Kosmik sirlər əhatəsində - keçmişin və gələcəyin tərcüməsi - Cavanşir YUSİFLİ yazır

II yazı

 

I YAZI: http://edebiyyatqazeti.az/news/edebi-tenqid/5991-kosmik-sirlerin-ehatesinde

...Biləndən sonra danışmaq olmur...

Mirzə Fətəli Axundzadənin məndə yaratdığı obraz təqribən bu şəkildədir: o, olduğu nöqtədən yaxın-uzaq gələcəyə (yaxud yaxın-uzaq keçmişə) səyahət edir, məsələn, gəlib Tomas Sternz Eliotun yazacağı (yaxud artıq yazdığı -!) yazılarla "tanış olur", Şarl Bodlerin poeziyada və ümumən ədəbiyyatda açdığı şırıma baxır və yenidən olduğu yerə, indiki zamanına qayıdır. Bir sözlə, Axundzadə zamanda səyahət edə bilən fantastik obrazdır həm də.

Böyük sənətkarlar haqqında bu cür düşünmək olarmı? Məncə, olar, tərcüməçilik fəaliyyətimdə Axundzadəylə bağlı müxtəlif yazıları fərqli dillərə çevirmişəm, bəzilərinə sevinmiş, bəzisinə kədərlənmişəm, o mənada ki, başdan çox normal, dərində gizlənmiş düyünü açacaq xətt birdən yox olub və araşdırma sadəcə alınmayıb. Konkretliyə varmadan bunu deyə bilərik: ədəbiyyat haqqında danışarkən Axundzadə nə üçün masştabca çox böyük fiqurların yaradıcılığına istinad edirdi? Həm də: bir çox tanıdıqlarını, bəlkə qiymət verib bəyəndiklərini bu dəyərləndirmə və istinadlara daxil etmirdi. Və mübahisəni də başqa bir böyük şairlə bağlı yaradırdı? Başqa sözlə desək, belə bir gərginlik sahəsini yaratmaq onun nəyinə lazım idi? Onun məlum məqaləsindəki fikirləri ardıcıllıqla, bitdə-bitdə izləyib çox sağlam nəticələr əldə etmək mümkündür, ancaq sonda görürsən ki, bu üsul - yəni mətnin normal şəkildə izlənməsi və təhlili də sənə böyük bir şey vermədi. Yəni, nə dediyi ardıcıllıqla incələnib, nə demək istədiyi isə qalıb bir kənarda. Şairin, yazıçının... yazısıyla nə demək istəməsi ayrıca bir mətndir, bütün mövcud variantlara qarşı duran, onları qidalandıran vitual xarakterli əsas mətn. Axundzadənin məqalə və məktublarının bir çoxu məhz bu xarakterə malikdir. 

M.F.Axundzadə "Mollayi Ruminin və onun təsnifinin babında" məqaləsində ani, bir göz qırpımı keçid anı mükəmməl şəkildə ifadə olunub (...Amma əqaidini tülki və çaqqal əfsanələrinin içində bir tərz ilə gizlədibdir ki, duymaq çox çətindir...Mollayi-Rumini mən qınamıram, biləndən sonra danışmaq olmur...). Hikmətamiz əhvalatın hansı məqamdasa öz əksinə çevrilməsi də yuxarıda ifadə etdiyimiz fikrin sübutudur: sənətkar elə yazır, mətni elə qurur ki, sanki özü icad edirmiş kimi hərəkət edir. Ani "pərdə xışıltısı" və hər şey öz əksinə çevrilir. Adicə, "Aldanmış kəvakib" povestindən yazanların böyük əksəriyyəti diqqəti ancaq və ancaq ulduzların aldadılması motivinə yönəldir və əsəri də bu nöqtədən görür və göstərirlər, amma nə qədər böyük zəhmət sərf edilsə də, sözü açılan bədii mətn həmin motivin də qatıldığı, iştirak etdiyi "dərin strukturdan" (virtual mətndən) görünür və bəllənir. "Ölümün aldadılması" motivi həmin əsas, virtual mətn üçün, yəni gələcəyə edilən işarələr sistemi üçün sadəcə çıxış nöqtəsi idi. Çünki Axundzadə bəzi əsas əsərlərində gələcəyi məhz keçmişin aynasından göstərib ilk baxışdan anlaşılması çətin olan suallar yaradırdı. Yaxud çox maraqlı oyun qurub məsələnin məğzini oxucunu "aldatmaqla" çatdırırdı. Axundzadə bu əsəri yazana qədər Şah Abbas dövrü ilə bağlı mövcud olan bütün mənbələrlə tanış olmuş (hətta saray həkiminin yaradıcılığı ilə də, sonradan "Nəzm və nəsr" məqaləsində yazacaqdı: bir də bir Məsiha var imiş, xəyalatı az tapılır...), yuxarıda vurğulandığı və Cəfər Cabbarlının da ilk dəfə duyduğu kimi, o, məhz milli ədəbiyyatın gələcəyini dizayn edirdi. Şahbaz Şamıoğlunun tədqiqatlarından bəlli olan bir məqama da toxunmaq olar: Mirzə Cəlil "Təmsilat"ı istisna etməklə, Axundzadənin digər əsərləri ilə tanış deyildi, bu əsərlər daha sonralar, məsələn, Ömər Faiq Nemanzadə tərəfindən aşkarlanacaqdı ("Kamalüddövlə məktubları"...). Ancaq tanış olmasa belə, "Axundzadə layihəsi" onun yaratdığı mətnlərin içindən qırmızı xətlə keçirdi. Mən aspirant olduğum dövrdə "Mirzə Fətəli Axundzadə və Avropa" adlı bir doktorluq dissertasiyasını oxumuşdum, orda belə bir məqam vardı: müəllif Axundzadənin arxivini təsvir edir və yazırdı: filan fransız aliminin əsərini oxuyub, demək ondan təsirlənib, filan alimin, sosioloqun əsərini oxumayıb, demək ondan təsirlənməyib. Ancaq... bəzən oxuduğumuz kitab, mənbə yox, məhz oxumadığımız, xəbərimiz olmayan mənbələr bizi əsir ala, özündə çatışmayan nöqtələrin yazılmasını bizə diktə və təlqin edə bilər. Bu mənada Mirzə Cəlil Axundzadənin əsərlərini əzbər bilirmiş kimi yazırdı, həm də o mətləblərin davamını çox orijinal şəkildə gətirirdi. Bu layihəni, onun gələcəyini dünya ədəbiyyatı ilə bağlayırdı.     

