəridin metaforik düşüncə tərzi bu şeirdə də bariz nəzərə çarpır:

 

Güllələnən heykəllər sağalacaq,

daşların yarasına

yeni tarix məlhəm qoyacaq.

Ot basmış yollar

kimsəsizliyin xəcalət tərini siləcək,

bütün yollar vətənə dönəcək.

 

Gənc şair Leyla Əliyeva "O dərdli uşağın göz yaşı üçün" şeirində Tovuz döyüşlərindəki itkidən doğan kədərli hisslərini ifadə edir. Amma bu şeirdə kədər hissi ilə qələbəyə inam intonasiyası qoşa addımlayır. Göz yaşlarını, itkidən doğan qüssəni qələbəyə doğan inam əvəz edir:

 

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

 

Qalib intonasiyası. Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı müzəffər yürüşü ilə özümüzə qaytarınca şeirimizdə də qalibiyyət intonasiyası, qələbəyə inam hissləri getdikcə güclənir və poeziyamız, sanki üçrəngli bayrağımızın sancıldığı ucalıqlara öz nəfəsini, səsini qatır. Xalq şairi Vahid Əzizin bir silsilə şeirlərinə ("Ədəbiyyat qəzeti", 31 oktyabr) diqqət yetirək:

 

Nəğmətək dillərin əzbəri oldun -

İndi sənin adın düşübdür dəbə,

Dalınca yollanıb müzəffər Ordun,

Ləngimə, tez yetiş böyük Qələbə!

 

Bu dörd misra mən deyərdim, bu gün Azərbaycan poeziyasının bəlkə ən vacib atributunu ifadə edir, daha rəmzlər, simvollar deyil, məcazilikdən reallığa çevrilən obrazlar diqqət mərkəzindədir. Vahid Əzizin lirikasında bu reallıqlar çağımızın həqiqətlərini ifadə edir. Baxın: "Azərbaycandır Qarabağ", "Qələbəli Azərbaycan", "Var ol, Ali Baş Komandan", "Tanrı, qoru Azərbaycan Ordusunu", "Yalnız irəliyə, yalnız irəli", "Lap az qalır" - bunlar şüar deyil, qələbə himnləridir, - desəm, yanılmaram. Vahid Əziz hər gün, bəlkə hər saat o böyük Qələbənin yaxınlaşacağına tam əmindir. Hamımız kimi. Onun bu silsiləsində həmin intizarın, həmin gözləmənin əks oldunduğu bir şeiri xüsusilə nəzərə çarpdırmaq istəyirəm:

 

Şəninə bəzədim bəyaz kağızı,

düşməni qovaraq qaçan əsgərin.

Alnından öpəcəm Bayrağımızı

İsa bulağına sancan əsgərin.

 

Yuxumda görmüşəm - aydınlıqdı su,

çin olur gözlərin qaçaq yuxusu.

bircə gün rahatca yatmaq arzusu,

səhəri səngərdə açan əsgərin.

 

Mərmidən səksəndi bir vaxt bələkdə,

İndi düşmən üstə od ələməkdə!

Qarabağ sevgisi üstələməkdə -

Yadında yar ilə hicran əsgərin.

 

Od-alov tutacaq sönmüş ocaqlar,

tarixdə qalacaq bu qanlı çağlar,

arabir xəfifcə dodağı qaçar

mürgüdə evinə qaçan əsgərin.

 

Bu, əsl müharibə və əsgər psixologiyasının poetik əks-sədasıdır. Şair Azərbaycan əsgərinin ümumi, sanki bütün əsgərlərə xas olan obrazını yaradır. Bəli, bu, səngərlərdə, döyüş meydanlarında hünər göstərən Azərbaycan əsgəridir. Təbii ki, bu əsgər şeirimizdə hələ öz konkret adı ilə nəzərə çarpmır (bu da olacaq), hələ o əsgərin psixologiyası, qələbə əzmi, vətənpərvərlik ruhu tam və dolğun əksini görmürük (bu da olacaq), amma o əsgər bir deyil, yüzlərlə, minlərlədir. Mən İlqar Fəhminin "Balaca kişilər" poemasından bir fraqmentə diqqəti yönəltmək istəyirəm. Bir çoxumuz bəzən bu fikirdə olmuşuq ki, müasir Azərbaycan gəncliyi içərisində hələ tam yetkinləşməyən, Vətən idealı, həyat amalı olmayanlar da var, amma Böyük Savaş başlananda on minlərlə gəncin könüllü olaraq müharibədə iştirak etmək istəyinə nə deyirsiniz? İlqar Fəhmi də o təsəvvürü real həyatımızdan və poeziyadan silmək istəyir.

