Məlum siyasi məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet və dərgilər Cənubdakı ədəbi prosesin tam mənzərəsini yaratmağa imkan vermir. Heç kəsə sirr deyil ki, Ana dilində rəsmi təhsil almamaq problemi ilə üz-üzə qalan güneylilərin, ədəbiyyat dünyası mütaliə və oxucu gərginliyi ilə hələ də əlbəyaxadır. Bu dildə oxuyub düşünmək çoxlarına, təbii ki, çətindir. Bütün bunlara rəğmən bu gün Azərbaycan ədəbiyyatına maraq artmaqdadır. Güneydə demək olar ki, öz ana dilində işıq üzü görən kitablar ən azı kəmiyyət baxımından çoxalmaq üzrədir.
Həmişə olduğu kimi, 2019-cu ilin nəşrləri arasında şeir topluları üstünlük təşkil edir. Bu sıradan Duman Yalçının "Sevgiyə fatihə", Bəhruz Sədiqin "Yaramı buğda bağlayır", İsmayıl Xurrəminin "Səsimdə məzarlıq qalanır", Xəlil Abdullahinin (Günəş oğlu) "Güzgü və heydərbala mənzuməsi", Xosrov Barışanın "Bütün yağışlar darıxır", Əkbər Rizapur Məqsudlunun "Adamlara nə gəlib?!", Abbasəli Yəhyəvinin (Elçi) "Meşəyə balta girib" və başqa bu kimi şeir kitablarının adlarını çəkmək olar.
Tanınmış Türkiyə yazarı və tənqidçisi Cəmil Meriç yazırdı ki, bütünü bilmədiyimizdən ya sloqanlara əsir olduq, ya da ideolojilərə kölə. Cənubi Azərbaycanda keçən əsrin 90-cı illərinə qədər daha çox meydanlarda səslənən pafos, patetika ilə bol, şüar xarakterli şeirlər üstünlük təşkil edirdi. Artıq onlar geridə qaldı... Bu xüsusiyyəti artıq avanqard düşüncəli poeziyada görmək olmaz.
Güney Azərbaycan şeirində dövrün sosial və mənəvi təsiri ilə baş vermiş məzmun yenilikləri formaya, lirikanın ifadə imkanlarına da təsirsiz qalmamışdır. Poeziyada, eyni zamanda nəsrdə klassik ənənələrlə yanaşı, müasir dünya poetik fikri zəminində də nümunələr yaranıb. Bu gün bir çox cənublu şairlərin əsərləri xalqın ən vacib mənəvi qayğılarını əks etdirir. Ancaq ifadə baxımından lirik əhval-ruhiyyənin bədii təsviri, sənətkarlıq fərdiyyəti, üslub əlvanlığı nəzərə çarpır. Bu, iki ədəbi təsirlə baş verir. Bir tərəfdən Quzey Azərbaycan ədəbi təcrübəsi, digər tərəfdən Avropa ədəbiyyatının, şeirinin üslubları bu gün Güneydə ədəbi üslubların formalaşmasının əsas qaynaqlarıdır.
Güney Azərbaycan ədəbiyyatının yeni şeir prosesi klassik quruluşdan tamamilə ayrıla bilməsə də, keçmiş məhdudlaşdırıcı kontekstindən uzaqlaşıb. Köhnə məzmunlu şeir ortamına nisbətən həm dil, həm də düşüncə və dünyagörüşü baxımından gözə çarpacaq dərəcədə irəliləyib. Yeyin addımlarla irəliləyən şeir prosesinə dünyada gedən yeni ədəbi axınların mexanizmi təsirsiz ötməyib. Bu gün klassik Şərq şeiri növü qəzəl və eləcə də qoşma janrı artıq öz yerini sərbəst şeir formasına verib.
