Azərbaycanda milli ideologiyanın formalaşmasında, eləcə də ədəbiyyatşünaslıq elminin yaranmasında misilsiz xidmətləri olan Firidun bəy Köçərli Qori Müəllimlər Seminariyasını bitirəndən sonra 1885-ci ildən 1890-cı ilədək İrəvanda yaşamış, burada fəaliyyət göstərən gimnaziyada Azərbaycan dili, şəriət və hüsnxət müəllimi işləmiş, eyni zamanda gimnaziya pansionatının tərbiyə işləri müdirinin - mürəbbisinin köməkçisi olmuşdur. İrəvanda yaşadığı beş il ərzində buranın qabaqcıl düşüncəli insanları ilə ünsiyyət saxlayan, mədəni və ictimai həyatında fəal iştirak edən Firidun bəyin yaxın dostları arasında əslən Cənubi Azərbaycandan olan Mirzə Kazım Qazi Əsgərzadə də var idi.
Firidun bəyin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında İrəvan ədəbi mühiti barədə yığcam məlumatla yanaşı, Mirzə Kazım haqqında da ayrıca oçerk verilmiş, yazıda onun pedaqoji fəaliyyətinə, bədii yaradıcılığına xüsusi diqqət yetirilmişdir.
Firidun bəyin həmin oçerkdə nümunə kimi gətirdiyi və təhlil etdiyi bir uşaq şeiri isə XIX əsr Azərbaycan poeziyasında gedən prosesləri izləmək baxımından mənim marağımı daha çox cəlb edir. Üçcildlik "Azərbaycan uşaq ədəbiyyatı antologiyası"ndan kənarda qalmış (antologiyanın ilk cildindəki mətnlərin əksəriyyətinin böyük "böyük ədəbiyyatı" nümunələri olmasına rəğmən!) bu şeir, bizə elə gəlir ki, Azərbaycan uşaq ədəbiyyatı tarixində müstəsna əhəmiyyət daşıyır: bədii fikrin təkamülü baxımından təməl, başlanğıc rolu oynayır.
Bu şeirin yaranması dövlət qulluğundan imtina edib ömrünü uşaqların təlim və tərbiyəsinə həsr edən Mirzə Kazımın müəllimlik fəaliyyəti ilə bağlı idi. Firidun bəy onun fanatik bir müəllim olduğunu göstərirdi: "Mirzə Kazım bəy cənabları ilə biz yaxın aşina idik və tez-tez onunla görüşüb, təlim və tədris məsələlərindən bəhs və söhbət edərdik. Mərhumun təlim və tədris məsələlərindən səva fikrü zikri yox idi".
Firidun bəyin qeydlərindən belə məlum olur ki, İrəvanda yeni üsullu məktəb açmış Mirzə Kazım o dövrün müasir rus təhsil sistemi, gimnaziyanın təlim metodları ilə tanış olmaq üçün daim səy göstərir, gimnaziyanın müdirindən icazə alaraq hazırlıq sinfinin müəllimi Çistyakovun (Firidun bəy onu "qabil və mahir müəllim" kimi səciyyələndirir) dərslərində dinləyici kimi iştirak edirmiş, onların arasında ailəvi gediş-gəliş var imiş.
O da maraqlıdır ki, Mirzə Kazım "Sərfü nəhfi-farsi" - "Fars dilinin qrammatikası" adlı kitab da yazıb. Ümumiyyətlə, mənim üçün paradoks kimi görünən məsələlərdən biri budur ki, hələ 1928-ci ildə Rusiya imperatorunun fərmanı ilə təsdiq edilmiş Qafqaz məktəbləri haqqında birinci əsasnamədə müsəlmanlar üçün yerli dil kimi Azərbaycan dilinin tədrisi göstərilsə də, əsrin əvvəlində Abbasqulu ağa Bakıxanov (onun özü yazırdı ki, "Qanuni-Qüdsi" kitabı rus məktəblərində "yerli dil" dərsliyi kimi istifadə edilib), əsrin sonunda isə Mirzə İsmayıl Qasir fars dili dərsliyi yaratmışdılar. Onu da qeyd edək ki, kitabların adlarına ("Qanuni-Qüdsi"// "Qanuni-Qasir") əsasən, Qasirin sövti üsulda hazırladığı dərsliyin Abbasqulu ağanın dərsliyinin nümunəsi əsasında yazıldığı mülahizəsini irəli sürmək mümkündür.
Bir fikri burada yenidən təkrar etməyi zəruri sayıram ki, dünyanın sənaye inqilabı yaşadığı XIX əsrdə bizim üçün zamanı ləngidən amillərdən biri də ziyalılarımızın ana dili ilə fars dili, eləcə də milli bədii düşüncə ilə Şərq klassikası arasında vurnuxmaları idi.
