"Ermiş", "Deli" ve "Gezgin" kimi gözəl kitabların müəllifi Halil Cibran bir yerdə belə yazır: "Dünən bu günün yaddaşı, sabah bu günün xəyalıdır".
Əlbəttə ki, şair haqlıdır. Dünənlə bu gün arasındakı duyğu əlaqəsi sabahın xəyallarını da yaradacaqdır.
Prof. Tofiq Məliklinin "Suyu axtaran adam" kitabını oxuyanda xəyalımda keçmişlə bu gün arasında paralellik yaratmağa çalışdım. Bəzən özümü yazıçı yerinə qoyurdum, bəzən də müəlliflə gəzib söhbət etdiyi insanlarla danışırdım.
Tofiq Məlikli xatirələrinə özü, ailəsi və doğulduğu yerlər haqqında danışmaqla başlayır. İnsanın keçmişi onun gələcək şəxsiyyətində böyük rol oynayır. Bu səbəbdən doğulduğu tarixi Gəncə şəhəri və Gəncədəki ailələrin tarixi onun gələcəkdə də "milli kimliyi" olur. Uzun müddət Moskva kimi yabançı bir mühitdə yaşasa da, ürəyindəki bu kimliyi ilə özünü qoruya bilir. Hətta məktəb həyatında da ən böyük maneələri və çətinlikləri aşaraq bu şəxsiyyət ətrafında formalaşır. Orta məktəbi bitirdikdən sonra seçdiyi Şərq Dilləri fakültəsinin Türkologiya şöbəsinə qəbul olunan altı nəfərdən biri olması, bəlkə də, gələcəkdə formalaşacaq tarixi şüurunun taleyinin bir xətti idi.
Gəncədə başlayan sevgi və isti ailə ab-havası Bakıda davam etməsə də, orada görüşəcəyi Azərbaycanın ən böyük alimlərindən və ədəbiyyat tarixçilərindən olan Prof. Həmid Araslı, duruşu, düşüncəsi və həqiqi müdrikliyi ilə ona rəhbər olacaqdır. Gənc yaşlarında özünü sərbəst, inqilabi və bir az qayğısız kimi göstərsə də, onda dəyişməyən tək şey xalqının mədəniyyətinə və dəyərlərinə bağlılığıdır. Bu səmimi sədaqət hansı ölkəyə getməsindən asılı olmayaraq şəxsiyyətinə və fikri mövqeyinə fərqli bir məna verir. Ruslar, araplar, italyanlar onun ölkəsinin zəngin mədəniyyətini görərək şəxsinə hörmət göstərirlər.
Prof. Tofiq Məlikli fərqli yerlərdə və fərqli dövrlərdə yaşasa da, həmişə suyun mənbəyini axtarır. Suyun mənbəyini axtarmaq ağır məsuliyyət və böyük səylər tələb edən bir işdir. Həm ona ana, həm də nənə olan Dursun xanım 6-7 yaşına qədər Tofiq Məliklinin həyatında "suyun başında" olan şəxsdir. Ondan nağıllar, xalq mahnılarını dinləyir, yaxşılığı və həqiqəti öyrənir. 1920-ci ilin mayında başlayan Gəncə qiyamını yaşayan və ürəyində ağır ağrılar toplayan bu Türk xanımı Tofiq Məliklinin qəlbindəki ilk eşqdir. Bakıya anası ilə gedərkən ayrılığı və həsrəti Dursun xanımdan öyrəndiyini yazır:
"Yaxşı yadımdadır - mən Bakıya getmək istəmirdim, nənəmdən, geniş həyətimizdən, dostlarımdan, arxlı küçəmizdən ayrılmaq istəmirdim. Eyni zamanda, anamın yanında olmağı da çox arzulayırdım. 1948-ci ilin sonlarında anamla Bakıya gəldim və beləliklə, həyatımın yeni səhifəsi başladı".
İllər keçdikcə, duyğuları gücləndikcə həmişə o qısa uşaqlıq xatirələrini gündəmə gətirir və bunu kitabında çox poetik sözlərlə izah edir:
"Sağ tərəfində sərin kəhriz suyu axan arx və onun kənarındakı uca qovaq, çinar ağaçları, bir-birinin yanında səliqəylə tikilmiş sağlam həyət evləri küçəyə başqa gözəllik verirdi. Nənəmgilin geniş həyətində xurma, əncir, nar, alma kimi meyvə ağaçları, yayın istisində altında sərinləndiyimiz Təbrizi üzümü tənəyi, kərpic divarlarının qalınlığı bir metrdən çox olan və buna görə yayda sərin, qışda isti olan ev xatirələrimdə hələ də yaşamaqdadır".