Örnəklərə müraciət edək. Güney Azərbaycan şairlər və yazıçıları xalqın arzu və diləklərini, qəhrəmanlıq tarixlərini məşhur tarixi abidələrinə, eləcə də bu diyarın məşhur yer, dağ və coğrafi adlara xitab edərək əsərlərində yansıtmışlar. Biriyanın Ərkə, Şəhriyarın Heydərbaba və Səhənd dağlarına, Musəvi Ərdəbilinin Savalan dağına, eləcə də M.Şəbüstərlinin Mişov dağlarına həsr etdikləri poemalarını buna örnək göstərmək olar. Bu əsərlərdə şairlər abidələri və dağları canlandırmış, onların timsalında ictimaiyyətin keçdiyi tarixi yolu, ondakı müxtəlif hadisələri, xalqın bugünkü həyat, düşüncə və sabahından söz açmışlar. Eynalı dağı Təbrizin tarix boyu keçirdiyi bütün tarixi hadisələrin şahidi olub. Tanınmış şair Əkbər Turabi Cəlaloğlu "Eynalı el dağı" adlı poemasında bu diyara bir ayna tutub bütün tarixini əks etdirməyə çalışır. Təbrizin simvolu olan Eynalı dağının sinəsində sonsuz sirlər, sözlər və hekayələri vardır. "Cəlaloğlu, bilirəm mən, atalardan, babalardan sorağın var"! - deyə, dağı sözə çəkir.
Koronavirus Güneydə gənc şairlərdən də yan keçmədi. Şeirlərinə də girdi, birinin isə həyatına girib apardı bir yolluq. Bir kitabı belə hələ işıq üzünə çıxmayan, lakin şeirləri dost-tanışlarının dilindən düşməyən Əli Qədimxanıdən gedir söhbət. "Sarmaşıqlar şairi" adlandırırdılar onu. Bəlkə də bu şeirində sarmaşığa lirik məna çaları verdiyinə görə:
Dağdan endim düzə düşdüm
Sellərlə üz-üzə düşdüm
Körpü saldım sarmaşıqdan
Keçdim seldən sənə sarı...
...Təkcə bir sal divar qaldı
Aşanmıram, yıxanmıram...
Səni tarı!
Huşəng Cəfəri Vətənimizin Güneyinin səs bayrağıdı. Xalq içində çox sevilən şair də Tovuz və onun ətrafındakı hadisələrə biganə qala bilməyib. 30 ildə görünməmiş bir tarixi hadisə yaradan, xalqı silkələyib oyadan, bir araya gətirən günümüzdə əfsanələşən şəhid general Polad Həşimovu hörmətlə anır, tezliklə Qarabağı qaytarmağı arzulayır. Öz səsi ilə sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan söylədiyi şeirindəki kövrək sətirləri ixtiyarınıza veririk:
"Bəs siz ki, deyirsiz kaş Kərbəlada olaydıq.// Ay məddahlar, ay dinçilər, ay şairlər gəlin da, bu da Meydan.// Bu nə işdi gəlib bizim başımıza// Niyə verdiz çaqqallara meydanı?// //Daşnaq deyir - Qarabağ bizimdir? //Ərməninin zülmü başa çatacaq// //Bir gün Qarabağa Türklər dolacaq!// //Qarabağ bizimdir, bizim olacaq!//".
Təbrizdə "Bahardoxt" nəşriyyatında Əli Poladın tərtib edib çapa hazırladığı "Türk ədəbiyyat və mədəniyyətində gülüş, mizah və tənz" adlı kitabı çapdan çıxdı. Kitabda 600 Azərbaycanı yazarının əsərlərindən örnəklər verilib. Yeddi cildi qapsayan bu toplu kitablarda ilkin folklordan başlamış, divan ədəbiyyatından tutmuş, çağdaş dövrümüzədək yaşayıb-yaradan şair, yazıçı və publisistlərin satirik əsərləri yer alıb. Hər bir kitabın səhifəsi Azərbaycanın məşhur satirik rəssamlarının al-əlvan vəsfləri ilə bəzədilib.
Kitabın naşiri Əli Polad "Satira, yumor -istehza deyil, vəziyyəti, durumu ustalıqla anladan bir vasitədir" başlıqlı ön sözdə yazır: "məqsədimiz xalqımıza xas olan və onu bütün dönəmlərdə və hər şəraitdə diri saxlayan, yaşadan və ruhdan düşməyə qoymayan gülüşü, yumoru bir yerə toplayıb yenidən xalqa qaytarmaqdır.
