Sevgi sözünə çəkilən sığal - Cavanşir YUSİFLİ yazır

 

1

Dövrün təfəkkürünü oxuya bilən proza mətnləri, konkret halda hekayələrdə əsas məqam hansı insanın obraz olaraq götürülməsi və işlənməsidir. Məsələn, A.P.Çexov bu mənada "orta insana" istinad edirdi ki, ondan yuxarı və aşağı mühit bütün spektr və nüansları ilə birlikdə ortaya çıxmış olsun. Yəni, bir obraz kimi insanla bağlı istinad edilən məqam mətn boyu bütün digər "maqnit sahələrində" sınır və bu proses davam etdikcə "hər kəsdən gizlin yerdən" dünyanı seyr etməyin unikal imkanı yaranır.

Bizim Qarabağ müharibəsi ilə bağlı, hər halda o müharibənin içindən keçmiş insanların taleyindən bəhs edən hekayələrdə bu cəhət yeni dövrün poetik təfəkküründən müəyyən dərəcədə geri qalır. Düzdür, elə mətnlər var ki, konkret dövrün hadisələrinin içində seçilən mövqe müəllifə bu günə qədər gəlməyə, məhz müharibədən bəhs etdiyinə görə ondan əvvəl və sonrakı mahiyyətcə çox qəliz hadisələrin üzərinə işıq salmağa imkan verir. Ancaq bir böyük çatışmazlıq ondadır ki, nasirlər daha çox mətləbin çözülməsinin ifadə planında nəzərə çarpırlar (görünürlər...) və bu da daxili strukturun, onun ərazisində yerləşdirlən detal və elementlərin (hadisə şülüzlərinin) inert şəkildə qalmasına, nəticə etibarı ilə insanın təsvirində fərdi cizgilərin ümumi mənaya keçməməsinə səbəb olur. Müasir, modern hekayə mətni bütün fiktiv elementlərin bir "tarixçədə" (insan taleyinin tarixçəsində) birləşməsini şərtləndirir. Fiktiv dünyadakı hadisələr real dünyaya paralel şəkildə təsvir edilir, ona qarşı durur və beləliklə (yəni, bu qarşıdurma nəticəsində) real gerçəkliyin canındakı ən gizlin yaraların da aşkar edilməsinə səbəb olur. Daha dorğusu, fiktiv dünya real gerçəkliyi həm tamamlayıb işıqlandırır, həm də ona qarşı durur, məhz bu mexanizm sayəsində mətn boyunca bütün hərəkətlərin (hətta düşüncə qatında olan fikirlərin) trayektoriyası qabarıqlaşır. Nəzəri baxımdan fiksiya, fiktivlik vahid olmalıdır ki (bir ovuc içində cəmlənməlidir), paralel olduğu aləmin gizlindəki rəngləri üzə çıxsın.

Başqa bir cəhət bədii mətnin oxucunu qavraması amilidir. "Mətnin oxucunu qavraması" dedikdə nə nəzərdə tutulur? Başlanğıc kimi belə bir məqamı alaq ki, müasir ədəbiyyatda bütün əsas kateqoriyalar transformasiyaya uğrayır: müəllif, məkan, zaman, qəhrəman, ədəbi əsər anlayışının özü dəyişir. Eyni zamanda yeni kommunikativ strategiyalar işlənib-hazırlanır, bu kimi mətnlərin oxunması-anlaşılması üçün yeni təcrübə tələb edilir. Bizim nəsrdə məkan formalarının dəyişməsi necədir, bu məsələni hansı nöqtədən araşdırmaq lazımdır? Bu hekayələrdə bəlkə də yalnız oxucunun duyduğu bir "kənar səs" var.

Yeni ədəbiyyatla bağlı suala cavab həmin o kənar səsin içindədir. Baş verən hadisələr səni ictimai sferaya - mətndən kənara itələyir, ən müxtəlif düşüncələri müqayisə edirsən, yenidən mətnə qayıdır, bu dəfə onun dərinliyinə yollanırsan. Bütün bu hadisələrin sonucunda mətn səni "qavrayır", beynində mismarlanmış fikir və qənaətə elə təsir göstərir ki, bir anlığa "şantaj" (təhdid...) yaranır. Belə də ola bilərmiş, bu hadisələrin bu qatı, belə bir nəticəsi də ola bilərmiş.