Mirzə Kazımın gimnaziyadakı tədris prosesi ilə yaxından maraqlanması, dərslərdə iştirak etməsi, Firidun bəylə, eləcə də rus pedaqoqlar ilə dostluğu bəhrəsiz qalmadı. Yenə Firidun bəyin qeydlərinə əsasən, Mirzə Kazım məktəblilərə tədris etmək üçün türk dilində nəsr və nəzm ilə bir oxu kitabı tərtib etmişdi. Həmin kitabın "mündəricatı isə xırda-para hekayətlərdən, nağıllardan və düzgülərdən ibarət idi. Düzgülərin çoxusunu Mirzə Kazım özü yazmışdı. Bu düzgülər uşaqlar ağızda söylədiyi "Üşüdüm ha üşüdüm, dağdan alma daşıdım" vəzn və bəhrində tərtib olunmuş mənən bir-birinə münasibəti olmayan sözlərə bənzəyir. Mirzə Kazımın bu düzgüləri yazmaqdan qəsdi uşaqları oxumağa həvəsləndirmək idi...".
Ay afərin, gül oğlum,
Gül oğlum, bülbül oğlum.
Dərsin oxu, rəvanla,
Sonra danış, gül, oğlum!
Gedirdim harda gördüm,
Guya divarda gördüm.
Evdə siçan çox idi,
Pişik evdə yox idi.
Siçan çıxdı divara,
Əynində xaki xara.
Azərbaycan folklorundan təbdil olunmuş bu şeir XIX əsrdə böyük pedaqoq Uşinskinin təlim metodunun bədii sözdə əks-sədası baxımından olduqca maraqlıdır. İlk nəşri 1882-ci ilə aid "Vətən dili" dərsliyində (kitabın birinci hissəsinin müəllifi Aleksey Çernyayevski idi, ikinci hissəsini isə o, Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışdı) şeir mətnlərinin dilinin, üslubunun hələ uşaq düşüncəsi ilə "dil tapa" bilmədiyinin şahidi oluruq. Bu kitabdakı şeir parçaları şeirimiz üçün yeni məzmun təklif etsə də, uşaq dilində deyil, klassik poeziyanın dilində danışırdı. Şeir mətnləri öz yaddaş başlanğıcını tapa bilməmişdi. Ona görə də, hətta rus dilindən tərcümə edilmiş mətnlər də divan ədəbiyyatının poetik sisteminin "nəzarəti" altında idi.
Bu da qeyd edilməlidir ki, uşaq oxu mətnlərinin folklora münasibəti 1870-ci illərdə artıq mədəni həyatın gündəliyinə gətirilmişdi. Bunu yeni üsullu məktəb üçün dərslik yazmaq təşəbbüsündə olan Seyid Əzim Şirvaninin təcrübəsində daha aydın görürük. Seyid Əzim ad çəkməsə də, "Rəbiül-ətfal"ın girişində ondan dərslik mətnlərini dastanlar əsasında yazmağı tələb edənlərin olduğunu göstərirdi. Şair bu tələbə ironiya ilə yanaşır, adlarını çəkmədiyi müasirlərinin məsləhətlərinə rişxənd edirdi. Böyük şairin şikayətinin məğzini bu təşkil edirdi ki, "aləmdə sözünün yadigar qalması, hər diyara sovqat olması" üçün ona "Güləndam", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanlarını nəzmə çəkməyi məsləhət görürlər:
Nəzm qıl "Qisseyi-Güləndam"i,
Eylə məlum eşqi-Bəhrami.
Kərəmin Əsli ilə yaz vəslin,
Kəşf qıl Əsli xanımın əslin.
De "Koroğlu", cahanı canə gətir,
Qıratın vəsfini bəyanə gətir.
Söylə nəqli-Qəribdən hərdəm -
Ki, onun yarı idi Şahsənəm.
Eşidənlər kəlamın olsun şad,
Söyləsinlər ki, mərhəba, ustad!
Seyid Əzimin uşaqlar üçün yazdığı mətnlər isə, hər şeydən öncə, o dövrün müasir məktəb anlayışları ilə ziddiyyət təşkil edirdi (bu barədə "Uşaqların baharı, yaxud klassik üslubun payızı" adlı məqaləmdə geniş bəhs etmişəm) və bu ziddiyyətin aradan qaldırılması XX əsrə qədər təxirə salınmalı oldu. Bu mənada, Mirzə Kazımın dərslik yaratmaq təşəbbüsü (təəssüflər olsun ki, həmin dərslik əlimizdə yoxdur), uşaqların oxuması üçün seçdiyi mətnləri milli yaddaşdan, folklordan götürməsi və milli yaddaş üstündə yeni söz deməyə çalışması sözün zamanına ayaq uydurmaq cəhdi idi.