Nə sirdirsə, Təbriz orda doğulanların qəlbindən heç zaman çıxmır, ondan məkan və zaman baxımından nə qədər ayrılıb uzaq düşsələr də. Və çoxları da qələm, söz əhli olmasalar belə, sonralar mənəvi və maddi sərvətlər yaratmaqla xalqın qulluğunda dururlar.
Əli Polad Azərbaycanı, Təbrizi heç zaman unutmur. Düşüncəsini, sərvətini, sevgisini Təbriz və təbrizlilərə həsr edir.
Azərbaycan ədəbiyyatında satira, gülüş mədəniyyətinin yaranması ümumtürk eposu və Şərq ənənəsi ilə bağlıdır.
Kitabın altıncı və yeddinci cildində verilən aşıq yaradıcılığı, dastanlar, xalq tamaşaları, məzəli Təbriz Şəki və Molla Nəsrəddin lətifələri, gülüş mədəniyyətinin qədimiliyindən, xalqın özünü idarəsindən, müdrikliyindən xəbər verir. Epos təfəkkürü xalq oyunları, bayram mərasimləri, meydan tamaşasında özünü daha qabarıq göstərir. İranda yaşayan bir çox türk tayfalarının, o cümlədən, Qaşqay, Xorasan türklərinin ədəbiyyat və folklorundan yumorlu səhifələrin verilməsi də çox təqdirəlayiqdir və kitabı oxunaqlı edir.
Dünyada yumorlu danışıqları ilə seçilən xalqlar var. Bolqarıstanda Qabrovo, Ukraynada Odessa, Azərbaycanda da Təbriz və Şəki yumorun gülüş mərkəzləridir. Elə bir təbrizli çətin tapılar ki, duzlu, məzəli sözü, lətifəsi ilə danışıb ətrafındakıları güldürməsin.
Klassik ədəbiyyatımız, folklorumuz heç zaman yumorsuz, gülüşsüz olmayıb, onlarsız ötüşməyib. Bunu kitabda ardıcıllıqla izləmək mümkündür. Məhsəti Gəncəvidən, Saib Təbrizidən, Zəfər Ərdəbilidən, Mirzə İsmayıl Qasir, Məhəmməd Şəmduz, Ağa Məsih Şirvani, Mirzə Nəbi əfəndidən tutmuş Mir Mehdi Şükuhiyə və başqalarına qədər.
Şifahi xalq ədəbiyyatımızda; bayatıda, qoşma, dastanlarda atmacalar, zarafat, lətifə bol-boldur. Təlxəklərin dilində, çayxanalarda, bazarlarda, dükanlarda xalq böyük gülüş mədəniyyəti yarada bilib. Şərqdə müdrik şəxsiyyətlər kimi tanınmış Molla Nəsrəddin, Bəktaşi və Bəhlul Danəndə lətifələrinin misilsiz rolu olmuşdur.
İranda və Azərbaycanda tarixən din faktoru həmişə güclü olub. Ana dilinin məktəbdə, ictimai yerlərdə yasaq olduğu dövrlərdə İranda yaşayan Azərbaycan türkləri mərsiyə deyə-deyə, övliya-peyğəmbərləri vəsf edə-edə dillərini qoruyub saxlaya biliblər.
Cənubi Azərbaycanda elə şairlər olub ki, digərlərindən fərqli olaraq həm mərsiyə, həm də satirik şeirləri ilə (M.Ə.Ləli, N.Şərəfxani, H.Kərimi və b.) şöhrət qazana bilib. M.Ə.Rəsulzadə bu ziddiyyəti belə açıqlayırdı:
"Hər bir əməlin aksü'l-əməli olur. Təbiidir ki, müfrit dərəcədə ağlayan bir qövm daha çox gülmək də istər. İşdə bu ehtiyac, nevha-gər olan Azər? şairlərini eyni zamanda hezel-Gu dahi etmişdir. Və qəribədir ki, o qədər rakık hissiyat-ı diniyyeyi müfrit bir surətdə təsir-yab edən və karilerini "qan ağlatmaq" istəyən şairlər, eyni zamanda komiklik də edərlər. Azeri Türk şuarası həm hailə-nüvis, həm də mudhike-nüvisdirler".
