Yazı, yazıçı, müharibə düşüncələri... - Cavi DAN

Cavi DAN

 

Bu gün müharibənin beşinci günüdür və mən bu yazını yazıram.

Nə yazacağımı bilmədən, nə yazmaq lazım olduğunu düşünmədən, eləcə barmaqlarımı klavişlərin üzərində gəzdirirəm, hərflərin, sözlərin, cümlələrin ixtiyarına buraxıram ruhumu.

Bu gün müharibənin beşinci günüdür və saat 19.09-dur.

Oktyabr ayının 1-dir deyə, payız günəşi çoxdan tərk edib pəncərəmdən görünən göy üzünü. Çöldə adamlar evlərinə tələsirlər, saat 21.00-dan başlayacaq komendant saatına qədər kimsə çöldə qalmamalıdır deyə. Və mən bu yazını yazıram.

Yazıram ki... içimdəki aylardan bəri yığılıb qalaqlanmış pessimizmi qovum, yazıram ki, bu pessimizmin əslində nə olduğunu anlayım, ruhumu ixtiyarına buraxdığım hərflər, sözlər, cümlələr açsın mənə bu yazmamaq istəyinin,.. ya da yazmaq istəməməyin... hər nədirsə, onun sirrini, səbəbini. Çünki özüm cavab tapa bilmirəm son ayların durğunluğuna, adını nə tənbəllik qoya bilirəm, nə depressiya, nə koronavirus karantini sindromu...

Karantin demişkən, Bakıda yaşadığım üçün hələ də həftənin son günlərində sərt karantin rejiminə qatlanmalı oluram, üstünə bir də müharibə vəziyyəti, komendant saatı qadağası gəlib. Mən bunlara görəmi sönmüşəm? Axı təkliyi, sakitliyi, evə, özümə qapanmağı həmişə sevmişəm və bunlar üçün yaranan şərait həmişə məni sevindirib, ta uşaqlıq illərimdən bu yana həmişə. Gündəliklər yazmışam, şeirlər yazmışam, hekayələr yazmışam, romanlar... hə, mən tək və sakit qala bildiyim hər zaman mütləq nəsə yazmışam. Yazı mənim yeganə özümün olan sərvətim olub. Hərdən yarızarafat-yarıciddi dediyim kimi, hətta uşaqlarımın da tən yarısı atalarına məxsusdur, yazı isə mənə, ancaq mənə, özümə... nə böyük bir eqodur bu, ilahi!

Bu gün müharibənin beşinci günüdür və mən bu eqonun məni beş aydan çoxdur ki, tərk etdiyini qəbul edib Klaydermanın ifasında "Ay sonatası"na qulaq asıram təkrar-təkrar... və bu yazını yazıram.

Yadıma düşür ki, mənim də bir "Ay sonatası" romanım vardı. Tolstoyun "Kreyser sonatası"na müasir interpretasiya kimi yazmışdım onu. Yazmışdım. Bəs hanı? Unutmuşam. Bütün unutduqlarım kimi unutmuşam, hərdən sadəcə hərfləri, sözləri, cümlələri yuxuma girir, vəssalam.

Ay varmı səmada, görəsən? Bu dəqiqələrdə varmı? Mən görmürəm pəncərəmdəki göy üzündə onu. Kimlərsə haralardasa görürlər amma. Əsgərlər, məsələn. Onlar indi ön cəbhədə, düşmənlə üzbəüz səngərlərdədirlər, açıq havada, pəncərəsiz... və mənim pəncərəmdən görünməyən yerlərdə. O yerlərdə ki, vətən parçasıdır, düşmən tapdağından beş gündür, üç gündür, bir gündür qurtulub, doğma övladlarının nəfəsi ilə canlanıb, payızın bu soyuq axşamında yaz həniri toxunubmuş kimi həyata dönmək, çəmənli-çiçəkli xalıya çevrilmək istəyir əsgərlərimizin ayaqları altına sərilərək. O yerlərdə ki, bir gün mən addımlayacağam Günəşin, Ayın altında, şeirlər, hekayələr, romanlar hopacaq ruhuma, gündəliklər yazacağam yenə. O əsgərlər ən yaxşı oxucularım olacaq o zaman, o əsgərlər ən gözəl qızlar üçün alacaqlar kitablarımı, o əsgərlər o qızlarla bir yerdə öyrənib biləcəklər o kitabların ən sevimli qəhrəmanları olduqlarını. O əsgərlər gülümsəyib kövrələcəklər bəlkə də... mənsə hiss edəcəyəm o təbəssümü də, o qüssəni də, bu dünyanın harasında oluramsa olum.

Bu gün müharibənin beşinci günüdür və ordumuz otuz ildən bəri bizi depressiyaya salan, bizə apatiya yaşadan, bizim hər birimizi ən sevimli işlərimizdən belə soyudub söndürən "20%-i işğal olunmuş" ifadəsini üzərimizdən götürür. Sanki otuz ildir ki, diri-diri qəbrə qoyulmuşduq, indi torpaq üstümüzdən təmizləndikcə nəfəs almağa başlayırıq, həyata dönürük biz də, eynən o yerlər kimi. Və mən bu yazını yazıram.

Və mən ilk gənclik illərimdə, ilk dəfə rəfiqəmlə sözləşib ön cəbhəyə getmək qərarı verdiyimiz anları xatırlayıram. On səkkiz-on doqquz yaşımız vardı və biz müharibədə olan yaşıdlarımızdan geri qalmaq istəmirdik. O vaxt ailələrimiz mane oldu, məni qapıdan, rəfiqəmi səngərdən qaytardılar. Amma müharibə yedi ömrümüzü, çeynəm-çeynəm elədi, güllə altında olsaq da, olmasaq da. Hamımızın! Bəs indi? İndi bu angedoniyanın ruhumu az qala intihara sürüklədiyi bir zamanda gəncliyimizi, ömrümüzün ən gözəl otuz ilini əlimizdən alan  müharibəyə meydan oxumaq, əsgərlərimizin yanında olmaq istəyi nədir belə? Silah soyuqluğu hiss edirəm ürəyimdə, əllərimin içində. Yazmaq istəyirəm bu hissi, hərf-hərf, söz-söz, cümlə-cümlə. Amma burada yox. Gündəliklərdə...

Bu gün müharibənin beşinci günüdür, saat 19.49-dur və mən beş gün sonra olacaq doğum günüm üçün Qələbə hədiyyəsi gözləyirəm. Heç vaxt heç kəsdən heç nəyi gözləmədiyim kimi... və bu yazını yazıram... yazıram ki, yazılana pozu olmasın.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!