Tənqidçi olmaq səlahiyyəti - Nizaməddin Şəmsizadə

     Əgər sən şairsənsə,

      mən də tənqidçiyəm

 

K.Marks

 

    Etiraf edim ki, yaşıdlarım barədə yazmaqdan böyük qürur duyuram. Mən bizdən əvvəlki nəsillərdən - müəllimlərimdən çox şey, həm də nəsil təəssübü öyrənmişəm: M.Cəfər, A.Zamanov, M.Cəlal, Ə.Mirəhmədov, Y.Qarayev, B.Nəbiyev, M.Quluzadə, M.Hüseynzadə, Y.Seyidov, M.Seyidov, Q.Qasımzadə, X.Əlimirzəyev, Q.Xəlilov, A.Axundov, T.Hacıyev, X.Məmmədov... bəzən bir-birilə yola getmirdilər. Lakin bu onların öz aralarında qalırdı. Başqa nəslin, xüsusilə özlərindən sonrakıların yanında bir-birlərini dəyərləndirir, hörmətini saxlayırdılar. Mən də mənsub olduğum nəsillə fəxr edirəm. İndi onların yaşı artıb, yaşları ilə bərabər nüfuzları da artıb - K.Abdulla, N.Cəfərov, V.Quliyev, İ.Rəhimli, K.Əliyev, M.İmanov, T.Kərimli, A.Rüstəmli, M.Əlizadə, Ş.Vəliyev, A.Turan... Azərbaycan cəmiyyətinin aparıcı simaları kimi ədəbi tarixi nüfuz qazanıblar. Bu nəslin ağır taxtalı nümayəndələrindən biri də Rəhim Əliyevdir. On il əvvəl 60 illik yubileyi münasibətilə çap etdirdiyim "Nəzəri düşüncənin müasirliyi" məqaləsində onun barəsində yazmışdım:     "R.Əliyev öz xalqını, millətini sevən, onun tarixini, bəşər sivilizasiyasındakı yerini dəqiq təyin etməyi bacaran, ədəbiyyat və mədəniyyətimizi, dilimizi və təfəkkür tariximizi yeni fəlsəfi meyarlarla araşdıran vətənpərvər bir ziyalı, yüksək intellektual təfəkkürə malik alimdir. Rəhim bədii mətnə xalqın və millətin kodlaşmış yaddaşı kimi ehtiramla yanaşır. Mətnin mədəniyyət sistemindəki həlledici rolunu aydın şərh edir". On il əvvəlki fikirləri yazıram, bilirəm ki, bu mürəkkəb on ildə Rəhim dəyişməyib. Əksinə, onun portretinə yeni dəyərli xüsusiyyətlər əlavə olunub. Rəhim Əliyev 6 noyabr 1950-ci ildə Bakıda, qədim Ramana kəndində əsil-nəcabətli bir ailədə anadan olub, bakılıdır. Bu sözdə kişilik və qürur, zəfər, yüksək mənəviyyat, ədəb-ərkan, təəssüb və nəhayət, itkilərin kədəri, uçurulmuş ata kultunun faciəsi, unutdurulmuş şəhər ənənələrinin və yaddan çıxmış nəğmələrin ahəngi yuva salır. Bu xarakteri ilə yaşlı Rəhim 70-ci illərin sonunda tənqidçi və yazıçı kimi ədəbiyyata gəlib. 1983-cü ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Tənqidçi kimi yüzlərlə məqalə, "Poeziyanın təbiiliyi" (1982), "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" (1989), "Dilimiz ədəbiyyatımız və tariximiz" (1997), "Nəsimi və klassik dini üslubun təşəkkülü" (2006), "Taleyin sözü" (2008), "Ədəbiyyat nəzəriyyəsi" (2008), "Sözün mifi" (2011), "Nəsimi nədən ənəlhəqq dedi" (2020) kimi bir-birindən dəyərli nəzəri, elmi-fəlsəfi kitablar, "Göndərilməmiş məktub" (1984), "Bütövləşməmiş borc" (1995) kimi bədii kitablar yazmışdır. R.Əliyevin bu kitabları, xüsusilə, "Cəfər Cabbarlının yaradıcılıq təkamülü", "Nəsimi və klassik dini üslubun təşəkkülü" və "Ədəbiyyat nəzəriyyəsi" əsərləri nəzəri ədəbiyyatşünaslığımızın klassik nümunələridir. Böyük mütəfəkkir Yaşar Qarayev onun "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" kitabına "Həmişə müasir Cabbarlı" adlı ön söz də yazmışdı: "Monoqrafiya ədibin irsinin tam halda yeni təfəkkürün və müasir ədəbiyyatşünaslığın problemləri baxımından şərh etmək sahəsində ilk təcrübədir və məhz ilk təcrübənin qüvvətli və zəif cəhətlərini özündə əks etdirir". Biz də bu fikirdəyik ki, Rəhimin monoqrafiyası cabbarşünaslıqda yeni nəzəri mərhələnin əsasını qoyan əsərdir. Müəllif mürəkkəb nəzəri problemləri çevik tənqid üslubunda aydın şərh edib və belə bir perspektivli nəticəyə gəlib ki: "Cabbarlının yaradıcılıq metodunun mürəkkəbliyi bizim ədəbi fikrin bəşəriyyətin bədii tərəqqisinin zirvələrinə tələsən addımlarının nəticəsidir". Beləliklə, o, cabbarşünaslığın yeni beynəlxalq priaritetini müəyyənləşdirir.