Azərbaycan dilinə məxsus olan bəzi özəlliklər başqa dilllərdə bəlkə də yoxdur. Bu fikri şair Nazir Şərəfxaniyə məxsusdur. Ona görə dilimizdəki özəlliklərdən biri də feillərin təsirini şiddətləndirmək, gücləndirmək üçün elə feillərin özündən yaradılan kəlmələrdir. Məsələn, şır-şır şırıldamaq, zır-zır zırıldamaq, hır-hır hırıldamaq və s. kimi. Bunu bir şeirində əyani olaraq göstərir Ş.Nazir:
Yar vurdu qəlbimə yara, hır-hır hırıldadı,
Göz yaşları üzərimə şır-şır şırıldadı.
Hansı təbibə ərz eylədim şərhi halımı,
Dizin qucaqladı, zır-zır zırıldadı...
Orta əsr sufi qəzəliyyatında geniş yayılmış cinas Azərbaycan poeziyasına da daxil olub. Özəlliklə xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. Güney Azərbaycanda Nasir Peykzadı (Nəccaroğlu) "Cinas ustadı" adlandırırlar. Nəccaroğlu Aşıq Ələsgərin yolunu gedib üç-dörd tərkibli cinaslardan şeirlərində ustalıqla istifadə edir:
Çox bənzərsən huluya sən
Yeməlidi hulu, ya sən.
Gözüm qalıb güldə mənim
Siz gül olun, gül də mən.
Rza Bərahəninin adı Azərbaycan oxucusuna çox tanış deyil. Kanadanın Toronto Universitetinin professoru R.Bərahəni İranda yeni ədəbi tənqidin banisi sayılır. Nobel mükafatına dəfələrlə nominant olan Rza Bərahəninin əsərlərindən seçmələri tərtib və transliterasiya ilə, yaradıcılığından elmi oçerklə (ingilis dilində də daxil) birlikdə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli təqdim edir. Kitab Təbrizin "Bahardoxt" nəşriyyatında çap olunub.
"Bərahəni əsərlərindən seçmələr" adlı yeni kitab dünya şöhrətli mühacir yazarı Azərbaycan oxucularına yaxından tanıtmaq məqsədi daşıyır. Görkəmli rus yazıçısı V.V.Nabokov özü haqda yazırdı ki, başım ingiliscə, ürəyim rusca, qulağım fransızca danışır...". Bu sözləri Rza Bərahəniyə də aid etmək olar. Beyni farsca, ürəyi türkcə, qulağı ingiliscə danışan təbrizli Rza Bərahəni...
Kitabda farsca, ingiliscə, az da olsa azərbaycanca yazan Rza Bərahəninin şeir və nəsr əsərlərindən seçmələr, araşdırmaları və müsahibələri yer alıb.
R.Bərahəninin "Ayazın cəhənnəm günləri" tarixi romandır. Bu əsərin baş qəhrəmanı Ayaz tariximizdə böyük iz qoymuş Mənsur Həllacın prototipidir. "Ayazın Cəhənəm günləri" romanı Fransada böyük əks-səda doğurmuşdu. Bu kitab Fransada çap olunandan sonra ölkədə ən oxunan bestsellerlər siyahısına düşmüşdü. Tənqidçilər bu əsəri Jan Qenet və Ceyms Coys əsərləri ilə müqayisə edirdilər. Bir fransız rejissoru isə əsərin motivləri əsasında tamaşa səhnələşdirmişdi.
Tənqidçi Helen Sixousun bu romanı oxuduğu zaman gəldiyi fikirlər çox maraqlıdır: "Belə əsərləri oxumaq dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan bu əsəri oxumaq insana işgəncə verir. Əsər mənə cəhənnəmin nə olduğunu yaşatdı. R.Bərahəninin cəhənnəmi gözəl və baxımlı bir saraydır, İran, türk və Qərb arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr yığınıdır".
