Gil kitab - Günel Eyvazlı - Günel EYVAZLI

Oljas Süleymanovun "Gil kitab"ı haqqında...

Günel EYVAZLI

 

Hələ illər öncə oxumuşdum bu kitabı. Təsadüfən əlimə keçmişdi. Universitet tələbəsi idim. Ənənəvi kitablar oxuyurdum, hamı kimi. Yəni məktəblərin cəmiyyətə təhvil verdiyi adi tələbə idim. Postmodernist ədəbiyyat nümunələri ilə tanış deyildim. Realist mətnlər, həyati mətnlər çəkirdi diqqətimi.  Sadə şeirlər yazırdım. Ara-sıra bəzi jurnal və dərgilərdə yazılarım çap olunurdu.

"Gil kitab"

İsa Muğannanın kitablar haqqında söylədiyi kimi, məhz bu andan (ikinci kurs tələbəsi olan mən), vacibli kitablar mistik çağırışla qədəm qoyurdu əllərimə. Sanki rəflərə yaxınlaşırdım, milyon kitablar arasından lazımlılar mənə boylanırdı. Bəli, mistik qüvvənin varlığına şübhəm yoxdur. Bəlkə də Faustun bütün düşüncələrini alt-üst edən dərgahdan peyda olunan ruh kimi "nə isə" mövcud idi həyatımda. Bəlkə də təsadüfən hansısa mistik dairənin içindən keçmişdim. O, "nə isə"nin səsi gəlməsə də, diktəsi birmənalı şəkildə həyatımda böyük rola malik idi. Yəni mən indiki qədər miflərdən, dinlərdən, böyük əsərlərdən xəbərdar deyildim. Birdən-birə bu əsər məni necə ovsunlaya bilərdi? Bunu özüm üçün açıqlaya bilmirəm.

Qəribə mətn idi. Ardıcıllıq strukturuna öyrənmiş bir insan üçün bu qarmaqarışıqlıqdan baş açmaq olduqca qəliz idi. Həm də əsərin birbaşa mənbəyi olan "Bilqamıs"dan xəbərsiz idim. Axı dönə-dönə təkrarlayırıq, çoxlarına bunu məsləhət bilirik, elə kitablar var ki, onları hazırlıqsız oxumaq mümkün deyil, söyləyirik. Bəs ilk abzasdan mənim diqqətimi özündə cəmləyən nə idi?

Dəfələrlə oxunması vacib sayılan dini kitablar kimi, mən də "Gil kitab"ı dəfələrlə oxudum. Bəlkə də qaranlıq məqamlar qaldığından oxuyurdum, bəlkə də nələrisə tam anlamamışdım. Bir kitabı beş dəfə oxumaq nə deməkdir? Sevgidirmi, yenidən ona qayıdış tələb edir. Nədir bu bağlılığın adı?

Azərbaycanda Oljas Süleymenovun bir çox əsərləri ilə oxucular tanışdır. Bəli, çoxlarının söylədiyi kimi, o, həm də daha çox alim idi, tədqiqatçı idi. Əslində, bu tədqiqatçılıq metodikasını, bu məna, çalar qazıntısını bir çox böyük yazıçıların əsərlərində görürük. Umberto Ekonun, Koelyonun əsərlərinin daxilində də müəllif tədqiqatı, axtarışları var. Eləcə də ustad Kamal Abdullanın əsərlərində bu tədqiqatçılıq mövcuddur.  Bu tip əsərlərə paralel olaraq iki rakursdan - elmilik və bədiilik mövqeyindən baxmaq tələb olunur. Hər iki qüvvə - biri digərinin daxilində elə gözəl inkişaf edir ki,  əsərin bədiilik kontekstindən çıxıb elmiliyə doğru getmirsən. Bərabər olaraq onları beyin mexanizmində həzm edirsən. Öyrənərək oxuyursan. Dahilik fəlsəfəsindən məst olursan. Məhz bu tip əsərləri oxuyanda giriftar olduğum heyrət titrəməsindən göz yaşı tökürəm. Necə ki, Bulqakovun "Master və Marqarita"sının son abzasını da bitirib vəyh, heyrət titrəməsindən hönkür-hönkür ağlamışdım.