Mirzə Kazımın düzgüsündə "Vətən dili" mətnləri ilə səsləşən motivlər nəzərdən qaçmır. O vaxtın populyar uşaq mətnlərindən biri İ.Krılovun "Tülkü və üzüm" təmsili idi. Düzgüdə bu motivi seçmək mümkündür:
Tülkü giribdir bağa,
Hanı bəs bağban ağa?
Tülkü yedi üzümü,
Eşitmədi sözümü.
Düzgüdə xalq yaddaşından gələn elə motivlər də var ki, bunlar ədəbiyyatın gələcəyində əks-səda verəcəkdi. Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının şedevrlərindən olan "Tıq-tıq xanım"ı ilə Mirzə Kazımın düzgüsü arasında assosiasiya, məncə, təsadüfi səciyyə daşımır:
Pıspısa sürmə çəkdi,
Çarqatın əyri bükdü...
Uşinskinin kitabı əsasında keçilən dərslər, eləcə də Azərbaycan dili üçün fərqli hadisə olan "Vətən dili" bədii düşüncəyə "Vokruq da okolo" - "Böyür-başda olanlar" yanaşması gətirirdi. Azərbaycan ədəbiyyatının ənənəvi yanaşması ilə yeni yanaşmanın ən mühüm fərqini də bunda axtarmaq lazım gəlir.
Azərbaycan şeir düşüncəsində "sözün qiyamına" başçılıq edən və Kazım ağa kimi yeni üsullu məktəbdə müəllim işləyən Mirzə İsmayıl Qasir məktəbdən danışan bir şeirində məktəbin mənzərəsini əks etdirməyə çalışmışdı:
Bir yanda edir mədrəsə küncündə ibadət,
Şol firqeyi-tüllab.
Gahi zərəbə yəzribu, gəh bəhsi-qiraət,
Gəh məbhəsi-əbvab.
Şövqilə hamı badeyi-ləbriz edib adət,
İçməkliyə tüllab.
Gah şe'rü qəzəldən, gəhi söyləllə hekayət,
Cümlə oldu bitab.
Şurilə oxurlar hamısı ayeyi-cənnət,
Təzvir olu nayab.
Bir yanda müəllimlər oxur ayeyi-Qur'an,
Ya hikmətü qanun.
Mirzə İsmayılın təqdim etdiyi məktəb mühiti real həyat müşahidəsindən daha çox, şeirin yaddaşından, bədii sözün "avtomatlaşmış" ənənələrindən gəlirdi. Uşaqlara, son nəticədə isə Azərbaycan dilinə elə mətnlər təklif edilməli idi ki, həmin mətnlər uşaqların ətrafında baş verənləri, onların özlərinin hər gün gördüklərini, yaşadıqlarını, düşündüklərini əks etdirsin. Bu, yalnız "uşaq ədəbiyyatı" məsələsi deyildi, bədii sözün məzmununda, janrında və üslubunda köklü dəyişiklik tələb edən ciddi estetik tələb idi. Mirzə Kazımın düzgüsündə diqqət çəkən məqamlardan biri də onun məhz bu tələbə reaksiyasıdır. Düzgünün mətnində yalnız pedaqoji tərbiyənin tələblərinə nə dərəcədə əməl edildiyini deyil, həm də dilin poetik sistemindəki fərqliliyi müşahidə etmək maraqlıdır. Şeirdə milli yaddaşdan süzülən poetik texnologiya "oxuduğunu anlayan" məktəblinin və onu əhatə edən ətrafın obrazını yaratmağa xidmət edir.
Oğlum gedər məktəbə,
Oxur, çatar mətləbə.
Mənim oğlum candı, can,
Dərslərin oxur rəvan.
Gümüşdəndir dəvatı,
Qələmi var beş-altı.
Qələmdanı şəkilli,
Qələmi xallı-milli.
Dəftəri var tər-təmiz
Kitabı onda əziz.
Kağızları rəngbərəng,
Oğlum, gətir yaz görək...
Bəlkə də, ilk baxışda o qədər də əhəmiyyətli görünməyən (ən azından "Uşaq ədəbiyyatı antologiyası" tərtibçilərinin diqqətindən kənarda qalan) bu düzgü Azərbaycan ədəbiyyatına yeni estetik sistem təklif edirdi. Biz bu estetik sistemi XX əsrin ilk illərində uşaqlar üçün yazılan mətnlərdə aydın görürük.
Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nda Mirzə Kazım barədə oçerkdə bu düzgüyə geniş yer verməsini, eləcə də bu mətni xırda dəyişikliklərlə 1912-ci ildə tərtib etdiyi "Balalara hədiyyə" kitabına salmasını da təsadüf kimi qiymətləndirmək düzgün olmazdı. Bu düzgü uşaq şeirinin ilk uğurlu dərslərindən idi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!