Tofiq Məlikli kosmopolit bir şəhər olan Bakıya, anasının yanına gedir. Maşın və insan səsləri, dar evlər, izdihamlar ona tanımadığı yerdə olduğunu hiss etdirir. Bakıda məktəbə başlayanda şəhər mühitinə bir az alışır. Sovet İttifaqında ilahiləşdirilən Stalin bir müddət sonra vəfat edir. Stalin onun da ailəsinə çox zülm etmişdir. O, kitabında bir diktatorun necə ilahiləşdirildiyini gözəl bir nümunə ilə izah edir.
"1953-cü ilin martında anamla İmran dayımgildən evimizə qayıdarkən, Nizami bağının yaxınlığında ağacda asılmış qara dəyirmi radio reproduktorunu dinləyən bir qələbəlik gördük. Stalinin ağır xəstə olduğunu bildiyimizə görə biz də onlara yaxınlaşdıq. Məşhur diktor Levitan titrək və hüznlü səslə Stalinin öldüyünü bildirən məlumatı oxuyur, oradakı insanların bir çoxu da hönkür-hönkür ağlayırdı. Anam da onlara qoşulub ağlayır və "bizim halımız necə olacaq?" deyirdi. Mən də anamın sözlərindən etkilənərək qorxuya düşmüşdüm. Görəsən, Stalindən sonra dünyamı dağılacaq, yenidən müharibəmi başlayacaq, hər şey məhvmi olacaq?".
Əlbəttə ki, Stalinin ölümündən sonra ölkədə bəzi dəyişikliklər olur və insanlar bir qədər azadlıqdan istifadə etməyə başlayırlar. Tofiq Məliklinin valideynləri həkim olduqları üçün "ənənə"ni davam etdirmək əvəzinə, daxili səsini dinləyir və fərqli bir qol seçir. Türkiyə türkcəsinə, xüsusən ədəbiyyata olan marağı Nazim Hikmət, onu Şərq Dilləri fakültəsinin Türk dili sevgisinə yönəldir. O dövrdə Stalin terroru və qorxusu gözə çarpan şəkildə azalsa da, "Türk" və "Türkiyə" sözləri hələ də qorxuludur. Tofiq Məlikli bu təhlükəni qəbul edir, Hadi Mirzəzadə və Yusuf Ziya Şirvani kimi idealist müəllimlərin köməyi ilə Türk dili şöbəsinə daxil olur. Osmanlı tarixinin, Türk ədəbiyyatının gözəl bilicisi Yusuf Ziya 1937-ci ildə "pantürəst" kimi damğalanmış və Sibirdə 19 il sürgün və işgəncə ilə üzləşmişdır. Yusəs Şirvani 1956-cı ildə bəraət alır və yenidən Bakıya qayıdır. O, Tofiq Məlikli kimi gəncləri Türk ədəbiyyatının və türk tarixinin gözəllikləri arasında gəzdirməyə davam edir.
O dövrdə Sovet İttifaqında Nazim Hikmət adı çəkiləndə Türkiyə ağla gəlir. Nazim Hikmət, xüsusən də Bakıda bir əfsanədir və şairin özü də orada olduğunda özünü Türkiyədəki kimi hiss edir. Orada Rəsul Rza, Süleyman Rüstəm və Mirzə İbrahimov kimi çox yaxın dostları var idi.
Tofiq Məlikli məzuniyyət tezi olaraq Nazim Hikmətin "Yaşamaq Gözəl Bir Şey, Qardaşım" romanını seçir. Nazim Hikmət 1962-ci ildə Bakıya gedəndə müəllimi Yusuf Ziya onu şairlə görüşmək üçün vağzala özüylə birlikdə aparır.
Nazim Hikmət həm dostlar arasındakı söhbətində, həm də Bakı Dövlət Universitetindəki çıxışında ana dilinin və ədəbiyyatın inkişafındakı rolunu vurğulayır bu da tələbələrin ana dillərinə daha diqqətli yanaşmalarına səbəb olur.
Türk, Türk ədəbiyyatı və Nazim Hikmət sevgisi Tofiq Məliklinin həyat yolunu təyin edir. Fakültənin müvəffəqiyyətli, çalışqan və həvəsli bir tələbəsi olaraq, onu Şərq Dilləri fakültəsində oxumaq üçün Moskvaya göndərirlər. Böyük şəhər və Sovet İttifaqının paytaxtı olan Moskva, bu gəncəli gəncin ümidlərini artırır və başqa dünyaların qapılarını onun üzünə açır.