Oljas Süleymenovun qədim dilin kodunda yazdığı mükəmməl "Gil kitab"ı da dünya tərəzisi üzərində dahilik qolundadır. Əsərin girişindən sonuna qədər hər bənddə elmilik ildırımı ilə vurulursan. Dediklərim pafosla əhatələnmiş cümlələr deyil. Həqiqətdir. Yandırıcı elmilik qamçısı əsərin sonuna yetişənə qədər oxucunun beyninə çırpılır. Hələ üstəlik, mif və əsatirlərdən, tarixdən, qədim skiflərin həyatından xəbərdarsansa, əsər növbəti, görünməz qatların pərdəsini gözlərin önündə açır. Faustun otağında peyda olan Ruh kimi cənab Süleymenovun da qəhrəmanları bu gözəgörünməz varlıq ilə rastlaşır. Kitabın daxilində sıralanan müxtəlif adlı başlıqlar əvvəldən sona qədər yaddaşın unudulmuş qatını qazımağa, öyrəndiklərinə, bildiklərinə həm də başqa rakursdan baxmağa dəvət edir. Yox, dəvət etmir. Əminliklə hər şeyi oxucuya söyləyir, "niyə"sini, "nə üçün"ünü anlatmağa çalışır. Ötüb keçmiş, keçmişləşmiş köçərilik, qəhrəmanlıq ruhunun ölməsinin səbəblərini əlaqələndirməyi qarşısına məqsəd qoyur.

Əsər sovetlərin əhaliyə dinc görünən, zahirən hər şeyin olduqca asudə, rahat olan bir zamanında qələmə alınmışdı. Bəs bir yazıçı qəlbi niyə bu qədər narahat idi?

Əsər sanki indiki dövrümüzün real mənzərəsini özündə canlandırıb. 1969-cu ildən gələcəyin 2017-ci ili necə belə aydın, şəffaf görünə bilərdi? Yəni doğrudanmı yazıçılar həm də öncəgör telepatik qabiliyyətinə malikdirlər?

Yatmış cəmiyyətin dünyada yarıyuxulu, xaotik hərəkəti, milyonlar içində bir nəfərin əsrdə bir dəfə qəflətən oyanışı. İnsanlar arasında ölülər və dirilər gerçəkliyinin əcaib izahı. Bir zamanların gil lövhələri üzərinə həvəslə yazılmış tarix yaddaşının sonralar unudulması. Tarixinə qarşı olan biganəlik xəstəliyi. Varlığında daşıdığın, hal-hazırda ölmüş kişi ruhu. Gələcəyin insanına ötürülən "heç nə"lərin izahı insanı mat edir.

Qeyd: (Əsər dilimizə çevrilib. Əsərlə elə öz dilimizdə tanış olmuşdum. Kitab əlimdə olmamağından onunla növbəti görüşüm rus dilində gerçəkləşdi. Əsəri rahatlıqla Rusiya saytlarından PDF şəklində tapıb oxumaq mümkündür. Təəssüf ki, bizdə bu sahə hələ də axsayır).

Sarı Kene xan uca bir təpədən öz qandaşlarına səslənir. "Yad qadınları özünüzə yaxın buraxmayın. Onlar sizə uşaq doğmasınlar. Düşməniniz özünüzə bənzər olmasın. Yadellilərin də məqsədi budur: Dünyaya skif surətində ağalıq etsinlər. Necə ki, əsirlikdə olanda mənim də yanıma dəstə-dəstə hökmdar qızları gətirilirdi. Elə bu məqsədlə".

Əsərin qəhrəmanı xan İşpakay isə ehtirasının, hisslərinin quluna çevrilir. Assuriya məbədində könül əyləndirən əxlaqsızın, Şamxatın bədən həbsxanasında başını itirir. O, həmin Şamxatdır ki, əsrlər öncə "Bilqamıs" dastanında Enkidunu cəngəllik vəhşisindən insana çevirmişdi. O, həmin Şamxat idi ki, ona arvad olmaq üçün dil tökürdü, yalvarırdı. Enkidu isə ona yava (əxlaqsız) deyərək rədd edirdi. Sonra isə o, Şamxatı himayə edən ilahənin  qəzəbinə tuş gəlmişdi.