"Yurdumun sirləri" əsəri yazıçının doğulub boya-başa çatdığı Təbriz şəhərinə həsr olunub. Onun bütün əsərlərində Təbrizin adı qırmızı xətlə keçir. Yazıçı əsərdə Təbrizin tarixi, mədəniyyəti, orada yaşayanların özəl xüsusiyyətləri, xarakterləri, məşğulluq sahələri və s. qələmə alıb. Yaradıcılığı boyu Təbriz öz coğrafi mənasından çıxıb ədəbi mətnə çevrilir. Təbriz ədəbi konstektdə yaradılır. "Azadə xanım və onun yazarı" əsərini tənqidçilər roman içində roman adlandırır. Əsərdə tarixin dərinliklərindən gəlib bu günlə səsləşən kültür, mif fraqmentlər, çeşidli məqamlarda təzahür olunur. Roman İranda postmodernizmin ən parlaq nümunələrindən biridir.
Rza Bərahəni fars ədəbiyyatının poetik axtarışlarından bəhs edərkən göstərir ki, onu zənginləşdirən, ədəbiyyata yenilik gətirən türklər olmuşdu. Bərahəniyə görə məsnəvi janrını fars ədəbiyyatına türklər gətiriblər. Rza Bərahəninin bu fikrindəki həqiqət ondadır ki, istər qəzəl olsun, istərsə də digər ədəbi formalar hamısında onu yaradan müəllifin milli kimliyi öz möhürünü vurur. Hər bir janrın inkişafında onu yaradan xalqla yanaşı, hətta başqa dildə də forma, janr öz milli düşüncə elementlərini yaşadır. Ona görə də fars şeiri, fars ədəbiyyatı həndəvərində Azərbaycan səpkisi, Azərbaycan üslubunun mövcudluğu fikrini irəli sürənlər haqlıdırlar.
R.Bərahəni də türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardandır.
"Əlif Nuranlı" təxəllüsü ilə tanınan Əhməd Sadiqi Əşrafinin hekayələrindən ibarət kitabı yazıçının vəfatından 30 il sonra "Savalan igidləri" nəşriyyatında işıq üzü görüb. Əlif Nuranlının bir üstünlüyü o idi ki, o Güneydə az yayılmış ədəbi janrın - nəsrin yazarı idi. Bildiyimiz kimi, Pəhləvi dönəmində ana dilində milli ədəbiyyatın yazılıb yayınlanması basqı altında olub. Nuranlının ən önəmli özəlliyi əsərlərində gözə çarpan antropoloji baxışla bağlıdır. Əlif Nuranlının yaradıcılığını araşdırmaya cəlb edən tanınmış tənqidçi və şair Hümmət Şahbazi yazır: "Ümumiyyətlə, Əlif Nuranlının hekayə fəzaları kənd mühitində olaylaşır. "Qızıl atım" hekayəsində "atçılıq" fəzasını qabartmaq, onun ətrafında işlətdiyi kəlmə və anlayışlar hər bir oxucunu təəccübləndirə bilər. Belə ki, hekayədə bu gün bizlərə tanış olmayan və arxaik görünən bəzi: vəryan, yügən, noxta, xamut, maydan, qulan, qamçı, dayça, buxov, çıda, qəşov, çul, uğan, uzəngi, xəşə, siyəzi və bu kimi ifadələrə işarə edilir.
Bunlar on səhifəlik hekayədə, hekayə və nəsr axarı, yerli-yerində işlənən və bu gün bizim bir çoxlarımıza tanış olmayan, ancaq yazıçının yazdığı dövrdə bol-bol istfadə olunan sözlər və ifadələrdir. Maraqlı budur ki, yazıçı bu fəzaya yeni çalarlar qataraq, heç də bizi kənd fəzasında saxlamır".
Əsərdən örnəklərə nəzər salaq:
"Alt dodağı ixtiyarsız buraxılıb sallandı, uzun sarı dişləri göründü. Ağzından axan şirəcə su dodağından süzülüb qırılmadan yerə çatırdı. Görkəmli, yelkənə oxşar boynu ildırım vurmuş palıdtək yıxılıb qınından asılmışdı. Qıçları cana gəldi. İlk dəfə sağ qıçı dözümdən düşüb büküldü. Şumlayan divar kimi özünü buraxıb yerə sərələndi. Xamıt dayandı xırxırasına, narakı quyruğunu da qaharıb şaqqıltyıla endirdi...".
Bugünkü nəsr əsərlərini müqayisə edib ən yaxşı əsəri seçmək istəsək, heç şübhəsiz, Ruqəyyə Kəbirinin nəsri öndə gələr.