Tofiq Məlikli zəhməti və işinə bağlılığı ilə dərhal Moskvada diqqəti cəlb edir. O dövrdə Moskvada Türk ədəbiyyatına dair kitablar yox kimidir. Hərdənbir gələn "Varlık" kimi jurnallar olsa da, türk ədəbiyyatının yenilikləri haqqında çox böyük bir sənəd və məlumat əldə etmək asan deyildir. Buna baxmayaraq, Tofiq Məlikli çətin yol seçir və Fazil Hüsnü Dağlarcanın şeirlərini Magistr tezisinin mövzusu olaraq seçir. "Varlık" jurnalına Dağlarca üçün bir məktub yazır. Əvvəlcə məktuba cavab ala bilmir, ikinci məktubu yazır. Bundan əlavə, lisans tezinin mövzusu "Varlık" jurnalında xəbər olaraq dərc edildikdən sonra həm Dağlarca, həm də Ataol Behramoğlu kimi digər yazıçı və şairlərdən məktub almağa başlayır. Türkiyə artıq onun həyatının hədəfi olmuşdur.
Bir-birinin ardınca Türk ədəbiyyatına dair kitablar nəşr etdirir. Bakıda Azərbaycan türkcəsində, Moskvada rus dilində türk şeirinin nümunələri böyük tirajla çap olunur. Sovet İttifaqına gedən Əziz Nesin kimi yazarlarla tanış olur və dostluq edir.
1974-cü ildə ilk dəfə "Arzu etdiyim ölkə" dediyi Türkiyəyə getmək imkanı da yaranır. İzmir Sərgisinə qatılan Sovet İttifaqı nümayəndələriylə Türkiyəyə gedir. Orada sənətçi Emel Sayınla görüşür. Elə həmin il Türk ordusu Kiprə girir. İzmirdə Türk xalqının Kiprlə bağlı coşqusunun şahidi olur.
Sovet İttifaqı ilə Türkiyə arasında 1976-cı ildən başlayaraq artan iqtisadi münasibətlər istiqamətində türk-rus tərcüməçi ehtiyacı ortaya çıxır. Tofiq Məlikli üzərində işlədiyi "Yeni Türk ədəbiyyatı" haqqında məlumat toplamaq üçün iş təklifini qəbul edir və Türkiyəyə gedir. Orada bir neçə ildə Türkiyə ilə Sovet İttifaqı arasındakı əlaqələrin şahidi olur.
Türk ədəbiyyatının ustaları Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamal, Orhan Kamal və Fazil Hüsnü Dağlarca onun xatirələrində böyük yer tutur. Nazim Hikmətin Moskvada övladlığa götürdüyü oğlu Əkbər Babayevin qısa və faciəli ömrü, Türkiyəyə getməyinin qadağan edilməsi, Nazim Hikmətin həyat yoldaşı Qalina və Vera ilə münasibətləri, Veranın vəfasızlığını Tofiq Məlikli çox axıcı bir şəkildə təsvir etmişdir:
"Orxan Kamalın "Əl Qızı" ("Fahişə") romanı "Broşennaya v bezdnu" adıyla ruscaya tərcümə olunmuş və böyük tirajla çap edilmişdi. 1971-ci ildə o, həyat yoldaşı Nuriyə xanımla bərabər Moskvada olanda, məndən şəhər metrosunu göstərməyimi xahiş etmişdi. Bir gün Orxan Kamal, Nuriyə xanım və mən metronun "Lenin kitabxanası" stansiyasına endik və Sokolnikiyə gedən qatara mindik. Günorta olduğundan vaqonda sərnişin az idi. Üçümüz də oturub söhbət edirdik. Birdən qarşıda oturan bir gənc qızın Orxan Kamalın romanını oxuduğunu gördüm.
"Orxan bəy, qarşımızda oturan qız Sizin romanınızı oxuyur", dediyimdə o gülümsəyərək:
"Zarafat etmə", - dedi.
Mən keçib o qızın yanına oturdum:
"Qarşınızda oturan bu incə bığlı adam oxuduğunuz kitabın yazarıdır. İstəyirsiniz, Sizi onunla tanış edim".
Gənc qız bir mənə, bir Orxan bəyə baxdı:
"Siz, görünür, tanış olmanın orijinal yolunu tapmısınız".
