Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi... - Qurban Bayramov

Bir gün Pablo Nerudadan soruşurlar: "Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə də yer ayırardınızmı?" Pablo Nerudanın cavabı belə olub: "Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı."Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti...  Həmçinin Nazim Hikmətin "Ceviz ağacı" şeirini də bilməyən yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə sinonimə çevrilibdir...Bu şeirdə belə bir qoşa misra var: "  Ben bir ceviz ağacıyım Gülhane Parkında.  Ne sen bunun farkındasın, ne polis farkında." Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin "farkında" olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk şairi, yazıçı, ssenarist, dramaturq və ictimai xadim. Ləqəbi "Gözəl üzlü şair" və ya "Mavigözlü dev"dir. Əsərlərinin qadağan illərində Orxan Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
                        hasret ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. "Vətən fəryadı" adında ilk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər arasında da Sovetlər Birliyində yaşamışdı... "Günəşi içənlərin türküsü" adlanan  ilk kitabı da burada - Azərbaycanda, Bakıda nəşr edilmişdir. "Bakıya gəldim, dünyalar mənim oldu" deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir dünya bağışlayırdı. "Günəşi içənlərin türküsü" kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin və digər ünlü sənətkarların yaradıcılığında bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından  çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında  keçirmiş, 1950-ci ildən yenidən Moskvaya getmişdir. Nazimə görə bu həbsxana da belə xoşbəxt olaraq məşhurlaşmışdır... 3 iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş, ölümündən iki il sonra - 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır... 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə "Ədəbiyyat qəzeti"ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi "Kərəm kimi" mükəmməl əsərin müəlifi  Anarın "Zəfərin mübarək, Nazim" məqaləsi ilə qeyd edilmişdir.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Mahir pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə şairi "Türk şeirinin Prometeyi" adlandırmışdır. Müxtəlif vaxtlarda  onu "Nazim Hikmət qalaktikası", "Dünya poeziyasının türk şahzadəsi", "Şeir inqilabçısı - Nazim Hikmət", "Dühanın tənhalığı", "Türk sərbəst şeirinin banisi" təşbihləri ilə vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin "Mavi gözlü dev" adlandırdığı Nazimi "Nazim Hikmətov", "Kommunist Don Kixot" adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: "Bu o Nazim Hikmətdir ki,
Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!"
Azərbaycan ədəbi mühitində fövqəladə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə gözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir...  Nazim Hikmətin "Otuz ildən sonra" adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb, orada bu misra keçir: "Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu".
İndi 2017-ci ildir, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət "Ceviz ağacı"nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. "Ceviz ağacı"nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və "Rənglər" silsiləsi şeirlərinin birində "Üfüqdə göy gözlərin sarı həsrəti" deyərkən Nazim Hikmətin həsrətini nəzərdə tuturdu... Və bu həsrət "Ceviz ağacı" şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır...
Nazim Hikmət haqqında Azərbaycanda yazılan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin "Ceviz ağacı" essesi bizi bu  sətirləri yazmağa vadar elədi...
Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı... Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir... Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: "...O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. - Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, - deyirəm, - bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda - Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə..., Rusiyada - Sergey Yesenin, Braziliyada - Jorj Amadu... Səməd Vurğunun misralarını xatırlayıram: "Nazim də ucaltsın haqqın səsini / Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini" Qavalos Romadan, Siya-U Çindən... XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir."
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse janrında yazılmış və nazimşünaslıqda "gizli" qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir...
Hamıya məlumdur ki, Nazim Hikmətin "Ceviz ağacı" şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta belə bir əfsanə də uydurulubdur: "Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm.  Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır."  Əlbəttə, bu "Ceviz ağacı" şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstanbula düşən elə bir "Nazim sevdalı" ziyalımız, yazıçımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin ceviz ağacını aramasın...
… Gülhanə parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı bildiyindən özünü Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında  bir ceviz ağacı kimi təqdim edibdir. "Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…" - deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən  mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim "Sen" ifadəsini də sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına, istanbullulara xitab edibdir...
Hidayət müəllimin "Ceviz ağacı" essesinin ədəbi-estetik mahiyyəti də bu gerçəyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də Gülhanə parkında Nazim Hikmətin ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşayiət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər...
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: "...Əvvəlcə Topqapı muzeyində sehirlənirəm. ...Topxananın sehirlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında."
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb...Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -"Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi..."  Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
"Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez..."
"Ceviz ağacı" şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim "farkında" olmayıbdır ki, bu ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində ceviz ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni qollara çevrilmiş yüz-yüz budağıyla qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır) yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir... Olmayanı oları etməkdir! Hidayət müəllimin "Ceviz ağacı" essesi mənim hisslərimdə bu kodun açarına çevrildi... Düyünləri açdı...
Müəllifin - Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyə edirdi və inandım... Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhanə parkında heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı əkdi...  Nazim Hikmət fiziksəl olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən Gülhanədə ceviz ağacına dönüb əbədən öz yerini tutdu... O, bütün şeirlərində "Qübbəli, çinarlı bir mavi liman" axtarsa da, yenə də Gülhanədə, Türkiyənin ürəyi İstanbulun ürəyində Ceviz ağaçı olaraq ucaldı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!