Bir şeirin beş əks-sədası
Məti OSMANOĞLU
XIX əsrin sonlarına doğru Azərbaycanda rus ədəbiyyatına marağın fəallaşması daha çox məktəblə, pedaqoji sahədə fəaliyyət göstərən insanlar ilə əlaqədar idi. “Müəllim Məhəmmədhəsən bəy Əfəndiyev Puşkinin “Dubrovski” hekayəsini, Firidun bəy Köçərli “Balıqçı və qızıl balıq nağılı”nı, Əhməd bəy Cavanşir Lermontovun “Mıtsıri” poemasını, “Üç xurma ağacı”, “Terekin sovqatı”, Jukovskinin “Yay axşamı”, “Yatan çar qızı”, Əsgər ağa Adıgözəlov Gorani Lermontovun “Hava gəmisi” şeirlərini, Həsənəli xan Qaradaği və Rəşid bəy Əfəndiyev Krılovun seçilmiş təmsillərini, Soltan Məcid Qənizadə L.N.Tolstoyun “Əvvəlinci şərabçı” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi”. (F.Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: “Maarif” nəşriyyatı, 1974, səh. 436) Diqqətlə fikir verəndə burada adresat, əsasən, uşaq auditoriyası, yeni yetişməkdə olan nəsildir.
Bu prosesdə dərslik mətnlərinin yeri tamamilə fərqli idi və gələcəkdə ömürlərini ədəbiyyat yaratmağa həsr edəcək insanların bədii mətnlə bağlı ilkin təsəvvürlərinin formalaşmasında xüsusi rol oynayırdı. Məsələ, sadəcə, rus ədəbiyyatı materiallarının və ya “Rodnoye slovo”dakı bədii mətnlərin Azərbaycan dilinə tərcümə edilməsi, yaxud həmin əsərlərin iqtibas olunması, qarşılığının yaradılması ilə qapanıb qalmırdı. Burada janrın və üslubun bir dildən başqa dilə transformasiyası baş verməli idi (və ya verirdi). Rus dilindən tərcümə (və ya iqtibas) edilib Azərbaycan dilində səsləndirilən mətnlər bədii sözün gerçəkliyə münasibətinin, sözlə gerçəklik, mətnlə onun adresatı arasındakı baxış bucağının dəyişməsini təmin edirdi. Qasım bəy Zakirin təmsillərinin, mənzum hekayələrinin, demək olar ki, hamısında hadisələr “əyyami-sabiqədə” – keçmiş zamanda baş verir. “Rodnoye slovo” isə bədii düşüncəyə “Вокруг да около” – “Böyür-başda olanlar” yanaşması gətirirdi. Azərbaycan ədəbiyyatının ənənəvi yanaşması ilə yeni yanaşmanın ən mühüm fərqini də bunda axtarmaq lazım gəlir. Uşaqlara, son nəticədə isə Azərbaycan dilinə elə mətnlər təklif edilməli idi ki, həmin mətnlər uşaqların ətrafında baş verənləri, onların özlərinin hər gün gördüklərini, yaşadıqlarını, real düşüncələrini əks etdirsin. Bu artıq yalnız uşaq ədəbiyyatı məsələsi deyildi, bədii sözün məzmununda, janrında və üslubunda köklü dəyişiklik tələb edən ciddi hadisə idi.
Bu sahədə Həsənəliağa xan Qaradağinin Azərbaycan ədəbiyyatı tarixində müstəsna xidməti olmuşdur. H.Qaradaği “təhsilini rusca almasına baxmayaraq şəxsi mütaliə yolu ilə ərəb, fars dillərini də mükəmməl öyrənmişdir. "Məclisi-fəramüşan"ın fəal üzvlərindən olmuşdur. 1868-ci ildən başlayaraq uzun müddət müəllimlik etmişdir. Şuşada ilk dəfə parta və yazı taxtasından istifadə edərək dərs keçən Həsənəliağa olmuşdur. 1922-ci ildə uzunmüddətli müəllimlik fəaliyyətinə görə ona ömürlük təqaüd təyin edilmişdir”. (XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, 2005, səh. 348)
Bu qeydlərdən göründüyü kimi, Həsənəli ağa şair kimi divan ədəbiyyatının təmsilçisi idi. Onun divan ədəbiyyatı üslubunda yazdığı şeirlər forma mükəmməlliyi, dil, ifadə çevikliyi ilə diqqəti cəlb edir:
Fələyin bir belə dövrü olacağmış, nə bilim?