"Yox", - dedim. "O adam həqiqətən əlinizdə tutduğunuz kitabın müəllifidır, adı da Orxan Kamaldır, inanmırsınızsa, kitabın arxasındakı şəklə baxın".
Qız bir şəklə, bir Orxan bəyə baxıb durdu, daha sonra gedib Orxan bəyin yanında oturdu və kitabı imzalamasını xahiş etdi. Orxan Kamal kitabı vərəqlədikdən sonra imzalayıb qıza qaytardı və əsər haqqında onun fikrini öyrənmək istədi.
"Çox maraqlı əsərdir. Romanı yalnız mən deyil, çoxları bəyənir və oxuyur. Kitab satılıb qutardığından, onu oxumaq üçün rayon kitabxanasına getdim, ancaq istəyənlər çox olduğundan iki ay növbə gözləməli oldum. Üç-dörd günə kitabı oxuyub qaytarmalıyam", - dedi.
Gənc qız növbəti stansiyada bizə əl edib vaqondan çıxdı. Orxan bəy:
- "Tofiqciyim, bu sənin qurduğun oyun olmasın", dediyində mən:
- "İstəyirsiniz, elə buradan bir rayon kitabxanasına gedək, görək o qız doğrumu deyir?".
Bu sözdən sonra qonağımızın üzündə bir məmnunluq, təbəssüm peyda oldu. Bəlkə, o gün Orxan Kamal Sovet İttifaqı kimi bir ölkədə məşhur olmanın sevincini, qürurunu yaşayırdı".
Tofiq Məlikli kitabında ustad yazarımız Yaşar Kamalla birlikdə yaşadığı təhlükəli bir gəmi səyahətini belə izah edir:
"Keçən əsrin 80-ci illərinin başlarıydı. İstanbuldaydım. Bir axşam saat 10 radələrində qaldığım otelə zəng etdi və "tez aşağı düş, Anadolu yaxasına keçəcəyik", - dedi.
"Yaşar abi, bu saatdan sonra vapurlar, gəmilər də işləmir, ora necə keçəcəyik? - deyə soruşduğumda, (o vaxtlar Bosforun üstündən körpü yox idi!) o, bariton səsiylə: - Bu iş sənlik deyil, qarışma, tez düş aşağı", - dedi.
Holda bir dostuyla oturmuşdu. Maşına minib Boğazın kənarına gəldik. Bizi bir balıqçı öz qayığıyla gözləyirdi. Üçümüz də bu balaca qayığa mindik və qarşı tərəfə yollandıq. Yolu yarı etmişdik, gördük ki, üstümüzə nəhəng bir gəmi gəlir. Qayığın motoru zəif olduğundan, elə bil biz yerimizdə çapalayır, o nəhəng gəmi də əjdaha kimi bizi udmağa çalışırdı. Yaşar Kamal məni quçaqlayıb: "Qorxma, Hasan usta belə vəziyyətə min dəfə düşüb, o, işini bilir", - dedi. Doğrudan da, gəmi bizim 5 metr yaxınlığımızdan keçdi, ancaq onun qaldırdığı ləpələr bizim qayığı kibrit qutusu kimi atıb tuturdu...
Nəhayət, Anadolu yaxasına gəldik. Sahilə çıxarkən Yaşar Kamal bərkdən gülərək: - "Bilirsənmi nədən qorxurdum? Biz heç, sənə bir şey olsaydı, Sovet İttifaqı Türkiyəyə müharibə elan edərdi. Bunun səbəbkarı da bizim Hasan usta olardı", - dedi.
O gecə Yaşar abi sayəsində səhərə qədər davam edən unudulmaz bir ədəbi, musiqili, dost görüşünün şahidi və iştirakçısı oldum".
Prof. Tofiq Məlikli təkcə ədəbiyyatda deyil, xalqının ictimai və siyasi məsələlərində də öndə gedənlərdən biridir. Moskvadakı dostları ilə birlikdə qurduğu "Ocak" təşkilatı vasitəsilə Bakıdakı hadisələrin Rusiya ictimaiyyətinə və dünya mediasına çatdırılmasında mühüm rol oynayır və zaman-zaman böyük təhlükələrlə üzləşir.
Su axtarmaq və suyun mənbəyini tapmaq çox zəhmətli bir işdir. Tofiq Məlikli qələmi ilə su axtararkən bizi də özü ilə keçmişə aparır. Əlbəttə, keçmişə bir alimin gözü ilə baxmaq insanlara böyük təcrübələr qazandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!