Bir tədqiqatda oxuyuruq: "...XIX əsrdə dahi Azərbaycan filosofu M.F.Axundzadə hermenevtika sözünü işlətməsə də, Cəlaləddin Rumi irsini müasir hermenevtikanın - müəllifi onun özü kimi yaxşı və yaxud özündən daha yaxşı anlamaq - prinsipinə uyğun şəkildə şərh edərək, onun "Məsnəvi"sinin mənaları üzərindən rəmzlər örtüyünü götürüb, əslində, nəyi dediyini yox, nə demək istədiyini, "əsl məqsədini" aşkara çıxarmağa çalışmış və orijinal təfsirini vermişdir. Bəlkə də bu, Rumi düşüncələrinin ilk materialist təfsiridir. Ola bilsin ki, bu təfsiri kimsə H.G.Qadamerin vaxtilə M.Haydeggerin təfəkkür üsuluna aid etdiyi və pozitiv yöndən mənalandırdığı "məhsuldar sui-istifadə" istilahı ilə səciyyələndirə də bilər". Zənnimizcə, bu "məhsuldar sui-istifadə" istilahı tam olaraq Axundzadə dəyərləndirmələrinə şamil edilə bilər. Bu istilah, zənnimizcə, T.S.Eliotun xüsusən tənqid haqqında yazılarında da işlək şəkildədir.

Axundzadənin demək olar, bütün yazıları, eyni zamanda "biləndən sonra danışmaq olmur" prinsipinə əməl etmək, həm də digər tərəfdən, bu tilsimi qırmaq inadının mükəmməl göstəricisi sayıla bilər.

T.S.Eliot vaxtilə "Paris Review" jurnalına verdiyi müsahibəsində "İlk şeirlərinizi yazdığınız şəraiti xatırlayırsınızmı?" sualını belə cavablandırmışdı: Səhv etmirəmsə, yazmağa on dörd yaşımda başladım, hə, həm də o zaman Fisceraldın tərcümə etdiyi Ömər Xəyyam rübailərinin güclü təsiri altında. Bunlar çox kədərli və ateist ruhlu parçalar idi, məhz tamamilə Ömər Xəyyam üslubunda yazmaq istədiyim mətnlər... xoşbəxtlikdən mən onları kimsəyə göstərmədim, cırıb atdım, onları həyatımdan bir yolluq çıxardım. Eliot daha sonra Şarl Bodler və Jül Laforqun təsiri ilə şeirlər yazdı, bunları məsləhət üçün müəllimlərinə də göstərdi. Yəni, dünyada elə poetik fiqurlar, elə yaradıcılıq təcrübəsi var ki, onları təqlid etmək təhlükəlidir, bunların spesifik məqamları var, o məqamlar yetişdikdə ədəbi prosesə təsəvvür edilməyən şəkildə, həm də daxildən güclü, qarşısıalınmaz təsir edir. M.F.Axundzadə böyük Füzuli ilə bağlı həm də bu incə məqamı nəzərə çarpdırmaq istəyirdi, bəzi tədqiqatçıların dediyi kimi onu "türk olduğuna görə aşağılamırdı", yaxud "türk ədəbiyyatını bilmədiyinə, ondan xəbərsiz olduğu üçün belə etmirdi". Məqsəd nə idi? Bu dolayı məqsəd Tomas Sternz Eliotun bir tənqidi yanaşmasında mükəmməl şəkildə ifadə olunub: "Mənim möhtac olduğum poeziyanın tipi mənə öz səsimdən istifadə etməyi öyrətdi və bu səs ingilis dilində ümumən yoxdur". Qasım bəy Zakirdə bu çalar - səsindən istifadə etmək, sətirlər, misralar arasında dolaşan küyü səsə çevrimək qabiliyyəti var idi (bu niyyət deyək ki, Seyid Əzim Şirvaninin satirik və didaktik ruhlu mətnlərində yoxdur, zənnimizcə, ola da bilməzdi...). Həm də bu səsə çevriləcək küyə klassik ədəbiyyatdan, qəzəllərdə süslənmiş metaforaların, ən müxtəlif poetik fiqurların içindən mədəni mühitə daşdanmış elementər də qarışmışdı. Yeni ovqat və mühiti dürüst şəkildə səciyyələndirmək üçün onlardan var gücünlə ayrılmalısan (onları daim yanında, qanında və nəfəsində hiss edərək ayrılmaq-!), Zakirin satirik şeirlərindəki sərtlik, öləziyərək dərinlərdən gələn səsin səthdə güclənməsi məhz bununla izah edilə bilər. Axundzadə bunu duymuşdu, yəni, şair, yazıçı... məhz öz səsindən istifadə etməklə intim, şəxsi əhvalı ümumi, amma çox dəqiq cizgiləri olan "poetik sxemə" və sistemə çevirə bilər.