Saralıb bağü gülistan solacağmış, nə bilim?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?
Bitirib bağ salıb bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?..
Burada bədii dil kifayət qədər sərbəst, vəzn, qafiyə, rədif qaydasında, təsvir və ifadə vasitələri yerindədir. Bununla belə, şeirdə H.Qaradağinin bir şair kimi fərdiliyini, üslub orijinallığını, ədəbiyyata nə gətirdiyini, müəyyənləşdirmək çətindir. Bu baxımdan, belə hesab edirik ki, H.Qaradağinin “Vətən dili”ndə nəşr edilmiş həm orijinal şeirləri, həm də tərcümələri daha qiymətlidir və Azərbaycan ədəbiyyatı üçün yeni bir başlanğıcın təməlini təşkil edir. Dili və poetik üslubu, deyim tərzi hələ yonulub cilalanmamış bu mətnlərlə ədəbiyyatımız yeni bir mərhələyə qədəm qoyurdu.
H.Qaradağinin tərcümələrinin tipik nümunələrindən biri Uşinskinin “Rodnoye slovo” kitabındakı «Приглашение в школу» şeiridir (bəzi mənbələrdə şeirin Uşinskinin müasiri və dostu Lev Modzalevskiyə aid olduğu göstərilir):
Дети! В школу собирайтесь,
Петушок пропел давно!
Попроворней одевайтесь -
Смотрит солнышко в окно!
Человек, и зверь, и пташка -
Все берутся за дела;
С ношей тащится букашка,
За медком летит пчела.
Ясно поле, весел луг,
Лес проснулся и шумит,
Дятел носом тук да тук!
Звонко иволга кричит.
Рыбаки уж тянут сети,
На лугу коса звенит…
Помолясь, за книгу, дети!
Бог лениться не велит!
Şeir “Vətən dili”nin ikinci hissəsində H.Qaradağinin tərcüməsində belə verilmişdir:
Uşaqları məktəbə şövqləndirmək
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,
Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Gün çıxıbdır, qalxıbdır, xorus çoxdan banlıyır.
Tez geyinin, gün, xorus sizi tənbəl anlıyır.
Adam, xorus, yırtıcı – hamıları gedirlər
İş dalınca, hər biri durub bir şey edirlər.
Qənədli qarıncalar şələ çəkir, arılar
Bal çəkməyə gedirlər çiçəklərdən; hər nə var –
Çöllər çəmən olubdur, ayılıbdır meşələr,
Ağacdələn taqu-tuq eyliyibdir peşələr.
Hamı çaylar də axır, şırıldıyıban gedir,
Torçu balıq avlıyır, oraq biçir, səs edir.
Həmd eyliyin Allaha, dərs oxuyun, bəhs edin,
Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.
“Rodnoye slovo”dan götürülmüş mətnin 1888-ci ildə “Vətən dili” dərsliyinin ikinci hissəsində nəşr edilmiş ilk tərcüməsinin əks-sədası təxminən 20 il – 1907-ci ilə qədər davam etmiş, bu şeirə müxtəlif səviyyələrdə qayıdışlar olmuşdur. Bu fakt Azərbaycan dilində rus ədəbiyyatından qaynaqlanan yeni poetik məzmunun və üslubun “milliləşməsi” prosesini izləmək üçün son dərəcə əhəmiyyətlidir.
«Приглашение в школу» şeirinin sonradan Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir və Abbas Səhhət kimi böyük söz ustaları tərəfindən Azərbaycan dilində yeni variantları işlənilmişdir. Sabirin “Məktəbə tərğib” şeirinin 1907-ci ildə “Milli nəğmələr” adlı məcmuədə nəşr edilməsi isə ədəbiyyat tariximiz üçün rəmzi məna daşıyır.
