Elnarə AKİMOVA
Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir"
J.Lakorder
Biz - uşaqlığı və gəncliyi müharibənin fəci yaşantıları içrə puç olan nəsilik. Hər açılan səhəri qanla qızaran 90-cı illərin o məşum reallıqlarından uzaqlaşdıqca yaralarımızın ruhən daha dərində olduğunu hər otən il daha dərindən hiss etdirdi. Bəlkə buna adekvat olan, içində böyük insan ağrısını və həqiqətini qoyub dərdlərimizi dünyaya bəyan edəcək ədəbiyyatımız ola bilmədi, yaranmadı, amma tarixi-etnik yaddaş, müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı bizə aşılanan "ulusu sevmək fənni" şüurumuzun, milli-mənəvi varlığımızın tərəqqi hərəkatında iştirak edib öz işini gördü. İndi böyük sevgi və coşğu ilə ön cəbhəyə döyüşə atılanları, vətənin ərazi bütövlüyü uğrunda can fəda etməyə hazır olanları gördükcə qürurlanmaya bilmirik. Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa müştaq olmaq demək! Dünyaya meydan oxumaq, "bir hilal uğruna" min dəfə ölüb doğulmaq demək!
Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 90-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyanın idarəçilik panteonunda çox şey, bəlkə də hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi "humanizm" oyunları, məzhəbçi müharibələr çeşidi kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.
Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala utopik və apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştə, dövləti təfəkkür və intellekt miqyasında ehtiva etdiyi gücün sözü idi ki, qəfil açılan sillə kimi boz üzlərə çırpıldı. Hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın önünə sərdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.
Alber Kamyu yazırdı ki, "yalnız azadlıq uğrunda ölməyin mənası var, çünki bu zaman insan inanır ki, o, təmamailə ölmür". İndi yalnız silah deyil, qələm də əsgərlərimizin əlindədir. Tarixi onlar yaradır. Son 30 ildə səbrimizə daş basıb gözlədiyimiz, dünya birliklərinin inadla susduğu Qarabağ kimi tarixi məsələnin həlli qəhrəman oğullarımızın qanı və canı bahasına yazılır. İşğalçı olmayan, haqqa və İlahi ədalətə tapınaraq azadlığı uğrunda döyüşə atılan əsgər hər zaman məğlubedilməzdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!