"Quşların intiharına ağlamayın" romanı - ümidsizliyə oda - Mətanət VAHİD

Mətanət VAHİD

 

 

Dünyada heyvanların, quşların kütləvi şəkildə "intiharı" xəbərinə ara-sıra mətbuatda rast gəlinir. Təbii, bunlar insanların sirr donu geyindirməyə çalışdığı kimi, mistik olaylar deyil, tutarlı bioloji səbəbləri var. Lakin sənətkarlar bu hadisələri də sənətin obyektinə çevirməyi bacarırlar. 1961-ci ildə Kaliforniya ştatının Kapitola şəhəri üzərinə səmadan minlərlə qağayı və fırtına quşu tökülmüşdü. Araşdırmalar göstərmişdi ki, quşların bu qəribə davranışları və kütləvi şəkildə çırpılıb ölməsinin səbəbi qida zəhərlənməsidir: bioloqlar onların mədəsində əsəb sistemini sıradan çıxararaq səmti müəyyənləşdirmə qabiliyyətini pozan yüksək dərəcəli toksin aşkar etmişdilər. Alfred Hiçkok "Quşlar" filmini (1963) çəkmək üçün bu hadisədən ilham almışdı. İngilis yazıçısı Dafna dü Moryenin eyniadlı hekayəsi əsasında çəkilmiş filmdə quşların davranışına mistik rəng verilirdi. Zahid Sarıtorpağın romanında isə quşların intiharı həyata üsyanın metaforasıdır...

Z.Sarıtorpaq cəmiyyətimizin romanlarını yazır: qayğıları, ağrıları, çarəsizlikləri ilə birgə. Onun romanlarında çağdaş Azərbaycan cəmiyyəti, ölkənin ictimai-siyasi, mədəni-iqtisadi durumu, bu şəraitdə yaşamaq uğrunda mübarizə aparan insanımızın fiziki, maddi, mənəvi, ruhi-psixoloji vəziyyəti öz əksini tapır. Bir müəllif olaraq, o, bütün romanlarında cəmiyyətdə dəyişmək iqtidarında olmadığı insan əzablarının qaynağını araşdırır, xilas yolu kimi isə mənəvi-ruhani təslimiyyatı nişan verir. Əksər hallarda romanlarında magik-rəmzi elementlər gerçək situasiyaları üstələyir, insanın ictimai-mənəvi bəlasının səbəbləri daha çox simvollaşdırılır. "Quşların intiharına ağlamayın" romanında isə protoqonistin hiss və düşüncələri, mənəviyyatındakı qırılma nöqtələri, xarakterinin formalaşmasındakı psixoloji amillər ön planda olduğundan və oxucunun diqqəti məhz bu nüanslara cəlb edildiyindən əsər dərin psixoloji analiz üçün material verir.

Zahid Sarıtorpağın romanlarında aparıcı obraz, adətən, uşaqlıq və ya yeniyetməlikdə mənəvi zədələr almış, ömrü boyu psixoloji travmalarının izini tutub gedən, bu zədələrin məhvedici təsirindən qurtula bilməyən adamlardır. Bu qəhrəmanlar keçmişinə boylananda ona təbəssüm edən xatirələr əvəzinə, ağrı ilə üz-üzə qalır və bu ağrı-acını içindən silib atmaq iqtidarında olmur, ağırlığı altında əzilə-əzilə yaşayır. "Quşların intiharına ağlamayın" romanının protoqonisti 13 yaşındaykən özündən 3-4 yaş böyük iki oğlan tərəfindən seksual təcavüzə məruz qalmış Qaraqızdır. O, yeniyetməykən sadəlövhlüyü, kor-koranə inancı, cahilliyi üzündən oğlanların hədəsinə aldanır və ömrü boyu özünə bağışlaya bilmədiyi, yəqin ki, elə bu aldanışdır. Canpolad və Yolçu (oxu: təcavüzkar) Qaraqızın (oxu: qurbanın) təkcə bədəninə deyil, düşüncəsinə, hisslərinə, arzu və xəyallarına da təcavüz edir. Acılı keçmiş təcavüzə uğramış qadının bütün gələcəyini əlindən alır.

