İnsan özünü daha yaxşı tanıyır. Nəyin yaxşı, nəyin pis olduğunu hamıdan yaxşı bilir.
Elşad Barat fikrini, yazmaq istədiklərini nəsrdə daha yaxşı ifadə edir. Nəsrdə daha geniş imkanların olduğunu söyləyir. Bu, ancaq onun şeirlərinə kölgə salmaq demək deyil.
Elşad Baratın hekayələrinin dili rəvandır. Düzxətlidir. Oxunaqlıdır. Hadisələr reallıqdan götürüldüyündən özünün əlavələri ilə canlı alınır. İnsanın psixoloji durumunu, yaşantılarını, hisslərini göstərə bilir. Hekayə oxucunu yormur. Hadisələrin sonunu səbirsizliklə gözləyirsən. Bənövşənin daxili çırpıntılarını da, Şamonun özünü döyən sarsıntılarını da...
Elşad dünyanın ən sürətli nəqliyyat növü saydığı fikri çox gözəl, yaddaqalan formada ifadə edə bilir.
Hekayələri poetikdir. Bu onun şairliyindən irəli gəlir.
Bədii təsvirləri gözəldi. Gözəl ifadə seçimi var.
"Göz yaşıyla qüsl verdilər", "Çənəsini elə möhkəm sıxdılar, sanki heç kim istəmirdi ki, Sahib kişi bir də ağzını açıb kəlmə kəssin", "Elə ağlayırdılar ki, Sahib kişi bu vəziyyəti görsəydi, ölümünə peşman olardı", "Ölüm pəncəsi", "Evinə işıq göndərdiyi adamları təvəllüdünə qədər tanıyırdı. Ancaq gələcək həyat yoldaşının kim olacağını bilmirdi". ("Səccad"). "Bəlkə də ərik ağacı Fəxrini sevindirmək üçün böyüyürdü". ("Fəxrim").
"Bəlkə anası da unutmuşdu onun əsl adını". ("Ceki").
"Qaynadılmış həməkocu elə buğlanırdı ki, elə bil nimçələr siqaret çəkirdi". ("Həməkocu (Həməköməci)").
Elşad Baratın hekayələrində özündən gələn təbiilik var. Ona görə də hekayələr maraqlıdır. Cəlbedicidir.
Bəzi ifadələrdə sözlər deyildiyi kimi yazılsa da, anlaşılandır.
Kitabı oxuyub qurtardıqdan sonra Elşadın özünə deyiləsi sözlər də var.
Yazarı yazıları ilə tanıyırsan. Düşüncəsinə, yanaşmasına görə qiymət verirsən. Onun haqqında müəyyən qənaətə gəlirsən. Səmimi olan yazıçı, şair yazısında özü olur. Səmimi yazılar oxucu tərəfindən daha yaxşı qəbul olunur.
Yazı manerası fərqli, özünəməxsus olan Elşad Barat, yazılarında olduğu kimidi. Çılğın, emosional, "söz gəldi" deyən, sonraya saxlamayan. Və səmimi. Təbii. Necə varsa, elə...
Dünyaya, yaradıcılığa özünəməxsus baxışı olan istedadlı və orijinal qələm sahibinə, Elşad Barata bizi sevindirəcək gözəl əsərlər ümidiylə...
26.08.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!