Demokratik bir toplumun yazı janrının məhz nəsr olduğunu vurğulayan tanınmış tənqidçi-yazar Eyvaz Taha Ruqəyyə Kəbirinin nəsrini çox yüksək dəyərləndirib yazır: "Ruqəyyə Kəbirinin öyküləri, romanları estetik həzzi ilə yanaşı, bu baxımdan önəmlidir. Son vaxtlar Güneydə onun qədər peşəkar bədii nəsr yazan olmamışdır. Buna vətəndaş toplumun gerçəkləşməsinə doğru atılan addım kimi baxmalıyıq. Bunu alqışlamalıyıq".
Tənqidçi Kəbirinin nəsrinin dil baxımından problematik olmadığını qeyd etsə də, azacıq olsa da, onun yazılarında bəzi qrammatik yanlışlıqlar görmək, bəzən də başqa dillərin hegemoniyasını sezmək olur, - deyə fikrini bildirir.
Tənqidçinin bu fikri ilə də razılaşmamaq olmur: "Ruqəyyə Kəbirinin başqa üstün yönü əxlaqi xarakteridir. Şarlatanizmin, kor nifrətlərin, ədəbi qruplaşmaların meydan oxuduğu bir vaxtda əxlaqi yaşamaq insanlığın başlıca şərtidir".
Züleyxa Nailin (Siyamkxani Bozqurd) "Sızanaq" adlı əsəri "mətn içində mətn" prinsipi ilə yazılıb. Kitabda iki hekayə göz önünə gəlir, başqa sözlə desək, bir nəsrin içindən bir başqası yaranıb.
Hekayədə azərbaycanlı ailəsinin həyatındakı bır epizod qələmə alınıb. Əsərdə bir qadın iş yerindən evə dönüb pilləkənlərlə evə qalxan zaman içəri girdikdə gözləmədiyi bir durumla qarşılaşır. Yəni ağlına sığışmayan, daşıya bilməyəcəyi bir hadisə ilə üzləşir. O, əri tərəfindən aldadılmışdı. Onun sevgisinə, hisslərinə xəyanət olunmuşdu. Beləcə, hirsindənmi və ya cəsarətsizlikdənmi qapını açıb içəri girməmişdi. Evdən ayrılıb baş verənləri unutmaq üçün dəniz qırağında bir ev kirayə etmişdi.
Tutduğu evin anbara oxşar otağında yarımçıq bir əlyazma əlinə keçmiş və onun ardını yazmağa başlamışdı.
Elmira, Xalid və onların qızı Lalə bir xoşbəxt ailə həyatı yaşayırdılar. Bu şad, xürrəm yaşamı olan məsud ailəni dağıtmağı planlayanlar yox deyildi.
Əsərdə düşündürücü, öyrədici kəlamlar az deyil:
"Bəzi adamlar da civəz, sızanaq kimidilər, onları sıxıb çıxartmaq lazımdı. Qaldıqca irinləyib əti çürüdəcək, özlərinə yer eləyəcəklər. Sonra o yeri sağalda da bilməyəcəksən...".
Azərbaycanda uşaq ədəbiyyatında boşluqların mövcud olduğu hamıya məlumdur. Güney Azərbaycanda da uşaq ədəbiyyatının zəif inkişaf etdiyini bildirən naşir B.Xaliqinin dediyinə görə, bu sahəni daha da genişləndirmək, inkişaf etdirmək lazımdır: Daha çox nağılların çap olunmasına üstünlük verən B.Xaliqiyə görə, nağıllarda çox maraqlı rənglər və bədii formalar seçilir. Tarixi və yarımtarixi rəvayətləri uşaqların yaş səviyyəsinə uyğun təsvir edilir.
Azərbaycan uşaq ədəbiyyatı bu günə kimi fərqli inkişaf mərhələsi keçmişdir.
Güney Azərbaycanda bu işi Mirzə Həsən Rüşdiyyə, Cabbar Əsgərzadə (Bağçaban) başlamış, Həbib Sahir, Mərziyyə Üskiyi, Haşım Tərlan, Əlirza Nabdil və Həbib Fərşbaf davam etdirmişlər. Səməd Behrəngi isə Güney Azərbaycanda uşaq ədəbiyyatının banisi sayılır. Onun uşaqlar üçün yazdığı əsərlər ölkəsinə dünya şöhrəti gətirmişdir.