D.Frenk "Müasir ədəbiyyatda məkan forması" məqaləsində belə bir faktı göstərir ki, müasir ədəbiyyatda (o, E.Paund, T.Eliot və M.Prustdan danışır) ədəbi mətnin təbiətini anlamın sınırları genişlənir. "Müasir ədəbiyyat özünün inkişafında məkan formasına meylliliyi aşkarlayır. Ədəbiyyatda zaman ardıcıllığını vermək səciyyəvi olsa da, bu inkişafın müvafiq mərhələsində o, bunun sərhədini aşmağa, məkan formasını almağa cəhd edir, bu da öz növbəsində mətni anlamağın yeni strategiyasını tələb edir. D.Frenkin sözlərinə görə, "əsəri xronoloji qaydada deyil, məkan ölçüləri daxilində, zamanın donmuş momentində anlamaq" tələb edilir ".  Frenk yalnız ədəbi əsəri anlamağın imkanlarından birini nişan verir. Mətn başqa ölçülərə də malik ola bilər: əşyavi, orqanizm, cismani quruluş kimi qəbul edilmə. Bu ideya heç də təzə deyil, o, poststrukturalizmin nümayəndələri tərəfindən işlənib-hazırlanmışdır (J.Deleza, R.Bart və başqaları).

Qavramanın klassik konsepsiyasına uyğun olaraq, mətn dəqiq sərhədləri olan bitmiş, başa çatmış əsər kimi qavranılır; oxucunun mövqeyi əsərlə müqayisədə zahiri şeydir. "Subyekti anlayan, ona yiyələnən şəxs oxu problemini aradan qaldırır, çünki oxu prosesini mənimsəyir. Oxuda iştirak etməmək, ona yiyələnmək " - V.Podoroqa məhz belə yazır. Digər mətnlər də mövcuddur, onların qavranılması iştirakdan, əsərdə mövcud olan kommunikativ qaydaların başa düşülməsindən asılıdır. "Mütaliə edə-edə mən kommunikativ strategiya sferasına daxil oluram, bu isə mənim anlamaq qabiliyyətimin sayəsində deyil, əsərin özünün quruluşu ilə şərtlənir. Oxuduğum zaman mən anlamıram, mən özün qavranılıram ". Daha sonra: "Mətn reallığı... heç də passiv deyildir, daha çox o, immanent cismani formasının beynimizdə qurulan proyeksiyasına qarşı durur, yəni bizə özünün proyekisya enerjisi ilə cavab verir ". Əsər bizə təsir göstərən cismə dönür; O, bizim tutmalı olduğumuz məxsusi enerjiyə yiyələnir, məqsəd aydındır: kontakt baş tutsun.