Bir şeirin H.Qaradağinin tərcüməsi ilə “Vətən dili”ndən başlayan və sonradan “Milli nəğmələr”ə qədər davam edən yolunun izlənilməsi Azərbaycan poeziyasının təkamülü prosesini təhlil etmək və müəyyən nəticələrə gəlmək baxımından böyük elmi əhəmiyyət daşıyır. Burada baş verən mühüm poetik hadisə janrın və həmin janra uyğun üslub komponentlərinin yerdəyişməsidir, daha dəqiq desək, rus dilindən alınıb Azərbaycan dilində yerləşdirilməsidir. 1888-ci ilə Azərbaycan dilinin poetik sisteminin çərçivələri arasında yad və qərib görünən bir şeir üçün 20 il müddətində ədəbi təcrübə özünün yeni çərçivəsini hazırlamışdı. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan şeirində baş verən köklü dəyişikiliklər “Прилашение в школу» şeirinin tarixi səyahətində özünü qabarıq göstərir.
H.Qaradağinin tərcüməsi ilk təşəbbüs idi və ən qiymətli cəhəti uşaqları elmə, təhsilə dəvət etməklə yanaşı, Azərbaycan poeziyasına yeni düşüncə modeli təklif etməsi idi. H.Qaradaği o dövrün Azərbaycan ədəbi dilinin, şeir üslubunun imkanları çərçivəsində yaxşı nə mümkün idisə, hamısını etmişdi. Bununla belə, nəzərdən qaçmayan bir məqam var: şeir Azərbaycan dili, xüsusilə kiçikyaşlı uşaq auditoriyasının səviyyəsi üçün bir qədər yad və cod səslənir, rus dilindəki bədii effekti verə bilmir.
H.Qaradağlı doğma dilinin poetik imkanlarına yaxından bələd idi, yuxarıda misal gətirdiyimiz qəzəl fraqmentindən də göründüyü kimi avtomatlaşmış poetik normalarla virtuoz səviyyəsində davranmağı bacarırdı. Rus məktəbinə, yeni təhsil sisteminə mükəmməl bələdliyi vardı, rus dilini yüksək səviyyədə bilirdi. Müəllimlik təcrübəsi olduğuna görə uşaq psixologiyasından xəbərdar idi. Bəs nəyə görə onun tərcüməsi, ən azından, yuxarıda bir parçasını nümunə kimi göstərdiyimiz qəzəl qədər rəvan səslənmirdi?
Bizə elə gəlir ki, bu, H.Qaradağlı ilə bağlı məsələ deyildi, bu hadisə müəyyən poetik qanunauyğunluq kontekstində baş verirdi. Rus dilindən Azərbaycan dilinə gələn mətn yeni poetik mühitdə normaya çevrilmiş, “avtomatlaşmış” poetik konstruksiya ilə toqquşmalı, nəzəriyyəçi Y.N.Tınyanovun təbirincə, ona əks konstruksiya yaratmalı idi. Bu zaman özü ilə bir dildən başqa dilə yeni janr elementləri gətirən mətndə codluqların, əskiklərin, qırıqların olması tamamilə təbii idi. “Lakin bu “əskiklik”, “qırıqlıq”, aydın məsələdir ki, səhv kimi, sistemdən kənaraçıxma kimi qəbul ediləcəkdi, yalnız sistemin özü avtomatlaşandan sonra onun fonunda bu səhv yeni konstruktiv prinsip mənzərəsi yaradır. Düzünü desək, normativ poetikanın hər bir əskikliyi, hər bir “səhvi”, hər bir “qeyri-düzgünlüyü” – potensial olaraq yeni konstruktiv prinsipi təşkil edir”. (Тынянов Ю.Н., Литературный факт // Литературная эволюция: избранные труды, М., «Аграф», 2002 г., с. 177)
1880-ci ildə Azərbaycan dilində rus uşaq nəğməsini öz içinə yerləşdirə biləcək hazır poetik sistem yox idi. Bu nəğmənin qarşılığının yaranması üçün yalnız konkret mətnin deyil, rus ədəbiyyatına aid janrın – uşaq nəğməsinin və ona aid poetik sistemi təşkil edən elementlərin Azərbaycan ədəbiyyatına daşınmasına ehtiyac var idi. Şeirlə bərabər Azərbaycan ədəbiyyatına gələn janr dilin iqliminə, ədəbiyyatın ab-havasına uyğunlaşmalı idi.