T.S.Eliotun şeirlərini toplu halında oxuduqda belə bir sual meydana çıxır: onun məqsədi nə idi? Nəyi sübut etməyə və ya insanların hazırda anladıqlarının tərs üzünü nə üçün göstərməyə çalışırdı. Romantik poeziya dövrü sona çatmışdı. Bu poeziyanın ikşarələr sistemi sönmüş, öləzimiş, ancaq onun yerini başqa bir şey tutmamışdı. Eliota görə insanın duyğularının subyektiv sferası onun hislərinin dərinliyini, yəni, həqiqi mənini ifadə etrmirdi. Onun fikrincə bu subyektiv aləmdən nüfuz edib insanın həqiqi, dəruni "mənini" tapmaq və onu göstərmək lazımdır. Bununla da o, insan şəxsiyyətinin formalaşmasında əsaslı rol oynayan "şüuraltı məni", qədim, arxaik məni axtarıb tapmaq istəyirdi. Hər şey, bütün sualların cavabı ordadır. Bu məqamı Eliot "obyektiv korellativ" termini ilə ümumiləşdirirdi. Üzdə olan hislər həqiqi məni ifadə etmir, onlar xaraktercə stereotipdir, kütləvidir. Onun fikrincə "subyektiv mən" bütün insanları birləşdirir, onların ümumi cəhətlərini üzə çıxarır və nümayiş etdirir, ancaq "dəruni mən" - məhz o! - insanın fərqli cəhətlərini göstərir. Şairin vəzifəsi bu dərinliyi ölçməkdir. Subyektiv mən eyni zamanda ümumi və fərqlidir. Hər hansı romanı oxuduqda, deyək ki, sentimental duyumlu hekayəni mütaliə etdikdə subyektiv mən eyni zamanda oxucuları birləşdirir və ayırır. Ancaq "dəruni mən" insanları, onların zövqlərini birləşdirən, bir məcraya yönəldən ərazi deyildir. Eliot bunu deyirdi. Bu məqamda XX əsr modenist ədəbiyyatın və estetikanın mühüm, vaz keçilməz məqamı ortaya gəlir: rabitəsizlik, ünsiyyətin yoxa çıxması. "Dəruni mən" kəşf edildikdən sonra insan tənhalığının əzabı, iztirabları... bütün rəngləriylə (və ya rəngsizliyi ilə) görünməyə başladı. Eliotin "Bəhrəsiz torpaq " poemasında da vurğu məhz bunun üzərinə salınırdı. 

Tam şəkildə olmasa da, Zakirin mətnləri də "dəruni mən"in iztirab və təzadlarının məhsulu idi. Laçın yatağıdır bizim məkanlar//Yavaş-yavaş gedin, səsiniz anlar// Qorxuram, toxuna ötən zamanlar// Sürbəniz dağılıb çaşa, durnalar!

"Axundzadə layihəsində" dəruni mən, obyektiv korrellativ kimi istilahlar olmasa da, o, mahiyyətcə təxminən eyni mətləbi təlqin edirdi (...Bəs məlum oldu ki, şeir əgərçi nəzm ilə olur, amma hər nəzm şeir deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbuyin üçün nəzmlə zikr edərlər. Əlbəttə belə nəzmlərə şeir demək xətadır. ...Belə maddə sahibləri çox nadir vücudə gələrlər..."). Yəni, XIX əsrdə "nə şeirdir, nə şeir deyildir" sualının qoyuluşu əslində insanların xarakterində və duyğularındakı dərinliyi ölçmək adına yeni ədəbi-estetik konsepsiyadan xəbər verirdi.

Yəni bəzi mətləblərin izahı çözülməklə yox, özü gəlir, məqamında.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!