 

Dedilər: "Budurmu igid cavanlar?"

Dedilər: "Budurmu mərd pəhləvanlar?"

Boyları bir tikə, belləri əyri

Telefon xəstəsi bu uşaq-muşaq

Düşmən gülləsinə sinə gərəcək?

Kişi yetişdirən kafe, bar deyil

Kişi yetişdirən oddu, alovdu.

Bu gün kişi yeri Park-Bulvar deyil

Bu gün kişilərin yeri Murovdu.

 

Bu "balaca kişilər" indi "Dikəlib səngərdən, açıb silahı, Yüyürüb qaçanda düşmən üstünə", "dünən sevgilərlə dolmuşdu gözü, Qəzəbli gözündən bu gün qan sızır. Dünən qızlar üçün "sms" yazan, Bu gün öz qanıyla "şücaət" yazır".

Bu qırx gündə müasir poeziyamızın ən başlıca vəzifəsi çağırış nidaları, düşmənə nifrət hayqırtıları, Ali Baş Komandan, Ordu, Əsgər, Xalqın birliyi bir vəhdət halında şeirlərdə səsləndi. Bunları bir-birindən təcrid etmək mümkünmü? Azərbaycan tarixində çox qüdrətli şahlar, sərkərdələr olub, İlham Əliyev bu magikan silsilənin davamçısı oldu. Amma ədəbiyyat diliylə desək: Novator davamçı. O, yeniləşəcək (!) Azərbaycanın siyasi, hərbi, mənəvi modellərini yaradır. Bu qırx gündə ona həsr olunan şeirlərdə haqlı olaraq alqışlar, təhsinlər oxunur, amma vaxtdır ki, enik şeirimizdə də onun parlaq obrazı yaransın. Mən qocaman şairlərimiz - Vahid Əzizin, Ramiz Duyğunun, Ənvər Əhmədin, Zeynal Vəfanın, həmçinin, onlardan cavan İftixar Piriyevin, daha neçə şairin Ali Baş Komandana həsr etdikləri şeirlərini xalqı, millətin səsi hesab edirəm. Bu şeirləri oxuduqca böyük Mirzə Ələkbər Sabirin Səttarxana həsr etdiyi şeirini xatırlayıram. "Çox yaşa, dövlətli Səttar xan, əfəndim, çox yaşa! Afərinim himməti-valayi - Səttarxanədir" (M.Ə.Sabir). "Var ol, Ali Baş Komandan - çox günahkar nəsillərin üzlərini ağ elədin! (Vahid Əziz). "Qarabağda görünür qızaran Zəfər danı! Şuşa, Laçın həsrətli sevdalı qəlbimizin Ali Baş Komandanı! Böyük Qələbəmizin Ali Baş Komandanı!" (Ramiz Duyğun). Bu sətirləri yazarkən həm də böyük şairimiz Məhəmməd Hadinin 1016-cı ildə qələmə aldığı "Dilək ölməz" şeirini xatırlayır və o şeirin bu günlə necə səsləşdiyini görürəm:

 

Bu ağır yük çəkilməz,

Şu acılar içilməz.

Sənsiz, a parlaq dilək,

Qaranlıqlar keçilməz.

 

Dirilik qararanda,

Onun gündüzü sənsən.

Biz ağlardıq həmişə,

Güldürən bizi sənsən.

 

Məyus olma, amandır,

Məyus olmaq yamandır.

Qorxaq diləksiz yaşar,

Millətim qəhrəmandır.

 

Bu gün poeziya da elə bu həqiqəti qələmə alır. Ali Baş Komandan, Azərbaycan Ordusu, Azərbaycan əsgəri və Xalqın birliyi. İlham Əliyev bu qəhrəman millətin gücünü, potensial döyüş enerjisini, əsgərlərimizin qəhrəman ruhunu səfərbər etdi.