İlk mərhələdə rus şeirinin Azərbaycan dilinə “yerləşdirilməsi” üçün iki böyük maneə var idi: birincisi, rus uşaq nəğməsinin Azərbaycan dilində janr qarşılığının olmaması; ikincisi də Azərbaycan dilinin poetik ənənəsinin yeni məzmunlu mətnlə təması və müdaxiləsi. İlk mərhələdə bu müdaxiləsiz keçinmək mümkün deyildi. Rus dilində uşaqların yaş səviyyəsinə uyğun olaraq kifayət qədər dinamik səslənən mətnə H.Qaradağinin tərcüməsində öyüd intonasiyası verilmiş, şeirin başlanğıcına prozaik səslənən “təlim alıb oxumaq”, “ədəbə adət etmək” kimi nəsihətamiz ifadələr əlavə edilmişdir. Şeirin sonluğuna müəllifin ayrıca “ümumiləşdirici” beyt artırması, həmin beytdə öz təxəllüsünü göstərməsi isə şeirin məzmununu Azərbaycan bədii düşüncəsinin ənənəvi “avtomatlaşmış” çərçivəsinə salmağa cəhd idi:
Qaradaği, hər bir kəs bir iş gərəkdir edə,
Çalışıban səy edə, onun dalınca gedə.
Bu beytin fonunda şeirin orijinalı ilə tərcüməsi arasındakı “qəriblik” daha aydın nəzərə çarpır. Bu, şeirin məzmunu ilə forması arasında tarazlığa da öz təsirini göstərmiş, uşaq nəğməsi əvəzinə, böyük öyüdü önə çıxarılmışdır. “Rodnoye slovo”dakı mətndə şeirin bütün poetik elementləri uşağın dünyası, həmin dünyanın rəngarəng lövhələri üzərində mərkəzləşdirildiyi halda, Azərbaycan dilindəki mətn uşağa öyüd verən müdrik nəsihətçidən uşağa yönəldilmişdir...
Bütün bunlar poetikanın ümumi qanunauyğunluqları daxilində baş verir və tərcüməçinin ən böyük tarixi xidməti Azərbaycan nəzm təcrübəsi üçün təzə olan ayrı-ayrı həyat və təbiət lövhələrini, bədii detalları dilimizə gətirməsidir. Bununla Azərbaycan şeir dilinin daşlaşmış kanonları pozulmuş olur. Günün çıxıb qalxması, xoruzların banlaması (orijinalla müqayisədə zaman ardıcıllığı pozulsa belə), canlıların (insanların, quşların, heyvanların) ruzi üçün hərəkətə gəlməsi, qarışqanın şələ çəkməsi, arının bal dalınca uçması, çölün, çəmənin, meşənin oyannması, dimdiyi ilə ağacı döyəcləyib yem axtaran ağacdələn quşunun tak-tuk səsi, çayların şırıltısı, balıqçıların suya tor atması, biçinçilərin oraqlarının səsi kimi lövhələr Azərbaycan poeziyası üçün yeni idi. Ətraf aləmin uşağa əyani lövhələrlə göstərilməsi Azərbaycan dilinin poetik imkanlarının qarşısında fərqli üfüq açırdı...
«Приглашение в школу» şeirini növbəti dəfə dilimizə 1904-cü ildə Rəşid bəy Əfəndiyev tərcümə etmişdir. Bu tərcümə janrla bağlı yuxarıda irəli sürdüyümüz mülahizələri daha əsaslı şəkildə təsdiqləyir: şeirin tərcüməsi üçün ən böyük problem orijinaldakı janrın qarşılığının Azərbaycan dilində olmaması idi. Həmin dövrdə uşaq ədəbiyyatı və tədris sahəsində böyük təcrübəsi olan, bir neçə dərslik tərtib etmiş Rəşid bəy şeiri qəzəl janrında təqdim etmişdir:
Məktəbin vaxtıdır, əzizim, dur ayağa, ey oğul,
Gün çıxıb pəncərədən düşdü otağa, ey oğul.
Çox zamandır ki, xoruzlar oyadıbdır xalqı,
Paltarını əyninə gey, çəkmən ayağa, ey oğul.
Quş ola, heyvan ola, insan ola, zərərdir
Kəsbdən qeyri qədəm qoysa qırağə, ey oğul.
Yük çəkir hər cücü öz rizqini, hər arı özün
Vuracaq baldan ötrü daşa, budağa, ey oğul.
Kəsbidir, gərçi tutur torçu balıq dəryadan,
Kəndçinin meyli olur, bostana-bağa, ey oğul!
Fikir eylə indi, oğul, elm sənin kəsbindir,
Sən də get məktəbə, elmə, dur ayağa, ey oğul!