Günahın əksərən qətlə yetiriləndə, döyüləndə, əziləndə görüldüyü bir cəmiyyətdə yaşayırıq. Cinsi zorakılıq digərlərinə nisbətən latentlik səviyyəsi yüksək olan cinayətdir; seksual təcavüzə məruz qalmış qurbanların əksəriyyəti bu hadisəni gizli tutur, hüquq-mühafizə orqanlarına belə şikayət etmir. Buna səbəb isə cəmiyyətin bu məsələdə qurbana münasibətinin birmənalı olmaması, nəticə etibarilə günahın özündə axtarılması, ilk növbədə, özünün linç olunmasıdır. Bu, yalnız bizim cəmiyyətdə deyil, bütün dünyada belədir və mövzu müxtəlif sənət əsərlərində əksini tapır.

"Quşların intiharına ağlamayın" romanı uşaqkən təcavüzə məruz qalmış qadının irəli yaşlarında belə, heç zaman doğrulmamasını ifadə edir. Oxucu bunu qadının mənəvi zorakılığa məruz qalması kimi də qəbul edir: hər şeyin qadağan olunduğu, ata, böyük qardaş basqısı ilə, qorxular, məhdudiyyətlərlə  böyüdülən qızlar yetkin qadın olanda da hər zaman utancaqlıq, qorxaqlıq, özünə qapanma, asosiallıq, ətrafdakı hər kəsin hər bir əməlini sorğulama kimi neqativ xüsusiyyətlərə, yaxud əksinə, həddindən artıq sadəlövhlüyə malik ola bilir, seçimlərində daim yanlışa yol verirlər. Qaraqızın bütün yaşananlara süst münasibəti var: xatırlayır, nifrət edir, təcavüzkarın ölümünə sevinir, lakin öz bədbəxtliyində günahkar bildiyi bu iki adamı heç vaxt heç bir şəkildə cəzalandırmaq haqqında düşünmür. O, cəzanı heç kimin evlilik təklifini qəbul etməməklə ümumən kişilərə, dolayısı ilə, yenə özünə verir. Təcavüz, bundan doğulan utanc hissi, hədələrdən qorxaraq onu heç kəslə paylaşa bilməməyin ağrısı Qaraqızı mənən iflic edir, o heç vaxt layiq olduğu daha yaxşı şeylər haqqında düşünmək iqtidarında olmur - qane, şikayətçi, fəaliyyətsiz bir insana çevrilir. İnsanın mənəvi ömrü xəyal qura bildiyi, o xəyalların gerçəkləşəcəyinə ümid etdiyi qədərdir. Qaraqızın ən böyük bədbəxtliyi xəyallarının qanadlanmamasıdır, çünki 13 yaşlı qızcığazın qanadları qırılıb.

Keçmişin çirkin xatirələri ilə Qaraqız həyatı, sanki şüşə qırıqları üzərində gəzirmiş kimi yaşayır. Roman boyu o, bütün zəif xarakterli insanlar kimi yaşadıqlarının günahını yalnız qara bəxtində, taleyində görür. Sonrakı bütün həyatını situasiyanın qurbanı kimi yaşayır - nəyisə dəyişməyə cəhd etmədən, axın ümidinə. İnsanın özünə edə biləcəyi ən böyük pislik özünə acıyıb sığınacağı başqalarında aramaq, özündən uzaq düşməkdir. Qaraqız bunun bariz nümunəsidir: Xəlildən ümidi üzüləndə Gilənara sarılır, Gilənarın yoxluğunda Xəlillə birlikdə olur. Qaraqızın bədbəxtliyi bütün savadına rəğmən geniş dünyagörüşə malik ola bilməməsi, Simurq quşu kimi öz içindən doğulmağı bacarmayıb boz sığırçınların intiharına özənməsidir.