    Rəhim Əliyev ədəbi-nəzəri fikrimizdə ən güclü məktəb olan "Yaşar Qarayev məktəbi"nin istedadlı nümayəndəsidir. XIX əsrin böyük rus yazıçıları etiraf edirlər ki, "biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq". Təmsil etdiyimiz nəsil Yaşar Qarayev idrakının üfüqlərindən enib gəlib. Rəhim bu gün də böyük əzmlə Yaşar Qarayevin ədəbi tənqiddə apardığı islahatları davam etdirir. "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" monoqrafiyası kimi Rəhimin "Nəsimi və klassik dini üslubun təşəkkülü" monoqrafiyası da bir "ilk"dir. Nəsimi haqqında çox yazılıb. Fəqət, bu formada ilk dəfə Rəhim yazıb. O, belə bir düzgün metodoloji başlanğıcdan çıxış edir ki, "Cəfər Cabbarlı haqqında monoqrafiyanı yazanda (1985-86) ilk dəfə elmin hikmətini hiss etdim. Anladım ki, həqiqi elm də həyatın özü kimi əlvan və çoxcəhətlidir. Mən ədəbi və elmi yaradıcılığım arasında ümumi cəhətlər tapdım. Həqiqi elm də, qlobaldır və bədii ədəbiyyatın predmeti kimi sərhədsizdir. Elmi terminlər isə obrazlardan demək olar ki, fərqlənmir. Bu, baxışın miqyasından asılıdır". "Elmin hikmətini" hiss etmədən Qazi Bürhanəddin, İmadəddin Nəsimi haqqında yazmaq olmazdı. Bu hikmət belə idi: "Klassik şeir üslubu ilkin olaraq dini-təbliği ehtiyacdan və ictimai sifarişdən yaranmışdı. Nəsimi, Füzuli şeiri, ilk növbədə, şairlərin özü və müasirləri üçün, onların ətrafı üçün hər şeydən öncə tək Allahın qüdrətini təbliğ və tərənnüm edirdi".

    Təsadüfi deyil ki, dünya şərqşünaslığında belə bir fikir yer alır: "Poeziya ərəblərin arxivi sayılırdı" (Şarl Pella).

   "Nəsimi və klassik dini üslubun təşəkkülü" monoqrafiyası müasir elmin orijinal səviyyədə yazılmış yeni və elə bundan dolayı xeyli mübahisəli əsərdir. Yeri gəlmişkən, bu il davamı olaraq Rəhimin "Nəsimi nədən ənəlhəqq dedi" kitabı çap olundu. Bu onun Nəsimi və hürufilik haqqında üçüncü kitabıdır. İkinci kitabda, "Cavidannamə"də qoyulan problemlər burada davam etdirilir. Xüsusilə, Fəzullahın ölümündən sonra keçirdiyi sarsıntıların mənası açılır: "Fəzullahın qətl edilməsi haqqında şeirlərdə ağrı və kədərlə yanaşı, sevinc, tapıntı sevinci, bəraət, töhfə, xoş xəbər də var idi və böyük ehtirasla ifadə olunurdu". Rəhim Əliyevin İmadəddin Nəsimi haqqında monoqrafiyaları gələcəyin kitablarıdır. Onlar gəncliyimizə klassik bədii sərvətlərin ədəbi-tarixi və bədii fəlsəfi mahiyyətini heç bir ideoloji qatqı olmadan yalnız bədii ədəbiyyatın stixiyasına müvafiq öyrənməkdə yardımçı olacaqdır. R.Əliyevin "Sözün mifi" kitabı da öz orijinal yanaşmalarına görə diqqəti cəlb edir, ciddi maraq doğurur. Əsərdə fonetik sözün və fonetik yazının mənşəyi problemi nəzərdən keçirilir. Bu eksperimentlərlə zəngin kitabdan bəzi nəticələrə nəzər salaq:

   - "Yazı itməyən və bununla ictimai xarakter alan informasiya forması idi. İtməyən və ölməyən informasiyadan istifadə, onu qorumaq üsulları, müasir sivilizasiyanın əsasını təşkil edir".