2

Xəyyam Rəfilinin "Qumru səsi" hekayəsində modern nəsr üçün başqa bir mühüm cəhət var. Duyduğunu yazmaq və onu bütün rişələriylə hiss etdirmək, dillə ifadə planını yavaşıdıb ("zəiflədib") daxili, dəruni strukturdan gələn səsləri işarələrə çevrimək. Hekayədə lal diliylə bir ömür boyu insanın içində yatıb qalmış, əslində ordan çıxmamağa məhkum edilmiş səslər arasında yaşanan ömrün hər kəsə, hər kəs, lap elə dünya qarşısında özgələşməsi qısa hekayənin sərhədlərini aşır, yuxarıda dediyimiz keçmişlə indini bir "tarixçə" formasında birləşdirir, bundan ötəsi içində uşaq kimi qalmaqla içindən korlanıb sözlərdə və ifadələrdə təmiz görünmək dəhşəti keçmişdən gələcəyə və tərsinə uzanan xətt kimi gah kəsişir, gah da paralelləşir ki, hər iki dünyanın özəlliyi görünə bilsin. Hekayədə Bilal (müharibə zamanı hər iki qulağı partlamış və kar olmuşdur) iki nəfəri anır və daim onlar haqqında düşünür, anası oğlunu lalların məktəbinə qoyur, özü də onların dilini öyrənir, ancaq oğluyla bu dildə danışmaq ona olmazın əzab verir. "...Bilal lalların məktəbində oxuyanda anası onunla əllə danışmağı öyrənmişdi. Hərdən əli ilə bir şeyin isti olduğunu göstərmək istəyəndə, bədəni ürpənirdi, tez əllərinə baxırdı, sonra da əllərini üzünə sıxıb qoxlayırdı. Eynən ananın balasını qoxladığı təki."  Yaddaş daim qövr edir, incidir, yeni-yeni qanlı şırımlar açır, anadan balasına keçir, əllə, işarəylə göstərilə bilməyən hərəkətin qırılması Bilalın içində, daxili dünyasında davam edir, onun saf qalmış, sözlərlə kirlənməmiş dünyası hər xəyal etdikdə yıxılır, yanır, külə dönür.  Hər şey ondan başlayır ki, Bilal açdığı təsərrüfat malları dükanın qabağına çıxıb gözünü asfalta dikir, xəyallara dalır, asfaltın üstündə Laçındakı evlərini qurur, arxa otağa beşik qoyur, beşiyin içində körpə Bilal, evlərdən birinin ortasına anasının gəlinlik cehizini - qırmızı gəbəni qoyur, dörd yaşlı qardaşı Yaşar qabağında oyuncaqlar... Yük maşını qəfil, özü də çox sürətlə keçir, asfaltın üstündə qurduğu ev dağılır. Amma bu ev qabaqca müharibədə dağılmışdı, gəbənin üstündəki qardaşı ölmüş, onunsa qulaqları partlamış, dili tutulmuşdu. Hadisə budur. Amma hekayədəki hadisə tamam fərqlidir: Anası isə Laçından heç danışmazdı. Yaşadıqlarını sözlə söyləmək çox ağır idi, o da qala əllə-qolla başa salasan. Məşəqqət! Axı bir ana dörd yaşında oğlunun gözünün qabağında al qana batmasını, bir yaşında oğlunun da qulaqlarının partlayıb ömürlük kar qalmasını əli ilə necə göstərsin? O əllərin yaddaşında təzə gəlin gələndə toxuduğu gəbəyə çəkdiyi sığal da, o gəbənin üstünə yayılmış övlad qanının istiliyi də, körpə oğlunun ağ kəfəninin düyünləri də o qədər canlı idi ki ... Təzə gəlin gələndə gəbəyə çəkdiyi sığal gözəl şeydi, insanın içindəki gözəl duyğuların sözsüz və sözdən artıq ifadəsidir, ancaq onun üstünə zaman-zaman yayılan qan o sığal sərhəddini keçə bilmir, insanın ən gözəl duyğularının izi ona iztirab verir, işgəncə içində yaşadır. İşarə dili, bədən dili... kimsənin yardımına çata bilmir. Bilalın içində uşaq qalması, həm də körpə ikən baş vermiş hadisənin dəhşətindən ayıla bilməməsi mətndə bir neçə ştrixlə göstərilib. Dükanın qabağına çıxıb asfaltın üstündə qurduğu evləri dağılan zaman uzaqdan Qumrunun gəldiyini görür. Yadına düşür, Qumru sözünün mənasını anasından öyrəndiyi gün. Söz və onun mənası içini kədərlə doldurur (...Anası da Qumrunun çox gözəl və nazlı göyərçin olduğunu göstərəndə, kədəri ikiqat artmışdı. İçindəki o kədəri nə qədər sevgi ilə bəzəməyə, üstünü örtməyə çalışsa da, hər dəfə Qumrunu düşünəndə bir yerdən çıxıb Bilalı çarəsizliyin əsiri edirdi...), bir tərəfdən o uzaq keçmişdə qardaşıyla bərabər öldüyünü hiss edir, o hadisələri dəfələrlə yan-yana düzüb özünə tale, ömür düzəldir, digər tərəfdən ordan gələcəyə adlayıb 4 yaşında ölən qardaşını da özündə yaşatmağa cəhd edir, bütün bunlara görə o gözəl sözün - Qumrunun içini kədərlə doldurması ilə qəfil doğan məna (...Bilalı ən çox qorxudan fikir, bir gün Qumrunun da onu sevə bilməsiydi. Hər şeyə hazır idi, Qumrunun onun sevgisinə rədd cavabı verməsinə, ona kobud sözlər deməsinə, hətta söyməsinə də, bircə onu sevməsinə hazır deyildi. Ondan sonra nələr ola biləcəyini təsəvvürünə də gətirə bilmirdi. O haqda düşünməkdən həmişə qorxurdu. Hərdən də düşünürdü ki, o cür gözəl bir qızın lal ər, xəstə-qoca valideynlərlə bir evdə yaşaması haqsızlıqdı. Üstəlik, adı Qumru olan birinə belə bir həyatı heç cür rəva görə bilmirdi.) yaşamaq naminə xəyal qurmağın elə müharibə olması fikrini təsdiqləyir və o da bunu hiss edəndə elə bir şeyin isti olduğunu göstərmək istəyən anası kimi ürpənir. Sevgi ölümə qarışır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!