O, əzablı xatirələrdən can qurtarmağın tək yolunu maşınlara çırpılıb ölən quşlar kimi intiharda gördüyü vaxtlarda xoş gələcək ümidi ilə fikrindən daşınır: "Əvvəllər bu haqda çox fikirləşir, olub-keçənləri ürəyinə dərd edir, "belə getsə, özümü öldürəcəm" deyirdi. Çıxış yolu tapmayanda ömrünün "gələcək" adlı tək bircə nəfəsliyi vardı ki, onun aynasını qırıb dərindən ah çəkirdi. O dar nəfəslikdən yer üzünün bütün kişilərinə nifrət etdiyini hayqırırdı". Amma, nədənsə, hər gününü məqsədsiz, məramsız yaşayıb, saatbasaat keçmişə çevirən qadının ümid etdiyi o gələcək heç cür gəlmir. Çünki o, həyatdan nə istədiyini dəqiq bilmir, bu barədə heç düşünmür də.

Zahid Sarıtorpağın romanları, adətən, çöküş əhval-ruhiyyəsinə köklənsə də, mütləq içində bir ümid, işığa inam olur. Bu əsərlərin, demək olar, hamısında ölüm çıxış yoludur - yolun sonu kimi yox, son başlanğıc kimi. "Quşların intiharına ağlamayın" romanında isə sanki bütün yollar kəsilib, çıxış qapıları bağlanıb. Qaraqız xilas yolunu tapa bilməyib özünü gərəksiz, yanlış münasibətlərə gömərək intiharı seçir - mənən ölür.

Qaraqızın posttravmatik sindromu bütün qalan ömrü boyu davam edərək, davranışını doğru tənzimləməyə imkan vermir. Müəyyən bir yaşdan sonra artıq qarşı gələ bilmədiyi bioloji istəkləri ilə kişilərə olan nifrət duyğusu bir-birilə mücadilə halındadır. Cinsi diskriminasiya, gender bərabərsizliyinin müəyyən qədər əksini tapdığı bu əsərdə feminizmin kiçik işartıları, solğun ştrixləri nəzərə çarpır. "Quşların intiharına ağlamayın" feminist roman cəhdi kimi meydana çıxır.

Yeniyetməlik travması Qaraqızın özünə hörmət və güvən hissinin formalaşmasına mane olur, o, həmişə özünü kirlənmiş hiss edir, şüuraltı olaraq yaxşı heç nəyə layiq bilmir. Mahiyyətcə güclü, dürüst, prinsiplərə sadiqliyində bərqərar bir qadın deyil; çox tez sına, dəyərlərə arxa çevirə bilir. Qaraqızın mənəvi çöküşü, deqradasiyası üçün elə bircə Xəlilə vurulub, sonra onu itirməsi kifayət edir. O, cəmiyyətdəki hər cür mənəvi eybəcərliyin köləsidir, azad deyil və özünə bənzəyənlərə (akvariumdakı balıqlara) əzab verməklə öz köləliyinin qisasını alır: "Bir gün də fikirli-fikirli, hirs-hikkəylə evdəki akvariumun suyunu buraxdı, içindən döşəməyə atdığı qızılı rəngli üç qəşəng balığın çapalaya-çapalaya necə ölməsinə oturub qəddarcasına tamaşa etməyə başladı. "Bax belə... bax belə... daş ol, biçarə canım, daş ol daha!.." - bu sözləri ünvanladı özünə". Şər daha dərinlərə kök atır, zəhərli köklər dərinliyə yeridikcə Qaraqızın özünə olan hörməti daha çox itir, yaxşılığa can atmır. "Quşların intiharına ağlamayın" romanı köləliyin qara pərdəsindən sıyrılıb çıxmağı bacaran güclü qadın, azad insan haqqında deyil, "alçaldılmış və təhqir olunmuşlar", üzü gözəl olsa da, ruhu eybəcərləşmişlər haqqındadır.