1978-1979-cu illər İran İnqilabından sonra milli ədəbiyyat, uşaq ədəbiyyatı ilə bağlı boşluqlar aradan götürüldü və bu sahədə görülən işlər sürətlənməyə başladı. Həsən Rüşdiyyənin, Səməd Behrənginin başladığı missiyanı Hüseyin Feyzullahi, Haşım Tərlan, Həbib Fərşbah, Əkbər Azad, Zöhrə Vəfayi, Murtuza Məcidfər, Ramin Cahangirzadə, Nurəddin Müqəddəm, Bəhram Sədi, Məliha Əzizpur, Süsən Nəvadirazi, Xosrov Barışan və digər uşaq yazarları davam etdirdi.
Bu gün uşaq ədəbiyyatının Güneydə davamçıları yetərincədir. Bu sahədə yazılan əsərlər də çox ümidvericidir. Yuxarıda adını sadaladığım yazarlarla bərabər L.Kəhalı, S.Xiyavi, R.Quluzadə, M.Tului, S.Rza Hüseyn, M.Əli Ocaqi, Araz və Dəniz Əmanilər, M.Nəjad, P.Muğanlı, S.Turi, M.Müqəddəm, H.Fəttahi, Ə.Zəncanlı və başqa adını çəkə bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur.
Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açan Ramin Cahangirzadə bu gün uşaq ədəbiyyatının önündə gedən gənc yazarlardandır.
İnternet əsrinin uşaqlarının marağını təmin etmək üçün yazıçı çox ciddi oxumalı, öyrənməli, gərgin yaradıcılıq axtarışları aparmalıdır. R.Cahangirzadə adi adamın görüb sezə bilməyəcəyi bir təbii mənzərə görüntüsünü ustaca poetik açıqlayıcı təsvirə çevirməyi bacarıb uşaq şeiri yarada bilir.
Müəllif kitablarında uşaqların ana dilini öyrənməklə yanaşı, onların zehninin gəlişməsinə səy göstərir. Yazılarında bəşəri dəyərlərin tərənnümünü, vətən və millət sevgisini yansıdaraq ana dilinin mənimsənilməsinə və milli mədəniyyətə maraq oyadır.
Onun şeirlərinin mövzu dairəsi olduqca rəngarəngdir. "Rəqəmlər", "Əlifba" əsəri uşaqları sayları və hərfləri tez qavramağa, "İlin fəsilləri" isə təbiəti yaxından tanımağa kömək edir. Onun yazdığı bu əsərlər səmimiliyi, dilinin şirinliyi, rəvanlığı və orijinal üslubu ilə diqqəti cəlb edir.
Milli folkloru, təbiət mənzərələrini, ecazkar təbiət hadisələrinin sirlərini bilən və sadə dillə açan şair "Dörd fəsil" şeirində hər fəslin özəlliklərini ifadəli bir dillə qələmə alır. Saralmışam əzəldən// payız düşər sözümə söyləyən şair, payızı gözəl bir qıza bənzədir: //Hamıdan mən dolğunam, //Gəlmişəm nəğmə yazam//.
Say anlayışı qədim zamanlardan insanlarda əvvəlcə barmaqlarla başladı: "üç ağac, yeddi qoyun, iki balıq"... Daha sonra barmaq yerinə çubuqlar qullanıldı. Ramin Cahangirzadə "Rəqəmlər" kitabında ədədlərlə bağlı əyləncəli fikirlər söyləyir, uşaqların zehninə həkk olsun deyə onları uğurla şeir formasına salır. Bir sayı üçün yazır: //Birin yoldaşı olmaz, //Həmişə o tək olar//.
İki sayı ilə əlaqədar şeir parçası isə lap tapmaca kimidir: //Nə sıfır, nə də birdir, //Birlə üçün arası//.
Uşaqlarda riyaziyyata marağı artırmaq istəyən müəllif, onları bu mövzuda bildiklərini yoxlamağa səsləyir.