Əsgərə məktublar. Böyük Savaş təkcə döyüş səngərlərində deyil, həm də arxa cəbhədə baş verir. Əlbəttə, arxa cəbhədə qan tökülmür, amma o Böyük Savaş milyonların ürəyində də davam edir. Hamı intizardadır, Gəncəyə, Bərdəyə, Tərtərə, Ağcabədiyə, Mingəçevirə atılan raketlərin acısını yaşayır. Şəhidlər, döyüşdə yaralananlar... Amma bu, müharibədir. İtkilər də təbiidir. Amma arxa cəbhə ön cəbhənin dirəyidir. Bu gün Böyük Savaş poeziyasında yeni bir xətt - "Əsgər məktubları" təsəlliverici bir rupora çevrilir. Təkcə təsəllimi? Yox, ən başlıcası, Qələbəyə çağırış... Həyat Şəminin, Nuranə Nurun, Sərvaz Hüseynoğlunun, Fəxrəddin Əsədin, Nəzakət Məmmədlinin "Əsgərə məktubları" Böyük Vətən müharibəsində S.Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Əhməd Cəmilin döyüşçülərə yazdığı məktubları xatırladır. Amma bu məktublar indiki Böyük Savaşın bəlirtiləridir.

 

Nə yazım sənə, əsgər? -

Söz də tapa bilmirəm.

Söz, Şuşada yazaram,

Tutaram əllərindən

Görüşəndə yazaram.

 

Həyat Şəminin bütünlüklə "Əsgərə salam" silsiləsi, əslində, Sözlə (ümid, inam, qayğı, şəfəqqət) doludur, bu şeirlərdə əsgəri ruhlandırmaq da var, ona xilaskar kimi ana, bacı şəfqəti də... "Sən tarix yazırsan qazdıqca səngər", "Qoy Vətən desin ki, sənsən xilaskar". Həyat Şəmi Füzulinin Gecəgözlü kəndindəndir, o kəndin bir qadını "Evsiz-eşiksiz qalmışdı, torpaqsız qalmışdı, Qarabağsız qalmışdı, qarabağlı qadın" - o kəndin bir şairi vardı - Mətləb Misir, o, Füzulinin azad olunmağını görmədi. Amma inanıram ki, ruhu indi şaddır.

Əlbəttə, bütün "Əsgər məktubları" eyni ovqatı ifadə eləmir. Bəzilərində "Salam, əsgər!" nidası ilə çağırış ruhu səslənir (bir-birini təkrar edən məqamlar da nəzərə çarpır), əsgərin xilaskarlıq missiyası ifadə olunur, Xalq şairi Qabil demişkən: "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!". Bəzilərində isə əsgərin özünün məktubları təqdim edilir (41-45-ci illərdəki "Gözlə məni" nikbin intonasiyası yada düşür). Fəxrəddin Əsəd də belə bir ovqatı qələmə alır:

 

Gülüm, qoxunu duydum,

sanki elə yaxınıq.

Qolum üstə yatırsan,

qaçırmıram yuxunu!

 

Qayalar silkələnir

düşmənləri daşlayır.

Hardakı keşikdəyəm

Vətən məndən başlayır.

 

Poeziyamızda bu obrazın öz ənənəsi var (S.Vurğunun "Ananın öyüdü" şeirini yada salaq), bizim Böyük Savaşda da bu ənənə davam edir. Heç bir varlıq əsgərə Ana qədər doğma deyil. Siz televiziya kanallarında şəhid analarının göz yaşlarını çox görmüsünüz. Həm də öz qəhrəman oğullarıyla fəxr edən anaların da (Nəzakət Məmmədlinin "Mən zabit anasıyam" şeirində olduğu kimi) qürur hissini. Nuranə Nurun "Youtube"dan oxuduğum bir şeiri isə Ana-Oğul məhəbbətinin bu gün ən bariz bir nümunəsidir.

 

Oğul, bəlkə darıxmağın

Həddini çoxdan aşmışam.

Səni üşütməyim deyə,

Bu il qışla dostlaşmışam.

 

İgid oğlum, Vətən sənin

Sən Vətənin əmanəti.

Bu bir şeir deyil, balam

Bu bir qürur əmanəti.

 

Səni gətirən yollara

Mən baxıram, sən heç baxma.

İkimizin yerinə də,

Darıxacam, sən darıxma.

 

Bu yazının sonunda erməni faşizminin törətdiyi hərbi cinayətlərdən söz açmaq istədim, amma Ali Baş Komandanın "İti qovan kimi onları qovuruq" artıq zərbül-məsələ çevrilmiş sözlərini xatırladım. Bir də Böyük Vətən müharibəsi illərində Məmməd Rahimin bir şeirində "Vur, ölən faşistdir, insan deyildir" faşist sözünü erməni sözü ilə əvəz etsək, heç nə dəyişməyəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!