Bizə elə gəlir ki, ilk tərcümə ilə müqayisədə bu təşəbbüs bir addım geriləmə kimi qiymətləndirilə bilər. Çünki klassik divan ədəbiyyatının aparıcı janrı olan qəzəlin XX əsrin əvvəllərində işlənmə tezliyi əsaslı şəkildə məhdudlaşmışdı, bu janr özünün tənəzzül dövrünə yaxınlaşırdı. O biri tərəfdən tipik Şərq ədəbiyyatı janrı olan qəzəl rus dilindən alınmış mətnin məzmununu, orijinalda verilmiş söz oyunlarını, həyatın və təbiətin əyani görüntülərini, səslərini boğur, görməyə və eşitməyə mane olur. Çünki qəzəlin görüntünü və səsi canlandırmaq imkanları tamamilə başqa meyarlara və dəyərlərə əsaslanır. Bu tərcümədə sanki məktəbə gedən şagirdin əyninə məktəbli forması əvəzinə vəznəli çuxa geydirlib. Burada geyimin tərzi mühitə uyğun gəlmədiyi kimi, janrın üslubu da şeirin məzmununun əyninə oturmur, onu sıxır. Janrla məzmun arasında tarazlığın pozulması şeirin mətninə də müdaxilə etmək məcburiyyəti yaradır ki, şeir uşaqlar üçün çağırış, marş mahiyyətindən çıxıb, ənənəvi nəsihət məzmunu qazanır.
Bu tərcümədən xeyli əvvəl - XIX əsrdə Azərbaycan ədəbiyyatında gəncləri məktəbə, elm öyrənməyə, tərbiyə almağa səsləyən orijinal əsərlər yaranırdı. Bunların arasında Seyid Əzim Şirvaninin “Rəbiül-ətfal” kitabında oğlu Cəfərə müraciətlə yazdığı mətnlər yenilikçi ruhu ilə xüsusi fərqlənir. Lakin Seyid Əzimin, məsələn, rus dilini öyrənməyin zəruriliyi ilə bağlı müraciətinin üslubu, poetik sistemi və həmin sistemin əhatə etdiyi düşüncə tərzi ilə “Rodnoye slovo”nun mətnlərinin əsaslandığı düşüncə tərzi arasında ciddi fərq olduğunu görürük. S.Ə.Şirvaninin məktəbli gənclərə müraciətində öyüd-nəsihət, fikirlər mahiyyətcə nə qədər mütərəqqi və faydalı olsa belə, şeiriyyət və bədii sözün təkamülü baxımından köhnədir, ədəbiyyata yeni poetik hava gətirməyə gücü çatmır. Yeni ideya köhnə poetik sistemin içində yabançı görünür. Bu qəriblik özünü Tınyanovun nəzəriyyəsində irəli sürülən əks konstruktiv prinsip kimi göstərə bilmir, bunun tam ziddinə, yeniliyi “avtomatlaşmış” poetik sistemə tabe edir. Ona görə də fikrin yeniliyi ilə bədii sözün yeniliyi bir-birinə uzlaşmır. Digər yandan da Seyid Əzimin nəsihətlərinin ifadə tərzi, etik prinsipləri uşaqların təlim və tərbiyə aldıqları rus məktəbinin etik kodeksi ilə uyğun gəlmirdi:
Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi-bisəvad eşşəkdir...
«Приглашение в школу» şeirinin Azərbaycan dilinə səyahətinin növbəti mərhələsi 1907-ci ilə düşür. Azərbaycan ədəbiyyatının aparıcı simaları olan Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin eyni ildə nəşr etdirdikləri mətnlər bir-birindən kəskin şəkildə fərqlənsə də, tərcümə və ya iqtibas kimi deyil, o dövr Azərbaycan ədəbiyyatının doğma faktı kimi diqqəti cəlb edir. 1864-cü ildə ilk dəfə “Rodnoye slovo”da nəşr olunmuş “Xoruz”, “Keçi” kimi uşaq mətnlərinin Azərbaycan dilində qarşılığını, dilimizin uşaq nəğmələrini yaratmış Abdulla Şaiq “Oyan, oğlum!” şeirində də öz təcrübəsini davam etdirmiş, Azərbaycan dilinin məktəbə çağırış şeirini yaratmışdır:
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Bu şeirin poetik səviyyəsi və ya orijinalla müqayisəsi barədə müzakirə və mübahisə etmək mümkündür. Ancaq mübahisəsiz qəbul etməli olduğumuz bir həqiqət var ki, mayası “Rodnoye slovo”dan gələn mətn Azərbaycan dilində vətəndaşlıq qazana bilmiş, dilimizin öz şeir (zəif, yoxsa güclü olması başqa məsələdir) faktına çevrilmişdir. “Oyan, oğlum!” artıq Azərbaycan ictimai fikrinin və şeirinin məktəbə çağırışıdır və yeni ədəbiyyat nümunəsidir.