Mətbuatda ara-sıra müxtəlif səbəblərdən intihar xəbərləri aldığımız bir cəmiyyətdə yaşayırıq, qaranlığın qatılığına dözə bilməyənlər yüksəklikdən atılmaq, dənizin əngin sularında əbədi yuyulmaq arzusuyla intihar edirlər. Mənəvi intiharı seçənlərin sayı isə qat-qat çoxdur və bu halda, yaşamaq ölməkdən daha çətindir. Hidayətlər, Rzalar, Xəlillər, Şərqiyyələr... öz günahları, bədnam həyat tərzləri ilə ölü sığırçın əti yeyənlərdirlər - günah-savab, doğru-yanlış haqqında ara-sıra təbəddülatları varsa da, nəfsləri hər şeyə qalib gələcək qədər güclüdür. Əsərdə zərrəcə yaxşılıq bəlirtisi, ümid qığılcımı yoxdur: kimə üz tutsan vicdanını satmış, əxlaqını nəfsinə qurban vermiş, bəxtini taleyinə uduzmuş insandır. Romanın sonunda Qaraqız da hər şeyə tüpürüb evində uzun illər işlədiyi adamlara çevrilir, mənəvi çöküşü onu məhvə doğru sürükləyir. Beləliklə, romanda dolayısıyla göstərilir ki, cəmiyyət üçün insanın fiziki təcavüzə uğraması qədər dəhşətli cinayət cəhalət, ona göz açmağa imkan verməyən xurafat, mənəvi eybəcərlik, ruhun köləliyidir.

Zahid Sarıtorpağın, demək olar, bütün nəsr yaradıcılığında insanın yerlə göy arasındakı çarpışmada olduğu xüsusi vurğulanır: sanki insanlar yerə elə bağlanıb ki, başını qaldırıb göyə baxmağı, hardan gəlib hara gedəcəyini unudublar və bu romanların missiyası bunu onlara xatırlatmaqdır. Real və irreal dünyaların iç-içə olduğu bu romanlarda qəhrəmanların, demək olar ki, mütləq pir, türbə, övliya, şeyx ilə bir şəkildə bağlılığı mövcuddur - təmizlənmə, xilas müxtəlif rituallar, daha çox dini arınma ilə mümkün kimi təqdim olunur. Sözügedən əsər boyu Qaraqız hər sıxıntıda dualarını, şikayətlərini Allaha yox, ulu babası Aşur babaya ünvanlayır, xilası ondan gözləyir: "Umudum ancaq sənədi, baba, ancaq sənə...". Və bir gün inamının, inancının boş zəmin üzərində kök saldığını anlayır. Qaraqız davamlı olaraq daxili konflikt yaşayır, hansı yolu seçəcəyini bilmir, seçimlərinin doğruluğundan əmin deyil. Romanda "Elə bil özü də inanmağa başlamışdı ki, yer üzündə çıxış yolu tapmasa, yönünü göylərə tutmalıdı" - deyilsə də, o, yönünü göylərə tutacaq gücə malik deyil.

Zahid Sarıtorpaq romanlarının çoxuna daxili konfliktin bədii həllinin aşkara çıxarılması baxımından əhəmiyyətli rola malik olan epiqraflar verir. "Quşların intiharına ağlamayın" romanı belə bir epiqrafla başlayır: "Bilirəm, bu gün nəinki quşların, hətta "doğru"yla "oğru"nu bir-birindən ayıran "d" hərfinin də intihar etdiyini eşitsəniz, yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək...". Romanın sonunda Qaraqızın mənəvi deqradasiyasına şahid olan oxucu bu cümləni yenidən xatırlayır və bu çöküşə məyus olmaqdan başqa çarəsi qalmır.

"Quşların intiharına ağlamayın" romanı "dünya duracaq yer deyil" deyir. Burada təsvir olunan yaşamaq istəmədiyimiz sevgisiz, qəddarlıq və yanlışlıqlarla dolu, qaranlıq bir dünyadır. Bu romanda sevgi və inam olmadığı üçün xilas da yoxdur. Romanda rənglərin bilərəkdən tündləşdirilməsi, işığın tamamən yoxa çıxması ilə o qaranlıq dünya bütün eybəcərlikləri ilə qarşımızda sərgilənir. Qadın faciəsinin əks olunması baxımından çağdaş ədəbiyyatımız üçün uğurlu hadisə olan əsər həm də "cəhənnəmdə yaşamaq istəmirsənsə, onu yaratma" mesajını verir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!