   - "Ədəbiyyat bütün hallarda mifdir. Həqiqətin sublimasiyasıdır və mistikadır, eyni dərəcədə ədəbiyyat dünyanı və müəllifin öz eksistensiyasını şərh etməkdir, fərdi müəllifdir sübutsuz insan həqiqətinin variantıdır".

    - "Yazı milli dillər haqqında elmə yox, işarə sistemləri haqqında elm olan semiotikaya aid anlayışdır".

Maraqlı və mübahisəli fikirlərdir. Mübahisəsiz olan budur ki, bu fikirlər, belə düşüncə tərzi yenidir, orijinaldır.

XXI əsrdə ötən dövrdə xüsusən 2008-ci ildə uzun fasilədən sonra bir neçə ədəbiyyat nəzəriyyəsi çap olundu. X.Əlimirzəyev "Ədəbiyyatşünaslığın elmi nəzəri əsasları", M.Əliyev "Ədəbiyyat nəzəriyyəsinin əsasları", V.Əhməd "Ədəbiyyatşünaslıq", N.Qəhrəmanlı "Ədəbiyyat nəzəriyyəsi və Rəhim Əliyevin "Ədəbiyyat nəzəriyyəsi"... Bütün digər müəlliflərə hörmətimlə bərabər, deməliyəm ki, Rəhimin kitabı o vaxta qədər yazılanların hamısından konseptualdır: anlayışlar yeni, münasibət tərzi orijinaldır. O, ədəbiyyat nəzəriyyəsinə anlayışlara, mətnlərə izah verən elm kimi baxır.

   Əsərin ədəbiyyat haqqında elmin qısa tarixi adlanan birinci fəsli dil, din və mətn münasibətlərində ədəbi cərəyanlar və ədəbi məktəblərdən bəhs edir; İkinci fəsildə sözün, mifin və yazı dilinin ortaq mənşəyi nəzərdən keçirilir; Üçüncü fəsildə isə dünyanın ədəbi söz və mətnlə fərdi qavrayışından söz açılır; Dördüncü fəsildə "Ədəbiyyat nədir?" sualına cavab verilir. Onun predmeti və tarixi funksiyası izah edilir; Beşinci fəsil ədəbi əsər dünyanın hadisəvi obrazı kimi və altıncı fəsil ədəbi əsərin yaranması və ədəbi prosesə daxil olması məsələlərini ehtiva edir. Bu "Ədəbiyyat nəzəriyyəsi" göstərir ki, Rəhim Əliyev heç kimə bənzəməyən, öz konsepsiyası olan novator nəzəriyyəçi alimdir: məsələn, "dramda dialoq həm də obrazlılıq formasıdır və dünyanın gözlə görmənin əsas üsuludur". Dram növü barəsində yazılanlarda belə sadə və mahiyyətli fikir tapmaq çətindir. 366 səhifəlik bu fundamental kitabda belə nadir mülahizələr çoxdur, bu kitab ali məktəblərin tədris proqramlarına sığışmır.

   Rəhim Əliyev hazırda ömrünün 70-ci baharında - qocalığın gəncliyini yaşayır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində gənclik həvəsi və müdrik təfəkkürlə güney ədəbiyyatımızı tədqiq edir. Onun "Taleyin sözü" adlanan fundamental kitabının iki yüz səhifəlik üçüncü hissəsi "Cənubi Azərbaycan ədəbiyyatı" adlanır. Burada habelə "XX əsrin birinci yarısında cənubda anadilli ədəbiyyatın inkişafı" monoqrafiyası yer alıb. Adlarından da bəlli olduğu kimi, burada bizim müstəqillik dövrü üçün zəruri olan ədəbiyyatımızın bir qolu öyrənilir.