Budur, həmin Şamxat yenidən doğulub. Həmin yava qadın indi İşpakayı, ona dəyərli olan nəsnələrdən vaz keçməyə dəvət edir. Hə, Tanrını rədd elə. İşpakay çıxılmaz vəziyyətdədir. Vardı, indi yox olsun Tanrı. Gözəgörünməz qüvvə bu imtinanı görüb İşpakayın üzünə tüpürür. Sonra fars ol, tələb olunur İşpakaydan. Hər şeyindən, dəyərlərindən əl çəkərək, "heç ol" yəni. Yox ol, deyilir ona.

Eyni titrəyişi növbəti narahat bir dövrdə poeziya dilində, məzlumlar əhatəsində, vaxtilə qılıncının, atının olmasıyla fəxr edən, Koroğlunu, nə bilim kimi, kimi misal gətirənlərə, sonra vətəni didik-didik edənlərə, satanlara, elə satqınlara, qorxaq düşüncəsində doğulanlara, qorxaq düşüncə ilə tərbiyələnənlərə  səslənir Azərbaycan şairinin səsi. Xəlil Rza Ulutürk qiyafəsində Sarı Kene ürək dağlayan nidası ilə keçmişdən boylanıb bizi ittiham edir:

 

İstər böylə getsə... Böylə getməsin.

Getsə, bu gedişi boğacağam mən.

Bütün Azərbaycan övladlarını

Öz kişi bətnimdən doğacağam mən.

 

Zefsin başından doğan Afina Pallada kimi qadınlara ehtiyac olduğu halda, həmin qadınlar ər kişiləri doğacaq olduğu halda, elə bu əsərdəki kimi Şamxatlar öz yatağını xanlarla bölüşür. Eyş-işrətə başı qarışan bəyzadələr öncə hissə-hissə özünü, sonra nəslini, inancını, varlığını, torpağını, hər şeyini itirəcək. Yaşasın, kef, deyəcək. Sonra isə məğlubiyyətini başa düşəcək. 

 

Rumlu arvadlarına özümüzdən verib,

Qoca dönəcəyik yurd yerimizə.

Döyüşlər uşaq davası olacaq.

Arxlara çevriləcək dağ çaylarımız.

 

Əsəri həyəcansız oxumaq mümkün deyil. Kardioqramma xətləri kimi mətndə yüngül nəfəs enişi, sonra isə hiddət, hiddət, təəssüf, qışqırtı, kişi silləsi oxucunu vurur. Müəllif izahları, toponomik, tarixi, etimoloji açılışları da unutmur. Dünya xəritəsində zolaqlanan çayların, dağların türk adlılığını bizim üçün açıqlayır. Dünyanın coğrafi adların türk ünsürlü olmasını bizə izah etməklə vaxtilə fəthin qanadı altına salınmış böyüklüyün, qüdrətin varlığından bizi xəbərdar etmək istəyir. Həm də hanı sənin indiki böyüklüyün, deyib də bizi ittiham edir. Hanı?

Sonra isə müəllif döyüşü təsvir edib son anda "Tarix zəifləri yox, cəsurları yadında saxlayır" sözlərini xatırlayan xan İşpakaya, artıq gecdir, çox gecdir, söyləyir. Deşilmiş qarın boşluğundan iç-içalatı tökülən xanın son mənzilə yola salınma ritualının mənzərəsini təxəyyülümüzdə canlandırır. Bizi sözlərlə xanın yeraltı sərdabəsinə salıb ani olaraq qəbir qaranlığını hiss etməyimiz üçün bütün real təsvirlərdən - xanın döyüş atlarının öldürülməsindən tutmuş qadınının onun yanında uzanıb can verməsinə qədər bütün təsvirlərdən istifadə edir. Və istəyinə nail olur.

Bu böyüklükdə haqq-hesabdan sonra, bu həcmdə dəfndən sonra, elə bil acı faktı sifətimizə çırpır ki, cənab Süleymanov qarşısında acız bəndə kimi, gücsüz halda diz çökürsən. Döyüşü uduzan əsgər kimi qılıncını yerə atırsan. Bütün başıboş düşüncə sahiblərinin əvəzinə başının bədənindən ayrılmasını cənab müəllifdən xahiş edirsən. Əlbəttə ki, o, öldürməz səni. Sadəcə ibadət elə, söyləyər. Bəlkə də söyləməz, özün belə bir nəticəyə gələrsən. Ədəbiyyatın yazıçı Allahları qarşısında əbədi olaraq səcdəyə getməkdən qürur duyarsan.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!