Mirzə Ələkbər Sabirin 1907-ci ildə “Milli nəğmələr” məcmuəsində nəşr etdirdiyi “Məktəbə tərğib” şeirinin əhəmiyyəti Azərbaycan dilində uşaq nəğməsinin yaradılması ilə məhdudlaşmır. (Onu da deyək ki, şeirin orijinal ilə bu müqayisəsi barədə Nazim Nəsrəddinovun M.Ə.Sabirin "Məktəbə tərğib" (“Mənim bağım, baharım”) iqtibası və yaxud tariximizin açılmayan səhifələri” adlı məqaləsində ətraflı bəhs edilmişdir: http://zim.az/kose/704-msabirin-mktb-trib-mnim-bam-baharm-iqtibas-v-yaxud-tariximizin-almayan-shiflri.html).
Məncə, M.Ə.Sabirin yaratdığı mətn Azərbaycan poeziyasında oturuşmuş¸ vətəndaşlıq almış, ədəbiyyatın doğma övladına çevrilmiş janrın hərəkəti və təkamülü, ifadə imkanlarının genişləndirilməsi baxımından daha ciddi maraq doğurur.
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!..
M.Ə.Sabir şeir mətninə nəqarat daxil etməklə musiqi elementləri gətirərək uşaqlar üçün təntənəli mahnı – marş yaranması sahəsində faydalı təcrübənin başlanğıcını qoymuşdur. Bununla belə, şeirin uşaq dilindən deyil, valideyn dilindən uşağa müraciət olması onu uşaqların marş kimi oxuya biləcəyini istisna edir: burada o vaxt hələ Azərbaycan bədii təfəkküründə öz yerini bərkitməmiş başqa bir başlanğıcın şahidi oluruq. Sabir, əslində, uşaqların dilindən nəğmə yaratmalı idi, ancaq valideyn dilindən səslənən marş alınmışdı. Uşaqların birgə oxuyacağı marşlar isə sonradan yaranacaqdı...
“Приглашение в школу»nun dilimizə maraqlı səyahətini Abbas Səhhətin “Ana və oğul” şeiri tamamlayır. Bu əsər birbaşa uşağa (və ya uşaqlara) müraciət deyil. Abbas Səhhət mənsub olduğu romantizm cərəyanının estetik prinsiplərinə uyğun olaraq şeirdə oğlunu məktəbə səsləyən yeni düşüncəli ananın obrazını yaratmışdır.
Gün çıxıb dağü daşa nur səpər,
Hamı dünyada çalışmağı sevər,
Hərə bir səmtə gedər əhli-hünər.
Ana övladına şəfqətlə deyər:
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Oğlunu məktəbə səsləyən ananın dili ilə təqdim olunan uşaq isə XX əsr Azərbaycan romantik poeziyasının yeni qəhrəmanıdır. Bu qəhrəman və onun təqdimat üslubu XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlıda, türk ədəbiyyatında “ədəbiyyati-cədidə” adlandırılan yeni ədəbiyyat cərəyanı ilə də əks-səda verirdi:
O gözəl, sevməli, ol nurlu bəbək,
Uyqusundan oyanar əsnəyərək,
Didə məxmur, özü misli-mələk,
Madəri onda edər böylə dilək
Yatma bu payədə rahət, a çocuq!
Etmə tənbəlliyi adət, a çocuq!
Bu şeiri yazmazdan iki il əvvəl ədəbiyyatımızın qarşısında “təzə şeir necə olmalıdır?” sualını qoymuş Abbas Səhhətin bu şeirdə yaratdığı ana və uşaq obrazları yeni zəmanənin insanları, şeirin özü isə yeni ədəbiyyatın faktıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!