   Bütün bunlarla yanaşı, Rəhim Əliyev cox fəal və təmkinli, sözünü vaxtında və əsaslı tərzdə deməyi bacaran milli ziyalı və peşəkar tənqidçidir. Onun Azərbaycan üçün ağır keçid dövründə - 1988-94-cü illərdə yazdığı ictimai tarixi məqalələr - "Gücümüz birlikdədir və ya müxtəlifliyin birliyi", "Cəlilizm yolu və ya salavat gücə bağlıdır", "Müstəqilliyimiz və islam", "Ana dili söz və qayğı", "Əlifba məsələsi və ya millətin oyanması", "İşğal edilmiş torpaqların taleyi və Nəriman Nərimanov təcrübəsi" və s. zamanında öz praktik tarixi əhəmiyyətini göstərmişdir. Bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş irihəcmli və tarixi-siyasi məzmunlu "Nəriman Nərimanov - siyasətçi" məqaləsi göstərdi ki, Rəhim Əliyev yenə öz ampluasındadır. Onun ədəbi tənqidi irsi xüsusu bir tədqiqatın mövzusudur. Çünki onun ictimai fəlsəfi, ədəbi-tənqidi məqalələri konyunktur yazılar deyil. Rəhim Əliyevin kitab və məqalələrində millət üçün, Azərbaycan üçün döyünən yorulmaz bir ürəyin ritmi var. Bu tənqid həmişə təzə, həmişə canlı və fəaldır. Çünki obyektiv həqiqətləri uzaqgörənlik və cəsarətlə ifadə edir.

   Qeyd etdik ki, Rəhim hamımızdan fərqli olaraq, bədii mətnlərlə işləməyi bacarır. Fəhmlə mətni duyur və tarixi mənası üzərində düşünür. O, ədəbi tənqidi yazılarında da, elmi nəzəri məqalələrində də simvollardan istifadə etməyi bacarır. Rəhimin dili Yaşar Qarayevin dili kimi obrazlı dildir. O, sözü fəhm edir. Sözün özündən başqa, aurasını, haləsini görür və eşidir. Onun təfəkkürü sözün taleyinə işıq salır. Rəhim də sözü özünə yaxınlaşdıra, sözlə söhbət edə, sözün içini görə bilir. Bu Nadir oğlu Rəhimə xas olan nadir istedaddır, anadangəlmə vergidir. Ona görə də bu tənqidçi Cəfər Cabbarlını da, Qazi Bürhanəddini də, İmadəddin Nəsimini də, Məhəmməd Füzulini də, müxtəlif əbədi cərəyanları - sufizmi, hürufizmi, klassisizmi, maarifçiliyi, romantizmi eyni müstəvidə təhlil edə bilir.

   XX əsrin 80-ci illərinin sonunda mürəkkəb keçid dövründə o, Cəfər Cabbarlının yaradıcılığını maarifçi realizm estetikası məcrasında tədqiq edərək, bu milli yazıçının sosializm realizmini totalitar təzyiqindən xilas etdi. İlk dəfə biz 1986-cı ildə tamamlayıb qaragürühün böyük müqavimətindən sonra 1990-cı ildə müdafiə etdiyimiz doktorluq işimizdə ədəbiyyatın ictimai tarixdən tam asılılığı haqqında qüvvədə olan marksist konsepsiyaya son qoyduq. Bədii ədəbiyyatın öz stixiyası olduğunu sübut etdik. Bunların hər ikisi o zaman çətin məsələ, o dövrün düşüncəsinə görə səhv fikir idi.

  Rəhim Əliyev peşəkar tənqidçi, tənqiddə nəzəriyyəçidir, intellektualdır. Ümumiyyətlə, təsvirçiliyə qarşı barışmazdır. Ustadımız Yaşar Qarayev bizə deyirdi ki, "Mirzə Fətəli Axundzadə haqqında ən yaxşı əsərin müəllifi Axundzadənin arxivinə ən az bələd olan Cəfər Cəfərovdur". Arxiv alimi başqadır. O, salnamə yazmaqla məşğul olur. Bu da lazımdır. Lakin ədəbiyyatçılıq idrak hadisəsidir. Böyük nəzəri ümumiləşmə qabiliyyəti, bədii sözün də, elmi sözün də gözəlliyini duymaq, fəhm tələb edir. Xoşbəxtlikdən bizim nəsildə, o cümlədən filologiya elmləri doktoru, professor Rəhim Əliyevdə bu istedad başlıcası isə ən qiymətli milli sərvətimiz, tarixi saxlancımız olan bədii ədəbiyyata böyük sevgi var. Rəhimin mənəvi haqqı var: mən ədəbiyyatın yiyəsi - tənqidçiyəm desin! Ona növbəti onilliklərdə daha böyük uğurlar, bunun üçün isə cansağlığı arzu edirəm.

 

26 sentyabr 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!