Beləcə, ədədlərin əyləncəli-keyfli izahı 10 sayına qədər davam edir.
Beləcə uşaq, dilimizin incəliklərini, hekayə və şeirdən sonra ilk oxuduğu, eşitdiyi, şirinliyini hiss etdiyi, o dilin musiqisini və incəliklərini öyrənməyə başlayır. R.Cahangirzadə uşaqların ürəyinə gedən yolu asanlıqla tapmağı bacarır. Onun "Əlifba" kitabında bütün deyilənlər əksini tapa bilib.
Onun yazdığı pyeslər kiçikyaşlı oxucunu istər-istəməz düşünməyə vadar edir. Bu baxımdan "Pinti", "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" pyesləri uğurlu təsir bağışlayır. Onun "Pinti" musiqili pyesi bu yaxınlarda Ərdəbilin "Fadak" sarayında uğurla tamaşaya qoyuldu. "Pinti"dən öncə Ramin Cahangirzadənin "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" adlı pyesleri səhnədə tamaşaya qoyulub. Onun başqa bir yeniyetmələr üçün yazdığı "Şunqar" adlı pyesi də tamaşaya hazırlanır.
Başqa bir uşaq yazarı Bəhram Əsədinin dil şirinliyi və təsvir etdiyi inandırıcı əhvalatlarla kiçikyaşlı oxucuları ələ alıb onların anlamı səviyyəsində yazmağı bacarır. Onun uşaqlar üçün yazdığı "Yağdı yağış", "Heyvanları tanıyaq", "Gün çıxdı", "Əl-ələ, düymə dələ" və b. əsərlərdəki sözlər son dərəcə aydın, sadə, cümlələr qısa və anlamlıdır, çünki onları dinləməklə uşaq danışmağı öyrənir.
Nasir və publisist Şəhram Zəmani "Azərbaycan ədəbiyyatının sosiologiyası" adlı kitabında 1978-1979-cu illər İran İnqilabından üzü bəri yazılan romanları sosioloji baxımdan araşdırır. Əsər aradan ötən 40 il müddətində yazılmış bütün nəsr əsərlərini qapsayır.
Yazar 42 illik zaman kəsiyini 4 bölümə ayırır: tədqiqatçı araşdırmada Avropanın tanınmış ədəbiyyat nəzəriyyəçiləri Lüsyen Qoldman və Corc Lukaçın fikirlərindən faydalanır. Bu araşdırmada ədəbi camiənin sənət zövqünün və siyasi durumunun ədəbiyyatı necə yönəltməyinin şahidi oluruq.
Kitabda gəlinən nəticələrdən biri də budur ki, 1990-cı ildən yaranan modern ədəbiyyat dalğaları hələ şeirin uzun əsrlərdən bəri hökm sürən klassik formasını və məzmununu dağıtmaqla yanaşı, özünü keçmişdə çox az hallarda yazılmış roman, povest, hekayə, dramaturgiya kimi ədəbi növlərin nəsr janrında da sınayıb.
Əli Əsgər Dilriş XIV əsrdə Təbrizdə yaşayıb-yaradıb. "Dilrişin qəzəlləri" kitabında Təbrizli Əli Əsgər Dilrişin qəzəlləri toplanıb. Dilriş təxəllüsünü götürən Əli Əsgər Çorabçı ədəbi aləmdə təbrizli Dilriş kimi tanınmışdır. Ə.Dilrişin əsərləri həm öz, həm də sonrakı dövrlərdə oxunub dəyərləndirilişmişdir. Təsadüfi deyil ki, böyük ustad şair Məhəmmədhüseyn Şəhriyar, Məşrutə dövrünün tanınmış şairi Əbdülhüseyn Xazin və bir çoxları onun şeirlərinə nəzirə və bənzətmələr yazmışlar. Əli Əsgər Dilrişin qəzəllərini Qulamrza Muxlis toplayıb çap etdirmişdir.
Ötən 2019-cu ilin mənzərəsi fonunda Güney Azərbaycanda olan ədəbi proseslə bağlı imkan daxilində təəssürat və fikir yaratmağa səy göstərdik. Daha çox sayılıb-seçilən yazarların əsərlərindən örnəklər verib, təhlil etməyə çalışdıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!