Huzur xoşbəxtlikdir - Səhər Əhməd yazır

 

Bunu həmişə demişəm, söhbətdə, dərsdə, yazılarımda. Və  bunu hamıya demişəm; övladlarıma, tələbələrimə, oxucularıma. Demişəm ki,  əsas adi həyatı bacarmaqdır, qalanı təfərrüatdır. Bu mənim bütün sevdiklərimə, tanıdıqlarıma, bütövlükdə bütün insanlığa duamdır. Çünki  tükənmiş, daha doğrusu, özünü vaxtından xeyli əvvəl bitirmiş insan, çapaladıqca batan, batdıqca çapalayan və öz məhvini anbaan izləyən insandır. Bu təkcə onun özü üçün yox, elə tamaşaçılar üçün də çox kədərli final səhnəsidir.

Adi həyatı bacarmaq bir rəqəmi kimidir, istedad, savad, mütaliə və s.  isə onun yanındakı sıfırlar kimi. Bir rəqəmi olmadan sıfırların heç bir dəyəri yoxdur. Amma əgər bir rəqəmi öz yerində alnıaçıq dayanıbsa,  o sıfırlar çoxaldıqca yaşamın dadına doyulmaz.

İnsan öz həyatının həm mühəndisi, həm fəhləsi, lap axırda sahibkarı olmalıdır. Məsələn, məişət əşyalarının heç vecinə də deyil ki, onun yiyəsi hansı elm xadimidir. Mətbəxdəki su kranının gecə yarısı xarab olma azadlığı var. Övladının vecinə də deyil ki, sən hansı sənət sahibisən, əgər ona kağızdan qayıq düzəldə bilmirsənsə, bacarıqsızın birisən. Həyat yoldaşına və ya sevgilinə sənin istedadın, şöhrətin maraqlı deyil, o, adi həyati münasibətlərdə dürüstlük tələb edir.

"Ən böyük azadlıq qanunlara tabe olmaqdır" fikri təkcə hüquqa hesablanmayıb, təkcə cəmiyyətin qanunlarına aid deyil, eləcə də həyatın qaydalarına aiddir.

...Özü də  dünya bizim beynimizə doldurduqları kimi beşgünlük-filan deyil, ömür uzundur, onu yaşaya bilməyəndə, hətta məşəqqətli şəkildə uzundur. Finiş uzaqdadı, ona çatmaq üçün xırda addımlarla və böyük səbrlə getmək tələb olunur. Ən bərk qaçan ən tez yorulan olur çox vaxt. Ona görə də tələsmək məsləhət görülmür, yorulub yarı yolda qalmaqdan başqa, heç nəyə yaramayacaq, hər şeyin sonuna hələ çox var, nə uğur, nə də uğursuzluq daimi deyil, özünü dəfələrlə sınamağa zaman var, hər an nələrisə dəyişmək mümkündür.  Əgər sən keçmişdən sürətlə uzaqlaşmaq məqsədilə çox bərk qaçırmış kimi tələsik yaşayırsansa, can atdığın gələcək də eyni sürətlə səndən qaçacaq və nəticədə indini itirəcəksən, həyatın qovduqca qaçan ilğım kimi xəyali bir gələcəkdən və səni kabus kimi təqib edən kölgə kimi bir keçmişdən ibarət olacaq.

Yaxud əksinə, həyatın yalnız "indi"dən ibarətdisə, keçmişi dinləmədən, gələcək üçün heç bir depozit qoymadan ehtiraslı bir coşquyla sabahı  kreditə götürülmüş pul kimi xərcləyib bitirmisənsə, yenə də yanlış yoldasan.

Həyat heç kimə toxunulmazlıq şansı, yaxud ərköyünlük haqqı  verməyib, tanrı ən sevimli bəndəsini belə sınağa çəkə bilər. Həyat səhv edən heç kəsin başını sığallamır. Bütün üstünlüklərini tükədib "tarana getmək", enerjini, ümidləri, həyat eşqini qısa zamanda xərcləyib bitirmək heç kimə uğur gətirmir.

Bu, qətiyyən öyüd deyil, ittiham heç deyil. Bu, finişə yaxınlaşan birinin yola təzə başlayanlara təhlükə xəbərdarlığıdır, "sürəti azaldın, qarşıda sərt döngə var" - deməsidir.

"Sürət həddini aşmadan" yaşamaq həm də hər anın haqqını vermək, hər günün qədrini bilməkdir, zamanın necə axıb-getməsinin fərqinə varmaqdır. Yağışların, dənizlərin, ağacların dilindən anlamaqdır. Payızın simfoniyasından, qışın təhkiyəsindən, yazın lirikasından, yayın tablosundan ləzzət almaqdır.

Adi həyatı bacarmaq həm də ən təbii, ən sağlam, ən uzunömürlü zövqdür. Xoşbəxtlik huzur deyil bəlkə, amma huzur xoşbəxtlikdir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!